PDF Oxu

Araşdırma

  • 1 178

Avropa Birliyinin çöküşü, türkdilli dövlətlərin iqtisadi imperiyasının başlanğıcı...

Avropa Birliyinin çöküşü, türkdilli dövlətlərin iqtisadi imperiyasının başlanğıcı...

Avropada davam edən böhran və Avropa Birliyinin vahid valyutası olan avronun dəyərdən düşməsi bu zonada birləşən bəzi ölkələrin hökumət üzvlərinin yeni ittifaq yaratmaq barədə açıq fikirlərlə çıxış etməsinə səbəb olub. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfəri zamanı "Türkiyə avrozonaya alternativ olan türk lirəsi (TL) zonası yaratmağı planlaşdırır" bəyənatı isə Avropada əməlli-başlı rezonans yaradıb. Baş nazirin "AB valyuta siyasətinə yenidən baxmalıdır" fikri 4 ildir ki, iqtisadi proqramlar hazırlamaqda çətinlik çəkən Avropa Birliyinin məyusluğunu artırıb. Bir sözlə, bəyanat Avropada, onsuz da, sabit olmayan iqtisadi mühitə pis təsir edib, Avronada vahid iqtisadi yol xəritəsi ilə bağlı təkliflərin təsirini azaldıb. Eyni zamanda, avrozonaya qarşı güclənən Asiya sindromu güclənib. R.T.Ərdoğan bəyanatında bir mühüm məqama da toxunub. Baş nazir deyib ki, Avropa Birliyinin bir sıra ölkələri avrozonaya daxil olmayıblar, lakin həmin ölkələr bundan heç də ziyan görməyiblər: "Böyük Britaniya avrozonaya daxil olmayıb, bununla belə, ölkənin iqtisadiyyatı olduqca sabitdir. Bizə məhz elə bunu etməyi Böyük Britaniya hökuməti məsləhət görür: avrozonaya daxil olmamaq və bununla yanaşı, TL zonası yaratmaq. Türkiyədə artıq bu məsələ barəsində xeyli müddətdir düşünürlər".

Avrozonadakı böhran fonunda TL zonasının yaradılması nə qədər realdır?! Ümumiyyətlə, Türkiyənin aktorluğu şəraitində Asiya və Avropanın bir sıra, xüsusilə də, Avropa Birliyindən kənarda qalan ölkələrinin siyasi-iqtisadi itttifaqın yaradılması mümkün sayıla bilərmi?!

TL zonasının yaradılması üçün əlverişli siyasi-iqtisadi-coğrafi lantşaft, sosial-iqtisadi baza mövcuddur. Türkiyə, Azərbaycan və Qazaxıstan, eləcə də, digər türkdilli dövlətlər, onlarla sıx tərəfdaşlıq edən ölkələrin coğrafi statusu, strateji mövqeyi və iqtisadi resursları buna tam imkan verir. Strateji baxımdan ən mühüm kommunikasiya qovşaqları, nəqliyyat dəhlizləri, enerji marşrutları şəbəksi, tranzit və liman infrastrukturları bu regionda cəmləşdiyindən türkdilli ölkələrin cocrafiyasını Şərq-Qərb körpüsü kimi səciyyələndirmək tam mümkündür. Avropa və Asiya sivilaziyalarının qovşağına çevrilən bu coğrafi məkan son illər daha mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi "türk dövlətləri imkanlarını birləşdirərək, daha güclü dövlətlərə çevrilməlidir.Türk dövlətləri böyük neft-qaz ehtiyatlarına malikdir və bundan səmərəli istifadə etməli, infrastruktura, tranzit imkanlarından yararlanaraq, dünyaya çıxmalıdır. Türk dövlətlərinin dünyaya çıxışında Türkiyə böyük imkan yaradıb" fikri vahid türk iqtisadi ittifaqının yaradılması üçün güclü zəmin deməkdir. Bu bəyanat türk ölkələrinin siyasi, iqtisadi, humanitar ittifaqının yaradılmasının tezləşdirilməsinə bir çağırış kimi qiymətləndirilə bilər.

