İqtisadi böhranların siyasi fəsadları
Böhran tarixi inkişaf prosesinin bir mərhələsidir. İstər sivilizasiya müstəvisində, istər iqtisadi sahədə inkişaf-yüksəliş-pik-durğunluq-böhran və yenidən inkişaf siklləri bəşəriyyətin zəruri həyat yoludur. İqtisadi sahədə hər bir böhran müəyyən mərhələdə inkişafın yekunu və yeni dövr inkişafın başlanğıcıdır. Geosiyasi mühitdə isə böhran yeni siyasi mənzərənin formalaşmasının əsasında dayanır.Tarixə nəzər saldıqda iqtisadi böhranların siyasi müstəvidə mühüm dəyişikliklərə, bəzən isə hətta faciələrə səbəb olduğunu müşahidə edirik. Müasir dünyamızda əsas siyasi qüvvə olan Qərb sivilizasiyasının tarixində bu arqumenti əsaslandıran bir çox tarixi hadisələri sadalamaq olar. Səlib yürüşləri, Böyük coğrafi kəşflər, II dünya müharibəsi və dünyanın taleyini dəyişəcək digər hadisələrə bu aspektdən yanaşdıqda maraqlı mənzərənin şahidi oluruq.
Misal üçün bəşəriyyət tarixinin sivilizasiyaların toqquşmasında ən kulminasiya mərhələlərindən hesab olan səlib yürüşləri hər nə qədər dini faktor üzərində qurulsa da, iqtisadi amillərin də bu hadisədə mühüm rol oynadığı danılmazdır. Tarixi faktlar göstərir ki, səlib müharibəsinin səbəbləri XI əsrin sonlarında Avropada baş verən quraqlıq, aclıq və nəticədə çoxsaylı işsizlərin yaranması, kasıblamış feodalların varlanmaq hərisliyi, torpaqsız cəngavərlərin sayının artması, ruhanilərin yeni torpaqlar ələ keçirmək istəyi idi. Sadəcə hərəkatın başlaması üçün ona dini don geyindirilmişdi. Yəni, həmin dövrdə Avropanın qarşılaşdığı iqtisadi durğunluq səlib yürüşlərinə təkan verdi. Nəticədə "Köhnə qitə" izafi insan resurslarından azad olundu, işsizlərin azalması daxili bazarda tələb-təklif harmoniyasının yaranmasına təkan verdi, hərbi qənimət kimi maddi resurslar Avropaya daşındı. Bütün bunlar Avropanın iqtisadi böhrandan çıxmasına şərait yaratdı. Öz növbəsində bu yürüşlər dünyanın gələcək siyasi mənzərəsinə də təsir etdi. Qərb dövlətləri yeni ticarət yolları axtarırdılar və bu, qurudan mümkün olmadığı üçün, sonralar dəniz yollarının kəşfi üçün əsas yaratdı.Ən güclü iqtisadi böhran olan 1930-cu illərdə baş vermiş "Böyük depressiya"nın II dünya müharibəsinə gətirib çıxardığını da iddia etmək olar. 1929-cu ildə ABŞ-da başlayan böyük böhran zamanı işsizlik maksimum həddə çatmışdı, istehsal aşağı düşmüş, bir çox müəssisələr müflisləşmişdi. Həmin dövr dünya iqtisadiyyatında durğunluğun başlıca səbəblərindən biri Qərbin inkişaf etmiş ölkələrinin əvvəlki dünya müharibəsi zamanı böyük istehsal gücünə malik hərbi sənayesinin zəifləməsi idi. Böyük depressiyadan isə dünya iqtisadiyyatı məhz aparıcı ölkələrin hərbi xərclərini və istehsalı artırması ilə qurtara bildi. Nəticədə hərbi qüdrət yeni qüvvələr nisbəti və yeni siyasi mənzərənin formalaşması uğrunda müharibə ilə yekunlaşdı. Yəni, Qərb yenə də iqtisadi böhrandan xilas yolu kimi ekspansiya siyasətinə üstünlük verdi. Sadəcə əsas hədəflər digər böyük dövlətlər olduğu üçün bu siyasət qarşı duran tərəflərin müharibəsinə və son nəticədə qlobal müstəvidə yeni siyasi konfiqurasiyaya gətirib çıxardı.
Hazırkı qlobal maliyyə-iqtisadi böhranın şahmat taxtasında dəyişiklikləri
Beləliklə, iqtisadi böhran və tərəddüdlərin yeni dünya nizamının formalaşmasına yol açması şübhəsizdir. Bu mənada 2008-ci ildən başlayan qlobal iqtisadi böhran da həmin trendlərin davamıdır. Bir çox mütəxəssislərin fikrincə, Qərbin sürətli və mövcud potensialından artıq inkişaf templəri real iqtisadiyyata söykənmir. Ona görə də "sabun köpüyünün" nə vaxtsa partlayacağı qaçılmaz idi. Məlum olduğu kimi, 2007-ci ildən başlayaraq dünyada yanacaq-enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətinin sürətli artımı aşağı gəlirli ipoteka borclularını çətin vəziyyətə saldı və onların ödəmə qabiliyyətinin olmadığı üzə çıxdı. Kredit verən banklar, kreditlərin geri qaytarılmasını gözləmədən, təminat daxilindəki tikintilərin qiymətini qarşılıq göstərərək bazara istiqraz vərəqəsi ixrac etdilər və yeni kreditlər verdilər. Satın alınan bu istiqraz vərəqələri isə təsərrüfat yiyələrinə fond olaraq yenidən satıldı.Bununla da, ilkin olaraq ipoteka-kredit-tikinti-qiymətli kağızlar bazarı istiqamətində dərinləşən böhran tələbatın və müvafiq olaraq istehsalın azalmasına, işsizliyin artmasına, sosial-iqtisadi problemlərin siyasi xarakter almasına səbəb oldu.Bir çox Qərb mütəxəssislərinin fikrincə, inkişaf etməkdə olan ölkələrdə xammal qiymətlərinin artması fonunda istehsalın azalması və bu tendensiyanın inkişaf etmiş ölkələrin kreditləşmə mexanizmində nəzərə alınmaması böhrana gətirib çıxardı. Başqa sözlə desək kredit götürənlər onu real olaraq vermək imkanlarını itirdikləri üçün bazarda zəncirvarı xəyali vəsait yaranmışdı. Bu xəyali vəsaitin dövriyyəsinin bir neçə il ərzində davam etməsi sistemin çökməsinə səbəb oldu. Yəni, böhranda başlıca seqment olaraq xammal və ərzaq qiymətlərinin artmasını əsas görürlər. Hətta Tunis və Misirdə inqilabları ərzaq böhranı ilə əlaqələndirməyə çalışırlar.Lakin biz böhran halqaları arasında başlıca seqment olaraq tələbat faktoruna üstünlük veririk. Məlum olduğu kimi, Qərb ölkələrində sosial, təhsil, səhiyyə, nəqliyyat və sairə kimi fundamental xərclər ildən ilə artır. Eyni zamanda əhalinin demoqrafik strukturunda baş verən qocalma prosesi dövlətlər üçün əlavə vəsaitlər tələb edir. Qərb dövlətlərinin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı rəqabəti ölkə daxilində yüksək təbəqələşməyə səbəb olur. Qərbin dünyada siyasi ambisiyaları isə xaricdə donor, investor, kreditor və bu kimi digər missiyaların yerinə yetirilməsini tələb edir. Bütün bunlar isə əlavə daxilolmaları şərtləndirir. Son 100 illik tarixə baxsaq, Qərb bu ehtiyacını hər zaman yeni-yeni bazarlar əldə etməklə ödəyib.III minillikdə proseslərin mahiyyətində baş verən dəyişikliklər geosiyasi gedişlərin də dəyişdirilməsinə səbəb olmuşdur. Keçən əsrdə əvvəlcə müstəmləkə sistemi, sonra yeri yaranmış müstəqil dövlətlər və onların texnoloji cəhətdən asılılığı, sosialist bloku ölkələrinin transformasiya mərhələsində olması Qərbə böyük üstünlüklər və geniş bazarlar açmışdı. Hazırda isə müstəmləkə sistemi artıq tarixin yaddaşına köçmüş, Çin başda olmaqla Asiyanın bir çox ölkələri texnoloji cəhətdən inkişaf edərək bir çox bazarlarda, o cümlədən Qərbin öz bazarlarında əsas iştirakçıdırlar.Digər tərəfdən Avropada resessiyanın davam etməsini daxili tələbatın aşağı düşməsi, şirkətlərin iqtisadiyyata əvvəlki kimi sərmayə qoymaması, bankların kreditləri ixtisara salması, avrozonada dövlət borcunun və büdcə kəsirinin borcalma faizlərini artırması, devalvasiya imkanının olmaması ilə əlaqələndirirlər.
Newtimes.az