PDF Oxu

Araşdırma

  • 1 568

İşğalçı Ermənistandan növbəti terror təhdidi

ASALA bu dəfə Azərbaycan diplomatlarını hədəfə alıb

İşğalçı Ermənistandan növbəti terror təhdidi

XII yazı

Araşdırmalar göstərir ki, terrorçuluq, dövlət terroru işğalçı Ermənistanın mövcudluğunun siyasi mahiyyətini təşkil edir. Söhbət ondan gedir ki, bu dövlət, faktiki olaraq, tarixən heç vaxt ermənilərə aid olmayan ərazilərdə - qədim Azərbaycan torpaqlarının bir hissəsinə çar Rusiyası dövründə ermənilərin köçürülməsi nəticəsində yaradılıb və "böyük Ermənistan" xülyasına qapılaraq, qonşu ölkələrin hesabına ərazisini genişləndirməyə səy göstərir. XIX əsrin sonlarından başlayaraq, yaradılan əksər erməni təşkilatlarının terroru əsas mübarizə vasitələrindən biri kimi dəyərləndirməsi bunu əyani şəkildə sübut edir. Başqa sözlə, ASALA məhz 100 ildən artıq davam edən, məqsədli şəkildə gerçəkləşdirilən terrorçuluq ideologiyasının təzahürü kimi meydana çıxıb və çoxsaylı erməni terror təşkilatlarından yalnız biridir. Aşağıda sadalanan faktlar da bunu bilavasitə təsdiqləyir.

Uydurma rəqəmlər və tarixi həqiqətlər

IV ordunun komandanı Camal paşa 1915-ci il 20 iyul tarixli əmrində köçürdülən ermənilərin əmlak, can və namuslarının mühafizəsi üçün məsul şəxslərə vəzifələrini yerinə yetirmədikləri təqdirdə sərt cəzalar veriləcəyini bildirdi. Köç zamanı yol verilən zorakılıq və özbaşınalıqları cəzalandırmaq üçün hərbi nazirlikdə bir təhqiqat orqanı yaradılmış və bu qurum 1918-ci ilin sonuna qədər fəaliyyət göstərmişdir. 1897 nəfər məhkəməyə verilmiş, bunların böyük qismi (648 nəfər Sivasda, 233 nəfər Əl-Əzizdə) edam edilmiş, qalanları ağır cəzalarla cəzalandırılmışdılar.

1916-cı ilin oktyabr ayının sonlarına kimi Anadoludan köçürülənlərin sayı 702 900-ə çatmış, köçürmə tədbirlərinə 1915-ci ildə 25 milyon lirə xərclənmiş, ilin sonuna kimi də 150 milyon lirə lazım idi və ermənilərin iddia etdiyi kimi, Osmanlı hökuməti bir soyqırımı keçirmət istəyirdi, dövlətin ağır maliyyə vəziyyətində bu qədər vəsaiti xərcləyərdimi?

Erməni və bəzi Qərb tarixçiləri köçürmə əsnasında 2 milyon nəfərə qədər erməninin planlı şəkildə öldürüldüyünü iddia edirlər. Bu ölü rəqəmi 1915-ci ildə 300 mindən başlamış və hər il bir qədər artırılaraq 1980-ci illərdə 2 milyona çatmışdır. Məsələn, A.Noviçev iddia edirdi ki, Birinci Dünya müharibəsi dövründə Türkiyədə 1,5 mln. nəfər erməni qətlə yetirilmiş, 120 000 nəfəri Suriya və İraqa sürgün edilmiş, üstəlik, böyük miqdarda erməni Rusiya, İran və başqa ölkələrə qaçmışdır. Erməni müəllifi Y.Petrosyan isə iddia edir ki, 1915-ci ilin yazından 1916-cı ilə kimi ermənilərin soyqırımı davam etmiş və guya 1,5 milyon erməni həlak olmuş, 300 min nəfərə qədər Qafqaza qaçmışdır. O, həm də məntiqə zidd olaraq bildirir ki, Van, Şataxa, Urfa, Sasun çoxlu digər şəhər və kəndlərin silahsız əhalisi qəhrəmancasına özlərini müdafiə etmişlər. Vanın özünümüdafiəsi bir aya yaxın davam etmiş və rus Qafqaz ordusunun hissələrindən kömək alan ermənilərin xilası ilə nəticələnmişdir.

