PDF Oxu

Araşdırma

  • 11 832

Multikulturalizm: bəşəri ideya, yaxud Qərb dəyərləri? – II hissə

Multikulturalizmin “Amerika” modeli

image

Qərbsayağı multikulturalizmin formalaşmasında II mərhələyə Avropa dövlətlərinin müstəmləkə sisteminə xidmət edən ideologiya kimi baxmaq olar. Bu zaman 2 fərqli yanaşma müşahidə olunur. Birincisi, Avropa dövlətlərinin müstəmləkə ölkələrin əhalisinə yanaşması. Avropa dövlətləri Qərb dəyərlərinin dominantlığı üzərində formalaşdırdıqları ideologiyanı müstəmləkə ölkələrində yeganə üstün sivilizasiyalı mədəniyyət kimi təqdim etməyə çalışır və yerli mədəniyyətlərə qarşı etinasız yanaşırdılar.

Yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyəti dünya miqyasında universal standart kimi təqdim olunurdu. Belə olmasaydı Amerika qitəsində qədim Mayya mədəniyyəti, Afrikada Misir mədəniyyəti, Şərqi Asiyada Hind, Malay, Çin kimi ilkin sivilizasiya mədəniyyətləri yalnız istismara məruz qalmazdı. Maraqlıdır ki, bu gün işçi qüvvəsi kimi Avropaya gələn miqrantların Qərb dəyərlərini qəbul etmədiyi üçün multikulturalizmin məğlubiyyətə uğradığını iddia edənlər bir neçə əsr əvvəl okeanın o tayında nə yerli xalqların, nə də zorla Afrikadan gətirdikləri qulların mədəni müxtəlifliklərini nəinki qəbul etmir, hətta məhv edirdilər. Nədənsə o zaman belə münasibət multikulturalizmin böhranına səbəb kimi qiymətləndirilmirdi.İkincisi şərti olaraq "Amerikan modeli" adlandıracağımız multikultural yanaşmanı fərqləndirmək olar. Avropa xalqları "Köhnə qitə"dən kənarda yeni dünya ölkələrində Amerikada, Avstraliyada, Yeni Zelandiyada yerli mədəniyyətləri qəbul etməməklə bərabər, öz aralarında mədəni cəhətdən daha da yaxınlaşdılar. Yəni, Avropada bir-birindən fərqlənən protestant, katolik, pravoslav dini daşıyıcılar, eləcə də anqlo-saks, german, latın dil qrupu təmsilçiləri Amerikada və ya Avstraliyada vahid mədəni dəyərlərin yaradılmasına doğru istiqamətləndirildi. ABŞ-da bu nəzəriyyəni "əridici qazan" (melting pot) adlandırırlar. Bu zaman multikulturalizm konsepsiyası bütün millətlərin bir xalq kimi birləşdiyi "əritmə qazanı" konsepsiyası ilə qarşılaşdırılır.Belə olan halda Qərbsayağı multikulturalizmdə milli dəyərlər öz əvvəlki əhəmiyyətini itirmiş oldu və yeni vahid universal bir Qərb dəyərinin yaranmasına keçid başlandı. "Amerikan modeli" dəqiq millət anlayışı olmayan, vahid vətəndaş identikliyi əsasında dövlətin yaranmasına təkan verdi. Misal üçün, ABŞ-da Amerikan identikliyi – anqlo-saks ideologiyası üzərində qurulsa da, hər hansı bir millətin milli dəyərlərini əks etdirmir. Bu model daha çox yeni yaradılmış dəyərlərin əks olunduğu mozaik birləşmədir. Lakin bu mozaik birləşmədə yerli xalqların mədəni dəyərləri əks olunmur. Aborigen xalqlar hələ də cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayırlar. Misal üçün, hazırda Avstraliyanın yerli əhalisinin əksəriyyəti rezervasiya adlanan əlahiddə yaşayış məntəqələrində məskunlaşdırılmışdır. Onlar demək olar ki, yüksək mədəniyyətə yaxın buraxılmırlar. Eyni proses digər yeni dünya ölkələrində də izlənilir.Qərbsayağı multikulturalizmin formalaşmasında II mərhələ bir ölkədə fərqli millətlərin və mədəniyyətlərin birgə mövcud olduğu və dəqiq millət anlayışı olmayan dövlət modelinin yaranması ilə nəticələndi. Bu gün "Köhnə qitə" və ondan kənardakı Qərbsayağı multikulturalizm arasında yaranmış fərqlərin də səbəblərini burda axtarmaq lazımdır. Avropanın multikulturalizmin iflası və ya böhranı haqqında danışdığı bir halda okeanların o tərəfindəki Qərb modellərində (ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və s.) çoxmədəniyyətliyə dövlətlərin inkişafına təkanverici qüvvə kimi baxılır. Bu fərqin yaranmasında ilk növbədə tarixi ənənə faktoruna diqqət yetirmək lazımdır. Yəni uzun əsrlər bir-biri ilə rəqabət aparan Avropa dövlətlərinin vahid Qərb mədəniyyətini milli dəyərlərdən üstün tutması daha çox vaxt aldı. Yeni torpaqlarda isə belə bir tarixi qarşıdurma olmadığı üçün "əridici qazan" daha tez və effektiv işləməyi bacardı. "Amerikan modeli"nin uğurundan danışdıqda başqa bir incə məqama da fikir vermək lazımdır. Multikulturalizmin uğurlu modelindən danışdığımız regionlara nəzər saldıqda bu məkanda yerli mədəniyyət daşıyıcılarının tam sıxışdırıldığını, məhv edildiyini, qalanlarının isə rezervasiyalarda saxlanıldığının şahidi oluruq.Konkret olaraq ABŞ-da isə yerli xalqlarla bərabər Afrikadan köçürülən əhali də uzun müddət bu multukultural mühitə daxil edilməmişdir. Hətta 1965-ci ilədək ABŞ-da bəzi ştatlarda qaradərililərin səsvermə hüququ da yox idi. Maraqlı bir mənzərənin şahidi oluruq. Avropalıların zorla Afrikadan gətirdikləri əhali quldarlığın ləğvindən sonra hələ uzun müddət irqi ayrı-seçkiliyə məruz qalmışdır. Avropalılar qul ticarəti vasitəsilə öz iqtisadiyyatlarını gücləndirdilər, amma eyni zamanda milyonlarla insanı öz vətənlərindən, həyat tərzlərindən ayıraraq zorla Amerikaya gətirdikləri azmış kimi həm də Afrika xalqlarının mədəniyyətlərinə, ənənələrinə, sosial həyatlarına tolerant yanaşmadılar. Ona görə multikulturalizmin "Amerika" modelinin uğurundan danışdıqda bunun hansı məhrumiyyətlər hesabına əldə edildiyini nəzərə almaq lazımdır. Bu uğura gedən yol yerli xalqların kütləvi şəkildə qırğını, irqi ayrı-seçkilik kimi çətin sınaqlardan keçmişdir. Tarixin mühakiməsinə buraxsaq isə bəlkə heç keçə də bilməmişdir.Avropalıların ələ keçirdikləri ərazilərdə yerli əhalinin çoxluq təşkil etdiyi ölkələrdə isə multikultural dəyərlərin dialoqu ilə deyil toqquşması ilə rastlaşırıq. Cənubi Afrika Respublikasını buna misal göstərmək olar. Sayca üstünlük təşkil etməyən Qərblilər bu ölkəyə Qərb dəyərlərini zorla sırıya bilmədilər. Təsadüfi deyil ki, XX əsr boyunca bu ölkə dünyada irqi ayrı-seçkiliyin təcəssüm olunduğu ölkə kimi yaddaşlarda qalmışdır. Beləliklə, "Köhnə qitə"dən kənar ölkələrdə Qərbə məxsus multikulturalizm modeli bu gün nə qədər uğurlu hesab edilsə belə aborigen xalqlara münasibətdə bu ideologiya özünü doğrulda bilməmişdir.

