Məlum olduğu kimi, Orta Şərqdə artıq 50 ildən çoxdur ki, ciddi siyasi və hərbi təlatümlər baş verməkdədir. Məhz son bir neçə ildə "Ərəb Baharı" adlanan prosesin başlaması da regionun özünəməxsusluğunu göstərməkdədir. Əlbəttə ki, buraya tarixi İsrail- Fələstin problemini, son illərdə ABŞ və müttəfiqləri tərəfindən İraqın işğalını və Suriya problemini də əlavə etmək olar.
Ümumiyyətlə, Yaxın və Orta Şərqi, xüsusilə, "Ərəb Baharı" adı altında baş verən hadisələri lokal və qlobal aspektlərdən təhlil etmək lazımdır. Belə ki, bu regionun özünəməxsusluğunu, buradakı ərəb qəbilələrinin və ya hakimiyyətdə təmsil olunan tayfaların daxili dinamikasını, onların xarici qüvvələrlə olan münasibətlərini dəqiq bilmədən ciddi analizlər etmək mümkün deyil. Məhz son zamanlarda Misir, Suriya və İraqda baş verən ciddi siyasi və hərbi çaxnaşmalar bir çox aspektdən təhlil edilməlidir. Təbii olaraq, Türkiyə də, öz növbəsində, regional güc olma istiqamətində ərəb dünyası ilə birbaşa və dolayı olaraq əməkdaşlıq etməkdədir. Məhz Suriya və Türkiyə arasında yaranan qarşıdurma nəticəsində Türkiyənin, NATO üzvü olaraq "Patriot" raketlərinin öz ərazisində yerləşdirilməsini tələb etməsi bunun bariz arqumentidir. Belə ki, ikin olaraq siyasi və hərbi xətt olaraq Türkiyə Qərbə aid olduğunu dəfələrlə vurğulamaqdadır. Məhz bu səbəblə də Türkiyə Suriyadan gələ biləcək hava hücumu təhlükəsini qarşısını almaq üçün NATO-ya müraciət etdi. Məhz şərtlərin bu mərhələyə gəlmiş olması ilə Türkiyənin NATO-dan "Patriot" raketlərini istəməsi, müdafiəsiz qalmasından daha yaxşıdır.
Digər tərəfdən İraqda da mərkəzi Bağdad höküməti ilə Şimali Kürdistan əyaləti arasında konfliktlər mövcuddur. Nəticədə, İraq ərəb, türkmən və kürd etnik kimliyi ilə mozaik bir mahiyyət daşımaqdadır. Bütün bunları nəzərə almadan İraqdakı siyasi gedişləri anlamaq mümkün deyil.
Misirə gəldikdə isə "Müsəlman Qardaşlar" partiyasına mənsub olan Məhəmmdə Mursi prezident seçildikdən sonra Marşal Tantavi daxil yüksək rütbəli hərbçiləri vəzifələrindən uzaqlaşdıraraq orduya qarşı siyasi bir müvəffəqiyyət qazandı. Bunun nəticəsində Mursi, istədiyi geniş səlahiyyətlər əldə etdi. Xarici siyasətdə isə regional aktyor olaraq Qəzzada atəşkəsin elan olunmasına müvəffəq oldu. Ancaq son günlərdə Misirdə, xüsusilə, ət-Təhrir meydanında yeni qəbul ediləcək konstitusiyaya qarşı baş verən etiraz aksiyaları və Məhəmməd Mursinin "Misirin Yeni Firon"u olaraq adlandırılması hələ də Misirdə həyata keçirilən demokratikləşmə prosesinin sancılı olacağını xəbər verir. Belə ki, Misir bir tərəfdən demokratikləşmə prosesindən keçərkən digər tərəfdən hakimiyyətdə olan "Müsəlman Qardaşlar" partiyası yeni qəbul ediləcək konstutisyada islami şəriət qaydalarının da yer almasına səy edir. Halbuki hal-hazırdakı Misirdəki hakimiyyət, Misiri idarə etmək və vətandaş müharibəsinə imkan yaratmadan yeni konstutusiya üçün liberal və dünyəvi istiqamətlərdə addımlar atmalıdırlar. Əks təqdirdə azadlıq və ədalət prinsiplərinə sadiq qalmamaq Misirdə yeni hökümətin ciddi problemlər ilə qarşılaşacağından xəbər verir.
