Elçin Quliyev: "12 min 11 nəfər sərhəd rejimini pozduğuna görə, məsuliyyətə cəlb olub"
Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən, Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı.
1992-93-cü illərin əvvəllərində dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımi səviyyədə təşkil olunmurdu. Səriştəsizlik, xüsusilə xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti ilk vaxtlar Sərhəd Qoşunlarının formalaşması prosesində inamsızlıq yaradırdı. Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillərin sökülməsi və müxtəlif strateji malların kənara daşınmasına şərait yaradılması respublikamızın iqtisadiyyatını sarsıdır, bəzən də sərhədlərimizi qoruya bilməyəcəyimiz barədə ortaya atılan bədxah fikirləri sübuta yetirməyə xidmət edirdi.
Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu
1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində ictimai həyatın bütün sahələrində, olduğu kimi, dövlət sərhədinin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin 2-ci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.
Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi prosesləri uğurla davam etdirildi. İqtisadi çətinliklərə baxmayaraq, Sərhəd Qoşunlarının nəqliyyat vasitələri, eləcə də, rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı yaxşılaşdırıldı. Sərhəddə mühəndis-texniki qurğuların bərpası, qaçaqmalçılıqla mübarizə, şəxsi heyətin döyüş və siyasi hazırlığının yüksəldilməsi ilə yanaşı, şimal və şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirildi.
Hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1226 mənzilin inşası üzrə tədbirlər reallaşdırılıb
Məlum olduğu kimi, hərbiçilərin, o cümlədən, hər bir sərhədçi zabitin xidmətinə bilavasitə təsir göstərən amillərdən biri də sosial şəraitin yaxşılaşdırılması və bu sahədəki problemlərin həllidir. Son illər ölkə rəhbərliyinin və şəxsən Ali Baş Komandan cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsində bu istiqamətdə daha mühüm addımlar atılmaqdadır.
Məhz bu uğurların nəticəsidir ki, hazırda müqəddəs sərhədlərimiz ən etibarlı surətdə qorunmaqdadır.
Belə ki, dünən Dövlət Sərhəd Xidmətinin yeni istifadəyə verilmiş akt zalında Dövlət Sərhəd Xidmətinin 2012-ci il ərzindəki xidməti fəaliyyətinin illik hesabatı təqdim olunub. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev tədbirdə çıxış edərək bildirib ki, dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədilə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində önəmli nailiyyətlər əldə olunub. Bildirilib ki, 420 binadan ibarət 41 tikinti kompleksinin, o cümlədən, 10 yeni hərbi hissə komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilib: "Hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1226 mənzilin inşası üzrə tədbirlər reallaşdırılıb".
Elçin Quliyev vurğulayıb ki, bu ilin ötən dövründə Azərbaycan sərhədçiləri tərəfindən terrorçuluqla mübarizə çərçivəsində 10 nəfər saxlanılıb: "Hesabat dövründə, 7 Azərbaycan, 2 xarici vətəndaş casusluğa görə saxlanılıb. Qanunsuz miqrasiya ilə bağlı 5 qrup, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil dəstə zərərsizləşdirilib. Azərbaycanın dövlət sərhədlərini pozan 615 sərhəd pozucusu, eləcə də, sərhəd rejim qaydalarını pozan 12011 şəxs saxlanılıb. Sərhəd pozucularından 25,1 faizi Azərbaycandan digər ölkələrə keçərkən, 74,9 faizi isə digər ölkələrdən Azərbaycana gələrkən tutulub.
Sərhəd pozucularının 36,8 faizi Azərbaycan-Rusiya, 15,1 faizi Azərbaycan-İran, 10,9 faizi Azərbaycan-Gürcüstan, 0,3 faizi Azərbaycan-Türkiyə sərhədində saxlanılıb. Onların 1,6 faizi dəniz, 35,2 faizi hava sərhədlərini pozarkən tutulublar.
DSX rəisinin sözlərinə görə, sərhəd pozucularının 63 faizindən çoxu Azərbaycan vətəndaşları olub. Digərləri isə Özbəkistan, İran, Gürcüstan, Əfqanıstan, Nigeriya və digər dövlətlərin vətəndaşları olublar.
Dövlət Sərhəd Xidməti Avropa Birliyi GUAM, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir
DSX-nın rəisi bildirib ki, hesabat dövründə 10 halda dövlət sərhəd xidməti əməkdaşları tərəfindən silah tətbiq edilib. Silah tətbiqi zamanı bir İran vətəndaşı yaralanıb, biri ölüb: "427 nəfər saxta, 21 nəfər özgəsinə məxsus sənədlə, 24 nəfər isə gizli şəkildə sərhədi keçməyə cəhd edib. 1896 nəfər axtarışda olan şəxs tutularaq hüquq-mühafizə orqanlarına verilib. 4836 nəfər ölkədən cıxışına qadağa qoyulmuş şəxs, 463 nəfər ölkəyə girişi qadağan olunmuş şəxs sərhəddən buraxılmayıb. 7 milyon 857 min manatlıq qaçaqmal müsadirə olunub. 250 kq-dan artıq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb. 3 halda dənizdə xilasetmə əməliyyatı keçirilib, 11 nəfər xilas olunub. Azərbaycana məxsus 80, Rusiyaya məxsus 18, İrana məxsus 3, Türkmənistana məxsus 5 gəmiyə və Azərbaycana məxsus 539 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 18, Rusiyaya məxsus 5, İrana məxsus 1 gəmi və Azərbaycana məxsus 250 qayıq barəsində zəruri tədbirlər görülüb.
Dövlət Sərhəd Xidmətinin rəisi həmçinin bildirib ki, Dövlət Sərhəd Xidməti Avropa Birliyi, GUAM, ATƏT və s. beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Eyni zamanda, qeyd olunub ki, bu il ərzində xidmətin döyüş fəaliyyəti üçün aşağıdakı işlər həyata keçirilib:
1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da DSX-nin Naxçıvan Sərhəd Diviziyasının açılış mərasimində iştirak edib.
2. İyulun 31-də DSX -nin Lənkəran Sərhəd Dəstəsinin Qornizonuna baxış keçirilib.
3. Oktyabrın 7-də Yevlax şəhərində DSX-nin yeni hərbi hissəsinin açılışı olub.
4. 14 avqust 2012-ci il tarixində isə Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını orden və medallarla təltif edib.
Hesabatın sonunda Sərhəd Qoşunlarının komandanı tərəfindən hərbi hisslərin və struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib, 2013-cü ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqlar qeyd olunub, xidməti-döyüş fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif edilib.
Nəticədə, tam əminliklə demək olar ki, bu gün Azərbaycanın dövlət sərhədləri 24 saat, hər cür hava şəraitində etibarlı şəkildə qorunur. Eyni zamanda, yeni silahların, ən müasir döyüş və mühafizə standartlarına uyğun olan hərbi texnikaların, gəmilərin, katerlərin alınması da nəzərdə tutulur ki, bütün bunlar qarşıdakı bir neçə ildə sərhədçilərimizin imkanlarını dəfələrlə artırmış olacaq.
RÖVŞƏN NURƏDDİNOĞLU