Dövlət büdcəsi və icmal büdcə layihələri ətrafında aparılan müzakirələr Azərbaycan iqtisadiyyatının mütərəqqi inkişafına xidmət edir
Artıq bildiyimiz kimi, noyabr ayının əvvələrindən başlayaraq, Milli Məclisin 2013-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müzakirəsinə başlanılıb. Aaprılan müzakirələrlə bağlı "Səs" qəzetinə münasibətlərini bildirən millət vəkilləri bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin illər öncə müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə davamlı iqtisadi inkişaf və makroiqtisadi sabitlik təmin edilir, eyni zamanda, ölkə parlamentində müzakirəsinə başlanılan büdcə zərfi sənədləri də, təbii ki, ölkə həyatında müşahidə olunan inkişaf dinamikasının, həmçinin, iqtisadi uğurların məntiqi nəticəsidir.
Mahir Aslanov: "Gəlirlərin strukturuna baxsaq, görərik ki, burada əsas istiqamət inkişaf məsələsidir"
Qeyd edək ki, Milli Məclisin ötən plenar iclaslarında 2013-cü il büdcə paketinin geniş müzakirəsi oldu. Bununla bağlı qəzetimizə münasibət bildirən millət vəkili Mahir Aslanov Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkədə davamlı iqtisadi inkişafın və makroiqtisadi sabitliyin təmin edildiyini söylədi. Parlamentin üzvü vurğuladı ki, ölkə büdcəsi həm də onun iqtisadiyyatının güzgüsü rolunu oynayır. Belə ki, 2013-cü ilin dövlət büdcəsinin əsas iqtisadi missiyası bir neçə uğurlu mərhələdən ibarət olduğunu deyən M.Aslanov onu da qeyd etdi ki, gələn ilin dövlət büdcəsi həm də inkişaf büdcəsi kimi xarakterizə edilə bilər: "Gəlirlərin strukturuna baxsaq, görərik ki, burada əsas istiqamət inkişaf məsələsidir. İnfrastrukturla bağlı investisiya təminatlı vəsaitlər yönəldilir. Burada, həmçinin, insan kapitalının daha da güclənməsinə stimul verən bir istiqamət xətti müəyyənləşmişdir. Məhz bu baxımdan, 2013-cü ilin büdcəsi də dövlətin investisiya siyasətinin, proqramının çox mühüm bir vasitəsinə çevriləcək".
Digər mərhələyə gəlincə, millət vəkili bildirdi ki, bu, həm də təsirli, çevik dövlət siyasətinin həyata keçirilməsinə köməklik göstərəcək. Çünki Azərbaycanda maliyyə resurslarının artması müəyyən edilmiş iqtisadi siyasət çərçivəsində günü-gündən möhkəmləndirilir: "Makroiqtisadi tarazlığı pozmamaq şərtilə həm büdcə siyasəti, həm də sosial-iqtisadi siyasətlə əlaqələndirilir. Ümumiyyətlə, götürsək, 2013-ci ilin dövlət büdcəsi həm sosial, həm iqtisadi, həm də insianal inkişafa müsbət təsir göstərəcək bir büdcə kimi qeyd olunmalıdır".
2013-cü ildə sosial xərclərin xüsusi çəkisində də kifayət qədər artımın olacağını deyən M.Aslanov qeyd etdi ki, büdcədən sosial müdafiə və təminat xərcləri üçün 1 milyard 813,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Əməyin ödənişi üçün 2 milyard 822,6 milyon manat, təqaüdlər, sosial müavinətlərə 1 milyard 750,2 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulub. 2013-cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm, elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat, kənd təsərrüfatı, hüquq-mühafizə orqanlarında çalışan dövlət qulluqçularının aylıq əməkhaqları, habelə, pensiyaların orta hesabla 10-20 faiz artırılması nəzərdə tutulur".
Tahir Süleymanov: "Bu gün biz sosial, iqtisadi sahədəki uğurlarla yanaşı, həm də iqtisadi diplomatiya sahəsində əldə edilən uğurların şahidiyik "
Millət vəkili Tahir Süleymanov da, 2013-cü ilin dövlət büdcəsinin ötən illərdə olduğu kimi, uğurlu perspektivlərinə toxunaraq vurğuladı ki, büdcədə təkcə iqtisadiyyat amili dayanmayıb. Yəni bugünkü artan, genişlənən, dövlət büdcəsinin arxasında həm də ölkə rəhbərliyinin uğurlu siyasəti, strategiyası, müxtəlif sahələri əhatə edən dövlət proqramları dayanıb: "Bir mühüm məsələ də ondan ibarətdir ki, bu gün biz həm sosial, həm iqtisadi sahədəki uğurlarla yanaşı, iqtisadi diplomatiya sahəsində uğurların şahidiyik. Ümumiyyətlə, bugünkü büdcə, həm də neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Biz bu büdcədən həm də ölkənin siyasi rəhbərliyinin müxtəlif istiqamətlərlə bağlı konkret aydın hədəflərə, baxışlara malik olduğunu görürük. Bu baxımdan, bu büdcə həm də ölkəyə uğurlu siyasi rəhbərliyinin dövlət idarəçiliyini xarakterizə edən bir büdcədir".
Büdcənin şəffaflığının təmin edilməsi istiqamətində çox mühüm addımların atıldığını deyən T.Süleymanov onu da qeyd etdi ki, büdcə vəsaitləri nə qədər artarsa, dövlət nəzarəti də artmalıdır, təmin edilməlidir. Belə ki, müstəqil və demokratik Azərbaycanın son illər dinamik inkişaf yolunda olması və makroiqtisadi göstəricilərə imza atması, ilk növbədə, onun dövlət büdcəsində real əksini tapır: "Sürətli tərəqqinin "barometrinə" çevrilən büdcə düvlətin hərtərəfli inkişafı baxımından zəruri sosial və infrastruktur layihələrinin həyata keçirilməsində başlıca maliyyə mənbəyi rolunu oynayır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən respublikada büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil edib ki, bu da regionda ən optimal göstəricilərdən sayılır. Məsələn, 2003-cü ildə təxminən 1 milyard 200 milyon manat təşkil edən Azərbaycanın dövlət büdcəsi ötən illərdə 12 dəfədən çox artaraq, 2012-ci ildə 17 milyard manatı keçib".
T.Süleymanov daha bir fakta toxunaraq maraqlı statistikaya toxundu: "Vaxt var idi ki, büdcə paketi 15-20 səhifə ilə təmin olunurdu. Bu gün dövlət büdcəmiz 1500-dən çox səhifəlik geniş informasiyanı, məlumatları özündə birləşdirən bir maliyyə sənədi kimi təqdim edilməkdədir. Büdcədən danışarkən, bəziləri büdcəmizin şəffaf olmadığını qeyd edir. Amma gəlin baxaq. Neft fondunun özü də icmal büdcənin bir tərkib hissəsidir. Necə ola bilir ki, neft fondu şəffaflığa görə dünyada xüsusi bir mükafata layiq görülüb. Bu, həm dövlət büdcəsinin, həm də neft fondunun vəsaitlərinə aiddir. Dövlət vəsaitləri ilə bağlı olaraq bu şəffaflıq prinsipi saxlanılmaqdadır. Sözsüz ki, gələcək illərdə büdcənin şəffaflığı istiqamətində addımlar atılması davam etdiriləcək. Beləliklə də, bütün bu deyilənləri nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, büdcəmiz real büdcədir və gələn il bizim əhalinin sosial-təminatının yaxşılaşdırılmasına imkan yaradacaqdır".
RƏFİQƏ HÜSEYNOVA