Əliyar Səfərli: "Bu, özünü islam respublikası adlandıran bir dövlətə yaraşmayan haldır"
Bu günlərdə Böyük Britaniyanın nüfuzlu qəzetlərindən olan "Teleqraf"da İran və onun ali dini lideri ayətulla Əli Xamneyinin gizli təxribatçı planları haqqında məqalə böyük əks-səda doğurub. Məqalədə yer alan məqamlar bir sıra təxribatçı planların üstünün açılmasına və İran dövlətinin dünya üçün nə dərəcədə təhlükəli bir qüvvəyə çevrildiyinə dəlalət edir. Məlumata görə, Xamneyi İran İnqilabı Keşikçiləri Korpusunun bölmə komandiri Qasem Süleymaniyə Qərbə və onun bütün dünyadakı müttəfiqlərinə qarşı hücumları fəallaşdırmaq barədə əmr verib. Britaniya qəzetinin məlumatına görə, Qərbə qarşı ardıcıl terror aktlarında, Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirinə uğursuz sui-qəsddə məhz bu bölmənin əli olub.
Onlar, habelə, fevralda İsrail diplomatlarına qarşı üç terror aktı həyata keçiriblər və Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi zamanı hücum törətməyi planlaşdırıblar, son ay ərzində isə Keniyada iki iranlı partlayıcı maddələrin saxlanmasına görə həbs olunub, - qəzet yazır.Göründüyü kimi, məqalədə İİKK-nın Azərbaycanla bağlı planlarının olduğu da göstərilir. "Eurovision" yarışması öncəsi İranda bu yarışmanın keçirilməsinə qarşı şüarlar səsləndirilməsi bizə məlumdur. Lakin ali dini lider tərəfindən bu cür əməllərə əl atılması üçün əmrin verilməsi çox təəssüfləndirici haldır. Bu, birbaşa olarq İran dövləti rəhbərliyinin Azərbaycana qarşı təxribatı kimi qiymətləndirilir. Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli də məsələyə münasibətini bildirərkən, İranın bu təxribatçılığının təkcə "Eurovision" yarışması zamanı deyil, digər vaxtlarda da göstərdiyini və buna qarşı Azərbaycan xalqının birləşməli, sərt mövqeyini göstərməli olduğunu qeyd etdi.""Eurovision" yarışması zamanı aparılan gizli təxribatların üstünün açılması İranın Azərbaycana qarşı düşmənçilik mövqeyindən irəli gəlir. Həmin ərəfədə təxribat və pozuculuq fəaliyyətinin aparılması ölkəmizin artan nüfuzuna zərbə vurmaq məqsədi güdürdü ki, bu da son nəticədə iflasa uğradı. Azərbaycan dövləti buna qarşı sərt reaksiyasını göstərdi. Bütün imkanlardan istifadə olunaraq, təxribat əməllərinin qarşısı alındı. Bu cür təxribatçı meyillər özünü təkcə yarışma ərəfəsində deyil, digər zamanlarda da göstərir. Azərbaycan İran sərhədində baş verənləri nəzərə alsaq, bunun şahidi olarıq. İrandan müxtəlif şəxslər sərhədi pozaraq ölkəmizə girir, burada qeyri-qanuni əməllərlə məşğul olmağa çalışırlar. Təbii ki, lazımi orqanlar tərəfindən bu cəhdlərin qarşısı alınır və bununla bağlı ciddi tədbirlər görülür. Eyni zamanda, İran dini qruplaşmaların da fəaliyyətindən istifadə edərək, ölkəmizdə böyük təxribat işləri görməyə çalışır. Din pərdəsi altında insanları dövlətə qarşı qaldırmaq, İranmeyilli qüvvələrin ölkəmizdə ayağa qalxmasına çalışmaq İranın əsas məqsədlərindəndir. Bütün bunların arxasında isə İranın Azərbaycana qarşı düşmənçiliyi dayanır desək, yanılmarıq. Bu, özünü Cənubi Azərbaycan əhalisinə qarşı münasibətdə də göstərir. Bu gün cənubi azərbaycanlılar özlərinin dil, tarix və mədəniyyətlərini öyrənib-öyrədə bilmir, bunu öz yaşadıqları ərazidə belə tətbiq edə bilmirlər. Bu yaxınlarda azərbaycanlı şairlərin İranda həbsi də İran dövlətinin Azərbaycana qarşı siyasətinin heç də obyektiv qurulmadığını və düşmənçilik xarakteri olduğunu göstərir. Bir müddət bundan öncə isə, Cənubi Azərbaycanda baş verən zəlzələdən də İranın öz məqsədləri üçün istifadə etməsinin üstü açıldı ki, bunun da yolverilməz olduğunu qeyd etmək istəyirəm. Belə ki, aldığımız məlumatlar görə zəlzələdən əziyyət çəkən insanlara göndərilən yardımları İran tərəfi Ermənistana və Suriya terrorçularına göndərir. Bu, özünü islam respublikası adlandıran bir dövlətə yaraşmayan haldır.Azərbaycan dövləti isə bu və digər məsələlərə daim öz sərt mövqeyini bildirir və İranın anti-Azərbaycan meyillərinin qarşısını almağa çalışır. Bu gün Azərbaycan artıq rəsmi şəkildə, dövlət səviyyəsində İrana qarşı öz etirazını bildirir. Buna Azərbaycan xalqı da qoşulmalıdır. İstər Cənubi, istərsə də Şimali Azərbaycan İranın bu siyasətinə qarşı birləşməli və ayağa qalxmalıdır."
Murad İSMAYILZADƏ