ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton cari ilin 21 sentyabrında müstəqilliyini qeyd edən Ermənistanı təbrik edərkən "Amerika tərəfdaş və dost kimi hər zaman Ermənistanın yanındadır" deyib. Əlbəttə, bu bir təbrikdir. Amma ABŞ hökuməti bunu əməli ilə də təsdiq edir.
Ermənistan müstəqilliyini elan edəndən bu günə qədər İsraildən sonra ABŞ-dan adambaşına ən çox maliyyə yardımı alan ikinci dövlətdir. Ərazisində Rusiya hərbi kontingentinin olmasına rəğmən ABŞ Ermənistana bir çox sahələrdə maliyyə və texniki köməklik edir. Sənaye, enerji, kənd təsərrüfatı infrastrukturunun yenidən qurulması üçün müxtəlif layihələr həyata keçirir.18 oktyabrda Dövlət departamentinin rəhbərinin müavini Erik Rubin və ABŞ-ın Avropa və Avrasiyaya yardımı proqramının koordinatoru Daniel Rozenblyumun rəhbərliyi ilə Ermənistan-ABŞ işçi qrupunun növbəti toplantısı keçirilib. Toplantıda gömrük, vergi, ədalətli rəqabət, ticarət məsələləri müzakirə edilib və enerji sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.Son zamanlarda iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi tendensiyası yaşanır. Sentyabr ayında ABŞ-ın Kanzas əyalətinin milli qvardiya komandanlığının rəhbəri general-mayor Li Tafanelli Ermənistan-Kanzas əməkdaşlığı çərçivəsində Ermənistanı ziyarət edib. Tafanelli Ermənistan Müdafiə naziri Seyran Ohanyan və Baş qərargah rəisi Yuri Xaçaturov ilə də görüşüb və minadan təmizləmə, hərbi səhiyyə sahəsində beş illik əməkdaşlıq perspektivləri müzakirə edilib.Tafanellinin ziyarətindən sonra ABŞ Hərbi dəniz donanması komandanının müavini Reem Meybus 29 oktyabrda Ermənistanı ziyarət edib və Müdafiə naziri Seyran Ohanyan ilə görüşüb. Meybus ziyarətində əsasən müdafiə sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini gündəmə gətirib. Müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə də toxunan Meybus bu sahədə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.Təhlükəsizlik və hərbi sənaye baxımından tamamilə Rusiyanın nəzarətində olan Ermənistana son zamanlarda ABŞ hərbiçilərinin ziyarəti əlbəttə təsadüfi deyildir. ABŞ Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa cəhd edir. İqtisadi, siyasi və maliyyə sahələrindəki əməkdaşlığı hərbi və müdafiə sənayesi çərçivəsində də həyata keçirməyə çalışan ABŞ buna nə qədər nail olacaq hələlik məlum deyil. Əhəmiyyətli olan belə bir addımın atılmasıdır. ABŞ-ın bu siyasəti ilə bağlı Rusiya mətbuatında müxtəlif fikirlərin ifadə edilməsinə baxmayaraq Rusiya rəsmiləri tərəfindən hələlik münasibət bildirilməyib.Dünya miqyasında demokratiyanın qoruyucusu rolunu oynamağa çalışan ABŞ-ın əsas hədəf və məqsədi bəşəriyyətin yeganə xilas yolu kimi təqdim olunan demokratiyadan öz milli mənfəəti üçün başarılı şəkildə istifadə etməkdir. ABŞ-ın soyuq müharibədən bu günə qədər bu üsuldan məharətlə istifadə edir. Soyuq müharibədə qarşı tərəfdə SSRİ (Varşava Paktı) vardı, daha sonra isə ABŞ-ın özünün rəvac verdiyi və istiqamətləndirdiyi beynəlxalq terrorizm (Qərb ədəbiyyatında "islam terrorizmi") ortaya çıxdı.ABŞ qlobal təhlükəsizlikdən bəhs edərkən sadəcə özünün təhlükəsizliyini nəzərdə tutur, amma bunu çoxşaxəli KİV vasitəsi ilə dünya ictimaiyyətinə tamamilə başqa cür təqdim edir. Qlobal təhlükəsizlikdən bəhs edən, qorumağa çalışdıqlarını iddia edən böyük dövlətlərin hamısının silah ticarətində ilk yerlərdə olması onların sülh və təhlükəsizliyin təminatı olmaq iddiaları ilə təzad təşkil edir. Silahlı münaqişələrin yaşandığı bölgələrə silahları kim satir? Heç bir silah istehsalçısı olan dövlət silahlı münaqişəyə tərəf olan dövlətlərə silah satmasa və yaxud "hədiyyə" etməsə bu münaqişələrin həlli daha asan olar.11 sentyabr hadisəsindən sonra ABŞ Müdafiə Nazirliyi beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasında yer alan Cənubi Qafqaz dövlətləri haqqında məlumat verərkən Azərbaycan ilə əməkdaşlığına dair müsbət rəy versə də, Ermənistan və Gürcüstan ilə müqayisədə Azərbaycana göstərdiyi iqtisadi və maliyyə köməyi çox azdır. Ən əhəmiyyətlisi isə ABŞ hökumətinin Azərbaycana birbaşa köməklik etməsini əngəlləyən 907-ci düzəlişin hələ də tam olaraq ləğv edilməməsidir.