Prezident İlham Əliyev: "Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına görə bölgədə artıq aparıcı ölkəyə çevrilmişik və gələcəkdə də bu mövqeyimizi saxlamaq və İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindəyik"
Azərbaycanda iqtisadiyyatın yeni inkişaf ssenarisinə uyğun olaraq qeyri-neft sektoru aparıcı yer tutur və burada informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru xüsusi mövqeyə malikdir. Son illər İKT Azərbaycanın sosial-iqtisadi yüksəlişinə xidmət edən sektor kimi prioritet sahəyə çevrilib və bu sahə üzrə ölkəmizin göstəriciləri xeyli yüksəlib. Son 10 ildə Azərbaycan İKT sahəsinin inkişafı üzrə 10 ən yüksək inkişaf etmiş ölkə sırasında yer alıb. Artıq 8-ci ildir ki, Azərbaycanın İKT sahəsinin orta illik inkişaf tempi 25-32% təşkil edir. Ölkədə İKT öz spektrini genişləndirib, bu istiqamətdə işlər davam etdirilir. Bu gün Azərbaycanda İKT sektoru həm dünyada yeni texnologiyaların tətbiqinin geniş vüsət aldığı bir şəraitdə, həm də Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı fonunda genişlənir, modernləşir və ölkənin hərtərəfli tərəqqisinə öz töhfəsini verməkdədir.
İKT-nin iqtisadiyyatda mühüm yer tutuduğunu bildirən Prezident İlham Əliyev bəyan edib ki, bizim strateji yanaşmamız bundan ibarətdir ki, İKT sektoru neft və qaz sektorundan sonra biznes mühiti, gəlir əldə edilməsi baxımından ikinci sektor olmalıdır. "Bilirsiniz ki, neft və qaz ehtiyatları tükənən sərvətdir. İKT sektoru isə sonsuz inkişaf potensialına malikdir. Ona görə də bu sahə qarşıdakı 20 ildə iqtisadiyyatımızın aparıcı, bəlkə də ən əsas sahələrindən biri ola bilər. Bu baxımdan, biz bu sahəyə özəl fondlardan milyardlarla ABŞ dolları məbləğində investisiya cəlb olunacağına ümid edirik və dövlətimiz yerli şirkətlərlə birgə prosesdə iştirak edəcəkdir".
"İnformasiya-kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən biridir. Çünki bu sahə inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə aparan yol deməkdir" deyə bildirən Prezident İlham Əliyev respublikamızın informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük potensiala malik olmasını da yüksək dəyərləndirib. Yaxın illərdə bu sahə iqtisadiyyatın ən aparıcı bölməsi və valyutatutumlu sektoruna çevrilib. Bunun üçün strateji ssenarilər də mövcuddur. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan başlıca hədəflərdən biri yeni informasiyalı cəmiyyətin qurulması üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsidir. Konsepsiyada qarşıdakı 10 ildə İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarını inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması və ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması və eləcə də, e-dövlət xidmətlərinin 100 faiz tətbiq edilməsi nəzərdə tutulur.
Konsepsiyada İKT-nin yüksək inkişafının ölkəmizdə dövlət hakimiyyəti orqanları irimiqyaslı informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə keçməsinə səbəb olacağı qeyd olunur. Hazırda Azərbaycanda aparılan islahatların əsas motivi elektron formada dövlət xidmətlərinin göstərilməsinə keçiddir. Əhəmiyyətli investisiyalar və səylər də məhz bu istiqamətdə cəmləşib. Təhsil, telekommunikasiya, səhiyyə, nəqliyyat və digər sahələrdə artıq bəzi informasiya sistemləri yaradılıb. Ölkə rəhbərliyinin bəyan etdiyi informasiyalaşdırma və dövlət elektron xidmətlərinin tətbiqi kursu saxlanılır, həyata keçirilən bütün elektron hökumətin qurulması kimi bir məqsəd üzrə birləşib.
