PDF Oxu

Araşdırma

  • 1 281

İlham Əliyev: "Ermənistan bir ölkə kimi, heç bir əhəmiyyət daşımır"

İlham Əliyev: "Ermənistan bir ölkə kimi, heç bir əhəmiyyət daşımır"

Erməni lobbisi bizim əsas düşmənimizdir

Hazırda Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, dinamik tərəqqidə olan, modern ölkələrindən biri sayılır. Ölkəmizin davamlı inkişaf tempi Azərbaycanı Cənubi Qafqaz regionunun liderinə, dünyanın sayılıb seçilən, xüsusi çəkiyə malik dövlətinə çevirib. Hər bir ölkənin möhkəmlənməsi, qüdrətlənməsi üçün onun social-iqtisadi inkişafı və ictimai-siyasi tərəqqisi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, əhalinin sosial rifahının təmin edilməsi, düşünülmüş, hərtərəfli ölçülüb-biçilmiş, məqsədyönlü daxili və xarici siyasətin aparılması vacib prioritetlər kimi qarşıya çıxır. Məhz bu amillər dövlətin həqiqətən azad, müstəqil və güclü olmasını şərtləndirir.

Bu baxımdan, Azərbaycanın sürəkli iqtisadi inkişafı, getdikcə artan siyasi gücü istər daxildə, istərsə də ölkə xaricində müyyən qüvvələr tərəfindən heç də birmənalı qarşılanmır. Sirr deyil ki, ölkəmizin müstəqilliyini, sosial-iqtisadi, eyni zamanda, hərbi-siyasi cəhətdən qüdrətlənməsini istəməyənlər, gözü götürməyənlər var. Onlar hər addımda Azərbaycan barədə yanlış, həqiqətə uyğun olmayan fikir formalaşdırmağa, ölkəmiz barədə mənfi rəy yaratmağa çalışırlar. Reallıq və faktlar bu kimi hərəkətlərin bəzi dailərlər tərəfindən bilərəkdən, düşünülmüş şəkildə həyata keçirildiyini, onların məkrli fəaliyyətinin tərkib hissəsi olduğunu deməyə əsas verir. Başqa sözlə, gənc, müstəqil dövlət olmağına baxmayaraq, Azərbaycanın inkişaf tempi və müstəqil siyasət yürütməsi heç də hamı tərəfindən qəbul edilmir. Bədxahlarımız bəzən aşkar, bəzən isə gizli şəkildə bizə mane olmağa, ölkəmizin inkişafını, tərəqqisini ləngitməyə səy göstərirlər. Doğrudur, mövcud vəziyyətdə ölkəmizin dostları daha çoxdur, ölkəmizin qlobal inkişaf və təhlükəsizlik sahəsində önəmli pozitiv mövqeyi sayəsində bu dostların sırası daha da genişlənir, artır. Eyni zamanda, ölkəmizin düşmənləri, azad, müstəqil, şəffaf, tarazlaşdırılmış siyasətimizi qəbul etməyən qüvvələr də az deyil.

Belə qüvvələri, adətən, antimilli, anti-Azərbaycan mövqeli dairələr hərdən obrazlı şəkildə "beşinci kolon" adlandırırlar. Bu dairələrin anti-Azərbaycan fəaliyyətinə nəzər saldıqda, görürük ki, müvafiq fəaliyyət əsasən böhtanların atılması, yalnış ictimai rəyin formalaşdırılması və ölkədəki vəziyyətin məqsədli şəkildə mənfi ovqatda, neqativ formada təqdim edilməsindən ibarətdir. Anti-Azərbaycan qüvvələrin kimliyi heç kəsə sirr deyil. Onlar, ilk növbədə, erməni lobbisi və onların təsir dairəsində olan təşkilatlar, həmçinin, Azərbaycana təsir etməyə cəhd göstərən bəzi dairələr, o cümlədən, bu qüvvələrin alətə çevirdiyi daxili vasitəçilərdir. Belələrinin fəaliyyəti getdikcə daha neqativ xarakter alır və bu, son illər aydın şəkildə nəzərə çarpır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın birinci düşməni erməni lobbisidir: "Bu barədə mən əvvəllər də demişəm, bu gün də istəyirəm ki, cəmiyyət də, partiya üzvləri də bilsinlər. Birinci, erməni lobbisi bizim əsas düşmənimizdir. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, heç kimdən çəkinmədən, bizim düşmənimiz erməni lobbisidir. Çünki Ermənistan bir ölkə kimi heç bir əhəmiyyət daşımır. O, faktiki olaraq müstəmləkədir, forpostdur, xaricdən idarə olunan, qədim Azərbaycan torpağında süni şəkildə yaradılmış bir ərazidir. Erməni lobbisi isə bizim əsas düşmənimizdir və biz də onlar üçün əsas düşmənik. Əslində, bizim onlarla düşmənçiliyimiz onların bizə qarşı olan düşmənçiliyindən qaynaqlanır".

