Böyük Britaniyada mətbuatın fəaliyyətini tənzimləyəcək qurumun yaradılmasının planlaşdırılması Qərbin demokratik dəyərlərə olan münasibətini ortaya qoyur
Prezident İlham Əliyev: "Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik"
Xəbər verildiyi kimi, Böyük Britaniya jurnalistlərinin etik normalarını və ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətlərini nizamlayacaq mexanizm yaradılması planlaşdırılıb. Ötən il Böyük Britaniyanın baş naziri Devid Kemeronun sərəncamı ilə "News of the World" qəzeti ətrafındakı qalmaqal və jurnalistlərin işdə istifadə etdikləri qeyri-qanuni üsullarla bağlı istintaq əməliyyatları həyata keçirilib. "The İndependent" qəzetinin baş redaktoru Kris Blekherst isə media üçün hər hansı nizamlayıcı mexanizmlərin yaradılmasını mətbuat azadlığının məhdudlaşdırılması kimi qiymətləndirib. Hakim partiyanın bəzi deputatları da qəbul ediləcək qanunun əleyhinə çıxış edirlər...
Qərbin demokratiya anlayışı...
Ümumiyyətlə, bu günə qədər Qərbin demokratiya anlayışına olan münasibəti birmənalı qiymətləndirilməyib. Çünki demokratiya kateqoriyasının bir tərifli olsa da, onun dəyərləndirilməsi üzrə çoxsaylı şkalalar müəyyənləşdirilib. Lakin hələ də hansı ölkənin demokratik dəyərlərə hörmət etdiyini aşkarlamaq mümkün olmayıb. Təbii ki, bu cür düşüncə ancaq Avropada, ABŞ-da, bir sözlə, özünü ən ideal formada inkişaf etmiş demokratik hesab edən dövlətlərdə formalaşıb.
Bugünkü günə qədər daim eşitmişik ki, demokratik inkişafı səviyyəsinə görə Qərb dünyası planetin digər ölkələri üçün nümunə sayılır. Hətta bu ad altında bir sıra dövlətlərin necə yerlə yeksan edildiyini də müşahidə etmişik. Amma nədənsə, yenə də demokratik inkişafın nəticələrini görməmişik. ABŞ və onun NATO üzrə müttəfiqləri Əfqanıstanı, İraqı, Tunisi, Misiri, Liviyanı və digər ölkələri viran qoyarkən də deyirdilər ki, biz həmin xalqlara demokratiya veririk. Belə olan halda, sual çıxır ortaya: məgər demokratiya yeməli bir məhsuldurmu ki, onu ixrac edəsən? Və ya məgər Qərbdə demokratiyanı artıq xaoskratiya kimi tanıyırlar? Bunlar başadüşülən hadisələr deyil bunlar. Hər kəsə demokratiya dərsi keçməyə cəhd göstərən Qərbin özü nədənsə, bu dəyərlərə riayət etmir. Müstəqil şəkildə öz etirazını bildirənlərə qarşı çox amansız davranırlar, bloqqerləri kütləvi şəkildə həbsə atırlar, insanları itlərə yedizdirirlər, atların ayaqları altına atırlar. Sonra da maraqlarının təmin olunmadığı hansısa ölkədə demokratik dəyərlərin pozulduğunu iddia edirlər...
Azərbaycana demokratiya təzyiqi: paradoksal situasiya
Bəli, Qərbin bir sıra qərəzli dairələri tərəfindən demokratiya adı altında təzyiqlərə məruz qalan dövlətlərdən biri də Azərbaycandır. Azərbaycanda 1993-cü ildən başlayaraq, ictimai-siyasi sabitliyin təmin edilməsi və 1995-ci ildən Konstitusiyanın qəbul edilməsi ölkənin demokratik inkişafı üçün bütün lazımi şəraiti təmin edib. İnsan hüquqlarının qorunması ilə bağlı qanunların qəbul edilməsi, fərman və sərəncamların imzalanması, vətəndaş cəmiyyətinin inkişafı üçün qeyri-hökumət sektorunun fəaliyyətinin təkmilləşdirilməsi, dövlət-vətəndaş münasibətlərinin sağlamlaşdırılması və s. addımların atılması Azərbaycanın demokratiya yoluna nə qədər sadiq olduğunun göstəricisidir. Lakin nədənsə, bir sıra qərəzli qüvvələr Azərbaycanla bağlı maraqların təmin olunmadıqda demokratik dəyərlərdən dəm vurmağa başlayır. Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz vəziyyətin olduğu ölkələrin inkişaf edən Azərbaycana irad bildirməsi artıq paradoksal situasiya yaradır.
