Son zamanlar Azərbaycan ictimaiyyəti ardıcıl olaraq "Freedom House", "Human Ritch Watch", "West Mister" və bu kimi müxtəlif xarici qeyri-hökumət təşkilatlarının obyektivlikdən kənar hesabatlar təqdim etmələrinin şahidi olmaqdadır. Ölkədə sürətlə gedən inkişaf, nəhəng layihələrin reallaşması, demokratik islahatlar nədənsə qeyd olunan təşkilatlar tərəfindən görməzliyə vurulur, nəticədə qərəzli, heç bir məntiqə sığmayan hesabatlar dərc edilir.
Təəssüflə bildirməliyik ki, bu tipli qeyri-normal, eləcə də, beynəlxalq normalara, standartlara cavab verməyən hesbatların ictimailəşməsi arxasında müəyyən sifarişlər də dayanır və sözsüz ki, Azərbaycanın ünvanına deyilənlər də əsassızdır.Təkcə bu ilin may ayında verilən qərəzli hesabatdan sonra, Amerika Azərbaycanlıları Şəbəkəsi və Belarusda yaşayan azərbaycanlı icmasının, Ukrayna azərbaycanlılarının, Rusiya Azərbaycanlıları Federasiyasının, Avropa ölkələrində yaşayan fəal diaspora təşkilatların "Freedom House"yə etiraz kampaniyasını xatırlasaq, adıçəkilən təşkilatın hansı dərəcədə ifşa olunduğunu bir daha təsdiq etmiş olarıq. Onu da bildirmək yerinə düşərdi ki, sözdə beynəlxalq insan haqlarını müdafiə təşkilatı olan "Freedom House"nin mərkəzi qərargahı Vaşinqtonda yerləşir və beynəlxalq QHT kimi qeydiyyatdan keçib. Qərəzli hesabatlar verən "Freedom House"nin rəsmi saytında "Map of Freedom" ("Azadlıq xəritəsi") adlı xəritə yerləşdirilmişdir. Həmin xəritədə Dağlıq Qarabağ mübahisəli ərazi kimi göstərildiyindən, sayta girənlərdə çaşqınlıq yaratmışdır. Lakin ortada digər faktorların da dayandığının şahidiyik. Əsas məsələ ondadır ki, bir sıra müxalifət qurumlar, əsasən də, radikal təxəyyüllü müxalifət partiyaları müəyyən məqsədlərinə çatmaq üçün, bu kimi təşkilatlardan beş-on qəpik-quruş qazanmaq məqsədilə bu cür, o cümlədən, də "Freedom House"nin hazırladığı hesabatlara istinad edərək, Azərbaycandakı həqiqi reallıqları görməzlikdən gəlirlər. Çünki onları heç bir milli mənafe və dövlətçilik prinsipləri maraqlandırmır.
Demokratiyadan bixəbər "demokratlar"
"Freedom House" ölkədə ayrı-ayrı hüquq müdafiəçiləri və müxalifət partiyaları ilə, mütəmadi olaraq, sıx təmasda bulunmaqla yanaşı, hər il eyni hesabatı dərc edir. Əslində, belə qurumlar da, təbii ki, şəxsi maraqlar üzərində fəaliyyət göstərir və havadarlarının verdikləri təlimatlara əsasən nəticə çıxarır. Çünki bu təşkilatın nümayəndələri Azərbycana gəldikləri zaman bir dəfə də olsun nə parlamentin müvafiq komitələrinə, o cümlədən, insan hüquqları komitəsinə, nə də ki, digər dövlət strukturlarına müraciət etməyiblər, onları maraqlandıran suallara cavab almayıblar. Bundan sonra gedib əsassız olaraq hesabatlar hazırlayıblar. Bütün mənalarda haqsız və qeyri-demokratik addımlar atan bu qondarma qurumun hansısa "söz azadlığı"ndan, "fikir azadlığı"ndan, "vicdan azadblığı"ndan yaxud da "media azadlığı"ndan danışması, "siyasi məhbus" kimi terminlərdən istifadə etməsi gülünc və iztehzadoğurucu təsir bağışlayır. Sonda daha bir maraqlı məqamı da vurğulamaq yerinə düşərdi ki, bu da hər belə tipli hesabatlardan sonra özlərini "var" hesab edən müxalifət "liderləri"nin mətbuat səhifələrində dil açmalarıdır. Ancaq neyləmək olar? Hər halda, ölkədə söz və fakir azadlığı mövcuddur. Ona görə də istədiklərini danışırlar.Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sözügedən məsələyə zamanınıda verdiyi açıqlamasında bildirmişdi ki, bir neçə il əvvəl Ermənistanda hakimiyyətə opponentlik edən siyasətçilərin böyük qrupunu parlamentə doldurub güllələdilər, prezidenti və onun komandasını məcburi istefaya göndərdilər, Sarkisyan rejiminə etiraz səddini qaldırmaq istəyən 10-dan artıq adamı güllələdilər. Bu, göstərir ki, Devid Kremer və onun təşkilatı tam subyektiv mülahizələrə və məqsədyönlü maraqlara xidmət edir.
R.KAMALQIZI