12 dekabr 2003-cü il hər bir azərbaycanlı vətəndaşı üçün çox ağır bir gün olaraq yaddaşlara həkk olunub. Həmin gün xalqımızın xilaskarı, dövlətimizin qurucusu Ümummilli Liderimiz Heydər Əliyev haqq dünyasına qovuşdu. O gündən axın-axın insanlar Fəxri Xiyabana gedərək, Onun məzarını ziyarət edir, ruhuna dualar oxuyub, abidəsi önünə gül dəstələri düzürlər, bununla bir daha Dahi Öndərimizə öz məhəbbətlərini ifadə etmiş olurlar. 2003-cü ilin 12 dekabr tarixi hər bir qədirbilən Azərbaycan vətəndaşı üçün çox ağır bir gün idi.
O mənada ki, Ümummilli Liderimiz Azərbaycanımızı məhv olmaqdan, uçurum kənarından, həmçinin, bizləri gələcək nəsillərin qınağından xilas edib. Ən əsası isə, əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı olub. Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə Azərbaycanın ən çətin, ən gərgin illərində hakimiyyətə gələrək, bu çətinlikləri öz bacarığı, praqmatik siyasəti ilə dəf etməyi bacardı və ölkəmizi inkişaf yoluna çıxardı. Azərbaycan müstəqillik qazandıqdan sonra məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ötən əsrin əvvəllərində repressiyaya məruz qalmış, mühacir həyatı yaşamış neçə-neçə şəxsiyyətlər, alimlər, dövlət xadimləri, şair və yazıçılar, incəsənət adamları, ordu sərkərdələri, adı və xidmətləri unudulmaqda olan dəyərli ziyalılarımız yenidən xalqın mənəvi yaddaşına qaytarıldı. Bütün Azərbaycan bilir ki, bu əlçatmaz həqiqətlərin reallaşması məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan varlığını bütün dünyada təsbit etmək məramından irəli gəlirdi. Bu, həm də dünyanın ən böyük Azərbycanlısı olan Heydər Əliyevin görkəmli dövlət xadimi olmaqla yanaşı, eyni zamanda, əsil ziyalılığından xəbər verirdi.
Hər dövrdə, hər cəmiyyətdə tərbiyə o halda uğurlu olur ki, onun əyani şəxsi nümunəsi olsun. Tarix bu nümunəni bizə bəxş etməklə gənc nəslin tərbiyə işinə böyük töhfə vermişdir. Milli ruhda tərbiyə alan insanın ən yaxşı ideal nümunəsi Öndərin mübarizələr və qələbələr dolu bioqrafiyasıdır. Etiraf etməliyik ki, biz bu bioqrafiyanın əsas mənasını, pedaqoji fəlsəfəsini kifayət qədər tədris və təbliğ edə bilmirik. Rəhbərin həyat yolunu əks etdirən materialların, əyani vasitələrin, kitab və filmlərin azlığı və natamamlığı hiss olunur. Mövcud kino materiallarında sovet dövrünün təbliğat kitabları çox qabarıqdır. Bu ştampların arxasında Öndərin şəxsiyyətinin milli səciyyəsi, onun milli zəmin və dəyərlərlə bağlılığı öz əksini bəzən çox zəif tapmışdır. Heydər Əliyev şəxsiyyətindən söhbət gedərkən buraya Azərbaycanı da əlavə etmək lazım gəlir. Çünki Heydər Əliyev şəxsiyyəti Azərbaycanla bütövləşmiş, onun ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçmişdir.
Azərbaycanın milli-mənəvi dəyərlərinə Ulu Öndərin ruhən bu qədər vurğunluğunu da, görünür, elə bu bağlılıqda axtarmaq lazımdır. Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, bu problemin həlli ilə bağlı müəyyənləşdirdiyi xətt, atdığı addımlar bəzən əsil mahiyyəti üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən yanlışlıqlara yol verilir. Ümummilli Liderin bu sahədə xidmətlərinin, sadəcə olaraq, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, təhsilinə, səhiyyəsinə yüksək qayğı kimi səciyyələndirilməsi bu işlərin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Çünki görülən bu işlər sadəcə qayğı göstərilməklə məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsi göz bəbəyi tək qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş məqsədyönlü addımlardır.
