Etnik məsələlər üzərində qurulmuş demaqoqiya siyasəti xarici sifariş məhsuludur
Etnik məsələlərin müxtəlif mühitlər çərçivəsində daim incə və həssas məqam kimi yer alması, xüsusi baxışlar ətrafında ehtiyatla dəyərləndirilməsi heç kimə sirr deyil. Belə ki, hər bir ölkənin daxilində yaşayan etnik azlıqlar, eyni zamanda, bərabərhüquqlu vətəndaş olaraq, dövlətin ictimai-siyasi, mədəni, sosial və digər sahələrində yaxından iştirak edir, onun qalxınmasında, inkişaf etməsində mühüm rol oynayırlar. Təbii ki, sözügedən bu kimi əhəmiyyətli amil Azərbaycanda da mövcud olmaqdadır. Nəzərə alsaq ki, məhz Azərbaycan ötən və hazırkı dövrün bütün zamanlarında müxtəlif azsaylı xalqları özünə biləşdirən ölkə kimi tolerantılığı ilə daim öndə olub, bu zaman vurğulamaq mümkündür ki, bu gün də həmin mövcudluq ən yüksək səviyyədə qorunub-saxlanılmaqdadır. Eyni zamanda, demək mümkündür ki, postsovet ölkələri sırasında Azərbaycan sözügedən sahədə hər zaman ön yerlərdən birini tutmuşdur.
Belə təşkilatların yaradılmasında xarici amillərin dayanması dəfələrlə sübuta yetirilib
Ölkəmiz müstəqillik əldə etdikdən sonra, bir sıra xarici ölkələrin Azərbaycanın yerüstü və yeraltı sərvətlərinə artan maraqları və həmin maraqların əldə edilməsi üçün atılan müxtəlif və çoxsaylı addımlardan biri də bu kimi həssas, incə məqamlar üzərinə separatçılıq toxumları səpməkdən ibarət olub. Lakin bütün cəhdlərində öz arzularına çata bilməyən xarici qüvvələr nəticədə uduzaraq, kənara çəkilməyə məcbur olublar.
Ancaq burada daha bir təəssüfedici məqam özünü kifayət qədər biruzə verib. Məsələ ondadır ki, separatçılıq, dağıdıcılıq toxumlarını səpməkdə sözügedən xarici qüvvələrə sapı özümüzdən olan baltalar da yardım edib. Buna misal kimi "Sadval", "Şimal Xalqları Cəmiyyəti", "Talış-Muğan Respublikası", "Avar Qrupu", "Meşə Qardaşları" və başqa bu kimi adlar altında sifarişlər əsasında yaradılmış, lakin zamanında qarşısı alınmış separatçı təşkilatları göztərmək mümkündür. Həmin təşikilatların əsas məqsədləri Azərbaycanda dini, etnik, bölücülük siyasəti yütüməklə, terror halları təşkil etməklə əldə edilmiş sabitliyə zərbə vurmaqdan ibarət olub. Yuxarıda qeyd etdiyimiz kimi, belə təşkilatların yaradılmasında xarici amillərin dayanması dəfələrlə sübuta yetirilib. Nəticədə, ifşa edilmiş bu kimi təşkilatlar müvafiq güc strukturları tərəfindən məhv edilib. Lakin əfsuslar olsun ki, bu gün də sapı özümüzdən olan baltalar hələ də mənfur siyasətlərini reallaşdırmağa cəhdlər göstərməklə önəmli ictimai-siyasi hadisələr ərəfəsində xarici ağalarına quyruq bulamaqdadırlar.
Deyilənlərə misal kimi, bu yaxınlarda yaradıldığı elan edilən "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi" təşkilatını da göstərmək mümkündür. Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş adıçəkilən təşkilat söz yox ki, onlara verilmiş məqsədli tapşırıları həyata keçirməkdən ötrü yaradılıb və burada hər hansı demokratiyadan, dövlətçilikdən danışmağın yeri yoxdur. Və görünən də odur ki, abbreviaturasında "Azərbaycan Dövlətçiliyi Naminə" kimi sözləri ifadə edən qondarma təşkilat, əslində, bu kimi vasitələrlə separatizmdən yayındırıcılıq məqsədini güdür. Ancaq təşklatı yaradanların mediaya verdikləri açıqlamalarından da görünür ki, onların əsas düşüncələri məhz bölücülük demoqoqiyasından o tərəfə keçmir.