Erməni tədqiqatçılarının etirafları...

Məsuliyyət komitəçilərin və erməni qiyamçılarının üzərinə düşür

Ədalət naminə qeyd etmək lazımdır ki, hətta bəzi erməni tarixçiləri 1915-ci il faciələrində başlıca günahkarların komitəçilər olduğunu, Osmanlı hökumətinin erməniləri köçürərkən düzgün hərəkət etdiyini etiraf etmişlər. Erməni tədqiqatçısı Leo daşnakların qiyamçı fəaliyyətini təhlil edərək yazmışdı: "Daşnaksütyun"un hiddəti, şübhəsiz pərdənin kiçik bir guşəsini qaldırır. Bunun arxasında da çox diqqətəlayiq fəaliyyətlər təzahür edir. Görürük ki, "Daşnaksütyun" həqiqətdə dövlət içində bir dövlət olmuş, hətta ölü siyasətini idarə iddiasına qalxmışdır.

Leo təhcirdən əvvəl ermənilərin qiyamlara qalxdığını bildirərək yazırdı ki, Muşda və Ovada 7000 erməni silahlandırılmış və müxtəlif kəndlərə dağılmışlar; bir çoxları türk əsgərliyindən fərarilik etmişlərdir. Onlar nəinki əsgərləri, hətta kürd məmurlarını da öldürmüşlər".

Leo daha sonra yazırdı: "Bir tərəfdə türk milləti, digər tərəfdə də sanki erməni milləti var. Bütün dünya qan və yanğın içindədir. Bu "İttihad və Tərəqqi"də üsyanların hərb sahəsində olmasından istifadə edərək, dövlətin mövcudiyyətini müdafiə etməsi haqqından istifadə edirdilər. Bu elə bir haqdır ki, ən mədəni bir dövlət belə bundan istifadə etməkdən çəkinməz".

Andonyanın cəfəng iddiaları

Və ya mənbəyi bilinməyən saxta "sənədlər"

Erməni soyqırımının müdafiəçilərinin əsas "dəlillərindən" biri Andonyan adlı bir erməninin ingilis və fransız dillərində nəşr etdirdiyi "Andonyanın sənədləri"dir. Onun iddiasına görə, guya 1915 və 1916-cı ilin əvvəllərində Tələt paşa tərəfindən Hələb valisinə erməniləri qırmaq tədbirlərinə dair göndərdiyi teleqramların "surətlərini" "Nəim bəyin xatirələri. Ermənilərin təhcir və qətli əminə dair türk sənədləri" adlı kitabında vermişdir. Bu surətlər guya 1921-ci ildə Almaniyada Tələt paşanın qatili Tehliryanın məhkəmə prosesində çıxarılmışdı. Maraqlıdır ki, guya bu sənədlərin doğruluğunu təsdiq edən ekspertiza da yoxa çıxmışdır. Bu bədnam teleqramları Andonyan guya xırda Osmanlı məmuru olmuş Nəim bəy adlı birisindən almışdır. Ancaq məlum deyil ki, kiçik vəzifə sahibi məxfi sənədlərə necə yol tapmışdır. Həm də maraqlıdır ki, bu sənədlərin Osmanlı inzibati idarələrində qeydiyyatının heç bir izi tapılmamışdır. Teleqramlar guya o zaman Hələbdə heç bir rəsmi vəzifə tutmayan Mustafa Əbdül Xaliq adlı birisi tərəfindən təsdiq edilmişdir. Göstərilən uydurma "rəsmi teleqramlarda" müsəlman, yulian və qriqoruan təqvimləri qarışdırılmış və "Bismillah" sözü orfoqrafik səhvlərlə yazılmışdır.

1916-cı ildə İngiltərə Xarici İşlər Nazirliyinin rəsmi yayınlar orqanı Lord Brisin başçılıq etdiyi "Ermənistanı dirçəltmək komitəsi"ilə birlikdə Türkiyədə ermənilərlə rəftar barədə yalançı şahidlərin hekayələrindən ibarət "Mavi kitabı" nəşr etmişdir. Bu kitabın mənbələri istisnasız olaraq erməni mənbələridir və buna görə də yalanla doludur. Kitabın əsas tərtibatçılarından olan Toynbi sonralar "Mavi kitab"ın hərbi təbliğat məhsulu olduğunu etiraf etmişdi.

