Prezident seçkiləri ərəfəsində işğalçı ölkədə növbəti xaos yaşana bilər
\r\n
\r\n
\r\n Ermənistanda \"Qarabağ klanı\"nı təmsil edən hazırkı Serj Sarkisyan iqtidarindan narazılığın pik həddinə çatması heç kəsə sirr deyil. Vəziyyət o dərəcədə gərginləşib ki, cəmi bir neçə ay əvvəl bu hərbi-siyasi klana yaxın sayılan siyasətçilər belə indi rejimin dözülməzliyindən və saxtakarlığından danışırlar. Ölkənin qeyri-müəyyənlik və xaos içində olması prezident S.Sarkisyanın isterik - heç bir məntiqə, çərçivəyə sığmayan davranışından da aydın görünür.
\r\n
\r\n O, gah vətənpərvərlik təbliğatı ilə diqqəti cəlb etməyə çalışır, Azərbaycana münasibətdə işğalçılıq ritorikasını davam etdirərək, hədyanlar söyləyir, gah da özünü təkzib edərək, \"erməni xalqının vuruşmaq istəmədiyini etiraf edir. Baş verənlər onu göstərir ki, işğalçı dövlətin başçısının nə ölkənin inkişafına dair konsepsiyası, nə real idarəetmə təcrübəsi, nə komanda ilə normal işləmək bacarığı mövcuddur, nə də dövrün tələbləri ilə ayaqlaşa bilir. Bəlli olan odur ki, Ermənistanda 27 oktyabr 1999-cu ildə baş verən parlament terrorundan sonra bu ölkədə keçirilən bütün seçkilər aşkar şəkildə saxtalaşdırılır. Məhz bu saxtakarlıq və azad iqtisadi fəaliyyət imkanının sıfıra bərabər olması səbəbindən işğalçı Ermənistan ölkəyə yönələ biləcək milyardlarla dollar həcmində investisiyanı itirib, iqtisadi tənəzzül və durğunluq girdabına sürüklənib. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində destruktiv mövqe tutması, işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq istəməməsi də regional özünütəcrid vəziyyətinə düşən bu ölkənin çökməsinə, tənəzzülünə həlledici təsir göstərir.
\r\n
\r\n
\r\n
\r\n Hakimiyyət çevrəsində parçalanma...
\r\n
\r\n Bu, Serj Sarkisyan iqtidarının sonu deməkdir
\r\n
\r\n
\r\n
\r\n Əslində, forpost qonşumuzda təkcə hakimyyət deyil, Ermənistan dövlətçiliyinin milli ideologiyasının böhranı mövcuddur. Söhbət ondan gedir ki, bu ölkə özündən müqayisəyəgəlməz dərəcədə üstün və qüdrətli olan bütün qonşularına qarşı aşkar işğalçılıq niyyəti güdür, hərbi-siyasi təcavüzkarlıq hədəflərini gizlətmir. Bu ölkənin siyasi elitası inkişafı qonşu dövlətlərə qarşı torpaq iddiasında görür. Bu isə heç zaman heç bir dövlətə uğur gətirməyib, Ermənistan kimi təsadüfi, \"cırtdan\"dan azca fərqlənən dövlətlər üçün belə davranış, əslində, sonu görünməyən fəlakətdir. Bu mənada, baş verən dəyişikliklər Ermənistan cəmiyyətində gedən böhranın üzdə görünən əlamətləridir. Ölkədən əhalinin durmadan köçməsi, ölkə iqtisadiyyatının tənəzzülü, ölkənin regional iqtisadi layihələrdən kənarda qalması, iqtisadi, siyasi, hərbi, diplomatik sahədə uğursuzluqlar göz qarşısındadır. İş o yerə çatıb ki, hakimiyyətdə olan \"Qarabağ klanı\" daxilində də aşkar parçalanma özünü göstərir. Sabiq prezident Robert Köçəryanın növbəti prezident seçkilərində sabiq xarici işlər naziri Vardan Oskanyanın namizədliyini dəstəkləyəcəyini bəyan etməsi buna əyani misaldır. Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyanın da 2013-cü ilin fevralında keçiriləcək növbəti prezident seçkilərində iştirak edəcəyini nəzərə alsaq, onda S.Sarkisyanın vəziyyətnin çıxılmaz olduğu aydın görünür.