Ümumiyyətlə, "Ərəb Baharı" adlandırılan proses artıq yeni mahiyyət qazanaraq özünəməxsus hərəkət istiqamətlərinin yaranmasına səbəb olmaqdadır. Qeyd etməliyəm ki, Misir və Türkiyənin dəstəyi ilə İsrail Qəzzaya bombardımanı dayandırdı və Qəzzada atəşkəs elan olundu. Həmas bu mənaa siyasi güc olaraq öz manevr etmə istiqamətlərini genişləndirdi. Beləliklə, Orta Şərqdə meydana gələn yeni balanslar prosesi, müxtəlif aspektlərdə təsirini göstərməkdədir. Məhz bu mənada qarşıya çıxan problemlərdən biri də İsrail və Fələstin probleminin son vəziyyəti ilə bağlıdır. Belə ki, yalnız Vatikanın malik olduğu "üzv olmayan müşahidəçi dövlət" statusu Fələstini müstəqil dövlət olma statusuna daha da yaxınlaşdırmaqdadır. Fələstin Muxtariyyəti BMT-yə 2011-ci ildə tam üzv dövlət olma müraciətini etdi. Ancaq ABŞ-ın bu müraciəti Təhlükəsizlik Şurasında veto edəcəyi ilə müraciət gündəliyə alınmadı. Fələstin bu dəfə tam üzv dövlət statusundan bir mərtəbə aşağıda olan "üzv olmayan müşahidəçi dövlət" statusuna keçmək üçün müraciət etdi. Bu müraciətin əvvəlkindən fərqi burada Təhlükəsizlik Şurasının təsdiqi üçün yer yoxdur. Bu səbəblə Fələstin ABŞ-ın veto gücünü diqqətə almadan ümumi iclasda dəstəyə çatdı. Belə ki, "müşahidəçi üzv dövlət" statusu Fələstinin İsrail haqqında beynəlxalq məhkəmələrə müraciət etmə şansını daha da gücləndirəcəkdir. İsrail isə, öz növbəsində, buna etiraz edir və BMT-nin etirazına baxmayaraq, Qəzzada yeni evlərin tikintisinə başlayacağını da elan etdi. Nəticədə məsələ sülh yolu ilə həll olunmaz isə İsrail, eyni zamanda, Türkiyə ilə də problem yaşayacaqdır. Digər cəhətdən İranın regiondakı nüfuz dairəsi və "Hizbullah"a verdiyi dəstək bu problemin başqa bir tərəfini də meydana çıxarır. Nəticədə, İsrail mərkəzli Fələstin problemi dünyanı idarə edən güclər arasında bariz konfliktlərin olduğunu və yaxın zamanda bu konfliktlərin daha da qızışacağı ehtimalını göstərməkdədir.
Son olaraq isə qeyd etməliyəm ki, Suriyadakı vətandaş müharibəsi hələ də acınacaqlı şəkildə davam etməkdədir. Məhz Rusiya prezidenti Vladimir Putinin Türkiyənin baş naziri R T. Ərdoğanla İstanbuldakı görüşməsində ifadə etdiyi fikirlər Rusiyanın Suriyadakı rejim dəyişikliyi haqqında fikrini dəyişmədiyini göstərməkdədir. Belə ki, Rusiya Əsəd rejiminin dəyişilməsini, eyni zamanda, ABŞ və müttəfiqləri tərəfindən Rusiyanın nüfuzunun aşağı düşürülmə səyi olaraq da qiymətləndirməkdədir. Nəticədə, regionda baş verən daxili çəkişmələr və xarici qüvvələrin bu çəkişmələrdən istifadə edərək öz siyasi, iqtisadi və hərbi maraqları istiqamətində hərəkət etmələri hələ də regionun "barıt çəlləyi" olduğunu bir daha göstərməkdədir.
Rəşad İlyasov,
fəlsəfə doktoru