PDF Oxu

Araşdırma

  • 4 178

İqtisadi inkişafa elmi yanaşma günün əsas tələbidir

Ölkəmizin XXI əsrin çağırışı olan maddi resursların insan kapitalına çevrilməsi istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə təqdir olunur

İqtisadi inkişafa elmi yanaşma günün əsas tələbidir

"Biz müasir dövlət qururuq" söyləyən dövlət başçısı İlham Əliyev bu gün Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi təcrübənin digər ölkələrə nümunə göstərilməsini, regional müstəvidə əsas güc mərkəzi olduğunu önə çəkərək, bu uğurları şərtləndirən amilləri diqqətə çatdırır. Bildirir ki, bunun səbəbi təkcə təbii ehtiyatlar deyil: "Təbii ehtiyatlar sadəcə olaraq bizə ilkin təkan verdi ki, ondan səmərəli istifadə edək. Bizim uğurların təməlində siyasətimizdir, gələcəyə olan baxışlarımızdır, strategiyamızdır, birliyimizdir."

Bu günün əsas tələblərindən biri ölkə iqtisadiyyatı qarşısında duran çağırışların elmin inkişafı ilə bilavasitə bağlı olmasıdır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə bu sahədə qazanılan uğurlarımız təqdir olunaraq, hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirildiyi diqqətə çatdırılır. Cari ilin martında ölkəmizdə "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda quruma üzv ölkələrin beyin mərkəzlərinin III Forumu keçirildi. 70-dək ölkədən 100-dən çox nümayəndənin qatıldığı tədbirin əsas məqsədlərindən biri məhz XXI əsrin əsas çağırışı olan maddi resursların insan kapitalına çevrilməsi istiqamətində səmərəli təklif və tövsiyələr hazırlamaq, yeni islahat modellərini təklif etmək idi. Həmin tədbirdə Azərbaycanın uğurlarını ətraflı təhlil edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlətin elmə və təhsilə diqqətini önə çəkərək bildirmişdir ki, dövlət başçısı İlham Əliyevin irəli sürdüyü "qara qızılı" insan kapitalına çevirmək tezisi artıq bu gün reallaşmaqdadır. Ölkədə kreativ təbəqənin formalaşması üçün əməli iş görülür. Hazırda minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təhsil alır. Ölkə iqtisadiyyatının inkişafında intellektual resurslar və texnologiyalar vəhdət təşkil edir. İnformasiya-kommunikasiya texnologiyaları inkişafımızın prioritet istiqamətidir və hazırda ölkə əhalisinin 60 faizindən çoxu birbaşa internet istifadəçisidir.

Akademik bu fikri də xüsusi diqqətə çatdırmışdır ki, Azərbaycan hazırda regionda dinamik inkişafın lideri imicini qoruyaraq, qabaqcıl ölkələr səviyyəsinə çatmağı hədəfə almışdır. Məhz bu vəzifələrin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyev yaxın dövr üçün ölkəmizdə elmə və innovasiyalara əsaslanan cəmiyyət quruculuğunu strateji hədəf kimi irəli sürüb. Ölkəmizin elmi ictimaiyyəti BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının müəyyən edilməsi istiqamətində fəaliyyət həyata keçirir. Cari ilin sonuna qədər hazırlanması nəzərdə tutulan İnkişaf Konsepsiyası bütün sahələrdə keyfiyyətli transformasiyaların təmin edilməsi məqsədini daşıyır. Burada dünya ölkələri ilə elmi əməkdaşlıq münasibətlərinin qurulması, qabaqcıl təcrübənin tətbiqi məsələlərinə xüsusi önəm verilir. Bu gün dünya birliyinin qarşısında dayanan çağırışlar siyasi elitanın və qərar qəbulunda öz tövsiyələrini verən beyin mərkəzlərinin daha səmərəli əməkdaşlığını tələb edir.

Xatırladaq ki, ötən il 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, aparıcı kütləvi informasiya vasitələrinin, ictimai xadimlərin iştirakı ilə Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi altında Beynəlxalq Humanitar Forum keçirilmişdir. Tədbirin devizinə diqqət yetirməklə əsas müzakirə mövzusu olan məsələlər də açıqlanır. Təbii ki, hər dövrün öz çağırışları və onların həyata keçirilməsinə böyük ümidlər olur. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə səylərin göstərilməsi, qarşılıqlı anlaşmanın daha da dərinləşməsi, ən əsası beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şəraitin yaradılması mütləqdir.