\r\n
\r\n Bütün bunların müqabilində sabiq xarici işlər naziri Vardan Oskanyan Ermənistan hakimiyyətinə qarşı kəskin çıxışlarını, sərt bəyanatlarını davam etdirir. Sabiq nazir bu dəfə bəyan edib ki, hazırda Ermənistan dalana dərinmiş vəziyyətdədir və bundan çıxış yolu yalnız köklü islahatlar aparmaqdadır. \"Lakin bunu reallaşdırmalı olan insanlar bu prosesdə maraqlı deyillər. Çünki bunu etsələr, özlərinin siyasi və iqtisadi monopoliyasını təhlükə altına almış olacaqlar\" - deyə əlavə edib. Diqqəti çəkən odur ki, \"Çiçəklənən Ermənistan\" partiyasından olan deputat bu sözləri özünün \"Facebook\" səhifəsində yerləşdirib. Onun sözlərinə görə, bu gün bu monopoliyanı saxlamaq erməni xalqına çox baha başa gəlir.
\r\n
\r\n
\r\n
\r\n \"Minilliyin çağırışı\"na cavab verə bilməyən rəsmi Yerevan...
\r\n
\r\n Və ya itirilən 300 milyon dollar
\r\n
\r\n
\r\n
\r\n Oskanyan xatırladıb ki, \"Minilliyin çağırışı\" proqramı öz fəaliyyətini üç il bundan əvvəl Ermənistanda dayandırıb və özü ilə 300 mln. dollarlıq qrant layihəsini də aparıb. Bu vəsait Ermənistan iqtisadiyyatına infrastrukturun, xüsusən də, ölkənin sərhəd rayonlarının inkişafına yönəldiləcəkdi: \"Proqram bağlandı. Çünki Ermənistan təklif olunan düzgün idarəetmə və demokratiya kriteriyalarına əməl edə bilmədi\". Oskanyan, eyni zamanda, Avropa Birliyi donorlarının toplantısının da təxirə salınmasını qabartmağı da unutmayıb. O, qeyd edib ki, həmin toplantı vasitəsilə Yerevan 1 mlrd. dollar toplamaq istəyirdi: \"Toplantı parlament seçkilərinin pis keçirilməsi, eləcə də, islahatların aparılmaması səbəbindən təxirə salındı. İndi də deyirlər ki, toplantı prezident seçkilərindən sonra baş tuta bilər. Azad və ədalətli seçkilərin keçirilməsi ilkin şərtlərdən biri kimi göstərilir. AB-yə assosiativ üzvlüklə bağlı saziş də Ermənistana böyük üstünlüklər verir və onun imzalanması məsələsi yalnız hakimiyyət orqanlarının iradəsindən və onların AB-nin şərtlərini qəbul etməsindən asılıdır\".
\r\n
\r\n Reallıq isə ondan ibarətdir ki, Ermənistan Avropa Birliyinə üzvlüklə bağlı aparılan danışıqlarda ən sonuncu yerlərdən birində qərarlaşıb və AB-nin genişlənməsi üzrə komissarının sözlərinə görə, hazırkı şərtlər daxilində bu ölkənin birliyə üzvlüyü arzuedilən deyil: \"Ermənistanda demokratiya və azad iqtisadiyyat çox təhlükəli nöqtədədir. Son beş il ərzində hökumət uğurlara imza atmayıb və bu faktdır. Əksinə, hakimiyyətin və biznesin maraqları daha da inkişaf edib. Bu hal siyasi və iqtisadi elitanı formalaşdırıb, iqtisadiyyat və siyasət sahəsində islahatların həyata keçməsində maneələr yaranıb\".
\r\n
\r\n
\r\n
\r\n Bütün sahələrdə problemlər var
\r\n
\r\n Ermənistanda yoxsulların sayı yarım milyona çatıb
\r\n
\r\n
\r\n
\r\n Oskanyan bildirib ki, Ermənistan hazırda dünyanın ən çox siyasiləşmiş ölkəsidir: \"Siyasət hər yerdədir - vergi xidmətində, məhkəmələrdə, mətbuatda. Hər şey siyasiləşib. Bizdə bütün sahələrdə problemlər var və hətta sosial problemlərin də kökündə siyasət durur. Ona görə də bu problemlərin həlli yolu siyasət meydanında axtarılmalıdır. Onu tapmaq yalnız o halda mümkün olacaq ki, biz düzgün siyasi mexanizmlər müəyyənləşdirəcəyik\". Ermənistanda yoxsul əhalinin sayı yarım milyona çatıb. Ermənistanın xarici borcu, demək olar ki, üç dəfə artıb və ilin sonuna 4 milyardlıq həddə çatacağı gözlənilir. Əhalinin həyat səviyyəsi aşağı düşüb. İnflyasiya həddini həmişə planlaşdırılan səviyyədə saxlamaq mümkün olmayıb. Əhalinin gəliri inflyasiyanın məbləği ilə tərs mütənasibdir\" Ermənistan XİN-in keçmiş rəhbəri hesab edir ki, onun təmsil etdiyi partiya yaxşı siyasi nüfuza malik olduğundan, birmənalı olaraq, prezident seçkilərində iştirak etməlidir və partiya onun namizədliyini irəli sürməlidir. \"Ermənistanda sosial-iqtisadi vəziyyət acınacaqlıdır. Bu dörd ildə biz nəinki yerimizdə addımlamaqda davam etmişik, bir sıra istiqamətlər üzrə reqress də davam edib\".