Multikulturalizmin "Avropa" modeli

Qərbin multikulturalizm ideologiyasının formalaşmasında III mərhələ kimi XX əsrdə Avropa ölkələrinin həyata keçirdiyi miqrasiya siyasətini fərqləndirmək olar. Məlum olduğu kimi, ikinci dünya müharibəsindən sonra Avropa ölkələrinin sürətli iqtisadi artımı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Əhalinin yaşlaşması və qitədən kənar ölkələrdə ucuz işçi qüvvəsinin bolluğu Qərb dövlətlərinin keçmiş müstəmləkə ölkələrindən miqrasiyanı təşviq etməsi ilə nəticələndi. Bu zaman hər bir Avropa dövləti öz keçmiş imperiya təbəələrinə üstünlük verirdi. Tarixi bağlılıq, dil, mədəni faktorlar miqrasiya axınları üçün həlledici amil sayılırdı. Misal üçün, Britaniyada Hindistan və Pakistandan, Fransada fransızdilli Afrika ölkələrindən, Hollandiyada Karib hövzəsi müstəmləkələrdən miqrantlar çoxluq təşkil edirdi. Əslində keçmiş imperiyalar bu miqrasiyanı təşviq edirdilər və bunun üçün müxtəlif təşkilatlar da yaratmışdılar. Britaniyanın başçılığı ilə Millətlər Birliyi (54 ölkə), Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı (56 ölkə), İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin Birliyi (9 ölkə) keçmiş müstəmləkə əhalisinə siyasi-iqtisadi maraqlar müqabilində miqrasiya üçün əlverişli şərait yaradırdı.Bu mərhələdə multikulturalizm müstəmləkələrdən gələn yeni sakinlərin Qərbin vahid dəyərlər sisteminə daxil olması və miqrantların assimilyasiyasına yönəlmiş ideologiyaya xidmət edirdi. Lakin hadisələr göstərdi ki, Qərbin müstəmləkə siyasəti həmin dövrdən əks effekt verməyə başladı. Vaxtilə Avropalıların qanlı-qadalı işğalçılıq siyasətindən fərqli olaraq miqrantlar Avropada səssiz-səmirsiz məskunlaşmaqla bu məkanı "işğal" etməkdədirlər. Fərqli mədəniyyət daşıyıcılarını universal modelə tam uyğunlaşdırmaq mümkün olmadı və bu prosesi təbii də qarşılamaq lazımdır.Qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr də bu mərhələdən başlayaraq səslənməyə başladı. Amerikan modelindən fərqli olaraq "Köhnə qitə"də mozaik cəmiyyət yaratmaq mümkün olmadı. Burda əsas səbəb olaraq dominant etnosun yalnız öz mədəni və dini dəyərlərinə üstünlük verməsini göstərmək olar. Qərbin gözündə yeni gələn miqrantlar mühacir qəbul edən cəmiyyətin yeknəsəq tərkib hissəsi olmalıdır. Onların fərqli davranış və ya əxlaq normaları Qərb dəyərləri ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir. Lakin hətta ikinci və üçüncü nəsil miqrantların uyğunlaşma problemləri və dini ənənələri saxlaması multikultural siyasətdə nəyinsə çatışmadığını göstərdi.

Avropanın əksər ölkələrində hadisələrin belə axarına hazır deyildilər və buna görə də miqrantlara münasibətdə aqressivlik müşahidə olunur. Əslində "Köhnə qitə" indiyədək heç vaxt bu qədər yeni sakinlə qarşılaşmamışdı. XX əsrin əvvəllərində miqrantların ilk dalğası daha çox siyasi mühacirlər idi. Həm kəmiyyət, həm də təfəkkür tərzi baxımından hazırkı işçi emiqrantlardan tamamilə fərqlənən siyasi mühacirlər Qərb mədəni dəyərlər sisteminə daxil olmaqda heç bir problemlə qarşılaşmadı. Hətta bu təbəqənin əksər hallarda II nəsildən sonra milli identiklik xüsusiyyətlərini itirdiyi və Qərb cəmiyyətinə tam inteqrasiya olunduğu müşahidə olunur. Paralel olaraq gedən assimilyasiya da öz yerində. Ona görə də II dünya müharibəsindən sonra kütləvi xarakter daşıyan işçi miqrantlara ilk vaxtlar həmin münasibət bəslənilirdi.Almaniyanın kansleri Angela Merkel etiraf edir ki "1960-cı illərdə biz xarici işçi qüvvəsini Almaniyaya dəvət edəndə elə bilirdik ki, onlar qayıdıb gedəcəklər. Lakin bu baş vermədi və bizim multikulturalizm siyasətimiz isə iflasa uğradı".Fransanın keçmiş Prezidenti Nikola Sarkozi də multikulturalizmin məğlubiyyətə uğramasında aparılan yanlış siyasəti deyil, fərqli mədəniyyət daşıyıcılarını, xüsusən də İslam həyat tərzini ittiham edir. O, bildirirdi ki, "əgər insan Fransaya gəlirsə o, fransız xalqının bir hissəsi olmalıdır, əgər bunu istəmirsə burda ona yer yoxdur. Fransızlar öz dəyərlərinə yenidən baxmaq fikrində deyillər, insanların küçələrdə ibadət etməsini, qızların məktəbə getməsinin qadağan edilməsini, qadın və kişilərin bərabərliyinə dair dəyərləri itirmək istəmirlər". Mühafizəkar bəyanatdır və kimlərinsə fransız dəyərlərinə zorla müdaxiləsi həqiqətən də yolverilməzdir. Lakin görəsən yəhudilərin Fransada yalnız XIX əsrin sonlarında vətəndaşlıq hüququ qazandığını nəzərə alsaq, mənşə etibarı ilə yəhudi olan cənab Sarkozi bu bəyanatı 100 il əvvəl də verərdimi?Beləliklə qeyd etməliyik ki, hazırda həyəcan təbili vurulan multikulturalizmin böhranı Qərb ölkələrinin yanlış siyasətinin nəticəsidir. İqtisadi vəziyyətdən asılı olaraq xaricdən işçi qüvvəsinin dəvət edilməsi və sonradan həmin miqrantlara qarşı göstərilən ayrı-seçkilik multikultural dəyərlərə bir araya sığmır. Bu işçi qüvvəsinin öz milli-mənəvi dəyərlərindən imtina etməsi multikulturalizmin qələbəsi hesab edilirsə, hansı tolerant yanaşmadan söhbət gedə bilər?