Türk ölkələrinin iqtisadi resursları və geocoğrafi imkanları onların vahid inteqrasiyasının baza prinsipləri hesab oluna bilər. Əslində, Türkiyə və Azərbaycan ötən onillikdə zəngin bir ənənənin əsasını qoymaqla iqtisadi-siyasi birliyin konseptual əsaslarını, gələcək "yol xəritəsi"nin koordinatlarını müəyyən ediblər. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum (BTG) qaz kəmərinin reallaşması ilə bölgədə tamamilə yeni iqtisadi və siyasi düzən formalaşıb.

Türk birliyinin alt qatını möhkəmləndirən perspektiv layihələrin sayı həddindən artıq böyükdür. Onların sırasında NABUCCO kimi ən nəhəng qaz kəmərini demək olar ki, arxa sıraya atan trans-kontinental marşrutun - Trans Anadolu Qaz-Boru Kəmərinin (TANAP) strateji əhəmiyyətini xüsusi qeyd etmək olar. bütün dünyada böyük səs-küy yaradan bu layihə tarixin enerji səhifəsinə qızıl hərflərlə yazılıb. Bir neçə ay əvvəl Türkiyə və Azərbaycan TANAP layihəsini imzalamaqla dünya enerji siyasətinə möhür vuraraq siyasi qətiyyət nümayiş etdirib. Bu qətiyyət davamlılıq xarakteri daşımaqla yanaşı, yeni iqtisadi tarixi hadisələrin yaranmasına səbəb olub. Artıq hər iki ölkə Azərbaycan bölgədə ən qətiyyətli bir aktor kimi yeni trans-kommunikasiya dəhlizlərinin yaradılmasında presedent müəllifə çevrilib və respublikamızın davamlı olaraq yeni sazişlərə imza atması iyerarxik bir məna da daşıyır. Türkiyə ilə Azərbaycan arasında imzalanmış daha bir tarixi sazişi bu mənada ölkəmizin əzmkarlığının daha bir nümunəsi adlındırmaq olar. TANAP layihəsinin reallaşdırılması haqqında saziş çox mühüm iqtisadi və siyasi hadisə olmaqla yanaşı, regionun coğrafiyasının Azərbaycan ştrixləri fonunda yenidən dəyişməsinin təzahürü sayıla bilər.

Türk dövlətlərinin TL, yaxud digər vahid valyutasının tədavülü üçün də sabit maliyyə mühiti, fiskal-verji rejimi, böyükhəcmli valyuta infrastrukturu mövcuddur. Yəni, türkdilli ölkələrin vahid ticarət zonasının və valyutasının yaradılmasının mümkünlüyünü onların illik ticarət əməliyyatlarının dövriyyəsində, strukturunda görmək olar. Bü gün türkdilli dövlətlərin birgə istehsal etdikləri ümumi daxili məhsulun həcmi 500 milyard dollara yaxınlaşmaqdadır. İllik ticarət dövriyyəsinin həcmi 400 milyard dollara yaxındır. Məsələ ondadır ki, türk ölkələrinin inteqrasiyasına qoşulan bəzi Avropa ölkələrinin (Moldova, Gürcüstan, Makedoniya, Albaniya), eləcə də, Asiya-Yaxın Şərq-Ərəbistan regionu ölkələrinin böyük bir qisminin vahid iqtisadi birlikdə iştirakı tam realdır. Onların da iqtisadiyyatını əlavə etsək, bu birlikdə, illik həcmi 2-3 trilyon dollar olan ticarət əməliyyatlarının, valyuta bazarının olması labüddür. Bu isə Avropa Birliyinin ticarət dövriyyəsindən 2 dəfə çoxdur.

Göründüyü kimi, yaxın onillik inkişaf tendensiyası türk ölkələri ilə onların yaxın tərəfdaşlarının vahid iqtisadi ittifaqı üçün əla fürsət yaradır. Belə bir vəziyyətdə isə vahid türk valyutası zonasının yaradılmasının tam elmi-iqtisadi əsasları formalaşmış olur. Dünyada dollar və avro imperiyasının süqutunu şərtləndirən bu valyuta zonası türk və digər region ölkələrinin inteqrasiyasını möhkəmləndirməklə yanaşı, onların dünya iqtisadiyyatında hegemonluğunun da təmin olunmasına zəmin yaradır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər