İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis... HÜSEYN CAVİD
Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə lənət və nifrinlər "epopeyası"ndan başqa heç nə eşitmək olmur. Kimdir onlar - insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq elə də çətinlik yaratmır. Təkcə AXCP sədri Əli Kərimlinin (Əli Kərimovun) "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...
(Əvvəli ötən saylarımızda)
"Yurd" şefinin qrant maxinasiyaları və Elçibəyə qarşı xəyanətini təsdiq edən arxiv materialları
Artıq bəlli idi ki, "Yurd" şefi Əli Kərimov zaman-zaman siyasi ambisiyalarını əldə etdiyi qrantlar vasitəsilə reallaşdırmağa cəhdlər göstərirdi. Bu işdə ona qruplaşmasının bir neçə üzvü, hazırda müxalifət partiyalarının rəhbərləri olan şəxslər yaxından kömək edirdilər. Təbii ki, həmin məsələdə onlara da müəyyən paylar ayrılırdı. Bu isə bilavasitə Ə.Kərimovun Elçibəyə qarşı tutduğu xəyanət yolunun davamı idi. Yəni Ə.Kərimovla yanaşı, burada daha bir neçə nəfər AXCP sədrinə qarşı quyu qazmaqla məşğul idilər. Bu baxımdan, arxivə müraciət edərək, sözügedən faktları yenidən gün işığına çıxarmaq mümkündür.
"İki sahil" qəzetinin 17 oktyabr 2001-ci il sayında dərc olunmuş məqalədə "Müxalifət xaricdən necə maliyyələşir və bunun əvəzində hansı xidmətləri göstərir" başlıqlı yazı getmişdi. Həmin yazıdan da agah olur ki, məhz əldə edilmiş növbəti 95.000 dollarlıq qrantı Ə.Kərimovla bahəm, Asim Mollazadə və Fuad Mustafayev xərcləyib: "...Söhbət Azərbaycanda Demokratiyanın İnkişaf Fondunun xaricdən mərhələlərlə aldığı 95.000 dollar məbləğində qrantdan gedir. Görəsən, bu məbləğ hara xərclənib? AXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Asim Mollazadənin dediyinə görə, guya bu qədər məbləğ 1995-ci ildə parlament seçkiləri ilə bağlı respublikanın müxtəlif bölgələrində tədbirlərin keçirilməsinə və aparıcı (?) KİV-lərə xərclənib...Söhbət heç şübhəsiz ki, "Yurd" qruplaşmasına yaxın olan mətbuat orqanlarına edilən maddi yardımlardan gedir. Həmin mətbuat orqanlarının Ə.Kərimovun inhisarında olduğunu xatırlatsaq, əlavə şərhə ehtiyac duyulmur. Bundan əlavə, parlament seçkiləri ərəfəsində respublikanın müxtəlif bölgələrində keçirilən tədbirlərdə də kimlərin siyasi maraqlarının müdafiə olunduğunu və təbliğ edildiyini nəzərə alsaq, bir çox qaranlıq məqamlar aydınlaşar və həmin məbləğin "Yurd" qruplaşması üçün xərcləndiyinə şübhə yeri qalmaz..."
"Ulus"qəzetinin 9 fevral 2000-ci il sayında çıxış edən AİHDK-nin sədri Çingiz Qəniyev isə məsələyə belə aydınlıq gətirib: "95.000 dollar qrantın ADİF tərəfindən alındığı həqiqətdir. Bu, xarici mətbuat orqanlarında da öz əksini tapıb... Ancaq bu kimi məsələlərdə daha aktiv olan, qrantın xərclənmə istiqamətlərini təyin edən Asim Mollazadədir. Heç kimə sirr deyil ki, Asim bəyin ayrı-ayrı xarici təşkilatlarla sıx əlaqəsi var... Hamıya aydındır ki, Ə.Kərimovu demək olar ki, bütün xarici səfərlərdə müşayiət edir, onun görüşlərini təşkil edir və s...Mən deyə bilmərəm ki, həmin məbləğ 95-ci ildəki seçki kampaniyasına, KİV-lərə, mühafizəçilərin saxlanmasına və ya avtomobil alınmasına (?) xərclənib... Qrantlar təyinatı üzrə xərclənməlidir... Yəni qrantın KİV üçün ayrılan hissəsinin "Yurd"çuların dəsti-xəttini dəstəkləyən mətbuat orqanlarında xərcləndiyi şübhəsizdir. Yaxşı olardı ki, Asim Mollazadə bu barədə qəzetlərin birində açıqlama versin...Hər halda həmin məbləğın bir hissəsinin şəxsi ciblərə axdığını istisna etmirəm".