İslam Qərb multikulturalizminə təhlükədirmi?

Avropaya fərqli mədəniyyət daşıyıcılarının işçi miqrasiyası Qərb multikulturalizmini yeni bir çağırışla qarşı-qarşıya qoydu. Türkiyədən, Şimali Afrika, Yaxın və Orta Şərqin keçmiş müstəmləkə ölkələrindən gələn miqrantlar müsəlman olduqları üçün Qərb İslamla yenidən qarşılaşmalı oldu. Tarix indiyədək İslam dini daşıyıcılarının Avropaya birbaşa təsiri ilə 2 dəfə qarşılaşmışdır. Birinci dəfə İspaniyada Kordoba Xilafətinin yaradılması zamanı, ikinci dəfə isə Vyanayadək Avropa torpaqlarının Osmanlı imperiyasının nüfuz dairəsinə daxil olması ilə. Lakin hər iki halda imperiyaların zəifləməsi və ya dağılmasından sonra Avropa müsəlmanlara qarşı dini dözümsüzlük göstərmişdir. İspaniyada, Balkanlarda müsəlmanların dini səbəblərdən təqib olunması, islam mədəniyyətinin dağıdılması Qərbin İslama münasibətdə tarixi ənənəsini göstərir. İndi isə vəziyyət fərqlidir. İşçi miqrantlar Avropaya işğal yolu ilə deyil, cəmiyyətin içərisinə nüfuz etməklə daxil olurlar. Belə olan halda isə Avropanın bu yeni İslam dalğası ilə əvvəlki metodla mübarizə apara bilməsi real görünmür.Avropada müsəlmanların öz dinlərinə sadiq qalmaları, bununla yanaşı islamın bir din il olaraq populyarlaşması, müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin gələcəyi üçün əsas narahatedici məqam kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə islamı bir fobiya olaraq görürlər. Azlıqların çoxluqlara çevrilməsi qorxusu Qərbsayağı multikulturalizmin qarşısında duran əsas çağırışdır. Bir müddət əvvəl Vatikan Ədalət və Sülh icmasının sədri kardinal Pyotr Turksonun "Sinodo" ruhani məclisində İslam dinini Avropanın gələcəyinə təhdid kimi qiymətləndirməsi də bunu göstərir. O, bildirmişdir ki, 2026-cı ildə Avropa müsəlmanlar qarşısında azlıqda qalacaq, Fransa isə 39 ildən sonra İslam dövləti olacaq.Avropada belə hesab edirlər ki, miqrantlar Avropanın insan hüquqları Konvensiyasının verdiyi imkanlardan, burada mövcud olan insan hüquqları və azadlıqlarından sui-istifadə edirlər. İndi Avropada demokratiya yaxud şəriət qaydaları, islam yoxsa azadlıq kimi əslində qətiyyən müqayisə oluna bilməyəcək məfhumlar cəmiyyətin qarşısında əks dilemmalar kimi ortaya qoyulur.Bundan başqa iqtisadi faktor da mühüm rol oynayır. Miqrantların sayının artması fonunda Avropada dominant millət arasında artan işsizlik və zəif sosial təminat Qərbin multikultural dəyərlərinə və tolerantlığına zərbə vurmuş oldu. Belə bir fikir formalaşdırılır ki, multikulturalizmin Avropa modelinin məğlubiyyətə uğramasının səbəbi miqrantların universal Qərb həyat normasına daxil ola bilməmələri, demokratik prinsipləri və insan hüquqlarının aliliyini rəhbər tutan Avropa qanunlarının isə olduqca mülayim olması ilə əlaqədardır. Hadisələrin belə axarı isə Avropada ifrat millətçilik ideologiyasının və ultrasağçı siyasi partiyalarının tərəfdarlarının artmasına, irqçi və şovinist çıxışlara səbəb olmuşdur. Görünən odur ki, vaxtilə Avropa dövlətlərinin özlərinin dəvət etdiyi, stimullaşdırdığı miqrantların iqtisadi vəziyyət pisləşdikdə ədalət, demokratiya, tolerantlıq, insan haqları kimi bəşəri dəyərlərdən kənar hər cür münasibətlə üzləşməsi normal qarşılanmalı və bu Qərb identikliyinin özünü qoruması kimi qəbul olunmalıdır. Hətta miqrantlara qarşı hazırkı siyasi kursu demokratik prinsiplərdən geriyə addım olsa belə Avropanın siyasi liderləri bu