Avropa dövlətləri Türkiyədə ermənilərin köçürülməsi hadisəsindən hərbi təbliğat üçün istifadə etməyə başladılar. 1915-ci ilin mayında İngiltərə və Fransa hökumətləri bu cinayətlərə görə Osmanlı hökuməti üzvlərini, qətllərdə iştirak etmiş və iştirak edəcək şəxsləri təqsirli biləcəklərini elan etmişdilər.

Britaniya prokurorluğunun xitam verdiyi cinayət işi

Ermənilərin soyqırımı iddiası uydurmadır

1918-ci ilin noyabrında İstanbul ingilis qoşunları tərəfindən tutulduqdan sonra ingilislər ermənilərin iddialarını sübut etməyə çalışıraq, Osmanlı imperiyasının və digər ölkələrin arxivlərini ciddi surətdə yoxladılar. Erməni millətçilərinin istifadə etdikləri başlıca "dəlil" Osmanlı imperiyasının daxili işlər naziri olmuş Tələt paşaya aid edilən saxta teleqramlar seriyası idi. Ancaq hətta Osmanlı imperiyasının 150 nəfər keçmiş yüksək rütbəli şəxsini hərbi cinayətdə günahlandırmaq üçün Maltada həbsdə saxlayan ingilislər belə bir kobud saxtakarlığı rədd etdilər. Krallıq prokurorluğu iki illik ciddi təhqiqatdan sonra kimi isə hərbi cinayətdə günahlandırmaq üçün əsas olmadığına görə ittihamdan imtina etdi və dustaqlar azad edildilər. Bundan əlavə Britaniya Xarici İşlər Nazirliyi bildirdi ki, 1914-cü ildə Türkiyənin erməni əhalisi 1,3 milyon nəfər təşkil etmişdir. Deməli, guya 1,5 mln. erməninin öldürülməsi haqqında uydurma fiziki cəhətdən mümkün deyildir.

Bəzi erməni tarixçilərinin əsərlərində belə bir maraqlı fikir irəli sürülür ki, 1915-ci ildə Türkiyə ermənilərinin kütləvi surətdə qırılmasına Rusiya özü şərait yaratmışdı. Rus qoşunları əvvəlcədən xeyli Anadolunun içərilərinə yerimiş, erməniləri Türkiyəyə qarşı qaldırmış, sonra hərbi zərurət olmadan cəbhə xəttini düzləndirmək bəhanəsiylə xeyli geri çəkilmişdir və beləliklə, erməni əhalisinin türklər tərəfindən qırılması üçün şərait yaratmışdır. Lakin erməni tarixçisi Arutunyan bu fikri təkzib edərək yazır ki, əsrlər boyu erməniləri müdafiə edən Rusiya onların kütləvi qırğınına razılaşa bilməzdi, bu, çar generallarının kütbeyinliyinin nəticəsi olmuşdur.

Fikrimizcə, yuxarıda deyilən fikir heç də tam əsassız deyil. Rus qoşunlarının geri çəkilməsinin hərbi zərurətdən irəli gəlib-gəlmədiyini deyə bilmərik. Lakin o ki qaldı Rusiyanın ermənilərə "sadiq" olmasına, tarix bunun necə doğru olduğunu göstərmişdir. Rusiya həmişə ermənilərdən bir alət kimi istifadə etmiş, sonra onlardan xəbərsiz sazişlər bağlamışdır. Elə 1915-ci ildə ermənilər rus mənafeləri üçün qan tökdükləri bir zamanda Rusiya İngiltərə və Fransa ilə ermənilərin iddia etdikləri torpaqları öz aralarında bölüşdürmək barədə məxfi danışıqlar aparırdı.

Təkzibolunmaz faktlar...

Və təsdiqini tapmayan erməni yalanları

Birinci dünya müharibəsi dövründə Türkiyədə 1,5 milyon erməninin qətlə yetirildiyini iddia edənlər belə bir faktı unudurlar ki, müharibə ərəfəsində Anadoluda 1,3 milyon nəfərdən çox erməni yaşamamışdır. Belə ki, Britaniya ensiklopediyasında müharibə ərəfəsində Türkiyənin 9 bölgəsində (Ərzurum, Van, Bitlis, Harput, Diyarbəkir, Sivas, Hələb, Ədənə, Trabzon) cəmi 913.875 erməni, İstanbul patriarxlığının 1912-ci ilə aid statistiyasına görə 6 vilayətdə (Ərzurum, Van, Bitlis, Harput, Diyarbəkir, Sivas) 1.018000 erməni yaşayırdı.

