ASALA bu dəfə Azərbaycan diplomatlarını hədəfə alıb
III yazı
ASALA-nın fəaliyyəti, ümumilikdə, tarixi 100 ildən artıq qiymətləndirilən erməni terrorizminin tərkib hissəsi kimi çıxış edir və bu təşkilat, eləcə də, onun müxtəlif qanadları, törəmə qurumları əsasən ötən əsrdə kifayət qədər fəallaşan, türk-müsəlman əhalisinin kütləvi qətliamına səbəb olan erməni terrorçu qruplaşmalarının bilavasitə varisi sayılır. Tarixi faktlara nəzər saldıqda, aydın görünür ki, bu gün genosidə və ya soyqırıma uğradıqlarını iddia edənlər, əslində, son 130 il ərzində Azərbaycanın, Qafqazın, Türkiyənin, İranın türk müsəlman əhalisinə qarşı davamlı şəkildə soyqırımı və etnik təmizləmə fəaliyyəti həyata keçirmişlər. Bundan da ən çox əziyyət çəkən əsrin əvvəllərində ərazisinin qərb hissəsində qurama Ermənistan dövləti yaradılan Azərbaycandır ki, bu da yüz minlərlə soydaşımızın soyqırımı, indi Ermənistan adlanan ərazinin burada çoxluq təşkil edən Azərbaycan türklərindən mərhələli şəkildə etnik təmizlənməsi hesabına başa gəlmişdir.
Bir kilsənin partladılmasıyla başlayan terror tarixçəsi
1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaratmışlar və onların arasında "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Army for the Liberation of Armenia" - "ASALA") fəallığı ilə diqqəti cəlb edir. "ASALA" dünyanın bir sıra ölkələrindəki sol ekstremist və millətçi hərəkatları dəstəkləyir. Təşkilat 1975-ci ilin yanvar ayında Livanın paytaxtı Beyrut şəhərində yaradılıb. Törətdiyi ilk terror aktı 1975-ci ilin yanvar ayında Beyrut şəhərində yerləşən Ümumdünya Kilsələr Şurası binasının partladılması olub. 1975-1982-ci illər ərzində "ASALA", əsasən, türk diplomatlarına, təşkilatın üzvlərinin həbsdə saxlanıldığı ölkələrin vətəndaşlarına, habelə, Qərb dövlətlərinin nümayəndəliklərinə, o cümlədən, "KLM", "LUFTHANSA", "TWA" təyyarə şirkətlərinin ofislərinə qarşı hücumlar təşkil edib. "ASALA" Livan, Türkiyə, ABŞ (Los-Anceles şəhərində hava limanını partlatmaq cəhdi), Fransa (Türkiyə səfirinin qətli), Yunanıstan, İsveçrə, İspaniya, Avstriya (Türkiyə səfirinin qətli), Böyük Britaniya (Türkiyə aviaşirkətinin Londondakı ofisində partlayış), İtaliya, İran, Macarıstan və digər ölkələrdə 200-dən artıq terror aktı törətdib ki, bunların da nəticəsində 52-si türk mənşəli olmaqla, 100-dək şəxs qətlə yetirilib, 500-dən artıq insan yaralanıb. Təşkilatın bir neçə yüz üzvünün olması ehtimal edilir.
"ASALA"-nın yeni hədələri...
Bu təhdidlər nədən xəbər verir?
"ASALA"-nın bir sıra üzvləri, o cümlədən, Varujan Karapetyan, Vazgen Sislyan, Hilbert Minasyan, Monte Melkonyan Dağlıq Qarabağ münaqişəsi zamanı qanunsuz erməni silahlı birləşmələrinin tərkibində vuruşublar. 1990-cı ilin əvvəllərində "ASALA"-nın fəaliyyətinin bir qədər zəifləmə və geriləmə müşahidə edilirdi, təşkilatın bəzi üzvləri bu dövrdə yeni yaranmış terrorçu qruplaşmalara, o cümlədən, "Vrej" ("Qisas") hərəkatına qoşulmuşlar. Bu qruplaşmalardan biri olan "Vrej" Rusiya Federasiyasının Şimali Qafqaz bölgəsində və Rostov vilayətində əməliyyatlar keçirib, xüsusən, Azərbaycan Respublikası istiqamətində hərəkət edən qatarlarda terror aktları törətməklə məşğul olub. Bununla yanaşı, "ASALA" yenidən azərbaycanlı və türk diplomatları əleyhinə terror aktlarının həyata keçirilməsi barədə yeni təhdidlərlə çıxış edir. Mövcud məlumatlara görə, "ASALA" liderləri Ermənistanın siyasi rəhbərliyi, eləcə də, bu işğalçı ölkənin xüsusi xidmət orqanları ilə mütəmadi məsləhətləşmələr aparırlar.