Forumdakı çıxışlarda dəfələrlə bu fikir səsləndirilmişdir ki, tədbir bir daha Azərbaycanın bu kimi layihələri həyata keçirmək üçün zəngin təcrübəyə və yüksək potensiala malik olduğunun təsdiqidir. Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycan iqtisadi uğurların fonunda digər sahələrin, xüsusilə təhsilin, elmin inkişafına xüsusi diqqət göstərir. Keçirilən Forumlarda daim vurğulanır ki, iqtisadiyyatın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır. Lakin hazırda bəzi ölkələr iqtisadi baxımdan çox böyük problemlərlə üzləşmişlər. Bu baxımdan iqtisadi inkişafın təmin olunmasına diqqət yetirməklə yanaşı, təhsil, elm və s amillər də nəzərə alınmalıdır. Dünyada bütün sahələr üzrə əldə olunmuş nailiyyətlərin diqqətlə izlənilməsi vacib şərt kimi önə çəkilir. Dövlət başçısı İlham Əliyev bildirir: "Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir."

Daim yeniliyə, yeni təcrübələrin öyrənilməsinə və tətbiqinə çalışan Azərbaycanın bu istiqamətdə atdığı addımları göz qabağındadır. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin yaradılması dövlətin siyasətində prioritet məsələdir. Ölkə Prezidenti bildirir ki, təhsil sahəsi hər bir ölkə üçün çox vacibdir. Aydın məsələdir ki, bu sahəyə diqqət göstərilməsi üçün ölkənin maliyyə imkanları da geniş olmalıdır. Müstəqilliyimizin ilk illərində maliyyə imkanlarımızın yoxluğu bu sahəyə lazımi diqqətin göstərilməsinə öz mənfi təsirini göstərirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması uğurlu iqtisadi layihələrin həyata keçirilməsinə və bununla da maliyyə imkanlarının artmasına zəmin yaratdı. Təhsilin, elmin inkişafı istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə təhsilə, elmə diqqət və qayğı prioritet məsələ olub. Bu gün həmin siyasətə sadiqlik atılan addımların davamlılığından aydın görünür.

Bu fakt da inkaredilməzdir ki, maddi resursların insan kapitalına çevrilməsində ümummilli liderin müəllifi olduğu neft strategiyasının rolu böyükdür. Dünyada təbii resurslarla zəngin çox ölkələr var. Lakin daim qeyd olunduğu kimi, həmin ölkələrdə bu resurslar heç də hər zaman uğur gətirmir. Ölkəmizdə iqtisadi prioritetlər və neft strategiyası müəyyən edilərkən həm müsbət, həm də mənfi təcrübənin öyrənilməsi uğurlara geniş yol açan əsas amillərdəndir. Uğurlu neft-qaz siyasəti nəticəsində iqtisadiyyatın şaxələndirilməsinə nail olunub. Azərbaycanın 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxması da məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ilə şərtlənir.

Dövlət başçısı bildirir: "Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir." Təbii ki, elmi inkişaf etdirən yeni ideyalardır. Yeni ideyalar yeni qanunlara yol açır. Nəzərə alsaq ki, zaman dəyişir, hər dövrün öz çağırışları olur, elmin də bu inkişafla uzlaşdırılması günün əsas tələblərindəndir. Bir sözlə, elmlə həyatımız bir-biri ilə görünməz tellərlə bağlıdır. Təhsil bilik, elm, tərəqqi deməkdir. "Təhsil sahəsinə sərmayənin yatırılması xalqımızın gələcəyinə və tərəqqisinə sərmayə qoymaq deməkdir" söyləyən dövlət başçısı İlham Əliyev dövlət büdcəsinin xərclərində ordudan sonra təhsilə xüsusi diqqət yönəldilməsinin də bu amillə bağlı olduğunu bildirir.

Təhsilin inkişafına, gənclərin elmə cəlb edilməsinə yönələn addımların uğurlu nəticələri göz qabağındadır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında əksini tapan müddəalar hazırkı dövrün tələblərinə uyğundur. Neft-qaz ölkəsi kimi tanınan və nüfuz qazanan ölkəmizdə uğurların davamlılığının təmin edilməsində kadr hazırlığının iqtisadi tərəqqiyə uyğunlaşdırılması da vacib amillərdəndir.

Prezident İlham Əliyevin göstərişinə əsasən, ARDNŞ ölkənin neft-qaz sənayesində ehtiyac duyulan yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanmasını daim diqqətdə saxlayır. Bu məqsədlə Şirkətdə xüsusi Təqaüd Proqramı həyata keçirilir, Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alması, müasir biliklərə malik yüksək səviyyəli mütəxəssislərin hazırlanması təmin edilir. Şirkət respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəcsislərin neft-qaz sənayesinə marağını artırmaq məqsədi ilə Yay Məktəbi təşkil edir. Layihənin iştirakçıları üçün praktik məşğələlər keçirilir. Onlar ARDNŞ-in idarə və müəssisələrinə ekskursiya edərək istehsalat prosesləri ilə yaxından tanış olurlar. Şirkət, həmçinin "Yay təcrübəsi" proqramını da həyata keçirir. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədilə gerçəkləşir. Sözsüz ki, bu kimi tədbirlər ölkə daxilində yüksək ixtisaslı kadrların hazırlanmasına öz müsbət təsirini göstərir.