Azərbaycanda mətbuat inkişaf edir, azadlıqlar genişləndirilir
Qeyd edək ki, Azərbaycanda müstəqil mətbuatın demokratik prinsiplərə uyğun inkişafı üçün Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli xahişindən sonra ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə əlverişli şərait yaradılıb. Ulu Öndərin həyata keçirdiyi tədbirlər sayəsində kütləvi informasiya vasitələrinin işini tənzimləyən qanun qəbul olunub və bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı bir-birindən əhəmiyyətli tədbirlər həyata keçirilib. Beynəlxalq standartlar səviyyəsində hazırlanan qanunvericilik aktları müstəqil mətbuatın sərbəst fəaliyyəti üçün geniş imkanlar yaradıb. Dahi siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə mətbuat üzərindən senzura götürülüb və bununla da bir daha bəyan edilib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin demokratik dəyərlərə uyğun fəaliyyəti üçün hər cür şərait yaradılıb. "Kütləvi informasiya vasitələri haqqında "Qanuna edilmiş əlavə və dəyişikliklər" isə Azərbaycanda qəzet və jurnalların təsis edilməsi işini təkmilləşdirib. Bunun ardınca həyata keçirilən bir sıra əhəmiyyətli tədbirlər bir daha təsdiqləyib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu sahədə məqsədyönlü və ardıcıl siyasət aparıb. Konstitusiya ilə təsbit olunmuş söz və mətbuat azadlığının təmin olunması, müstəqil mətbuata geniş imkanlar yaradılması Azərbaycanda demokratik dəyərlərin inkişafına xüsusi önəm verildiyini təsdiqləyirib.
Bütün bunlar məhz Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində zəngin təcrübəsinin, ölkəmizin inkişafında, beynəlxalq aləmə inteqrasiyasında demokratik prinsiplərə böyük üstünlük verməsinin nəticəsi idi. Onu da qeyd edək ki, Azərbaycanda milli mətbuatın yubileylərinin böyük təntənə ilə keçirilməsinin əsası da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun 2000-ci ilin martında imzaladığı Fərmana əsasən milli mətbuatımızın 125 illiyi təntənəli şəkildə qeyd edilib.
Tarixi şəxsiyyət Heydər Əliyevin siyasi xəttini böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-rifah halının yaxşılaşdırılması, onların əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirib. Məlumat üçün qeyd edək ki, 2005-ci ildən bu vaxta qədər 300-ə yaxın kütləvi informasiya vasitəsinin əməkdaşına dövlət mükafatları və fəxri adlar verilib. Elə həmin il 30 qəzet redaksiyanın hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasına 10 min manat məbləğində dövlət tərəfindən yardım ayrılıb.
Azərbaycan milli mətbuatının 135 illik yubileyində isə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla kütləvi informasiya vasitələrinə ayrılan birdəfəlik maliyyə yardımının məbləği daha da artırılıb. Belə ki, 32 qəzet redaksiyanın hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bununla yanaşı 38 jurnalistə "Əməkdar jurnalist", 15 jurnalistə "Əməkdər mədəniyyət işçisi" fəxri adları verilib, 38 jurnalist isə "Tərəqqi" medalı ilə təltif olunub. Dövlət başçımızın 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncamı isə xüsusi qeyd olunmalıdır. Onu da qeyd edək ki, dövlət başçımızın bu Sərəncamı beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla qarşılanıb. Çünki həmin Sərəncam Azərbaycanda mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə verilib və bu işin yerinə yetirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb.
Göründüyü kimi, dövlətimizin başçısı prezidentlik fəaliyyəti dövründə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir-birinin ardınca sərəncamlar imzalayıb, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə nail olub. Jurnalistlər üçün yaşayış evlərinin tikilməsi ona görə xüsusi qeyd edilməyə layiqdir ki, bu vaxta qədər dünyanın heç bir ölkəsində belə bir tədbir olmayıb. Bu, ondan xəbər verir ki, Azərbaycanın iqtisadi qüdrəti getdikcə artır, əhalinin həyat səviyyəsi yüksəlir və ölkəmizin beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənir.
Azərbaycanda fikir, söz və mətbuat azadlığı ölkə Prezidenti İlham Əliyevin siyasi kursunun və əldə olunan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı Mətbuat Şurasının yeni binasının açılışı zamanı çıxışında bu məsələni xüsusi vurğulayaraq, deyib ki, bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik.
Hansı dövlət daha demokratikdir? "Sabitlik adası", yoxsa, "azadlıq adası"
Göründüyü kimi, "sabitlik adası" Azərbaycanda demokratiyanın inkişafı üçün bütün addımlar atılır, hətta bu transformasiya prosesinin mühüm tərkib hissəsi olan mətbuatın azadlığı daha da genişləndirilir. Lakin "azadlıq ada"sında mətbuatın azadlığına qəsb edilir. Məhz Böyük Britaniyada mətbuatın fəaliyyətini tənzimləyəcək qurumun yaradılmasının planlaşdırılması Qərbin demokratik dəyərlərə olan münasibətini ortaya qoyur. Beləliklə də, hansı dövlətin daha demokratik olması ilə bağlı suala aydın şəkildə cavab gəlmiş olur.
"Səs" Analitik Qrupu