addımları atmaqdan çəkinmirlər. Qərb cəmiyyətinin bu tədbirləri dəstəkləməsi isə ümumilikdə "tolerant" yanaşmanın bariz nümunəsidir.Maraqlıdır ki, multikulturalizmin böhranı ilə bağlı səslənən bəyanatlar qlobal iqtisadi böhranla zaman etibarilə üst-üstə düşür. Qərbdə bir çox dairələr qlobal iqtisadi böhranın yaranma səbəbi olaraq real iqtisadiyyata söykənməyən mexanizmin çökməsini deyil, miqrantların yaratdığı problemləri qabardırlar. Lakin Avropa cəmiyyətində miqrantlara sosial və iqtisadi problemlər yaradan təbəqə kimi baxanlar mühacirlərin elitası və orta təbəqəsi tərəfindən Qərbə gətirilən "intellekt" və "sərmayə" haqqında danışmaq istəmirlər. Halbuki Avropanın gələcəyi və davamlı inkişafı naminə bu nüanslar miqrantların yaratdığı problemləri dəfələrlə üstələyir. Ümumiyyətlə qlobal iqtisadi böhran Qərbdə multikulturalizmlə yanaşı, mənəviyyatın da, hətta beynəlxalq hüququn da böhran yaşadığını göstərdi. Beynəlxalq siyasi arenada dövlətlərə qarşı ikili standartlar prizmasından yanaşmanın da bununla əlaqəli olduğu açıq-aydın görünür.Hazırda belə fikirlər səslənir ki, Qərb və İslam mədəniyyətləri yanaşı yaşaya bilməz. İslam əleyhinə kəskin çıxışları ilə tanınan hollandiyalı siyasətçi Qert Vilders "Multikulturalizmin yenilməsi yaxud İslam hücumunun qarşısını necə almalı" adlı məqaləsində İslamı təhlükəli ideologiya adlandırır və bildirir ki, İslam bizim Qərb həyat tərzimizlə uyğun deyil. İslam Avropada cəmiyyətə düzgün təqdim edilmir. Bəzi radikal qüvvələr və onların siyasətdə, mətbuatda havadarları tərəfindən islam və terror anlayışları yanaşı çəkilir. İslam dini abidələrinə, müsəlman geyim və davranış normalarına Fransa, İsveçrə, Belçika və digər Avropa ölkələrində dözümsüzlük nümayiş etdirilir. Tarixə nəzər saldıqda Avropada indi islama qarşı sərgilənən münasibətin zamanında digər dinlərin daşıyıcılarına da tətbiq olunduğunu görürük. Tarix boyunca yəhudilər fərqli dini əqidə daşıyıcıları olduğu üçün bir neçə dəfə Avropadan qovulmuşlar. XV əsrdə İspaniyadan yəhudilərin qovulması, II dünya müharibəsi zamanı isə bütünlükdə Avropada yəhudilərin təqib olunmasını misal göstərmək olar.Orta əsrlərdə baş qaldıran rekonkista hərəkatı Qərbin dini müxtəlifliyə dözümsüzlüyünün əyani göstəricisidir. Məlum olduğu kimi, Ərəb passionarlığının intibahı dövründə islam dini bütün Cənubi Avropada geniş yayılmışdı. Xüsusilə, İspaniyada Kordova Xilafətinin təsiri altında əhali arasında islam dini geniş yayılmışdı. Lakin xristianlıq ideyaları üzərində yüksələn və digər dinlərə qarşı dözümsüzlük göstərən rekonkista hərəkatı nəticəsində müsəlmanlarla bərabər yəhudilər də qitədən sıxışdırılıb çıxarıldılar. 1492-ci ildə İspaniyada ərəblərin hakimiyyətinə son qoyulmasından sonra, 1610-cu ilə qədər müsəlmanlar və yəhudilərin hamısı İspaniyadan qovuldu. İspaniyada güclü katolik dövləti yaradıldı. Xristianlığı qəbul edən müsəlmanlar vəzifələrə təyin olunur və onlara torpaq sahələri verilirdi. Təkcə XVI əsrdə üç milyon müsəlman sürgün və ölümlə üzləşmişdir. Xristianlar tərəfindən aparılan təbliğatın əsas istiqamətlərindən biridə, müsəlmanlar tərəfindən tikilmiş tikililərin dağıdılması və ya fəaliyyət sahələrinin dəyişdirilməsindən ibarət idi. Bu yolla onlarla məscid və kitabxana dağıdılaraq yandırılmışdır. Maraqlıdır ki, İspaniyadan qovulan yəhudiləri heç bir Avropa dövləti deyil, məhz Osmanlı imperiyası qəbul etmişdir.