Mahiyyət etibarı ilə erməni lobbisinin anti-Azərbaycan təbliğatını gücləndirmək cəhdləri bütün dünya miqyasında erməni yalanlarının, Ermənistanın işğalçı, təcavüzkar siyasətinin birmənalı iflası ilə bağlıdır. Bu, xülyaları boşa çıxan ermənipərəst dairələri daha da aqressivləşdirir, qıcıqlandırır. Onlar müxtəlif uydurmalar, "qara piar"la ölkəmizə qarşı mənfi münasibət formalaşdırmaq istəsələr də, buna müvəffəq ola bilmirlər. Əksinə, yalanları, fırıldaqları, məkrli planları, həmişə olduğu kimi, yenə də öz başlarında çatlayır. Dövlət başçısının qeyd etdiyi kimi, indi insanları qərəzli, məkrli fikirlərlə aldatmaq, yanıltmaq mükün deyil: "Onsuz da bugünkü dünyada heç nəyi gizlətmək mümkün deyil. Bəlkə 10 il, 20 il bundan əvvəl nəyisə demək, hansısa ölkə haqqında rəy yaratmaq daha da asan idi. Bu gün bu, mümkün deyildir. Azərbaycana yüz minlərlə, milyonlarla xarici qonaq gəlir. Azərbaycan dünyaya çıxıb. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Bütün müasir prosesləri izləyirik və bizə sərfəli olan məsələləri Azərbaycanda həll edirik. Ona görə, bu böhtanlar, bu şər, bu iftira bizə yapışmır. Ancaq bu nəyi göstərir? Ancaq, onu göstərir ki, bizə qarşı mübarizə bundan sonra da aparılacaq və bu mübarizənin müxtəlif mərkəzləri var".

Qeyd edək ki, ermənilər son 150 ildə türklərə, azərbaycanlılara qarşı "mübarizə"də həmişə Qərbin, Rusiyanın imperialist dairələrinin ucuz alətinə çevriliblər. Bu mənada, erməni lobbisinin neomüstəmləkəçilik xəstəliyinə yoluxan dairələrin sifarişlərini icra etdiyi hər kəsə bəllidir. Belələri unudur ki, qeyri-sağlam münasibətlə, soyub-talamaqla, bu və ya digər ölkəyə müəyyən bəhanə ilə soxulmaqla, onlar öz məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Müasir dünyada insanların düşüncəsi, fikirləri kifayət qədər inkişaf edib, yetkindir. Bu səbəbdən, ucuz təxribatlara əl atmaq, psixoloji müharibə vasitələrindən istifadə etmək əksər hallarda gözlənilən nəticəni doğurmur, əks-effekt verir.

Hazırda Azərbaycan çox az ölkələrdəndir ki, müstəqil siyasəti ilə öz ayaqları üstündə dayanmağı bacarır. Bu mənada, müasirləşən, qloballaşan, inkişaf edən dünyaya müstəmləkə, metropoliya təfəkkürünü sırımaq istəyənlər yanılırlar, böyük səhvə yol verirlər. Hazırda bu yolu "könüllü" seçən, forpost olmağa qərar verən işğalçı Ermənistan kimi ölkələrin aqibəti hər kəsə bəllidir. İndi bu təcavüzkar ölkədə, hətta keçmiş SSRİ dönəmində olduğundan iki dəfə az əhali yaşayır. Azalma meyili bu gün də davam edir. İşğalçı ölkəni hər ay minlərlə insan birdəfəlik tərk edir.

Məhz bu səbəbdən, öz korporativ maraqlarını təmin etmək ümidi ilə kənar qüvvələr hər zaman müxtəlif yollarla Azərbaycana təsir göstərməyə cəhdlər edirlər. Bu, əvvəllər də olub, indi də var, gələcəkdə olması da istisna deyil. Lakin antimilli qüvvələrin və onların himayəsinə sığınan xəyanətkar qrupların ölkəmizə müxtəlif üsullarla təzyiq, təsir göstərmək cəhdləri ardıcıl olaraq iflasa uğrayır. Azərbaycan xalqı hər zaman belə qüvvələrin qarşısında vahiddir, həmrəydir, yenilməzdir. Hər bir ləyaqətli Azərbaycanlı bu gün kimin kim olduğunu çox yaxşı dərk edir. Milli müstəqıllik, suveren dövlətçilik düşüncəsi hazırda Azərbaycan xalqının ictimai şüuruna hakim kəsilib. Minilliklərdən süzülüb gələn bu tarixi ənənə getdikcə daha da qüvvətlənir, möhkəmlənir.

NAİB

Digər xəbərlər