PDF Oxu

Araşdırma

  • 2 288

Azərbaycanın şərəfli və qürurverici tarixi

Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad edilməsinin ildönümü ilə bağlı "Səs" qəzetində dəyirmi masa keçirildi

Azərbaycanın şərəfli və qürurverici tarixi

(Əvvəli ötən sayımızda)

"Səs" qəzetinin redaksiyasında 1918-ci il sentyabrın 15-də bolşevik-daşnak işğalı altında olan Bakının Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin ildönümü ilə bağlı dəyirmi masa keçirildi. Dəyirmi masada siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Aydın Mirzəzadə, tarix elmlər doktoru, professor, millət vəkili Musa Qasımlı, Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru, tarix elmlər doktoru Mais Əmrahov və jurnalistlər iştirak edib. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev qeyd etdi ki, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın tarixi torpaqlarında erməni şovinizmi planlı, düşünülmüş şəkildə soyqırımı həyata keçirməyə başladı. Bu məsələ ilə bağlı tarixçi alimlərimiz zaman-zaman araşdırmalar aparıb, faktlarla çıxışlar ediblər. Daha sonra tədbir iştirakçıları çıxış edərək, Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi haqqında geniş məlumat verib.

"Səs" qəzetinin əməkdaşı:

-Bolşevik- daşnaklar Bakı ilə yanaşı Azərbaycanın digər tarixi ərazilərində, eləcə də, İrəvanda kütləvi qırğınlar, qətliyamlar həyat keçirdilər. Qafqaz İslam Ordusuna nə mane oldu ki, Bakı ilə yanaşı İrəvanı da erməni daşnaklarından qorusun?

Musa Qasımlı:

-Uzun illər boyu sovet və Qərb tarixşünaslığında Qafqaz İslam Ordusunun hərəkatı işğal adlandırılmışdır. Təbii ki, bu sözlər heç də həqiqətə uyğun deyildir. Bu hərəkatın bir sıra təməlləri var idi. Birinci hüquqi təməl idi. Osmanlı xadimləri bu addımı atarkən birinci hüquqa əsaslanırdılar. Hüquq isə 1918-ci il iyunun 4 - də imzalanan Batum müqaviləsi idi. Müqavilədə deyilirdi: "Azərbaycan höküməti yardım istərsə, daxildə qayda - qanun yarada bilməzsə, Osmanlı höküməti yardım etməyə borcludur." Bu sözlərdən aydın olur ki, bu addım ilk öncə hüquqa əsaslanırdı. Bu hərəkatın mənəvi tərəfləri var idi. Ona görə ki, islam dünyasını mərkəzi Osmanlı idi. Cənubi Qafqazda müsəlmanları kütləvi şəkildə qırırdılar. Osmanlı dövlətinin borcu idi ki, müsəlmanların hüquqlarını qorusun. Osmanlı dövləti türk dünyasının yeganə müstəqil dövləti idi. Türklər Cənubi Qafqazda 6 milyon təşkil edirdi. 6 milyon türkdən isə 3 milyonunu müsəlman türkləri təşkil edirdi. Osmanlı hərbi əməliyyatlar aparırdı. Təbii ki, bu hərbi əməliyyatlarda Osmanlı dövləti qardaşlıq məqsədilə köməyə gəlmişdi. Lakin Osmanlı dövlətinin də strateji, iqtisadi, neft maraqları var idi. Çünki burada Avstriya - Macarıstan, ABŞ, Böyük Britaniya, Fransa kimi dövlətlərin də marağı var idi. Lakin Osmanlı dövlətinin üstünlükləri daha çox idi. Sosial dayaq baxımından Osmanlı dövlətinin bu regionda heç bir problemi yox idi. Buna görə də azərbaycanlılar türklərin köməyə gəlməsini istəyirdilər. Çünki Osmanlı dövləti kömək gəldikdən sonra öz torpaqlarına, dədə - baba yurdlarına dönəcəkdilər. Onlar, digər dövlətlər kimi, Xəzərə sahib olmağa gəlməmişdilər. Osmanlı dövləti Nuru paşanın başçılıq etidyi ordu ilə Bakını azad edə bildi. Belə bir sual ortaya çıxır: bəs Osmanlı İrəvan torpaqlarını işğaldan niyə azad edə bilmədi? Mən xarici arxivlərdə olan zaman belə bir materiala rast gəldim. Osmanlı xadimləri daşnaklarla danışıqlar aparırdılar ki, siz Bakıdakı qırğınları azaldın. Biz isə Azərbaycandan xahiş edərik ki, İrəvanı sizə paytaxt versinlər. Mən Moskvada arxivlərə işləyən zaman heç yerdə çap olunmayan bir sənədə rast gəldim. Bu ingilis jurnalisti Skoprat Riderin Nuru paşa ilə müsahibəsi idi. Müsahibənin maraqlı cəhəti ondan ibarətdir ki, bir tərəf türklərlə döyüşür, ingilis jurnalisti isə türk hərbi xadiminə baxışı, bir türk hərbiçisinin məsələlərə yanaşmasını, xarakterizə edib üzə çıxarır. Jurnalist bildirir ki, Nuru paşanı uzun müddətdir izləyirdim. Mənə bildirirdilər ki, Nuru paşa gah Əfqanıstanda, gah Dağıstanda, gah da Şimali Qafqazda olur. Ancaq mən bilirdim ki, o heç bir vaxt Azərbaycanı tərk etməmişdir. Hətta bildirirdilər ki, Nuru paşa Batumda həbsxanada olarkən, onun ətrafında olan gənclər onu həbsxanadan qaçırdılar. İngilis höküməti Nəsib bəy Yusifbəyli hökümətindən Nuru paşanı tələb edirdi. Nəsib bəy Yusifbəyli bildirir ki, Azərbaycan hökümətinin Nuru paşanı təslim etmək fikri yoxdur. Daha sonra o xatirələrində bildirir ki, Nuru paşa təvəzökar insan idi.Ondan Bakı haqqında soruşanda bildirirdi ki, Bakını işğaldan azad etmək bizim borcumuz və vəzifəmiz idi. Bu sənədlərə nəzər saldıqda, görürük ki, azərbaycanlılara müsəlman və yaxud tatar deyə müraciət edirdilər. Bakıya bir çox dövlətlər sahib olmaq istəyirdi. Bakı hələ Pyotrun vaxtından Bakı və Azərbaycan adlandırılırdı. Guya ki Bakı və Azərbaycan ayrı - ayrı mədəniyyətlər, ölkələrdir. Hətta Şaumyan Bakı şəhərini ayırca Rusiya dövlətinə qatmaq istəyirdi. 1921- ci ildə isə bu fikrini reallaşdırmağa çalışdı. Lakin o zaman Nəriman Nərimanov buna mane ola bildi. 1918- ci ildə Bakının azad olunandan sonra Azərbaycan xalqının özünə olan güvəni artdı. İrəvanın tutulmasında bəzi mübahisələr və ittihamlar da səslənir. Lakin tarixi müasirləşdirmək olmaz. O dövrdə Cənubi Qafqazda üç millət var idi: gürcü, erməni, azərbaycandı. Lakin Azərbaycan xalqı üstünlük təşkil edirdi və bu torpaqlar azərbaycanlıların idi. Türkiyənin bizə etdiyi kömək isə qardaşlıq köməyi idi. Biz Osmanlı dövlətindən kömək alaraq, dövlət yox, cumhuriyyət qurduq. Bu isə türklərə olan sevgidən irəli gəlirdi. Bu əsas məqama diqqət yetirsək, görərik ki, ermənilər İrəvanı yox, Aleksandropolu istəyirdilər. Bununla bağlı rəsmi sənədlər də var. Bir çox xarici dövlətlər Azərbaycana təzyiq edirdilər ki, Yerevan ermənilərə paytaxt verilsin. Buna görə də Azərbaycan höküməti müstəqilliyini qorumaq üçün bu addımı atmağa məcbur oldu. 1922-ci ildə Türkiyədə çıxan bir qəzet yazırdı ki, Azərbaycanın istiqlalı təkcə bizim azərbaycanlı qardaşlarımızın arzu və istəyi deyildi, Azərbaycanın istiqlalı Azərbaycan və türk əsgərinin Abşeron daşlarında və qumlarında tökdüyü qanın şah əsəridir.

"Səs" qəzetinin əməkdaşı:

- Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsini Azərbaycan tarixinin şərəfli, qürurverici səhifəsi hesab etmək olarmı?

Aydın Mirzəzadə:

- Həmin dövrdə Osmanlı dövlətinin kifayət qədər problemlərinin olmasına baxmayaraq, türklər yeni yaranan bir dövlətdən köməyini əsirgəmədi. Yəni Qafqaz İslam Ordusunun formalaşdırılması onun hərbi texnika ilə təmin edilməsi, yaxşı sərkərdələrin, paşaların Bakıya göndərilməsi asan iş deyildi. Həmin ordu tərəfindən Bakı bolşevik-daşnak qrupundan azad edildi. Minlərlə azərbaycanlı Qafqaz İslam Ordusuna könüllü olaraq qoşuldu və birlik oldu. Bu hadisə həm Türkiyə, həm də Azərbaycan xalqının şərəfli səhifələrindən birinə çevrildi. Bu hadisə göstərdi ki, birlik olanda, qalib gəlmək olar. Yenidən təsdiq olundu ki, bu torpaqlar türk xalqınındır və onlar öz problemlərini həll edə bilərlər. Həmin dövrdə hər şeyi yenidən başlamaq, dünya birliyində öz yerini tutmaq lazım gəlirdi. Amma həmin dövrdə Azərbaycan xalqının oğulları öz layiqli yerlərini tuta bildilər. Təsadüfü deyil ki, 1920 - ci ildə Azərbaycanda sovet hakimiyyəti bərpa edildikdən sonra, uzun müddət kitablardan və düşüncələrdən Qafqaz İslam Ordusu haqqında hər şeyi silməyə çalışırdılar. Bununla belə, bu xatirə Azərbaycan xalqının yaddaşından silinmədi. Hətta Şamaxı yaxınlığında tək bir məzar var. Sovet dövründəki çətinliyə baxmayaraq, bu məzar türk əsgərinin məzarı kim qorunub saxlanmışdı. Biz bu tarixi unutmuruq. Bu tarix zaman - zaman dilə gətirilməli, gələcək nəsillərə çatdırılmalıdır. Gənc nəsil müstəqilliyimizin heç də boş yerdən yaranmadığını, onun tarixi köklərinin kifayət qədər dərin və zəngin olduğunu bilməlidir.

Səs qəzetinin əməkdaşı:

- Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşanın adını lazımi səviyyədə əbədiləşdirib kifayət qədər araşdırmalar apara bilirikmi?

Mais Əhmədov:

-Nuru Paşanın ağlı, hərbi səriştəsi Bakını azad olunmasında mühüm rol oynadı. Ümumiyyətlə, Qafqaz İslam Ordusunun Bakını azad etməsi mühüm hadisə idi. Bu haqda çoxlu monoqrfiyalar, elmi əsərlər yazılmışdır. İstər Şəhidlər Xiyabanındakı abidədə, istərsə də Şəkidəki abidələrdə türk əsgəri əbədiləşdirilmişdi. Ancaq təkcə monoqrafiyalar ilə kifayətlənmək olmaz. Qafqaz İslam Ordusu haqqında dərsliklərdə geniş məlumat verilməli, gələcək nəsillər tərəfindən də bu hadisə əbədiləşdirilməlidir. Bu haqda verlişlər hazırlanmalı, çoxlu sayda tədbirlər keçirilməlidir. Həmçinin, məktəblərə, küçələrə həmin şəxslərin adları verilməli və bu adların gənclərin beyninə həkk olunması üçün çalışılmalıdır. Erməni milləti hər zaman türklərə düşmən gözü ilə baxmış, torpaqlarımızı işğal etmişdir. Milyonlarla insanlarımız erməni terorunun qurbanı olmuşdur.

Ruqiyyə Cəfərova

Digər xəbərlər