Beləliklə tarixi hadisələr göstərir ki, Qərbin dini tolerantlıq və multikultural dəyərləri yalnız öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulmuşdur. Belə olan halda immiqrant ölkələr olaraq xarakterizə olunan Avropa dövlətləri fərqli mədəniyyət və dini daşıyıcılar olan mühacirləri Qərb cəmiyyətinə yalnız assimilyasiya etməyə çalışırlar. Yəni çoxmədəniyyətlilik yalnız Qərb dəyərlərinin dominantlığı və vahid mozaik quruluşun heç nə ilə seçilməyən tərkib hissəsi kimi qəbul oluna bilər. Bu isə müasir dövrdə əhalisi müxtəlif mədəniyyətləri və millətləri təmsil edən Avropa üçün multikulturalizmin gələcək taleyini təhdid edir. Bugünkü reallıq ondan ibarətdir ki, Avropanın əksər dövlətləri artıq immiqrant ölkələrdir. Yəni, əhalinin ən az 10%-ni əcnəbilər təşkil edir. Buna görə də, multikulturalizm Qərb cəmiyyəti üçün bir seçim deyil, məhz zərurətdir.Əhalisi gənc olan ölkələr üçün bu problem yaranmır. Lakin Avropanın əksər aparıcı ölkələrində əhalinin yaşlanması və əməkqabiliyyətli əhalinin xüsusi çəkisinin azalmasının inkişaf üçün əsas problemlərdən olduğunu nəzərə aldıqda Avropanın multikulturalizm ideologiyasından imtina etmək şansının da olmadığını görürük. Misal üçün aparılan tədqiqatlara görə, Avropanın əhalisinin sayına görə lider ölkəsi olan Almaniyada əhalinin sayı 50 ildən sonra 10 milyon nəfər azalaraq 72 milyon nəfər olacaq. Paralel olaraq əhalini yaşlanması prosesi də nəzərəçarpacaq dərəcədə artacaq. Belə ki, 2012-ci ildə 65 yaşdan yuxarı əhalinin xüsusi çəkisi 20,5% olduğu halda, 2062-ci ildə bu nisbətin 30,1% olması proqnozlaşdırılır. Yəni, kənardan işçi qüvvəsinin miqrasiyası qaçınılmazdır. "Böyük yeddiliyin" digər Avropa ölkələrində də oxşar vəziyyətdir. Bu ölkələrə gələn miqrantların əksəriyyətinin isə müsəlmanlardan ibarət olduğunu nəzərə almaq lazımdır. Beləliklə də bütün bunlar onu göstərir ki, Qərbsayağı multikulturalizmin gələcək taleyi Avropada xristianlıq və islamın dialoqundan, dini və dünyəvi dəyərlərin birgəyaşayışından asılıdır.

Newtimes.az

Digər xəbərlər