Әlbәttә, Azərbaycanın iqtisadi potensialı ilə Ermənistan və Gürcüstanın potensialını müqayisə etmək doğru olmazdı. Azərbaycan bütün iqtisadi göstəricilərə görə, hər iki dövlətdən daha üstündür. Amma burada əsas məsələ Ermənistanın militarist siyasət həyata keçirərək Cənubi Qafqazın təhlükəsizliyini ciddi şəkildə təhdid etməsidir.ABŞ bölgә və qlobal təhlükəsizliyi təhdid edən, beynəlxalq terrorizmə dəstək verən, nüvə silahı əldə etmək istəyən dövlətlərə qarşı iqtisadi, siyasi sanksiyalar tətbiq edir. Əlbəttə bu təqdirəlayiq haldır. Amma bu zaman beynəlxalq hüquq, ədalət prinsipinə əməl etmək lazımdır. Təəssüflər olsun ki, ABŞ bu məsələyə də qlobal təhlükəsizliyi qorumaq üçün yox, öz mənafeləri prizmasından yanaşır. İşğalçı Ermənistanı hər il iqtisadi, siyasi yardımlarla mükafatlandıraraq torpaqları işğal altında olan Fələstinə, vətəndaş müharibəsinin yaşandığı Suriyaya, demokratik dəyərlərə əməl etmədiyi iddiasıyla Belorusa sanksiyalar tətbiq etmək nə qədər ədalətlidir?ABŞ 11 sentyabr hadisəsindən sonra beynəlxalq terrorizmə qarşı mübarizədə Ermənistana təzyiq göstərməmiş, Əl Qaidə terror təşkilatı nümayəndələrinin Ermənistan pasportu ilə ABŞ-a daxil olması və fəaliyyət göstərməsindən sonra da Ermənistan ilə münasibətlərini yenidən nəzərdən keçirməyə ehtiyac görməmişdir.Levon Ter Petrosyanın prezidentliyi illərində Ermənistan Tәhlükәsizlik naziri olan David Şahnazaryan 2002-ci ildə sensasiyalı bir məlumat verərək Əfqan terroristlərin Ermənistan pasportu ilə ABŞ-a getdiklərini bildirmişdi. Xəbər mənbəyini açıqlamayan Şahnazaryan bu məsələnin iki ölkə arasında müzakirə edildiyini ifadə etmişdi. Şahnazaryan ABŞ-ın Ermənistan vətəndaşlarına yanlışlıqla viza tətbiq etmədiyini və bunun xəbərdarlıq olduğunu qeyd etmişdir. Belə ki, ABŞ-ın Ədliyyə nazirliyi beynəlxalq terrorizmə dəstək verən dövlətlərə qarşı tətbiq etdiyi viza rejimini Ermənistan vətəndaşlarına da tətbiq etmişdi. Ermənistan ABŞ-ın bu qərarı tətbiq etdiyi 21-ci və tək xristian dövlət idi. Bu viza rejimi Amerikada yaşayan və yaxud 16 yaşından sonra Amerikaya gələn Ermənistan vətəndaşlarına tətbiq olunurdu. Qeyd etmək lazımdır ki, 11 sentyabrdan sonra alınan bu qərar adətən İran, İraq, Sudan, Suriya, Pakistan və başqa müsəlman ölkәlәrә tətbiq edilirdi.ABŞ Ermənistana sərt viza rejimini tətbiq etməsini Ermənistan hökuməti və diaspora təşkilatları tənqid etmişdi. Ermənistanın ABŞ-dakı səfiri Armen Kirakosyan hökumətin və diaspora təşkilatlarının etirazlarını koordinasiya etmişdir. Diaspor tәşkilatları Ədliyyə nazirliyinin bu qərarını dəyişdirmək üçün minlərlə faks göndərərək etirazlarını bildirmişdi.ABŞ-da terror və silah qaçaqçılığından həbs olunan Erməni Milli Komitəsinin Sədri Murad Topalyan erməniləri dəstəkləyən senatorlarla görüşərək narahatçılığını bildirmişdi. Ermənistan hökuməti və diaspor təşkilatlarının etirazlarından sonra 18 dekabr 2002-ci ildə ABŞ Ədliyyə nazirliyi Ermənistana tətbiq edilən sərtləşdirilmiş viza rejimini ləğv etmişdi.Bütün bunlara rəğmən ABŞ hələ də Ermənistan ilə münasibətlərini genişləndirməyə cəhd edir, Azərbaycan torpaqlarını işğal etməsini, Ermənistan ordusunun nəzarətində olan bölgədə terrorçuların, silah və narkotik qaçaqmalçılığın rəvac almasına göz yumur. İran ilə iqtisadi әmәkdaşlıq edən dövlətlərə təzyiq göstərsə də, bu ölkə ilə təbii qaz ticarəti edən, Araz çayı üzərində hidroelektrik stansiyasını tikməyə qərar verən, İrana nüvə silahı komponentlərini ötürən Ermənistana təzyiq göstərmir.
Newtimes.az