Dünya təcrübəsi göstərir ki...
Ötən həftə Milli Məclisdə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər edildi. Yeni dəyişiklər ətrafında müzakirələr isə gündəmin ən aktual mövzusuna çevrilib. Layihənin müəllifi deputat Rəfael Cəbrayılovun sözlərinə görə, dəyişikliklər hazırlanarkən 30-a qədər ölkənin təcrübəsi öyrənilib. Qeyd edək ki, dünya ölkələrinin bir çoxunda qanunsuz aksiya keçirənlər çox sərt formada cəzalandırılır. Misal üçün, ABŞ, Böyük Britaniya, Fransa, İsveç, İsveçrə, Almaniyada və bir çox Avropa ölkələrində belə qanunsuz aksiyalara görə, kifayət qədər sərt sanksiyalar, cərimələr tətbiq olunur.
Avropadan daha sərt tədbirlər
Sərt sanksiya və pul cərimələrindən başqa, Avropada icazəsiz mitinqlərin qarşısını almaq üçün süvari polislərdən, itlərdən, su şırnaqlarından, gözyaşardıcı qazdan, rezin dəyənəklərdən, hətta bəzi hallarda odlu silahlardan istifadə olunur.
Ümumiyyətlə, dünyanın heç bir yerində kim harada, necə istəsə nümayiş və ya mitinq keçirə bilməz. Azərbaycanda da kütləvi aksiyalar keçirmək üçün yerlər ayrılıb. Kütləvi etiraz aksiyaları məsələsində qanun pozuntularına görə cərimələrin artırılması üçün isə kifayət qədər əsas var. Bəzən nəzərdə tutulan cərimənin azlığından və sərt olmayan sanksiyalardan dağıdıcı qüvvələr yararlanmağa çalışır, din, azadlıq adı altında təxribatlar törətməyə çalışırlar sonra bütün bu problemlər qanunla tənzimlənəcək və qanun qarşısında hər kəs cavabdehlik daşıyacaq.
Dünya təcrübəsi
Dünya təcrübəsində icazəsiz aksiyalara qarşı hər zaman sərt tədbirlər həyata keçirilib. Belə ki, 2011-ci il mart ayının 27-də Almaniyada təşkil olunan aksiyalarda polislə nümayişçilər arasında güclü toqquşmalar baş verib. Aksiyanı nəzarətdə saxlamaq üçün 4500 polis cəlb olunub. Toqquşmalarda 66 nəfər yaralanıb, 200 nəfər isə polis tərəfindən saxlanılıb.
Həmin il iyul ayının 9-da Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində müxalifət qüvvələrinin keçirdiyi etiraz aksiyası zamanı polis əməkdaşları mitinqin 514 iştirakçısını həbs edib. Ölkənin baş naziri Nəcib Razakın administrasiyasının inzibati binası qarşısına toplaşan mitinq iştirakçıları ilə polis əməkdaşları arasında baş vermiş toqquşma zamanı aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə olunub. Bundan bir gün öncə isə hüquq-mühafizə orqanları ölkə üzrə 200-dək müxalifətçini saxlayaraq həbs edib.
2012-ci ilin mart ayının 5-də Moskva milisi şəhərin mərkəzində icazəsiz aksiya keçirmək istəyən 250 nəfəri saxlayıb. Bu ilin may ayının 6-da Rusiyanın paytaxtı Moskvanın Bolotnaya meydanındakı aksiyanı dağıdan milis 400 aksiyaçını saxlayıb. Həbs olunanlar arasında müxalifət liderləri Sergey Udaltsov, Aleksey Navalny və Boris Nemtsov da olub. Yerli və xarici mətbuatda dərc olunan xəbərlərdə milisin aksiyaçılarla olduqca amansız davrandığı deyilir.
ABŞ-da kütləvi həbslər
ABŞ-da icazəsiz aksiyalara qarşı hökumət tərəfindən sərt tədbirlər görülür.
"The New York Times" qəzeti yazır ki, "Wall Street"-i işğal et!" aksiyasının başlanmasından 2 ay ötməsini Nyu-Yorkda qeyd etmək istəyən aksiyaçılara polis mane olub. Qəzet yazır ki, aksiyalar nəticəsində 7-si polis əməkdaşı olmaqla 17 nəfər xəsarət alıb. Ən az 200 nəfər həbs edilib.
2011-ci ilin dekabr ayında isə Los-Anceles şəhərində "Wall Street-i işğal et" hərəkatının fəalları kütləvi şəkildə həbs olunub. Polis nümayişçilərin çadır düşərgəsini dağıdıb və 200-dən çox nümayişçini həbs edib. Analoji reyd Filadelfiya şəhərində də keçirilib. Burada "Wall Street-i işğal et" hərəkatının 50 tərəfdarı həbs edilib.
2012-ci il yanvarın 2-də Nyu Yorkda Aşağı Mənhettanda Zukotti parkında "Wall Street-i işğal et!" hərəkatının iştirakçıları, yeni ilin gəlişini etiraz aksiyası ilə qeyd edən 200-dək nümayişçidən 68-i həbs olunub.
Azərbaycan polisi mədəni davranır
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov vurğulayıb ki, vətəndaş qeyri-qanuni aksiyalardan uzaqlaşdırılmalıdır. Hüquqlar digərlərinin hüququ pozulan zaman məhdudlaşdırılır. Aksiyalar keçirmək üçün yerlər müəyyənləşdirilib. Ancaq bəziləri elektoratları olmadığına görə vətəndaşların olduğu yerlərdə aksiyalar keçirməyə, aksiyaya daxil olmayan insanların şəkillərini çəkib Avropadakı ağalarına göstərmək istəyirlər. Avropaya gəlincə, Yunanıstanda biri polis atının dırnaqları altında qaldı, 3 qabırğası əldən getdi. Beynəlxalq təşkilatlara gəlincə, onları da gördük. Ramil Səfərov qanuni əfv olundu, hərəsi bir bəyanat verdi. ABŞ-da qanunsuz aksiya keçirənlərin əllərini bağlayıb, diz üstə çökdürdürlər. Böyük Britaniyada isə baş nazir qanunsuz aksiyalara görə cəzaların sərtləşdirilməsini təklif etdi. Azərbaycanda aksiyalarda aksiyaçılar polisin nəsil-nəcabətini üzünə söyürlər, ancaq polis mədəni davranır".
100 min dollar cərimə və ya 10 il həbs
Bəs dünyanın digər ölkələrində icazəsiz aksiya, mitinqlər zamanı hansı sanksiyalar və ya cəza tədbirləri tətbiq olunur? Misal üçün ABŞ-da icazəsiz aksiyalar iğtişaşlara səbəb olursa, odlu silahdan istifadə edilirsə, cəza 10 000 dollar və ya 10 ilədək həbslə əvəzlənir.
Böyük Britaniyada isə aksiyalar zamanı iğtişaş baş verirsə, zorakılıq faktı qeydə alınırsa, o zaman təşkilatçıları 2000 funt sterlinq cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.
Almaniyada 15000 avro və ya 1 ilə qədər həbs cəzası verilir. Fransada 1 ilə qədər həbs, əgər aksiyada zorakılıq baş verərsə 3 ilə qədər həbs və ya hər iki cəzaya uyğun pul ekvivalenti, Yaponiyada 50 min yuan cərimə və ya 1 il həbs, İsveçdə 100 min dollar cərimə, İsveçdə iştirakçılar üçün 2 ilə qədər həbs, təşkilatçılar üçün 4 ilə qədər həbs, İtaliyada 1 ilə qədər həbs və böyük miqdarda pul cəzası tətbiq olunur.
Cabir