\r\n
\r\n S.Sarkisyanın opponentləri hesab edirlər ki, vəziyyətdən çıxış yolu azad və ədalətli seçkilər nəticəsində yeni hökumətin yaradılması, dövlət idarəetməsində peşəkar şəxslərin iştirakıdır. Oskanyan, həmçinin diqqəti ona yönəldib ki, 2011-ci ilin analoji dövrü ilə müqayisədə Ermənistana bu ilin birinci yarısında yatırılan investisiyaların həcmi 40 faizi düşüb, ikinci yarısında isə 60 faiz düşüb. Bunun əsas səbəblərindən biri də islahatların olmaması, investorların Ermənistanda inkişafın olmamasına görə ölkəyə yardım etməmələridir: \"Bu gün aydındır ki, diasporanın nüfuzlu üzvləri Ermənistanın inkişafında aktiv iştirak etmirlər\". \"Ermənistanın sosial-iqtisadi vəziyyəti ağırdır, 4 ildə biz təkcə yerimizdə saymamışıq, həm də bir çox istiqamətdə geriləmişik\". Vardan Oskanyan bildirib ki, ölkənin sosial-iqtisadi vəziyyətinin ağır olduğu bütün çılpaqlığı ilə göz qabağındadır. Onun sözlərinə görə, Ermənistanın makroiqtisadi göstəricilərindən biri əcnəbi investisiyaların kəskin aşağı düşməsidir.
\r\n
\r\n
\r\n
\r\n Xaos qaçılmazdır
\r\n
\r\n
\r\n
\r\n Eks-xarici işlər naziri onu da deyib ki, ona qarşı irəli sürülən ittihamlar və deputat toxunulmazlığının götürülməsi siyasi təqibdən başqa bir şey deyil. Ona qarşı irəli sürülən ittihamları isə iki səbəbdən əlaqələndirir: \"Bunun hüquqi əsası yoxdur. Eyni zamanda, burada söhbət müəyyən şəxsdən vəsait almış özəl şəxsdən gedir. Mən hüquqi müstəvidə mübarizə aparmağa hazırlaşmıram. Belə ki, bunu mənasız hesab edirəm. Söhbət siyasi səviyyə mərhələsindədir və məhz bu mərhələdə aparılacaq. Əlbəttə ki, bu, tək mənə qarşı deyil, təmsil olunduğum partiyaya, Ermənistanda demokratiyaya qarşı yönəlib\". V.Oskanyan Ermənistan demokratiyasını \"qondarma və saxta\" adlandırıb.
\r\n
\r\n Ermənistan mətbuatının yazdığına görə, Oskanyan 2013-cü il prezident seçkilərində \"Çiçəklənən Ermənistan\" Partiyasının namizəd ola bilər. Bildirilir ki, keçmiş prezident R.Köçəryan bugünlərdə Oskanyanla görüşüb və ona məsləhət görüb ki, prezidentliyə namizəd olsun. Məlumata görə, Köçəryan özü namizəd olmaq istəmir, nəzərə alır ki, o namizədliyini irəli sürsə, digər qüvvələrlə ittifaq qurması çətin olacaq. Oskanyan özü də prezidentliyə namizəd olacağını istisna etmir. O bildirir ki, \"Çiçəklənən Ermənistan\" Partiyasının növbəti seçkilərdə Serj Sarkisyanı dəstəkləyəcəyini gözləmir və partiya öz namizədi ilə çıxış etməlidir: \"Mən partiyanın lideri Qaqik Tsarukyanın namizədliyini irəli sürməsinə tərəfdaram. Əgər Tsarukyan namizəd olmaq istəməsə və mənim namizədliyim məsləhət görülsə, bu missiyanı üzərimə götürməyə hazıram\".
\r\n
\r\n Göründüyü kimi, seçkini uduzacağını irəlicədən yəqinləşdirən S.Sarkisyan rəqiblərini saxta ittihamlarla sıradan çıxarmağa çalışır. Belə vəziyyətdə işğalçı ölkədə hakimiyyətə iddialı siyasi qruplaşmaların aşkar toqquşması qaçılmaz görünür. Bu da növbəti xaos - hakimiyyət böhranı deməkdir.
\r\n
\r\n Naib NİFTƏLİYEV