1830-cu ildə Osmanlı dövlətində keçirilmiş ilk siyahıyaalmaya görə, Anadoluda 2.100000 müsəlman, 400000 xristian kişi əhalisi yaşayırdı.

Müxtəlif Qərb və Türkiyə mənbələrində XIX əsrin sonu - XX əsrin əvvəllərində Osmanlı imperiyasında cəmi 1-1,3 milyon erməni yaşadığı göstərilir.

Rəsmi statistikada 1914-cü ildə Osmanlı dövlətində 1.234.671 nəfər erməni yaşadığı qeyd olunur. Həm də ermənilər heç bir vilayətdə əhalinin çoxluğunu təşkil etmirdilər. Ermənilərin ən çox yaşadığı vilayətlərdə onların digər əhaliyə görə nisbəti belə idi.

Bitlis-müsəlman - 309999; erməni - 117 492

Diyarbəkir-müsəlman - 492101; erməni - 65.850

Ərzurum- müsəlman - 673.297; erməni - 134.377

Harput- müsəlman - 446.379; erməni-79.791

Van - müsəlman - 179.380; erməni - 68.899

Sivas- müsəlman-939.735; erməni - 147.099

Rusiyaya 400-420 min nəfər erməni qaçdığını, sürgündən yerlərinə dönmüş 625000 ermənini də nəzərə alsaq, müharibə dövründə ölən ermənilərin sayının 275-302 min nəfər olduğu görünür. Bunların da bir qismi xəstəliklərdən və pis hava şəraitindən ölmüşdür. Rus ordusu içərisində vuruşub ölən 180000 erməni də bura daxildir. Protestant və katolik erməni ailələri öz yaşayış yerlərində qalmışlar. Qeyd etmək lazımdır ki, Ərzurum, Tərcan, Egin, Sasun, Bitlis, Muş və Kilikiya erməniləri dövlətə qarşı qiyamlarda iştirak etmədikləri üçün yerlərindən köçürülməmişdilər.

Qətliam və soyqırım törədən məhz ermənilərdir

Hələ 1915-ci il avqustun 8-də Dövlət Dumasının üzvü Papacanyan Sazonova yazırdı ki, ilkin məlumatlara görə, Türkiyədən Rusiya ərazisinə 200 min nəfərdən çox erməni qaçıb gəlmişdi. Qərb ermənilərinin patriarxı 1915-ci ilin oktyabrında Poqos Nübar paşaya yazırdı ki, Sebastiya, Trabzon, Samsun, Kerairu və bir çox yerlərdə ermənilər sürgündən yaxa qurtarmaq üçün müsəlman dinini qəbul etmişlər.Tiflisdə erməni bürosuna məruzədə deyilirdi ki, Mesopotamiyaya 350 min nəfər erməni çatmış, İstanbul və İzmirdə isə 180 min nəfər erməni köçürülməmiş qalmışdı.

Beləliklə, mənbələrin araşdırılması göstərir ki, erməni millətçiləri Birinci Dünya müharibəsində Türkiyənin ağır vəziyyətə düşməsini "böyük Ermənistan" barədə xülyalarının həyata keçirilməsi üçün əlverişli məqam bilib hərəkətə keçdilər. Şərqi Anadolunun bir çox yerlərində erməni qiyamları təşkil olundu, silahlı erməni quldur dəstələri gələcək Ermənistan dövləti üçün sərbəst ərazi yaratmaq məqsədi ilə dinc türk əhalisini qırmağa, ata-baba yurdlarından qovmağa başladılar.

Ancaq Osmanlı hakimiyyət orqanları tərəfindən erməni millətçilərinin qiyamlarının xəbis əməllərinin qarşısını almaq üçün zəruri və qəti tədbirlər görüldü. Erməni quldurlarının bir çoxu həbs olundu, cəbhəyanı bölgələrdə yaşayan ermənilər imperiyanın digər yerlərinə köçürüldülər. Bununla belə, erməni millətçiləri öz havadarlarının - Rusiya, Fransa və İngiltərənin köməyi ilə necə olursa olsun, öz alçaq, məkrli niyyətlərinə nail olmağa çalışırdılar.

"Səs" Analitik Qrupu

Digər xəbərlər