Qərbin Cənubi Qafqaz siyasətində ikili standart özünü göstərir. Yenə də təcavüzkarı müdafiə edirlər. Bununla regionda geosiyasi vəziyyət daha da gərginləşir. Şimali Qafqazda terror hadisələrinin artması da bölgə üçün əlavə təhlükə mənbəyidir.
Şimali Qafqazda terror
Qafqaz regionunda geosiyasi vəziyyətin sürətlə kəskinləşdiyi müşahidə edilir. Şimali və Cənubi Qafqazda gərginliyə aparan proseslər birbaşa bir-biri ilə əlaqəli deyil. Ancaq bütövlükdə regiona xeyli dərəcədə riskli faktorların təsiri artır. Yaxın və Orta Şərqdə ümumi vəziyyətin kəskinləşməsi fonunda bu, narahatedicidir.Şimali Qafqazda təhlükə yaradan əsas faktor terrordur. Rusiyanın rəsmi dairələri burada yaranmış vəziyyətdən narahatlıqlarını bildirirlər. "Nezavisimaya qazeta" Rusiya Müdafiə Nazirliyinə istinadən yazır ki, əgər Qafqazda hərbçilərə hücum halları davam etsə, ordu hadisələrə müdaxilə edəcək (baxın).Ekspertlər bu addımın bölgədə vəziyyəti uzun müddətə sabitləşdirəcəyinə ümid etmirlər. Tarix elmləri doktoru Vladimir Popov hesab edir ki, ordunun işə qarışması müvəqqəti effekt verə bilər. Qafqazdakı hadisələri xeyli müddətdir ki, öyrənən alim problemin daha dərinlərdəki faktorlardan qaynaqlandığını söyləyib.Generallar isə cəmi bir gündə ordunun 15 əsgər itirməsini həzm edə bilmirlər. Cənubi Qafqazda rus ordu komandanının müavini olmuş general-leytenant Yuri Netkaçev bəyan edib ki, bu cür vəziyyət üçün xüsusi hazırlanmış hərbi hissələr fəaliyyətə başlamalıdır.Rusiya hərbi dairələrinin Şimali Qafqazdakı vəziyyətdən narahatlıq keçirmələrini başa düşmək olar. Çünki son zamanlar həmin ərazilərdə nəinki terror aktları intensivləşib, həm də bəzi yerli rəhbərlər arasında ixtilaflar güclənib. Dağıstan, Çeçenistan, Kabardin-Balkar və digər respublikalarda demək olar ki, hər gün silahlı toqquşmalar baş verir.
Siyasi rəhbərlərin intriqası bölgə üçün təhlükədir
Bunların fonunda isə Çeçenistan və İnquşetiya rəhbərlərinin bir-birini ittiham etməsi özünü göstərir. Tərəflər terrora qarşı lazımi səviyyədə mübarizə aparılmadığını iddia edirlər. R.Kadırov və Y.Yevkurov qarşılıqlı olaraq bir-birini günahlandırırlar."Utro.ru" elektron nəşri hesab edir ki, bu cür münasibət yalnız Kadırov və Yevkurova xas deyil. Ümumiyyətlə, Şimali Qafqazda indiki və keçmiş rəhbərlər arasında münasibətlərin kəskinləşməsi regionda gərginliyin artmasına səbəb ola bilər (baxın).Həmin qənaəti "Utro.ru" Qərbin Rusiyaya qarşı hazırladığı planlarla əlaqələndirir. Konkret olaraq, Suriya və İrandan sonra növbənin Rusiyaya çatacağını iddia edir. Bu, artıq bütövlükdə Qafqaza aid olan məsələdir. Həmin müstəvidə Cənubi Qafqazla bağlı baş verən hadisələrə nəzər saldıqda düşündürücü məqamlar meydana çıxır.Ramil Səfərovun Azərbaycana verilməsinə Ermənistanın qeyri-sağlam reaksiya verməsinə, qəribədir ki, Qərbin diplomatik dairələri haqq qazandırmağa çalışır. Avropa Şurasının baş katibi T.Yaqland verdiyi bəyanatda açıqca Ermənistanın reaksiyasının əsaslı olduğunu ifadə edir. O, R.Səfərovun cinayət törətdiyi halda, Azərbaycanda qəhrəman kimi qarşılanmasının qəbuledilməz olduğunu bildirir. Ancaq nəyə görə Qərb dövlətlərinin erməni terrorçularından qəhrəman düzəltdiyini izah etmir.