Dövlət başçısı İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Bakı Ali Neft Məktəbinin yaradılmasında da məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir. Yeni dərs ilində ilk tələbələrini qəbul edən Bakı Ali Neft Məktəbinin tədris prosesini inkişaf etmiş ölkələrdə tətbiq olunan proqram və texnologiyalar əsasında həyata keçirməsi məqsədi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə sıx əməkdaşlıq əlaqələri qurması, məzunlara hər iki universitetin diplomlarının veriləcəyi də gələcək barədə yüksək rəy yaradır. Bu ali təhsil ocağında elmin, təhsilin və istehsalatın birliyi yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Azərbaycan Dövlət Neft Şirkəti tədrisin keyfiyyətinin yüksək olması üçün zəruri olan bütün tədbirləri həyata keçirir.

Təcrübə mübadiləsinin hər bir ölkənin iqtisadi inkişafında oynadığı rolu Azərbaycanın bugünkü reallıqlarında aydın görmək olur. Ulu öndər Heydər Əliyevin bu fikrini xatırlatmaq istərdik: "Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər, ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz." Neft-qaz sənayesinin dünyanın ən çox inkişaf edən və yeniləşən sahələrindən biri olduğunu nəzərə alsaq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, yeni üsulların axtarışına böyük ehtiyacın olduğunu görərik. Mütəmadi olaraq yeni-yeni üsul və texnologiyalar işlənib hazırlanır, müasir tələblərə uyğunlaşdırılır. Yeni texnologiyaların tətbiqinin genişləndirilməsi dünya iqtisadi məkanına inteqrasiya siyasəti həyata keçirən Azərbaycanda rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşmasına və davamlı inkişafın təmin edilməsinə böyuk imkanlar açır.

Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdimatı kimi dəyərləndirilən, "Əsrin müqaviləsi"nin imzalanmasından əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilən və artıq ənənə halını alan Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neftkimyası sərgi-konfransının iştirakçılarının sayının ilbəil artması da ölkəmizlə əməkdaşlığa önəm verildiyini, Azərbaycan haqqında daha dolğun məlumatların əldə olunmasına xüsusi maraq göstərildiyini təsdiqləyir. Bu təqdimatın davamı olaraq ARDNŞ-in təşkilatçılığı ilə keçirilən "Neftqazçıxarmada yeni texnologiyalar" mövzusunda beynəlxalq elmi-təcrübi konfransı da xüsusi qeyd etmək istərdik. Bu günlərdə "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 45 xarici şirkəti təmsil edən 100-dən artıq nümayəndənin iştirakı ilə keçirilən "Neftqazçıxarmada yeni texnologiyalar" mövzusunda II Beynəlxalq elmi-təcrübi konfrans ölkəmizin neft-qaz sənayesinin keçdiyi inkişaf yolunun, neft strategiyasının əsas tərkib hissəsi olan elmi tədqiqat işlərinin bugünkü səviyyəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Bu əminlik ifadə olundu ki, bundan sonra əməkdaşlıq daha da inkişaf edəcək, belə görüşlərin sayı artacaq.

Bu konfransın ardınca ölkəmizdə dünyanın 27 ölkəsindən 200-ə qədər neft mütəxəssisinin, alim və media nümayəndələrinin iştirakı ilə "Neft, qaz və media" beynəlxalq konfransının keçirilməsi də uğurlarımızın təbliğində əhəmiyyətli rola malikdir. Konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda Azərbaycanın neft-qaz sektorunda qazandığı uğurları bir daha diqqətə çatdıran dövlət başçısı İlham Əliyev bildirmişdir ki, ölkəmizdə plüralizmin, söz və məlumat azadlığının mövcudluğu, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti həyata keçirilən enerji siyasəti və gəlirlərin idarə olunması haqqında cəmiyyəti hərtərəfli məlumatlandırmağa imkan verir. Məktubda bu inam ifadə edilir ki, dünyanın nüfuzlu media qurumlarının, enerji sahəsindən yazan jurnalistlərin, ekspertlərin iştirak etdiyi beynəlxalq forum mövzu ətrafında konstruktiv müzakirələr, yeni-yeni dəyərli təklif və təşəbbüslərlə yadda qalacaq.

Tədbirin keçirilməsi üçün Azərbaycanın əsas məkan seçilməsi də bir çox məqamlara işıq salır. Belə ki, konfransda da vurğulandığı kimi, Azərbaycan dövləti həyata keçirdiyi çevik neft diplomatiyası və praktik işlər nəticəsində Xəzər, Qara və Aralıq dənizləri məkanında beynəlxalq layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilib. Bu da öz növbəsində milli iqtisadiyyat üçün yeni imkanlar yaradır.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanın hərtərəfli inkişafı, uğurların davamlılığının təmin edilməsi dövlətin siyasətində prioritet məsələdir. Əsas hədəf Azərbaycanı yaxın on ildə inkişaf etmiş, yüksək gəlirli ölkələr sırasında görməkdir.

"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər