Olland isə ermənilər üçün çalışacaq
Noyabrın 12-də getdiyi Fransada 3 günlük rəsmi səfəri çərçivəsində ilk görüşünü Yelisey sarayında Fransua Ollandla keçirən Ermənistan prezidenti Serj Sarkisyan həmkarı ilə qarşılıqlı əhəmiyyət kəsb edən məsələləri müzakirə edib. Hər iki prezidentin iştirakı ilə birgə təşkil olunan mətbuat konfransında Olland qondarma erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun layihəsinin qəbuluna çalışacağını söz verib.Əslində, Ollandın ermənipərəst olması heç kəsə sirr deyil. Fransua Olland "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəzanı nəzərdə tutan qanun layihəsi"nin qəbuluna sabiq prezident Nikolya Sarkozidən də böyük dəstək verir. Çünki uydurma erməni soyqırımı məsələsi ilə bağlı "inkar qanunu"nu məhz F.Ollandın partiyası Fransa Senatında gündəmə gətirib. Hətta F. Olland "erməni soyqırımı" ilə bağlı olan məlumatların sentyabrın 4-dən dərsliklərə əlavə edilməsini istəmişdi. Fransa Təhsil Nazirliyi erməni məsələsinin artıq dərsliklərdə olacağını bildirmişdi.
Sözlə əməl üst-üstə düşmür
Hər nə qədər Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı olduğunu desə də, Ollandın səsləndirdiyi fikirlər bunun əksinin göstərir. Hələ Sarkisyanın səfərindən öncə "France Presse" agentliyi Fransada qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin payızda yenidən müzakirəyə çıxarılacağı ilə bağlı məlumat yaymışdı.
Fransada erməni təşkilatlarının koordinatoru Frank Papazyan açıqlmasında bildirmişdi ki, prezident Fransua Olland qanun layihəsini müzakirəyə çıxarmağın tərəfdarıdır. O, Fransada seçkiöncəsi kampaniyada ermənilərə verdiyi sözün üstündə durmaq əzmindədir.
Dəyişiklik gözlənilmir
Fransua Ollandın Fransada sözügedən qanunun qəbul edilməsinə nail olmaq cəhdi onun seçkidən əvvəl verdiyi vədlər, eyni zamanda, erməni lobbisi tərəfindən ona edilən təzyiqlərin nəticəsi olmaqla yanaşı, əsas səbəb Türkiyə faktorudur. Çünki Türkiyənin bölgədə güclü dövlətə çevrilməsi Fransa üçün ciddi narahatlıq yaradır və Fransa türklərə qarşı ermənilərdən bir vasitə kimi yararlanır.
Millət vəkili Fazil Mustafanın fikrincə, bu səfər Ermənistanla Fransa arasında olan ənənəvi yaxınlıq münasibətlərinin inkişafı baxımından onların seçdiyi və dünyaya nümayiş etdirdikləri vasitələrdən biridir: "Burada xüsusilə Fransa prezidentinin "erməni soyqırımı" ilə bağlı ifadəsi də göstərir ki, nə Fransanın dövlət siyasətində, nə də Ermənistanın işğalçılıq siyasətində hər hansı dəyişiklik gözlənilmir. Bu, birbaşa Fransanın özünün mövqeyidir. Türkiyənin bölgədə güclü dövlətə çevrilməsi Fransa üçün ciddi narahatlıq yaradır. Fransa bu məsələdə Ermənistandan istifadə edir".
Sarkisyan nə umur?
Sarkisyanın Fransaya səfərindən iki gözləntisinin olduğunu deyən politoloq Rasim Musabəyovun sözlərinə görə, Ermənistan çox ağır maliyyə böhranı yaşayır: "Acınacaqlı durumda olan Ermənistan ABŞ-dan pul gözləmir. Rusiya isə edəcəyi yardımın müqabilində Ermənistanı qısa ipə salıb ayağının yanında saxlamaq niyyətindədir. Buna görə də onun pul vermək məsələsi müəmmalı olaraq qalır. Yeganə ümidi Avropadır".
Özü kimi səriştəsiz komandaya sahib olan Serj Sarkisyanı beynəlxalq arenada, o cümlədən, Fransada peşəkar siyasətçi kimi görmürlər. Sarkisyanı daha çox daxili müstəviyə bağlı və beynəlxalq proseslərdən çox uzaq adam adlandıran millət vəkili Zahid Oruc deyir ki, ölkəsinə rəhbərlik etdiyi bu dövr ərzində onun prezidentliyini xarakterizə edən parametrləri tapmaq mümkün deyil: "O, faktiki olaraq, qlobal miqyasda düşünə bilmir. Bu dövr ərzində onun geniş miqyaslı fəaliyyətini görənlər də olmayıb. Hər hansı xüsusi beyin mərkəzi Sarkisyanı dəvət edərək, bu bölgə ilə bağlı fikirlərini almayıb. Belə olan halda, epizodik hallarda həyata keçirilən səfərlər planlaşdırılan xarici siyasət hədəflərinə hesablanmış kimi təzahür etmir. Bu mənada, onun Fransaya səfəri də əvvəlki görüşlərdən seçilməyəcək. Müəyyən siyasi bəyanatlar fonunda bu görüş daha çox Qarabağa, Azərbaycan əleyhinə hesablanmış bəyanatları və xüsusilə də Fransada erməni icmalarını təşkilatlandırmağa, ayaqlandırmağa və ölkəmiz əleyhinə prosesə qoşmaq nöqteyi-nəzərdən özləri üçün hansısa mənada əhəmiyyətli ola bilər".
Əl açıb dilənirlər
Rasim Musabəyov bu qənaətdədir ki, Sarkisyanın səfəri qondarma erməni soyqırımı ilə bağlı həm siyasi dəstək və həm də Dalıq Qarabağ konfliktinin həlli ilə bağlı özlərinə bəraət qazandırmaq məqsədi daşıyır: "Nəzərə alsaq ki, Fransada ən böyük erməni diasporu var. Sarkisyan Fransaya ona görə gedib ki, orada seçkiqabağı özünə siyasi dəstək qazansın. Bununla yanaşı, Avropa Birliyi donorlar konfransı keçirəcək və orada Ermənistana 1 milyard avroya qədər yardım olunacaq. Ancaq Avropa Birliyinin də maliyyə vəziyyəti ürəkaçan deyil. Buna görə də, inanmıram ki, Ermənistan istədiyini onlardan qopara bilsin".
Fransa nüfuzunu itirməkdə davam edir
Millət vəkili Musa Qasımlı deyir ki, Fransa tərəfi Cənubi Qafqazda öz maraqlarını güdmək istəyirsə, mütləq Ermənistana təzyiq göstərməlidir, çünki o Minsk Qrupunun üzvlərindən biridir: "Fransanın maraqları Ermənistandan çox Azərbaycanda olmalıdır. Bizim Fransa ilə münasibətlərimizin çox müsbət məqamları var. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Fransa xalqı dünya demokratiyasına bərabərlik, qardaşlıq, ədalət prinsiplərini gətirib. Əgər həqiqətən də bu prinsiplərə əməl etmək istəyirsə, o zaman təcavüzkar bir dövlətin yanında olmamalıdır. O, Ermənistanın təcavüzünə son qoymalıdır. Düşünürəm ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz səylərini artırmalıdır. Yoxsa Fransa getdikcə öz nüfuzunu itirməkdə davam edəcək".
Cabir