Qərb siyasətçilərinin ziddiyyətli bəyanatları
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və qonşuluq siyasəti üzrə Avropa Komissiyasının üzvü Ştefan Füle də həmin mövqedədirlər. Onlar azərbaycanlı zabitin əfv edilməsindən narahatlıqlarını bildiriblər. Ancaq Parisin "Orli" hava limanında 8 dinc adamın həyatına son qoyan terrorçu V.Karapetyanın hansı əsasla Ermənistana təhvil verildiyindən kəlmə də kəsməyiblər. O zaman Cənubi Qafqazda vəziyyətin gərginləşməsindən niyə danışmadılar? Yoxsa erməni terroru Qafqaza sabitlik və inkişaf gətirir?NATO-nun baş katibi F.Rasmussen İrəvanda R.Səfərovun əfv edilməsindən narahat olduğunu ifadə edib. Ancaq onun Macarıstrandan Azərbaycana verilməsinin tamamilə beynəlxalq hüquq çərçivəsində baş verdiyini də söyləyib. Onda Qərbdə nədən narahatdırlar?Əsas məsələ bundan ibarətdir. R.Səfərovla bağlı vəziyyəti onlar həmişə Qafqazda vəziyyətin gərginləşməsi ehtimalı ilə əlaqələndirirlər. Regionda gərginliyin artdığı halda bəri başdan günahı başqasının üstünə qoymağa cəhd edənlər var. Bu zaman 20 ildir ki, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Cənubi Qafqazda gərginliyin əsas mənbəyi olan Ermənistanı nəyə görə cilovlamadıqlarını yada salmırlar. Əgər böyük dövlətlər və münaqişənin həllində vasitəçilik edənlər üzərilərinə düşənə səmimiyyətlə əməl etsəydilər, erməni zabitləri Ramil Səfərova həqarətlə yanaşmağa cürət etməzdilər.Yaranmış vəziyyət düşündürücüdür. Azərbaycanı heç bir əsas olmadan gərginlik yaratmaqda və sülh prosesinə mane olmaqda ittiham etmək süni bir oyunun aparıldığı təəssüratı yaradır. Hiss edilir ki, Qərb ikili standart siyasətini davam etdirir. Qəsbkarı yerində oturtmaq əvəzinə, Azərbaycanın təbii hüquqlarını pozmağa çalışır.Şimali Qafqazda gərginliyin artırılması ilə Cənubi Qafqaz ətrafında baş verənləri xəyalən bir müstəviyə gətirsək, riskli mənzərə alınır. Onu da deyək ki, bəzi ekspertlər Şimali Qafqazdakı terrorçuları Gürcüstan və Azərbaycana sıxışdırmaq prosesinin aparıldığını iddia edirlər. Bu bölgənin xaosa düşməsində kimlər maraqlıdır? İndi bu barədə dəqiq fikir yürütmək çətindir. Ancaq belə bir cəhdin edildiyi yuxarıdakı qısa müqayisələrdən də görünür.Yaxın və Orta Şərqdə geosiyasi vəziyyətin daha da kəskinləşməsi ilə eyni zamanda Cənubi Qafqazda ziddiyyətli proseslərin getməsi sabitliyi təhlükə altına alır. Belə şəraitdə Ermənistan kimi təcavüzkar xarici siyasət yeridənlər özləri üçün dividend götürməyə çalışırlar. İrəvan Cənubi Qafqazda əsas terror mənbəyi olaraq qalır. Təəssüf ki, Qərbin bəzi diplomatik və hərbi dairələri də ona bu fürsəti verməkdə davam edirlər.
newtimes.az