Ölkəni tərk edənlərin 60 faizi gənclərdir
20 ildir ki, Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan Ermənistanda vəziyyət getdikcə acınacaqlı xarakter almaqdadır. Əhali kütləvi şəkildə xarici ölkələrə üz tutur. Xüsusilə də, gənclər və yeniyetmələr, demək olar ki, Ermənistanda qalmayıb. Analitiklərin fikrincə, ağır vəziyyət bu cür davam edərsə, Ermənistan qocalar dövlətinə çevriləcək. Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi və BMT Əhali Fondunun hesabatında bildirilir ki, beynəlxalq demoqrafik standartlara görə, Ermənistan "qocalan" ölkə hesab olunur. 2050-ci ilədək Ermənistan əhalisinin orta yaş həddi 50 olacaq. Bu nəticələrin ortaya çıxmasından sonra Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi artıq "Əhalinin yaşlanması və yaşlıların sosial müdafiə üzrə 2012-2016 illər üzrə fəaliyyət proqramı" hazırlayaraq müvafiq dövlət orqanlarına təqdim edib.
Erməni gəncliyi arasında psixi xəstəliklərin sayı durmadan artır
İşğalçı ölkədə günü-gündən pisləşən siyasi-iqtisadi böhranın pik həddinə çatması Ermənistanı tam asılı vəziyyətə salıb. Nəticədə, ölkənin bütün infrastrukturu: təhsil, səhiyyə, nəqliyyat, hətta ticarət sektoru da mafioz qüvvələrin nəzarətindədir. "Aykakan jamanak" qəzetində Ermənistan Mülki Aviasiya Baş İdarəsinin 2012-ci il 6 aylıq hesabatında bildirilir ki, ölkəni öz cənginə almış dərin sosial-iqtisadi böhran bütün sahələri iflic etməyə başlayıb. Bu səbəbdəndir ki, əhalinin fəaliyyət göstərdiyi bütün sahələrdə böhranın olması onların, xüsusilə də gənclərin ölkəni kütləvi şəkildə tərk etməsi ilə yanaşı, öz etirazlarını bildirmələri ilə də müşahidə olunmaqdadır. Adıçəkilən hesabatda bildirilir ki, ötən ilin müvafiq dövründə ölkəni 64 min nəfər tərk edib. Bu ilin 6 ayı ərzində ölkədən gedənlərin sayının 100 min nəfərə yaxın olduğu qeyd olunub. Hesabatda xüsusi olaraq vurğulanır ki, ölkənin ağır vəziyyətə düşməsinin səbəblərindən biri Serj Sarkisyan faktorudur. Daim gənclərə işğalçılıq, yeni-yeni ərazilər zəbt etmək siyasəti aşılayan Sarkisyan heç vaxt ölkənin inkişafını düşünməyib, Politoloqların da fikrincə, S.Sarkisyanın ardıcıl olaraq erməni gənclərini özünün fitnəkar siyasətinin girovuna çevirməyə cəhd göstərməsi bu ölkənin gəncliyini məhvə doğru aparır. Ermənistan hakimiyyətinin ağız dolusu "Erməni gəncləri ölkənin qarantıdır" sözlərini isə ekspertlər yerdən-yerə vururlar. Bir müddə əvvəl, Yerevanda toplantı keçirən erməni həkim və psixoloqlar da artıq vəziyyətin dözülməz şəkil aldığını bəyan ediblər. Onlar bildiriblər ki, sosial-iqtisadi problemlərin içində boğulan erməni gənclərinin bir qismi dəlilik həddinə çatıb və psixoloji problemlər içində boğulurlar. Onların sözlərinə görə, bnunla yanaşı, erməni gəncləri arasında son bir ildə dəlilik əlamətlərinin artması halları ötən ilə nisbətdə 20 faiz artıb.
Yoxsulluq səviyyəsi ən yüksək faizlə artmaqdadır
Ermənistan Milli Statistik Xidmətin 2012-ci ilin 6 ayı ilə bağlı verdiyi rəqəmlər Ermənistan Mülki Aviasiya Baş İdarəsinin son hesabatında qeyd olunan rəqəmlər üst-üstə düşür. Belə ki, həmin hesabatda bildirilir ki, Ermənistanda yoxsulluq səviyyəsi ən yüksək faizlə artmaqdadır. Belə ki, yoxsulluğun səviyyəsi 50 faizdən artıq olduğunu nəzərə alsaq, qarşıdakı dövrdə ölkəni hansı problemlərin gözləyəcəyini proqnozlaşdırmaq elə də çətin olmaz. Ermənistanın Milli Statistika Xidmətinin "Ermənistanın sosial mənzərəsi və yoxsulluq" məruzəsi bu ölkədə əhalinin 38,7 faizindən çoxunun yoxsulluqdan aşağı səviyyədə yaşadığını üzə çıxarıb. Həmçinin, nüfuzlu beynəlxalq təşkilat olan UNİCEF Ermənistanda uşaqların həyat səviyyəsi ilə bağlı məlumat yaymışdır. Təşkilat Ermənistanın statistika idarəsinə istinadla bu ölkədə 300 min, yəni ölkədəki uşaqların 41,4 faizinin yoxsulluğun son həddində yaşadığını, onların arasında 27 min uşağın vəziyyətinin daha ağır olduğunu bəyan etmişdir. Erməni ekspertləri hesab edirlər ki, ölkədə növbəti iqtisadi problemlər, sosial partlayışlar baş verəcək. Onlar hesab edirlər ki, bunun qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verməlidir.
Göründüyü kimi, bu gün Ermənistan təkcə apardığı yarıtmaz xarici siyasətlə deyil, eyni zamanda, daxili qeyri-sabitliklə də seçilir. Bu daxili qeyri-sabitlik isə ölkəni daxildən parçalamağa yönəlmişdir. Hadisələrin bu tempdə davam edəcəyi təqdirdə, Ermənistanın artıq kandarında olduğu uçurumun dibinə yuvarlanması qaçılmazdır. Bu uçurum isə dövlətin birdəfəlik məhvinə və onun artıq qeyri-rəsmi şəkildə itirdiyi mövcudluğunu rəsmi şəkildə itirməsinə səbəb ola bilər.
Aytən Səmədova