Və ya saxta vətənpərvərlik imici altında ermənilərin əlinə işləmək ancaq sənə yaraşar
Nə səbəbdirsə, Söyün Sadıqov ermənilər olan yerdə susur, hətta, azərbaycanlıları onların ayağına verir
Son dövrlərdə Azərbaycanın bütün sahələrdə sürətli inkişaf tendensiyası yaşaması, Ermənistanı bütün regional layihələrdən, beynəlxalq dəstəkdən və təşəbbüslərdən məhrum etməsi erməni lobbisini, hətta, onlara yaxın qərəzli çevrələri də narahat etməyə başlayıb. Odur ki, ermənilərin maraqlarını təmin etməyə çalışan dairələr Azərbaycana qarşı təzyiq platforması formalaşdırmağa başlayır, həmçinin, bu işdə saxta azərbaycanlılardan da istifadə etməyə cəhd göstərirlər. Təəssüfləndirici hal ondan ibarətdir ki, erməni lobbisinin vədlərinə inanan və anti-Azərbaycan mövqeyi tutan, saxta vətənpərvər imicində fəaliyyət göstərən bir sıra "azərbaycanlılar" da "sapı özümüzdən olan baltalara" çevrilməyə razılıq veriblər. Həmin saxta vətənpərvərlərdən biri də Söyün Sadıqovdur.
Məlum olduğu kimi, son günlər ərzində Rusiyada fəaliyyət göstərən Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Söyün Sadıqov bəlli səbəblərdən təşəbbüsü ələ alaraq, ermənilərlə dialoqa başlayıb. Hətta, Rusiyada yaşayan və işləyən bir sıra oliqarxlarla birləşərək, təşkilat da yaradan Söyün Sadıqov müəmmalı addımlar atmaqla, Ermənistanın maraqlarına xidmət göstərən fəaliyyət də sərgiləməkdədir. Bununla yanaşı, eyni məqsədə xidmət edən "AzerRos"un prezidenti Söyün Sadıqovun iki emissarı da Azərbaycana səfər edib.
Onlar burada əsasən Qarabağ əsilli tanınmış şəxslərlə görüşlərə başlayıblar. Yayılmış informasiyalara görə, Azərbaycana gələn şəxslərdən biri Sadıqovun yaxın qohumudur. Digər şəxs isə milliyətcə qeyri-azərbaycanlıdır. Onların əlində konkret siyahı var və artıq neçə gündür ki, siyahıdakı adamlarla görüşməyə çalışırlar. Həmin söhbətlərin başlıca mövzusu isə yeni yaradılmış RATİ və onun gələcək perspektivləri, Azərbaycanın daxili siyasətində oynayacaq rol, ən əsası da Rusiyanın Qarabağ məsələsində vasitəçiliyinin faydalı ola biləcəyi, sülhə hazırlıq və s. barədədir.
Əldə etdiyimiz məlumatda bildirilir ki, "qonaqlar" tanınmış qarabağlılardan biri, Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli ilə də görüşüblər. Seyid Camal Əzimbəyli faktı təsdiq edərək bildirib ki, həmin şəxslər bir neçə gün əvvəl onu Bakının dəbdəbəli restoranlarının birinə dəvət ediblər: "Onlar RATİ-nin gələcəkdə Azərbaycan siyasətində oynayacağı roldan danışırdılar, Qarabağ məsələsinin həllində Rusiya faktorunu qabardırdılar və biz qarabağlıların bu məsələdə oynaya biləcəyi rola işarə vururdular. Mən mövqeyimi izah etdim ki, hər nə olursa-olsun, Azərbaycan dövlətinin maraqları mənimçün başlıca məsələdir və mən dövlətimin əleyhinə olan heç bir söhbətdə iştirak etməyəcəm. Buna görə də heç çörək belə kəsmədən həmin şəxslərdən ayrıldım".
Ermənilərin "dəyirmanına su tökən" Söyün Sadıqov Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinə zərbə vurmaq məqsədilə, hətta, mədəniyyət amilindən də istifadə etməyə cəhd göstərib. Belə ki, S.Sadıqov Azərbaycan xalqının tarixi mədəni incisi sayılan "Sarı gəlin" mahnısını və milli mətbəximizi ermənilərlə ortaq mədəni dəyər kimi paylaşmağı da dilinə gətirib.
Görünən odur ki, Söyün Sadıqov bütövlükdə erməni lobbisinin təsiri altında olduğundan anti-Azərbaycan mövqeyi tutmaqla, dövlətimizin və xalqımızın milli maraqlarına zərbə vurmağa çalışır. Daha doğrusu, Azərbaycana təzyiq etməyə çalışan ermənilərin əlinə işləyir. Əlbəttə ki, zaman-zaman ermənilərə olan məhəbbətini büruzə verən Söyün Sadıqov Azərbaycanın daxili işlərinə qarışan bəyanatlar, müsahibələr də verib. Amma hər dəfə bunu təkzib etməyə çalışan Söyün Sadıqov unudub ki, Azərbaycan xalqı onun bütün hərəkətlərindən xəbərdardır. Belə olan halda, azərbaycanlılar ona haqlı suallar ünvanlayırlar: sən kimsən, Söyün Sadıqov? Sən azərbaycanlıların maraqlarını müdaifə edirsən, yoxsa şəxsi mənafeyin naminə ermənilərlə işbirliyindəsən?
Təbii ki, ona ünvanlanan bu cür suallar tamamilə əsaslıdır. Çünki, Rusiyada yaşayan, işləyən, azərbaycanlı adından sui-istifadə edən Söyün Sadıqov heç zaman əslən azərbaycanlı olanların problemlərilə maraqlanmayıb. Əgər belə olsaydı, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri göz qabağına gətirərək, Xocalı soyqırımını xatırlayaraq, Ermənistana qarşı sərt mövqe tutardı. Həmçinin, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərilə də maraqlanardı, bir imkanlı azərbaycanlı kimi onların vəziyyətinin normallaşdırılması üçün addım atardı. Nə səbəbdirsə, Söyün Sadıqov ermənilər olan yerdə susur, hətta, azərbaycanlıları onların ayağına verir.
Çox aydın şəkildə ortada olan mənzərə hər kəsə aydınlaşdırır ki, Söyün Sadıqov birbaşa olaraq, anti-Azərbaycan mövqeyi tutub, ermənilərin maraqlarını təmin etməyə çalışır. Əgər belə olmasaydı, Söyün Sadıqov fəaliyyət göstərdiyi müddətdə bir dəfə də olsun deyərdi ki, Ermənistan Azərbaycanın torpaqlarından çıxmalıdır, çünki, o, işğalçıdır. Lakin təssüflər olsun ki, saxta vətənpərvərlik imici altında gizlənən Söyün Sadıqov azərbaycanlıların hüquqlarını deyil, məhz, ermənilərin mənafeyini güdür, onların məqsədlərinə xidmət edir. Ona görə də, hər bir vətənpərvər azərbaycanlı düşünür ki, saxta vətənpərvərlik imici altında ermənilərin əlinə işləmək ancaq Söyün Sadıqov kimilərə yaraşar.
"Səs" Analitik Qrupu