Son illər dünyanın nüfuzlu təşkilatlarının Azərbaycan barədə müsbət qiymətləndirmələri İKT ilə bağlı görülən real işlərin nəticəsi sayıla bilər. Azərbaycanda ən çox artım tempi İKT-də müşahidə olunur. 2012-ci ilin birinci yarısında bu sektor üzrə artım tempi 18% olub. Hazırda Azərbaycan hökuməti milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində fəal iştirak edən ölkə kimi yer alır. BMT-nin açıqladığı "E-idarəçilik 2012" adlı hesabatında dövlət xidmətlərinin göstərilməsində İKT-dən istifadə üzrə dövlət orqanlarının hazırlığı və mövcud imkanları qiymətləndirilib. Respublikamız MDB-də Rusiya və Ukraynadan sonra "e-idarəçilik" imkanlarına görə ən yaxşı mövqeyə malik ölkə kimi qiymətləndirilib. Elektron iştirak indeksi üzrə mövcud əmsal, eləcə də, onlayn xidmətlərin miqyası ilə bağlı yüksək qiymətləndirmə respublikamızda elektron cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımların atılmasını şərtləndirir.
Azərbaycanda tətbiq olunan ən son informasiya-kommunikasiya texnologiyaları, elektron xidmətlər dünyanın nüfuzlu qurumları tərəfindən təqdir olunmaqdadır. Həmin təşkilatlar hazırda ölkəmizdə böyük innovativ-texnoloji dəyişikliklərin olmasını xüsusi qeyd edirlər. Bu qurumlar MDB ölkələrinin informasiya texnologiyaları ilə bağlı həyata keçirdiyi tədbirləri qiymətləndirərək Azərbaycanı bu sahədə qabaqcıl dövlət hesab edir. Şirkətin Mərkəzi Asiya Ölkələri üzrə rəhbəri Andrey Beklemişevin sözlərinə görə, İKT Azərbaycan üçün hazırda ən prioritet sahələrdən biri kimi mühüm yer tutur və bu sahədə inkişaf tempi iqtisadi sektorlar arasında əsas yerə malikdir. Bu temp gələcəkdə də qorunacaq, çünki dövlət tərəfindən mövcud sektora iri investisiyalar gözlənilir.
Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadeninin sözlərinə görə, Azərbaycanın regionda artan nüfuzu və nəhəng layihələrin təşəbbüskarı kimi liderliyini davam etdirməsi yeni nəqliyyat, infrastruktur, enerji, telekommunikasiya layihələrinin reallaşmasına zəmin yaratmaqdadır. Respublikamızın son illər informasiya texnologiyaları sayəsində yüksək inkişaf mərhələsinə qədəm qoyması regionda trans-informasiya dəhlizlərinin reallaşmasında bir daha təşəbbüskarlığını təsdiqləmiş olub. Respublikamız bölgədə ən nəhəng informasiya texnologiyaları arxitekturasını formalaşdırıb. Azərbaycan hazırda Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyalarının magistral qovşağına çevrilməkdədir.
Azərbaycan hazırda region ölkələrinin və beynəlxalq təşkilatların diqqətini cəlb edən ən nəhəng layihənin - fiber optik informasiya dəhlizinin müəllifi kimi diqqəti cəlb etməkdədir. Trans-Avropa-Asiya dəhlizi adlanan bu layihə Xəzər dənizinin dibi ilə geniş zolaqla rabitə şəbəkəsinin yaradılmasını nəzərdə tutur.Cənab Şəhadeinin sözlərinə görə, Azərbaycan hazırda regionda enerji layihələrinin tranzit mərkəzinə çevrilməklə yanaşı, ən mühüm strateji qlobal layihələrin əsas nöqtəsi kimi xüsusi əhəmiyyətə malik məkan hesab olunur. Respublikamız hazırda "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin əsas coğrafi seqmenti sayılır. Layihə Qərblə Şərq arasında super informasiya-magistralının yaradılmasını nəzərdə tutur. Bu layihə bütün informasiya kommunikasiya vasitələrinin qarşılıqlı mübadiləsinə səbəb olacaq. Kabel magistralı İran və Fars körfəzi regionunu şərq marşrutu vasitəsilə Hindistan və Uzaq Şərq ilə, Qərb marşrutu vasitəsilə Avropa ilə birləşdirəcək.
İkinci TransXəzər adlandırılan bu layihə Qərblə Şərq arasında yüksək sürətli informasiya magistralının qurulmasına baza yaradacaq. Mütəxəssislərin fikrincə, bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcək. Layihə Azərbaycanın coğrafi mövqeyindən, inkişaf səviyyəsindən və başlıcası onun regionda aparıcı iqtisadi potensiala malik olmasından asılı olaraq ölkəmizdə beynəlxalq kommunikasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını nəzərdə tutur.
"Səs" Analitik Qrupu