PDF Oxu

Araşdırma

  • 1 649

Qlobal iqtisadi böhran və Ərəb dünyasında çaxnaşma – II hissə

Qlobal iqtisadi böhran və Ərəb dünyasında çaxnaşma – II hissə

Bütün bu nüansları nəzərə alaraq Qərb ölkələrinin mövcud sistemdə üstün mövqelərini qorumaq və daha da gücləndirmək üçün səylərini artırması labüd görünür. Avroatlantik məkanı bürüyən böhranın dərinləşməsi və qlobal üfüqdə yeni güc mərkəzlərinin parlaması Qərbi böhrandan çıxış yolu kimi yeni strategiya müəyyənləşdirməsinə yönləndirmişdir: yeni xammal və ticarət bazarlarının tapılması iqtisadi böhran üçün çarə ola bilər.

Görünən odur ki, bütün tarixi dövrlərdə Qərb ölkələri dünyada gedən siyasi, iqtisadi, hətta bəzən ekoloji proseslərin kataklizm mərhələlərində hər zaman öz inkişaf istiqamətlərinin oriyentirlərini dəyişmiş və buna uyğun yeni dünya nizamı formalaşmışdır.İnkişaf etmiş ölkələrin tələbatının səviyyəsi artıq yalnız yeni xammal bazarlarının tapılması hesabına ödənilə bilməzdi. Buna görə kardinal dəyişikliklər tələb olunurdu. Qərb dairələri tərəfindən irəli sürülən "Böyük Orta Şərq" planı da bu missiyaya xidmət edir. Bu planın əsas hədəfləri ərəb ölkələridir. Maraqlıdır ki, XX əsrdə müstəqillik qazandıqdan sonra ərəb ölkələri Qərblə fəal əməkdaşlıq etmişdir. Qlobal iqtisadiyyat neft erasına daxil olduqdan sonra bu region Qərbin əsas xammal mənbəyi olmuşdur. Əvəzində həmin dövrdə ərəb ölkələrində idarəetmənin Qərb meyarlarına uyğun gəlməməsi, hakimiyyətin hərbi avtokratiyanın əlində cəmlənməsi heç kəsi narahat etmirdi. Əsas olan karbohidrogen ehtiyatlarının davamlı və etibarlı təminatı olmuşdur. Hətta Qərb indi diktatura adlandırdığı bir çox ərəb ölkələrinə uzun illər boyu siyasi, iqtisadi, hərbi, maddi resurslar daxil olmaqla bütün növ yardım göstərmişdir. Təsadüfi deyil ki, ABŞ hələ də dünyada İsraildən sonra ən çox Misirə vəsait ayırır.Güman etmək olar ki, hazırkı qlobal iqtisadi böhrandan tək xammal hesabına çıxmaq mümkün olmadığı üçün alternativ yollar axtarılır. Bu yenilik isə hərbi sənayenin sifarişlərinin artırılması, dağıdılmış infrastrukturun bərpası üçün şirkətlərə birbaşa yeni iş, ölkənin yenidənqurulması üçün təhsil, səhiyyə, ordu da daxil olmaqla bütün sahələrdə konsaltinqdən tutmuş maddi-texniki bazaya qədər Qərb texnologiya və xidmətləri üçün sifarişlər və yeni bazarlardan rəqiblərin uzaqlaşdırılmasını nəzərdə tutur. Faktlar sübut edir ki, "azadlıq və demokratikləşmə" dövründə iqtisadiyyatı iflic vəziyyətinə düşən bu dövlətlər infrastrukturun bərpası üçün tenderləri Qərb şirkətlərinə verirlər, yeni sistemdə bütün sahələrdə Qərb təcrübəsi və müvafiq xidmətlər təklif olunur. Yeni ordu da Qərb silahları ilə təchiz olunur.Ərəb dünyasında çaxnaşmanın yaranması bu regionda digər güc mərkəzlərinin sıxışdırılması da deməkdir. Müşahidələr göstərir ki, indi hədəfdə olan ölkələrdən yalnız Cənubi Sudan Respublikasında Qərblə bərabər Çin də fəallıq göstərir. Bunun da özünəməxsus səbəbləri vardır. Əsas səbəb isə odur ki, zəngin neft