Qeyd etmək lazımdır ki, SSRİ dağıldıqdan sonra erməni terrorçuluğu öz fəaliyyət istiqamətlərini dəyişərək "Qarabağ ermənilərinin müqəddəratı uğrunda mübarizə" adı altında Azərbaycana qarşı işğalçılıq siyasətinin alətinə çevrilib. Bu fonda Yerevanda Türkiyə rəsmilərinə qarşı terrorçuluq aktlarına görə ittiham olunan ermənilərə dövlət səviyyəsində dəstək kampaniyası təşkil edilib. Belə ki, "ASALA"-nın üzvü, Suriya əsilli, 1983-cü ilin iyun ayında Fransanın Orli şəhərindəki hava limanında törədilmiş partlayışda təqsirli bilinən Varujan Karapetyana bəraət əldə edilməsi üçün Ermənistan xüsusi xidmət orqanları tərəfindən "Eçmiadzin" kilsəsinin imkanları vasitəsilə adı çəkilən terrorçunun azadlığa buraxılması tələbi ilə milyonadək imza toplanılmışdı. Ermənistana gəlmiş terrorçular 100 min nəfərdən artıq azərbaycanlının qətlə yetirilməsində, 250 min nəfərin isə Ermənistandan qovulmasında fəal iştirak ediblər.
Fransadan göndərilən təxribatçı...
Və ya Ermənistanda "milli qəhrəman" elan edilən terrorçu
Digər bir peşəkar terrorçu, "ASALA"-nın başçısı, tanınmış beynəlxalq terrorçu Karlosun "yetirməsi", ABŞ vətəndaşı Monte Melkonyan Fransa həbsxanasından azad edildikdən sonra 1990-cı ildə Ermənistana gəlmiş və dərhal Dağlıq Qarabağ bölgəsinə göndərilib. Mövcud məlumatlara görə, M.Melkonyan Livanın Bekaa vadisində terrorçuluq hazırlığı keçib, partlayıcı qurğular üzrə mütəxəssis kimi hazırlanıb. M.Melkonyan Qarabağda terrorçu qruplaşmalara rəhbərlik edərək, burada əldə etdiyi "təcrübəni" tətbiq edib. Nəticədə, 1 milyona yaxın etnik azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb və hazırda qaçqın düşərgələrində yaşayırlar. M.Melkonyan 1993-cü ildə Azərbaycan ordusunun hissələri ilə döyüş zamanı məhv edilib. Terrorçunun Yerevanda keçirilmiş dəfn mərasimində Ermənistanın o vaxtkı prezidenti də iştirak edib. M.Melkonyan Ermənistanın "milli qəhrəmanı" adına layiq görülmüş, Ermənistanın Müdafiə Nazirliyinin təxribat qruplarından birinə onun adı verilib.
Qarabağ ermənilərinin "öz müqəddəratını həlletmə", "münaqişənin ədalətli həlli", eləcə də, "tarixi hüquqları" uğrunda mübarizəsinin güclənməsi fonunda Ermənistan hökuməti tərəfindən bölgəyə "ASALA"-nın yeni üzvlərinin göndərilməsi istiqamətində tədbirlər görülüb. Belə ki, 1981-ci ildə Türkiyənin Fransadakı səfirliyinə hücumda iştirak etmiş Vazgen Sislyan adlı terrorçu 1992-ci ildə vertolyotla Xankəndi şəhərinə göndərilib. Özünü "Arsaxın azadlığı uğrunda mübariz" kimi təqdim etmiş V.Sislyan həmin dövrdə "Moskovskiye novosti" qəzetinə verdiyi müsahibədə zorakılıq siyasətini ictimai rəyi "erməni məsələsi"nə yönəltmək üçün vacib vasitə kimi dəyərləndirib.
Ermənistan dövlət səviyyəsində terrorçuluq siyasəti yeridir
Qarabağdakı azərbaycanlı əhaliyə qarşı törədilən qırğınlarda xüsusi "rol" oynamış terrorçular arasında, həmçinin, əslən Yaxın Şərqdən olan Əbu Əli və Gilbert Minasyanın adları vurğulanır. Həmin terrorçular Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistanın maraqlarına zidd iştirak etdikləri təqdirdə, rəsmi Ankaranı, eləcə də, beynəlxalq neft şirkətlərini terror aksiyaları ilə hədələmişlər. Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində yürütdüyü terrorçuluq siyasətinin nəticəsi olaraq, 1989-1994-cü illərdə Dağlıq Qarabağda erməni terrorçuları tərəfindən nəqliyyat vasitələrində 29 terror aktı törədilib, 2 mülki vertolyot və 2 təyyarə vurulub. Erməni terrorçuluğunun başlıca hədəfləri ictimai nəqliyyat, o cümlədən, metro, avtobus, təyyarə, körpülər, diplomatik nümayəndəliklər, eləcə də, dinc əhalinin sıx toplaşdığı yerlərdir.
