Prezident Pal Şmitt: Azərbaycan regionun mühüm ölkəsidir, bizim üçün strateji tərəfdaşdır
Son günlər bir sıra yerli və xarici KİV-lərin xüsusi yer verdiyi Macarıstan məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan vətəndaşı Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunması mövzusu ətrafında açıq-aşkar spekulyasiylara geniş yer verilir, bəzən maraqlı qüvvələrin ittiham xarakterli qərəzli fikirlərinə də rast gəlinir. Bəzi KİV-lər, hətta Macarıstanın bu məsələ ilə bağlı ölkəmizlə dövlətlərarası münasibətlərə yenidən baxacağı, siyasi və iqtisadi əlaqələrin gələcək taleyinin sual altını düşdüyünü iddia etməyə çalışır.
Təbii ki, bu fikirlər qeyri-səmimi xarakter daşıyır, iki ölkə arasında dostluq və səmimi tərəfdaşlıq əlaqələrini pozulmasına cəhd göstərən maraqlı qüvvələrin təxribatından başqa bir şey deyil.Əsil reallıq bundan ibarətdir ki, Macarıstan hökuməti ölkəmizlə uzunmüddətli geniş əməkdaşlığın inkişafında maraqlı tərəf kimi çıxış edir və son hadisələrin siyasi-iqtisadi münasibətlərin perspektivlərinə heç bir təsirinin olmayacağını bəyan edir. Macar hökuməti qarşıdakı illər üzrə iqtisadi əlaqlərin daha da genişlənəcəyinə açıq şəkildə əminliyini ifadə edir. Yəni, qeyd etdiyimiz kimi maraqlı qüvvələrin təxribat xarakterli cəhdlərinin iki ölkə arasında sıx əlaqələrin möhkəmlənməsinə hər hansı bir təsiri qeyri-mümkündür. Ən əsası odur ki, hər iki ölkənin xalqları arasındakı dostluq əlaqələri böyük tarixə malikdir. Bu çox güclü tarixi zəmin ikitərəfli əlaqələrin inkişafı üçün də əhəmiyyətlidir.Azərbaycan və Macarıstan arasında həmişə sıx dostluq əlaqələri mövcud olub və son illərdə bu əlaqələr ən yüksək mərhələyə qədəm qoyub. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfəli münasibətlərin inkişafında yeni dinamika yaradıb. Ötən ilin noyabrında Bakıya rəsmi səfərə gələn Macarıstan prezidenti Pal Şmittin ölkəmizə səfəri münasibətlərimizin inkişafı üçün çox əhəmiyyətli olub, yeni layihələrin reallaşması üçün dərin zəmin yaradıb. Son dövrlərdə tərəflər arasında bütün sahələr üzrə güclü siyasi dialoqun olması, keçirilən görüş və aparılan danışıqların məntiqi nəticəsi bir daha onu göstərir ki, iki ölkə çox səmimi münasibətlər qurub. Hər iki tərəf münasibətləri dostluq, tərəfdaşlıq prinsipləri üzərində qurub.Azərbaycanı Qafqazın lider ölkəsi hesab edən rəsmi Budapeşt respublikamızla əməkdaşlığın çox böyük fayda verəcəyinə əminliyini bildirib. Macarıstan Prezidenti Pal Şmittin bəyan etdiyi kimi, Azərbaycan regionun mühüm ölkəsidir. "Azərbaycan bizim üçün strateji tərəfdaşdır, münasibətlərimizdə heç bir problem yoxdur. Münasibətlərimizdə, əlaqələrimizdə onları əngəlləyən hər hansı bir meyar mövcud deyildir. Biz hesab edirik ki, məqsədimiz məhz müxtəlif sahələrdə əməkdaşlıq etməkdir. Biz, olduqca maraqlıyıq ki, iki tərəf arasında birbaşa əməkdaşlıq aparılsın, ticarət palatalarımız əməkdaşlıq etsin və hər iki tərəfin birbaşa imkanları olsun. Biz mütləq bunun üçün şərait yaratmalıyıq" deyən dövlət başçısı ölkələr arasında iqtisadi sahədə lazımi qanunverici bazanın yaradıldığını, bu sahədə münasibətlərin dinamikasında müsbət tendensiyanın müşahidə olunduğunu qeyd edib. Macarıstan Azərbaycanın müəllifi olduğu trans-enerji layihələrində iştirak etməklə öz enerji təhlükəsizliyini təmin etmək istəyir. Respublikamızın qaz ehtiyatlarının həcminin əhəmiyyətli dərəcədə artması Avropa ölkələrinə, o cümlədən, Macarıstana yanacaq ixracının miqyasının genişlənməsinə imkan verir. Azərbaycanın dünya qaz bazarında rolunun artırmasını nəzərə alaraq 2013-15-ci illərdə Mərkəzi Avropanın əksər ölkələrinə, o cümlədən, Macarıstana da qaz nəqlinin mümkünlüyünü bildirib. Hazırda dünyada əlavə qaz mənbəyinə maraq, tələbat artır və ölkəmiz nəhəng infrastrukturu - neft-qaz kəmərlərini inşa edir. Respublikamızın bütün istiqamətlərə neft-qaz kəmərləri var və istənilən istiqamətə istənilən həcmdə enerji resurslarımızı ötürə bilər.Reallıq budur ki, bu gün Avropada, xüsusilə də, Mərkəzi Avropada Azərbaycan qazına böyük ehtiyac var. Ölkəmizin enerji siyasətinin dostluğa, əməkdaşlığa və qarşılıqlı maraqların təmin olunmasına yönəldilməsi Budapeştin axtardığı əsas meyarlardır. Macarıstan Azərbaycandan ildə 1,5 -2 milyard kub.metr qaz almaq istəyindədir. Bunun üçün iki qaz kəmərindən faydalanmağa çalışır. Birincisi Türkiyə-Yunanıstan qaz kəməridir ki, hazırda bu marşrutla Avropaya yanacaq ötən ilin noyabrından ixrac edilir. Azərbaycan qazını nəql edən bu kəmərə yaxın vaxtlarda İtaliya da qoşulacaq. Xatırladaq ki, Yunanıstan, Türkiyə, İtaliya və Azərbaycanın iştirakı ilə dördtərəfli saziş layihəsi hazırlanıb və ilin ortalarına kimi imzalanması nəzərdə tutulur. Bu saziş Azərbaycanın yanacaq ehtiyatlarının Türkiyə və Yunanıstan vasitəsilə İtaliya limanlarına, oradan isə müxtəlif dövlətlərə, eyni zamanda, Macarıstana daşınmasını tənzimləyəcək.Məhz həmin kəmərlərin çəkilməsi üçün Macarıstan Avropa Birliyinin enerji konsepsiyasının reallaşmasına səy göstərən əsas dövlətlərdən biri kimi bütün enerji sammitlərində iştirak edir. Rəsmi Budapeştin başlıca maraqları Xəzər - Qara dəniz -Mərkəzi Avropa enerji dəhlizinin yaradılmasından ibarətdir.NABUCCO layihəsində əsas tərəfdaşlardan biri olan bu ölkə Azərbaycan qazının digər kəmərlərlə əldə olunması üçün də maraqlı tərəf olduğunu göstərir. Macarıstan prezidenti Pal Şmittin bir neçə ay əvvəl Azərbaycana səfəri zamanı hökumət üzvləri ilə müzakirə etdiyi əsas elementlər ölkələr arasında siyasi-iqtisadi əlaqələrin dərinləşməsinə və Avropa Birliyinə sıx inteqrasiyanın daha da möhkəmlənməsinə impuls verməkdən ibarət olub. Macarıstan respublikamızın regionda strateji mövqeyinin möhkəmlənməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətə çevrilməsini nəzərə alaraq təmasları intensivləşdirmək niyyətindədir. Rəsmi Budapeşt regionda baş verən son prosesləri nəzərə alaraq, özünün enerji və karbohidrogen ehtiyatları ilə təmin olunmasında Azərbaycandan etibarlı tərəfdaş olmayacağını yaxşı anlayır və ikitərəfli enerji əməkdaşlığını yüksək qiymətləndirir.Macarıstan Azərbaycanın iştirakçısı olduğu digər enerji layihələrinə də qoşulmaqda maraqlıdır.Prezident Pal Şmittin bildirdiyi kimi, "Bizim daha intensiv əməkdaşlıq üçün potensialımız və siyasi iradəmiz var. Biz "Cənub dəhlizi", "Nabucco" və AGRI kimi iri layihələrdə bir-birimizlə bağlıyıq. Bizim, həmçinin, qeyri-energetika sahəsində əməkdaşlığın irəliləməsi üçün ciddi imkanlarımız var".Hər iki ölkə,eyni zamanda, Avropa Birliyi ilə Azərbaycan arasında olan əlaqələrin inkişafına töhfələrimizi veririk. Macarıstan bütün dövrlərdə Azərbaycanın Avratlantik strukturlara inteqrasiya siyasətini dəstəkləyib, Şərq tərəfdaşlığı zirvə görüşü bir daha Avropa Birliyi-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olub.Bir sözlə, Macarıstan və Azərbaycan arasında bütün sahələrdə - siyasət, iqtisadiyyat, energetika, mədəniyyət, təhsil, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə geniş əməkdaşlıq mövcuddur və əlaqələrin möhkəmlənməsi üçün zəngin mühit var.
"Səs" Analitik Qrupu