ehtiyatlarına malik bu ölkənin neftin daşınması üçün lazımi infrastrukturu yoxdur. Bütün boru kəmərləri Sudandan keçir. Yeni infrastrukturun yaradılması isə böyük maliyyə vəsaiti tələb edir. Qərbin hazırkı böhran zamanı buna imkanı çatmadığından Çin investisiyalarının qoyuluşu neftin bazarlara çatdırılması baxımından bütün tərəflərə sərf edir.Qeyd etməliyik ki, Qərbin iqtisadi böhrandan qurtarma planına bu cür yanaşmaya qarşı Çin də öz siyasi istiqamətini ortaya qoyur. Belə ki, regionda hazırkı vəziyyətdə heç bir xüsusi mövqe tuta bilməyəcəyini nəzərə alaraq, Çin daha çox Qərb ölkələrini daxili iqtisadiyyatına nüfuz etməyə çalışır. Belə ki, Çin ABŞ qiymətli kağızlar bazarında ən çox sərmayə yerləşdirən ölkədir. Milli valyutası olan yuanın məzənnəsini isə məqsədli şəkildə aşağı salmaqla xarici investorları cəlb edir. Təsadüfi deyil ki, ABŞ-da Prezident seçkiləri debatlarında Romni və Obamanın iqtisadi proqramlarında Çinə qarşı ticarət strategiyası əsas müzakirə mövzusudur. Qızıl-valyuta ehtiyatlarına görə dünyada lider olan Çin bu üstünlüyündən Avropa İttifaqı ölkələrinə də qarşı istifadə edir. Beləliklə, Qərbin Yaxın Şərq planlarında Çinə yer verməməsinə Çin ABŞ və Avropanın daxili bazarlarına nüfuz etməklə qarşılıq verir. Bütün hallarda qlobal iqtisadi böhran Qərb-Çin qarşıdurmasını kəskinləşdirdi və ABŞ-da Prezident seçkilərindən sonra bu meylin yeni xarakter alacağını güman etmək olar.

Böhrandan qurtarmanın gözlənilməz tərəfləri

Bir məqamı da xüsusi qeyd etmək istərdik ki, iqtisadi böhrandan qurtuluş planlarında bir sıra nüansların nəzərə almamağı Qərbin bəzi gözlənilməzliklərlə üz-üzə qoyur. Belə ki, Avropa İttifaqının Şərqə doğru genişlənməsinin davam etdiyi bir dövrdə ərəb oyanışının başlaması müəyyən çətinliklər yaratmışdır. Çünki yeni üzvlər daxil olduqdan sonra vahid bazar kimi hələ tam formalaşmamış məkanda ölkələr arasında inkişaf səviyyəsindəki fərqləri aradan qaldırmaq üçün mərkəzin maliyyə resurslarının kifayət etməməsi böyük problemlər yaradır. Keçmiş sosialist ölkələrinin öz daxili bazarlarını Qərbin güclü şirkətlərinə tam

açması bu dövlətlərin iqtisadiyyatına ciddi zərbədir. Öz növbəsində Avropa İnvestisiya Bankının və digər maliyyə institutlarının kredit və tranşları Almaniya başda olmaqla böyük dördlüyün əlindədir. Nəzərə alsaq ki, Ərəb dünyasındakı yeni sifarişlər də kiçik Avropa dövlətləri üçün heç nə vəd etmir Avropanın gələcəyi üçün təhlükə yaranır. Artıq Baltikyanı dövlətlərdə, Rumıniya, Macarıstan, hətta Portuqaliya, İspaniya kimi ölkələrdə vahid bazarla bağlı mövqe dəyişmişdir. Ən çox əziyyət çəkən isə heç şübhəsiz Yunanıstandır. Beynəlxalq reytinq agentlikləri bu ölkənin reytinqini sürətlə endirirlər. Yunanıstanın dövlət borcu 350 milyard

avroya çatıb və ölkə bu borcları ödəmək iqtidarında deyil. Hər gün işsizlərin sayı artır, digər tərəfdən isə miqrantlar böyük problemlər yaradırlar. Analitiklər bildirirlər ki, Yunanıstan şoku həm Avrozonanı, həm də ətrafını ciddi mənfi təsirlərə məruz qoya bilər. Bu ölkədə baş verənlər ümumilikdə dünya maliyyə sistemi üçün ciddi təhlükə yaradır. Görünən odur ki, Qərbin böhrandan çıxış yolu tədbirləri Avropanın özünün siyasi konfiqurasiyasında belə gözlənilməzliklər vəd edir.Beləliklə, qlobal iqtisadi böhranın ilk siyasi fəsadları Ərəb dünyasında müşahidə edilməkdədir. Qərb böhran zamanı hər zaman öz nicatını xaricdə axtarır. Tarix sübut etmişdir ki, süni müdaxilələr kataklizmlərə səbəb olur. Böhranın davam etməkdə olduğunu nəzərə alsaq, hətta kənardan bu proseslərə müdaxilə edənlərin özləri belə bumeranq təsirindən sığortalanmayıb.

new.times

Digər xəbərlər