Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) dünya ölkələrinin iqtisadi vəziyyətinə dair yeni hesabatını açıqlayıb. Sənəddə Asiya regionu dövlətlərinin makroiqtisadi inkişaf göstəriciləri, maliyyə-bank sektorundakı sabitlik vəziyyəti, ölkələrin daxili və xarici borc öhdəliklərinin durumu, həyata keçirilən pul-kredit siyasəti və digər komponentlər təhlil edilib. Bankın ekspertləri bu ilin sonuna kimi keçid dövrünü yaşayan bir sıra dövlətlərin iqtisadi vəziyyətində müəyyən irəliləyişlərin olacağını güman edirlər. Bununla yanaşı, qurumun mütəxəssisləri bəzi ölkələrin əvvəlki kimi böhran meyilləri ilə bağlı iqtisadi geriləməyə məruz qalacağını da proqnozlaşdırırlar.
BVF Azərbaycanla bağlı qiymətləndirmələrin nəticəsi olaraq bu qənaətə gəlib ki, Azərbaycanda həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində stabil inkişaf tempi qorunub saxlanılıb. Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verib. Respublikamız inkişaf dinamikasına görə Avropa miqyasında əsas aparıcı dövlətlərdən biri sayılır. Azərbaycanda son illərdə əhəmiyyətli dərəcədə pozitiv indikatorlar və də dayanıqlılıq müşahidə olunmuşdur. İqtisadiyyata kredit yönəldilməsi və pul kütləsi artıb, insanların maddi rifaha halı yaxşılaşıb.
AYİB ölkəmizlə iqtisadi artım proqnozlarını də yeniləyib. Bu proqnozlara əsasən, 2012-ci ilin sonuna ÜDM-in real artımı iki faiz səviyyəsində gözlənilir. 2013-cü il üçün proqnoz 3 faiz təşkil edir. Qeyd olunur ki, Ölkə iqtisadiyyatının şaxələndirilməsi vacib olaraq qalır, çünki neft sektorundan asılılıqla bağlı risklər dünya bazarlarında neftin qiyməti azalan zaman aşkar oldu. Lakin Azərbaycanın çox güclü maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmaqda davam edir. AYİB ekspertlərinin fikrincə, Azərbaycanda neft hasilatı həcmlərinin azaldılması qeyri-neft sektorunun güclü artımı ilə qismən kompensasiya edilib ki, bu da, əsasən, büdcə xərcləri ilə stimullaşdırılıb. Hesabatda bildirilir ki, 2012-ci ilin nəticələri üzrə birbaşa xarici investisiyaların həcmi ÜDM-in 1,4 faizi səviyyəsində proqnozlaşdırılır. Qurum onu da qeyd edir ki, son 8 ildə Azərbaycanın milli iqtisadiyyatında yüksək artım meyillərinin əldə olunduğunu, MDB və Avropa regionu ölkələri içərisində inkişaf yolu keçdiyini bəyan edir. Valyuta Fondunun ekspertlərinin qənaətinə görə, Azərbaycanda ümumi daxili məhsulun inkişaf tempi 2005-ci ildən sonra daha yüksək indikatorlar üzrə artmağa başlayıb. 2005-2011-ci illər üzrə ÜDM-in artım tempinə görə, respublikamız dünyada ən yüksək göstəricilərdən birinə sahib olub. Adambaşına düşən ümumi daxili məhsulun artım tempinə görə, Azərbaycan dünyanın 181 ölkəsi arasında ilk sırada qərar tutub. Son 7 ildə bu göstərici 2,3 dəfədən çox artıb. Əgər 2005-ci ildə adambaşına düşən ÜDM-in həcmi 4 min 456 dollar təşkil edirdisə, 2012-ci ilin əvvəlində bu göstərici 10 min 202 dollara çatıb.
AYİB ekspertlərinin fikrincə, Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı nikbin ssenarilər mövcuddur. Proqressiv meyillərin yaranmasında sabitlik faktoru mühüm rol oynayır. Sabitlik, iqtisadi-siyasi islahatlar və inkişaf bir-biri ilə üzvü surətdə bağlıdır. Qeyri-sabit olan ölkədə böhran meyillərinin qarşısını almaq çətin olur və nəticədə, iqtisadi inkişaf zəifləyir. Güclü iqtisadiyyat həm siyasi, həm də makroiqtisadi sabitlik nəticəsində mümkün olur. Azərbaycanda möhkəm sabitlik şəraitində müşayiət olunan inkişaf dinamikası və sağlam iqtisadiyyat ölkəmizin beynəlxalq miqyasda reytinqinin artmasında əhəmiyyətli rol oynamış olur.
Region ölkələrinin xarici və daxili borcları ilə bağlı vəziyyəti şərh edən təşkilatın ekspertləri ölkələrin əksəriyyətində daxili borcun daha çox özəl sektora aid olduğu qənaətindədir. Buna səbəb maliyyə böhranı nəticələrinin həmin ölkənin tikinti və bank sektorunu vurması olub. Azərbaycanın daxili borc probleminin olmadığını diqqətə çatdıran AİB mütəxəssisləri ölkəmizin xarici borc üzrə də çətinliyinin olmadığını bildirirlər. Ümumiyyətlə, Azərbaycan region ölkələri içərisində xarici borc məsələsində çox əlverişli və yaxşı mövqeyə malikdir. Ölkəmizin xarici borcu 3,7 milyard dollar təşkil edir ki, bu da ÜDM-in 8 %-dən aşağı rəqəmdir. Ölkəmizin xarici borcu strateji valyuta ehtiyatlarından 9 dəfəyə yaxın azdır ki, bu da maliyyə sabitliyi üçün çox mühüm rol oynayan faktor sayılır.
Avropa Bankının ölkəmizdəki iqtisadi inkişafa geniş yer ayırması təsadüfi deyil. Azərbaycanın düşünülmüş iqtisadi siyasət həyata keçirməsi sayəsində əldə etdiyi mühüm uğurlar, yüksək makroiqtisadi nailiyyətlər, sistemli və köklü islahatların reallaşması nəticəsində bütün sektorlarda əldə olunan müsbət meyillər, şəffaf biznes mühiti, rəqabətliliyin möhkəmlənməsi, insan inkişafı indeksi, həmçinin, digər paramentrlər bu jurnalın xüsusi tədqiqat mövzusuna çevrilib və ölkəmiz haqqında real qiymət verilib. Nəşrdə qeyd olunur ki, Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. İslahatların dinamikliyi sayəsində ölkəmizin beynəlxalq kredit reytinqi son illər davamlı olaraq artır.
"Səs" Analitik Qrupu