Azərbaycanın artan gücünə və nüfuzuna yalnız düşmənlər sevinməyə bilər. Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə Azərbaycanın ən çətin, ən gərgin illərində hakimiyyətə gələrək praqmatik siyasəti ilə bütün çətinlikləri dəf edərək ölkəmizi inkişaf yoluna çıxardı. Heydər Əliyevin həmin illərdə görmüş olduğu böyük işlərdən biri də YAP-ın yaradılması idi. YAP o dövrdə ölkənin istinadgahı, dayağı kimi, özünü Azərbaycanın xilasına həsr etməyi bacaran insanların bir araya gəldiyi qurum kimi yaranmışdı. YAP-ın təsis olunması və Ulu Öndərin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. YAP yaranandan dərhal sonra bütün fəallarımız, ziyalılarımız, cəmiyyətin hər təbəqəsindən olan insanlar, o cümlədən, qadınlarımız mütəşəkkil şəkildə partiyanın sıralarına gəldi. Mən Ümummilli Liderimizin anım günü ərəfəsində Onun ruhu qarşısında baş əyirəm. Azərbaycanda qeydə alınan iqtisadi inkişaf tempi beynəlxalq aləm tərəfindən də təqdir edilir. Onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük işlərə pərvazlandıran, ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci dövlət başçısı olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Müstəqil Azərbaycan dövləti BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" haqqında Konvensiyaya qoşulub. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Yeri gəlmişkən, onu da qeyd edim ki, YAP Qadınlar Şurası da 1995-ci ildə məhz Ulu Öndərimizin təşəbbüsü ilə yaradıldı. O zaman cəmiyyətin bütün fəal qadınları partiyamızın sıralarına qoşuldular. Bu gün YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə, elə buna görə də, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Hazırda Azərbaycan qadını beynəlxalq müstəvidə ölkəmizi, xalqımızı layiqincə təmsil edir. Xüsusilə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxımdan hər bir Azərbaycan qadını üçün bir örnəkdir. Mehriban xanımın fəaliyyəti nəticəsində xeyriyyəçilik ölkədə bir hərəkata çevrilib. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir. Azərbaycanın zəngin mədəniyyətinin incisi sayılan muğamın geniş təbliği, milli-mədəni dəyərlərimizin qorunub saxlanması istiqamətində atdığı addımlar, təhsilin, səhiyyənin inkişafına verdiyi əvəzsiz töhfələr Mehriban xanım Əliyevanın Azərbaycan qadınlarını layiqli şəkildə təmsil etdiyinin bir nümunəsidir.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını həyata keçirən Mehriban xanım Əliyeva miqyası və mahiyyəti etibarı ilə böyük işlərin təşəbbüskarıdır. Və son olaraq, demək istəyirəm ki, Heydər Əliyev ideyalarının əsasında dövlətçilik məfkurəsi, dövlətçilik əbədiyyəti və dövlətçilik fəlsəfəsi dayanır. Mən xüsusilə demək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin qoyduğu bu yol bizi müqəddəs bir məbədə çatdırmış yoldur. O müqəddəs məbəddə hər birimizə lazım olan azadlıq, istiqlaliyyət, ədalət var ki, orada bütün bu məfhumlarla yanaşı zəhmət, hünər, qətiyyət və zəfər var. Çünki həmin məbədin təməlində Ümummilli Liderimiz Heydər Əliyevin sarsılmaz ideyaları, Prezident İlham Əliyevin Azərbaycanın daha da qüdrətlənməsinə hesablanmış böyük, qlobal işləri dayanmaqdadır.
NURLANA ƏLİYEVA,
YAP Qadınlar Şurasının sədri, professor