"Şərq" qəzetinin 13 yanvar 2000-ci il tarixində müsahibə verən keçmiş "cəbhəçi" Mahir Səmədov da iddia edib ki, Ə.Kərimov və onun qrupu Ə.Elçibəyə qarşı xəyanət yolunu tutaraq, hər cür alçaqlığıa və rəzilliyə gedib: "...Təbii ki, 5 cangüdən saxlamaq, əksəriyyəti öz əhatəsində saxlayıb maddi nəzarət etmək, dövlət adamlarının yaşadığı mənzillərin qonşuluğunda ev almaq müəyyən qədər maddi zənginlik tələb edir. Siyasətçi o zənginliyi əldə etmək üçün nəyisə qurban verməlidir. Təəssüf ki, haqqında danışdığımız bu ambisioz qrup o komforta öz siyasi gələcəyini qurban verdi".
"Yeni Müsavat" qəzeti 27 iyul 2002-ci ildə "Cəbhənin taleyi cəbhəçi gözündə" məqaləsində Ədalət Talıblının dilindən yazırdı: "...Elçibəyin Bakıda olmamasından yararlanaraq, 1995-ci ildə partiya rəhbərliyini ələ keşirmiş, "Yurd"un özünün başçısı (Əli Kərimli), Elçibəyi lider kimi qəbul etməyən öz rayon şöbələri, özünün möhkəm maliyyə qaynaqları (daha çox Asim Mollazadənin xəttilə) və özünün geniş təbliğat şəbəkəsi vardı.."
AXCP sədri Əbülfəz Elçibəyin Əli Kərimovla bağlı məxfi sərəncamından: "Maliyyə imkanları olmadan seçki kampaniyalarının effektli keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq..."
"Yurd" şefinin maliyyə maxinasiyaları səbəbindən AXCP-də ciddi maddi vəsait çatışmazlığı hökm sürürdü. Bunu sədr Elçibəy də yaxşı bildiyi üçün özünə yaxın olan adamların iştirakı ilə komissiyanın yaradılması məqsədilə məxvi sərəncam imzalayıb. Məhz həmin sərəncamdan da aydın olur ki, artıq Ə.Kərimov "cəbhədə" arzuolunmaz fərdə çevrilmişdi.
-AXCP-nin keçirdiyi maliyyə böhranını, bununla əlaqədar AXCP Sədr Aparatı və digər strukturlarının işinin günün tələbinə uyğun qura bilməməsini, o cümlədən, 1998-ci ilin prezident və bələdiyyə seçkiləri ili olmasını, maliyyə imkanları olmadan seçki kampaniyalarının effektli keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq qərara alıram:
I. AXCP-nin maliyyə imkanlarını və təşkilatın düşdüyü maliyyə böhranının səbəblərini araşdırmaq üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:
1. Zöhrab Abdullayev- AXCP-nin işlər müdiri,
2. Şamil Quliyev- AXCP NTK-nın üzvü,
3. Ülvi Həkimov- AXCP sədrinin köməkçisi,
4. Elçin Paşayev- AXCP Ümumi şöbəsinin müdiri.
II.AXCP -nin maliyyə işlərinə aidiyyəti olan bütün şəxslərə tapşırılsın ki, müvafiq hesabatlarını komissiya üzvlərinə təqdim etsinlər.
AXCP sədri Əbülfəz Elçibəy, Bakı şəhəri 11 fevral 1998-ci il.
Artıq "Yurd"un baş təmsilçisi Əli Kərimovun fəaliyyətinin araşdırılması ilə bağlı yaradılmış komissiya ölkə mətbuatında müxalifətyönlü kimi tanınan bir sıra qəzetlərdə gedən anti-Elçibəy kampaniyalarında məhz "Yurd" şefinin əlinin olmasını üzə çıxmışdı. Həmin qəzetlərdə gedən yazıların əsas hədəfi Ə.Kərimovun AXCP-yə sədr keçmək iddiasını aşkar şəkildə biruzə edirdi.
(Ardı var)
RÖVŞƏN NURƏDDİNOĞLU