Və ya Müsavat və AXCP sədləri "İP" -in parçalandığını və məğlubiyyətə uğradığı rəsmi şəkildə elan etdilər
Son günlər həm mətbuatda, həm də sosial şəbəkələrdə müzakirə olunan və radikal müxalifətin təmsil olunduğu "İctimai Palata" ("İP") haqqında konkret rəy formalaşmışdı. Bu rəy ondan ibarət idi ki, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli "İP"-dən şəxsi maraqları üçün istifadə edir və yalnız korporativ mənafedən çıxış edirlər. Bu səbəbdən də, "İP" daxilində ciddi narazılıqlar yaranmış və qopmalar olmuşdu. Hətta müxalif düşərgənin digər təmsilçiləri birləşərək yeni "qurum" da yaratdılar. Bütün bunlar bir daha isbatlayır ki, "İP" parçalanır və radikal müxalifət daha da zəifləyir.
Lakin görünür, radikal müxalifətin bu cür vəziyyəti və "İP"-in parçalanması onun yaradılmasında xüsusi rol oynamış anti-Azərbaycan dairələrinin planlarını alt-üst edib. Çünki xarici qüvvələrin Azərbaycandakı "beşinci kolonu" olan radikal müxalifət, "İP", eyni zamanda, "Ziyalılar Forumu" aldıqları maddi vəsaitlərin əvəzində üzərilərinə düşən öhdəlikləri yerinə yetirə bilmirlər. Bu səbəbdən də, "beşinci kolon"un sahibləri "İP"-in dağılmasında birbaşa əli olmuş AXCP və Müsavatdan hesab sorurlar. Hesaba cavab olaraq isə hər iki partiyanın təşəbbüsü ilə "İP"-in adından açıqlama yayılıb.
"İP"-in parçalanması və məğlubiyyəti rəsmən təsdiqlənib
Belə ki, yayılmış açıqlamanın ruhundan anlaşılır ki, AXCP və Müsavat "İP"-in parçalanmasında böyük rol oynayıblar və indi də üzrxahlıq etmək fikrinə düşüblər. Hər iki partiya bu açıqlaması ilə çalışır ki, məsuliyyəti qarşı tərəfin üzərinə atsın və "sudan quru çıxsın". Buna görə də, "İP" bu və ya digər seçki kampaniyasına hesablanmış seçki ittifaqı, seçki koalisiyası deyil" deməklə, əslində, həm İ.Qəmbər, həm də Ə.Kərimli rəsmi şəkildə "İP"-in parçalandığını və məğlub olduğunu etiraf ediblər.
Çox maraqlıdır ki, AXCP və Müsavat "İP"-in seçki məqsədilə yaradılmadığı elan etsə də, bir abzas sonra eyni açıqlamada deyirlər: "İP" yarandığı dövrdə öz qarşısına əsas konkret siyasi hədəf kimi prezident seçkilərinə qədər növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmağı qoymuşdu və bu mövqe indi də öz qüvvəsində qalır".
Bu cür mübahisə doğuracaq açıqlamanın yayılması, əlbəttə ki, bir daha radikal müxalifət düşərgəsindəki çaxnaşmadan xəbər verir. "İP"-in "vətəndaş hərəkatı" olduğunu vurğulayan AXCP və Müsavat yaydıqları kiçik bir açıqlamada 15 dəfə "2013-cü il prezident seçkiləri" ifadəsini işlədiblər. Bu fakt isə bir daha təsdiqləyir ki, "İP"-in konkret məqsəd və fəaliyyət istiqaməti müəyyənləşməyib. "İP" sadəcə iki partiyanın əlində bir oyuncağa çevrilib.
Əli Kərimli ilə İsa Qəmbərin ayrı-ayrılıqda namizədliyini elan etməsi aranı qatıb
"İP" daxilində narazılıqların baş qaldırmasının bir səbəbi də AXCP sədri Ə.Kərimli və Müsavat başqanı İsa Qəmbər ayrı-ayrılıqda 2013-cü il prezident seçkilərində iştirak üçün namizədliklərini indidən elan etməsilə bağlıdır. Təbii ki, seçkilərlə bağlı məsələ müzakirələrə çıxarılarkən Ə.Kərimli çalışdı ki, xarici qərəzli dairələrin təsiri altında olan qrupların dəstəyini alsın, eyni zamanda, "İP" daxilində Müsavat başqanını arxa plana keçirəcək mövzu ortaya qoysun. AXCP sədri də məhz, Əbülfəz Elçibəyin zəhərləndirilməsi faktorundan isifadə edərək, həm özünü gündəmə gətirdi, həm ətrafındakıları vasitəsilə məsələni siyasiləşdirərək özünə qarşı saxta "hücum" obrazı yaratdı və "İP" daxilində İ.Qəmbəri kölgəyə saldı. Məhz bu yolla Ə.Kərimli çalışırdı ki, İ.Qəmbəri sıradan çıxarsın və özü vahid namizəd olsun. Hətta, bəzi gizli mənbələrin məlumatına görə, AXCP sədri Ə.Kərimli İ.Qəmbərin siyasətdən uzaqlaşdırılması üçün A.Hacılı ilə də sövdələşməyə getmişdi. Elə bu addımların atılmasından isə əvvəl Ə.Kərimli "İP"-in vahid namizədlə bağlı açıqlamasının yayılmasına da nail olmuşdu: "Cəmiyyətdə "İctimai Palata"nın 2013- cü il seçkilərində vahid namizədi mövzusunda gedən diskussiyalara aydınlıq gətirilərək bildirilmişdi ki, hazırda "İP" - də 2013- cü il prezident seçkilərində "İP"- in vahid namizədi məsələsi gündəmdə deyildir, müzakirə olunmur. Eyni zamanda qeyd olunmuşdu ki, "İP" 2013-cü il prezident seçkilərində geniş demokratik çevrənin birgə iştirakı faydalı və arzuediləndir. Bu mövqe bir daha təsdiq olunaraq göstərilir ki, hazırda "İP" daxili rəydə və ictimai rəydə demokratik çevrənin namizədləri kimi Müsavat partiyası başqanı İ.Qəmbərin və AXCP sədri Ə.Kərimlinin adlarının önə çıxması reallığı vardır. Lakin eyni zamanda, üçüncü namizəd ideyasını görməzlikdən gəlinə bilməz". Bununla da, Ə.Kərimli İ.Qəmbərin "başının altına yastıq qoyma" əməliyyatını yekunlaşdırmış və planın ikinci hissəsinə keçid almışdı.
Lakin Ə.Kərimli yerli mətbuat orqanlarından birinə verdiyi müsahibədə səhvən və ya bilərəkdən demişdi ki, özünü müxalifətin vahid namizədi kimi görür. Və əsas məsələlər də bundan sonra başlamışdı. Həmçinin, amnistiya qərarı ilə həbsdən çıxan A.Hacılı Ə.Kərimlinin reallaşdırmağa çalışdığı planın elementlərini başqanına çatdırmışdı. Bundan sonra isə İ.Qəmbər Ə.Kərimlinin oyununun bir fiquruna çevrildiyini hiss etmiş və namizəd olacağı ilə bağlı açıqlama vermişdi. Təbii ki, iki partiya lideri arasında gedən gizli savaş öz ciddi təsirini "İP"-ə də göstərdi. Beləliklə də, "İP"-in parçalanması prosesi başlandı.
"Beşinci kolon"un sahibləri əndişələniblər...
Azərbaycanın uğurlarına daim kölgə salmaq niyyətində xarici qərəzli dairələrin təsiri altında olan "beşinci kolon"un (radikal müxalifət təmsilçiləri, Eldar Namazovun reneqat ziyalı dəstəsi və s.) son fəaliyyəti, təbii ki, antimilli qrupları razı salmır. Çünki xalqın dəstəyini ala bilməyən həm radikal müxalifət, həm də qondarma "Ziyalılar Forumu" qərəzli dairələr qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər. Həm "Eurovision-2012" ərəfəsində, həm də mütəmadi olaraq, ölkəmizə gələn bəzi xarici diplomatlarla keçirilən görüşlərdə verdikləri pafoslu vədləri yerinə yetirə bilmədiklərindən həm radikal müxalifət, həm də qondarma "Ziyalılar Forumu" çalışırlar ki, məsuliyyəti üçüncü tərəfin üzərinə atsınlar. Lakin aldıqları maliyyənin müqabilində iş görə bilməyən "beşinci kolon"un təmsilçiləri sərt təpki ilə qarşılaşdıqlarından çıxış yolu axtarmağa başlayıblar. Elə "İP"-in sonuncu açıqlamasında da biz görürük ki, radikal müxalifət düşərgəsi nə qədər həyəcanlıdır və söylədikləri sözlər məntiqdən kənardır.
Sözügedən açıqlamada deyilir: "İP" hazırkı mərhələdə seçkilərdə namizəd kimi iştirak barədə bəyanları və qərarları təbii hesab edir və bu cür hərəkətləri "İP"-in mövqelərinə zidd saymır. Bu tipli bəyan və qərarlara hörmətlə yanaşaraq "İP" indiki mərhələdə bunları "namizədliyə namizədlik" haqqında bəyan və qərarlar kimi qəbul olunmasını məqbul sayır. "İP" seçkiyə qədərki ağlabatan ən son müddətə qədər bu məsələləri digər demokratik qüvvələr və ilk növbədə "Ziyalılar Forumu" ilə birlikdə dəyərləndirməkdə davam edəcəkdir".
Bu fikirlər isbatlayır ki, radikal müxalifət ciddi şəkildə danlanıb. Bu yaxınlarda müxalifət mətbuatının şikayət etdiyi diplomatlarla görüşən müxalifətçilər, görünür, orada iradlarla qarşılaşıblar ki, bu günlərdə də bu açıqlamanı yayıblar.
Bir neçə söz də "İP"-in yalançıları haqqında...
"İP" daxilində özlərini söz sahibi kimi təqdim edən AXCP və Müsavat siyasi məqsədlər naminə formalaşdırdıqları "qurum"un vətəndaş hərəkatı olduğunu iddia edirlər. Lakin "İP" yaradılandan cəmiyyət görür ki, bu "qurum" yalnız siyasi məsələlərlə məşğuldur. Xarici qərəzli dairələrin mitinq sifarişini yerinə yetirir, bir sıra məsələləri qabartmaq üçün siyasiləşdirmə əməliyyatı həyata keçirir. Lakin ictimai qurum adlandırılan bu palatada hələ də cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər müzakirə edilməyib. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparılmayıb, təkliflər verilməyib. Bu onu göstərir ki, "İP" konkret siyasi məqsədlərin reallaşdırılması üçün yaradılıb. Buna görə də, həmin palatanın iflası labüddür. Çünki orada təmsil olunan insanların böyük əksəriyyəti AXCP və Müsavatın oyunlarının aləti olmaq istəmir. Düşünürük ki, "İP" artıq parçalanıb və məğlub olub. Onun yalnız butafora kimi skeleti qalıb. Görünür, "İP"-in skeletini də AXCP ilə Müsavat özlərinin hesabına qoruyacaqlar...
"Səs" Analitik Qrupu