Digər erməni terrorçu və ekstremist qruplaşmaları sırasında "Erməni Soyqırım Ədalət Komandoslarıı" ("Justice Commandos of the Armenian Genocide" - "JCAG") terrorçu təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrut şəhərində yaradılmışdır. Təşkilatın əsas məqsədi qismində Şərqi Türkiyə də daxil olmaqla müstəqil Ermənistan dövlətini yaratmaq hesab edilir. 1983-cü ildən "Erməni İnqilab Ordusu" ("Armenian Revolutionary Army" - "ARA") adı altında çıxış etməyə başlayıb. Öz fəaliyyətində marksist ideyalarını üstün tutan "ASALA" ilə müqayisədə "JCAG" daha millətçi mövqedən çıxış edir. Mətbu orqanı - "Yerevan" qəzetidir. Əsas hədəfləri türk diplomatları, türklərə məxsus müəssisə və obyektlərdir. 1982-ci ilin yanvar ayında Türkiyənin Los-Anceles şəhərindəki konsulu Kamal Arikan "JCAG" üzvləri tərəfindən qətlə yetirilmişdir. Bəzi məlumatlara görə, "ARA"-nın mənzil-qərargahı Fransada yerləşir. "ARA" üzvlərinin 1983-1985-ci illər ərzində törətdikləri terror aktları nəticəsində 1 türk diplomatı, 4 Türkiyə vətəndaşı, 1 Portuqaliya və 1 Kanada vətəndaşı həlak olub.
"ASALA"-nın idarə etdiyi erməni terror təşkilatları...
Onlar Azərbaycan və Türkiyə əhalisinə qarşı törədilən qanlı təxribatlarda bilavasitə iştirak ediblər
"Gizli Erməni Azadlıq Təşkilatı" ("Secret Armenian Liberation Organization") 1975-ci ildə bəzi məlumatlara görə, Suriya erməniləri tərəfindən Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilatın həyata keçirdiyi terror aktları nəticəsində 19 türk diplomatı həlak olub.
"Erməni Azadlıq Cəbhəsi" ("Armenian Liberation Front" - "ALF") 1979-cu ildə yaradılıb və faktiki olaraq, "ASALA" tərəfindən idarə olunur. "ALF" Türkiyə və Dağlıq Qarabağda təxribatlar törətmək məqsədi ilə silahlıların hazırlanmasında fəal iştirak edib.
"Erməni Birliyi" ("Armenian Unity" - "AU") 1988-ci ildə Moskvada Vazgen Sisiyan tərəfindən yaradılıb. "ASALA" ilə sıx əlaqələrə malikdır. "AU" xüsusilə "ASALA"-nın silahlı basqınlarının maddi təminatı, muzdluların cəlb edilməsi və silahlandırılması məsələləri ilə məşğul olur.
"Erməni Azadlıq Hərəkatı" ("Armenian Liberation Movement" - "ALM") 1991-ci ildə Fransada təsis edilmişdir. "ALM" terror aksiyalarının təşkili və həyata keçirilməsi istiqamətində "ASALA" ilə sıx əməkdaşıq edir.
"9 İyun Qrupu" ("9 June Group") 1991-ci ildə yaradılmışdır və İsveçrədə fəaliyyət göstərir. Qrupun əsas məqsədi kimi həbs və məhkum olunmuş erməni terrorçuların müəyyən dövlətlərə qarşı terror aktları törətmək yolu ilə azadlığa buraxılmasına nail olmaqdır.
"Erməni Müqavimət Təşkilatı" ("Armenian Resistance Organization") 1997-ci ildə Parisdə təsis olunub. Təşkilat öz fəaliyyətində sosialist ideologiyasını rəhbər tutur.
"Azadlıq Pələngləri" ("Freedom Tigers") 1991-ci ildə yaradılıb. Təşkilatın üzvləri Qarabağda gedən döyüşlərdə fəal iştirak ediblər.
"Dağlıq Qarabağın İnqilabi İdarə Olunması Komitəsi" ("KRUNK") 1987-ci ildə Xankəndidə qeyri-qanuni olaraq xarici erməni diasporunun iştirakı ilə yaradılıb. Təşkilatın üzvləri Dağlıq Qarabağda gedən əməliyyatlarda iştirak ediblər. "KRUNK"-un sıralarında Yaxın Şərqdən olan xarici muzdlular da döyüşmüşlər. Təşkilatın rəhbəri keçmiş Stepanakert tikinti-inşaat materialları kombinatının direktoru Arkadi Manuçarovdur. Qurumun ideoloji bölməsinə isə həmin şəhərdə fəaliyyət göstərən yunəyirmə fabrikinin partiya komitəsinin katibi, Ermənistanın sabiq prezidenti Robert Köçəryan rəhbərlik edib. Hazırda təşkilat dünyanın bir çox ölkələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və qondarma "erməni soyqırımı"na dair materialların yayılması ilə məşğul olan erməni mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan məlum ekstradisiyası və Azərbaycan Respuplikası Prezidentinin Fərmanı ilə əfv edilməsi ilə əlaqədar son zamanlar erməni terrorçu və ekstremist təşkilatları tərəfindən Azərbaycan, eləcə də, Türkiyə diplomatlarına qarşı səsləndirilən təhdid və hədələrin güclənməsi müşahidə olunur.
"Səs" Analitik Qrupu