Eldəniz Quliyevin uğursuz siyasi kamuflyajı
Bunu daha çox separatçı açıqlamaları ilə seçilən Eldəniz Quliyevə aid etmək olsar. Məsələn, onun özünü "azəri türkü" kimi təqdim etməsi, yəni digər millətlərdən ayırması da, onu deməyə əsas verir ki, əslində, E.Quliyevin burada xüsusi marağı var və həmin maraqlardan əsası ona verilmiş siyasi sifarişi həyata keçirməkdən ibarətdir. Daha dəqiq desək, guya "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi" təşkilatının məqsədi "dövlətçilik" olsa da, orada digər millətlərin də nümayəndələri iştirirak edirlər (?!-R.N.) Bu zaman sual yaranır ki, əgər yaradılan qurum "talış birliyi" kimi nəzərdə tutulubsa, oraya digər millətlərin nümayəndələrini də cəlb etmək həqiqətdə hansı məqamları üzə çıxarır? Suala cavab olaraq belə qənaətə gəlmək olar ki, məhz E.Zeynalov da olmaqla, onun yandaşları ölkədə separatçılıq toxumları səpməkdən ötrü qeyri-qüvvələr tərəfindən səfərbər olunublar. Daha dəqiq vurğulasaq, E.Zeyalov kimi "azəri türkləri" "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi" adlı qondarma qurumda separatizm meyillərini kamuflyaj etməkdən ötrü müəyyən maddi maraqlar çərçivəsində oturublar. Üstəlik, dövlətin apardığı məqsədyönlü uğurlu siyasətə qarşı çıxışlar edirlər. Bu və bu kimi digər bənzər məqamlara toxunan Yeni Azərbaycan Partiyası İcra katibunun müavini, millət vəkili Siyavuş Novruzov da vurğulayıb ki, müəyyən qüvvələr və adamlar var ki, onların əsas məqsədi Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaqdır: "Ölkəmizdə olan sabitlik müəyyən dövlətləri və qrupları narahat edir. Onlar istənilən variantlardan istifadə etməyə çalışırlar".
Siyavuş Novruzov: "Azərbaycanda vətən xaini olanlar xaricdə oturub insanları qızışdırır"
S.Novruzov "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi" adında birliyin, əslində, olmadığını xüsusilə qeyd edib: "Belə bir birlik yoxdur. Beş-on nəfər xaricdə oturub demoqoq fikirlər səsləndirir, Azərbaycanda vətən xaini olanlar xaricdə oturub insanları qızışdırır. Bu gün Azərbaycanda heç kəsi, talışı və ya digərini bir-birindən ayırmaq olmur. Hamı qaynayıb qarışıb, qohum-əqrəbadır. Ölkəmizdə heç bir etnik problem yoxdur".
Göründüyü kimi, E.Zeynalovun YAP rəsmisi tərəfindən kəskin tənqidə məruz qalması, onun iş üzünü daha qabarıq formada aşkar edib. Çünki onun "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsi də deməyə əsas verir ki, E.Zeynalov kimi separatizmə meyilli fərdlərin arxasında məhz AXCP və Müsavat kimi partiyalar dayanıb. Bunu qondarma və separat qurumun həm də sözcüsü kimi çıxış edən E.Zeynalovun dağıdıcı müxalifət partiyaları ilə əməkdaşlıq edəcəyi fikrindən də bəlli etmək mümkündür: "Əməkdaşlıq sazişləri bağlamağı da planlaşdırırıq. Bunun üçün danışıqlar gedir. Eyni zamanda, əməkdaşlıq üçün danışıqlar Müsavat partiyası və AXCP ilə olacaq".
Göründüyü kimi, müxtəlif dövrlərdə Azərbaycan xalqına və dövlətçiliyinə qarşı istənilən separat danışıqlara gedən AXCP, Müsavat partiyalarının da sözügedən məsələdə müəyyən rol oynamaları, bütövlükdə, dağıdıcı və bölücü meyilli müxalifətin sonunun çatması faktorunu bir daha təsdiq edir. Məhz həmin biabırçı sonu yaşamamaqdan ötrü ən rəzil siyasi addımlara belə getməyə hazır olan bu kimi qüvvələrin nəticə etibarilə heç nə əldə edə bilməyəcəklərini indidən vurğulamaq mümkündür. Necə deyərlər, atəş sönərkən, daha gur işıq saçır.
RÖVŞƏN NURƏDDİNOĞLU