Ölkəmiz təkcə enerji resurslarının zənginliyi ilə deyil, həm də yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər idman yarışları və digər beynəlxalq tədbirlərlə dünyanın diqqətini cəlb edir
21 illik müstəqillik tarixinə malik olan Azərbaycanın müstəqil xarici siyasəti uğurlu daxili siyasətinin məntiqi davamıdır. İqtisadi islahatlarını zamanın tələbinə uyğunlaşdırmaqla iqtisadi möcüzələr ölkəsi kimi tanınan respublikamız beynəlxalq maliyyə qurumlarının hesabatlarında ön yeri tutmaqla inkişafın Azərbaycan modelinin mövcudluğunu bir daha nümayiş etdirir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin iqtisadi və maliyyə böhranlarından uğurla çıxmasına stimul verir.Hər zaman qeyd edildiyi kimi, ölkənin hərtərəfli inkişafı uğurlu sosial-iqtisadi islahatlardan asılıdır. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, əldə olunan təcrübələrin öyrənilməsinin və tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyi aydındır. Bu baxımdan xüsusi əhəmiyyət kəsb edən beynəlxalq tədbirlər həm də hər bir ölkənin malik olduğu imkanların təqdimatı kimi dəyərləndirilir.Ulu öndər Heydər Əliyevin dünya təcrübəsinə istinadən söylədiyi "Heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz" fikri də bu gerçəkliyin təsdiqidir. Azərbaycanın iqtisadi inkişafının əsasında dayanan, dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirən "Əsrin müqaviləsi"nin imzalanmasından ötən dövr ərzində qazanılan uğurlara diqqət yetirmək kifayətdir. Ümummilli lider Heydər Əliyev respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, onlarla müştərək iş görməyi iqtisadi sahədə əsas istiqamətlərdən biri hesab edirdi. Bu gün həmin xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev ötən ilin dekabrında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən 33 ölkədən 60-a yaxın nümayəndənin iştirak etdiyi "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı təbrik məktubunda da bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Bu səbəbdən dünyanın 30-dan artıq ölkəsinin nümayəndələrinin iştirakı ilə bu günün çağırışları ətrafında fəal dialoqun təşkil edilməsi təqdirəlayiq hadisə kimi dəyərləndirilməlidir. Həmin konfransda hazırkı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğu önə çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilmişdir. "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)"nın ardınca "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" (2006-2015-ci illər), "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" icra olunur. Atılan bu addımların nəticəsində yoxsulluq səviyyəsinin 49 faizdən 7,6 faizə enməsi müsbət hal kimi qeyd edilir. Azərbaycanın yaxın on il ərzində enerji layihələrinin uğurla həyata keçirilməsi nəticəsində dövlət büdcəsinin 150-200 milyard dollardan çox olacağını proqnozlaşdıran Beynəlxalq Valyuta Fondunun təmsilçiləri bu gerçəkliyi də diqqətə çatdırırlar ki, inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda Azərbaycanda yoxsul olmayacaq. Bu ilin noyabrında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı əsasında 35 ölkədən 200-dən çox nümayəndənin qatıldığı, iki gün davam edən "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq" mövzusunda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında da bu fikir xüsusi qeyd edildi ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycan düzgün qurulan siyasət nəticəsində beynəlxalq aləmdə özü-özünü təmin edən ölkə kimi tanınır. Dövlət başçısı İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının iştirakçılarına təbrik məktubunda da vurğulanırdı ki, qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyllərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir. Elə dövlət müstəqilliyinin 21-ci ildönümünü böyük iqtisadi və sosial yüksəlişlə qeyd edən Azərbaycan da iqtisadi inkişafın "Azərbaycan modelini" yaratmağa nail olmuşdur. Bu inam da ifadə edilmişdir ki, Baş Assambleyanın iştirakçı ölkələri bir-birinin təcrübəsindən faydalanaraq beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirəcək və dövrümüzün aktual problemlərinin həllinə layiqli töhfələrini verəcəklər.Dövrümüzün aktual problemlərinə çevrilən yeni iqtisadi və sosial çağırışlara dair fikir mübadiləsi aparmaq niyyəti ilə dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, alimlərin, ictimai xadimlərin Bakıya toplaşması ölkəmiz haqqında ətraflı məlumatların əldə olunması, həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malik olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu fikir Prezident İlham Əliyev tərəfindən hər zaman qeyd edilir ki, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsasını, inkişafa aparan yolun baş xəttini təşkil edir. Azərbaycanın yeni iqtisadi və sosial çağırışlar mövzusunda müzakirələrin aparılması üçün məkan seçilməsi bir daha həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların təsdiqidir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır.Cari ilin ötən dövründə Bakıda keçirilən beynəlxalq tədbirlər də deyilənlərin təsdiqidir. İlin əvvəlində keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyasında bu fikir xüsusi qeyd edilmişdir ki, toplantının Azərbaycanda təşkili sürətli iqtisadi inkişafın və Avropaya inteqrasiyanın göstəricisidir. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, sessiya birmənalı olaraq Azərbaycanla Avropa təsisatları arasında əməkdaşlıq ruhunu daha da gücləndirəcək: "Avropalı dostlarımız, adətən, Azərbaycan haqqında neft və qaz ölkəsi kimi danışırlar. Bu da təbiidir. Biz bunu dəyişməliyik. Ancaq necə? Əməkdaşlıq yolu ilə! Bunun üçün insanları dəvət etməliyik, təmaslar qurmalıyıq, qarşımızda duran mühüm məsələləri müzakirə etməliyik. Biz, həmçinin özümüz üçün müəyyən etməliyik ki, güclü tərəfdaşlarımızı hansı yolla daha da inkişaf etdirək." Həmin tədbirin ardınca Bakıda Krans Montana Forumu keçirildi. Bu tədbirdə də ölkəmizin iqtisadi və demokratik islahatlar sahəsində qazandığı uğurlar təhlil olunaraq, forumun keçirilmə məqsədinin açıqlanması fonunda dövlət başçısı İlham Əliyev bildirmişdir ki, biz çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük verir və bunun gücləndirilməsinə çalışırıq. Cari ilin oktyabrında dünyanın 100-ə yaxın ölkəsinin siyasi, mədəni və elmi ictimaiyyətinin görkəmli nümayəndələrinin, tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, aparıcı KİV təmsilçilərinin iştirakı ilə Bakıda keçirilən "XXI əsr: ümidlər və çağırışlar" devizi altında II Beynəlxalq Humanitar Forum da Azərbaycana dünyanın diqqət və marağını bir daha ortaya qoydu. Multikulturalizmin, qarşılıqlı münasibətlərin, svilizasiyalararası dialoqun aktual məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edən Forumda Şərq və Qərb mədəniyyətlərinin, svilizasiyalarının qovşağında yerləşən Azərbaycanın bu sahədə də təcrübəsi təqdir olundu, öyrənilməsinin vacibliyi bildirildi. Ölkəmizdə yaranan demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirdilər ki, dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin. İllərin təcrübəsi göstərir ki, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan milli-mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir.II Bakı Beynəlxalq Humanitar Forumundan sonra Azərbaycan növbəti mötəbər tədbirə-İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısına ev sahibliyi etdi. Zirvə toplantısı Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan üçün iqtisadi transformasiyanın artıq reallıq olduğunu diqqətə çatdıran dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 83 faizinə sahib olması onun artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də deyilənlərin təsdiqidir.Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyev bu fikri böyük əminliklə qeyd edir ki, biz dünya miqyasında çox vacib bir diskussiya meydanını yarada bilmişik.Əldə olunan uğurların möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında sərəncamı bu istiqamətdə perspektiv vəzifələrin və onların həlli yollarının aydın müəyyən olunmasına yönəlib. Əsas məqsəd ölkənin qüdrətini daha da artırmaq, sosial rifahı yaxşılaşdırmaq, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirməkdir.İqtisadi tərəqqi ölkənin hərtərəfli inkişafında vacib amildir. Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ünvanlı sosial yardım proqramının həyata keçirilməsi də yoxsul təbəqəyə dövlətin göstərdiyi diqqət və qayğının tərkib hissələrindəndir. "Bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın" bildirən dövlət başçısı İlham Əliyev son 9 ildə yoxsulluq şəraitində yaşayan insanların sayının beş dəfə azalmasını bu məqsədə çatmaq istiqamətində atılan addımların uğurlu nəticəsi kimi qeyd edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, neft gəlirlərindən səmərəli istifadəyə yönələn addımlardan biri kimi 1999-cu ildə Neft Fondunun yaradılması xüsusi qeyd olunur. Hazırda Dövlət Neft Fondunun aktivlərinin həcmi 32 milyard dollardan artıqdır. Bunun davamı olaraq Prezident İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixili fərmanı ilə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)" təsdiqləndi. Strategiyanın uğurlu icrası əldə olunan nəticələrdən aydın görünür. Bu fikir dəfərlərlə dövlət başçısı İlham Əliyevin çıxışlarında bəyan edilir ki, neftlə zəngin çox ölkələr var, amma bu ehtiyatlar heç də onların hamısına uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Azərbaycanda isə siyasətin düzgün qurulması bu problemin yaşanmamasına öz müsbət təsirini göstərir. Yəni neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını zərurətə çevirir. Ölkəmizdə çox mükəmməl və şəffaf idarəetmə, o cümlədən resursların idarəedilməsi sahəsində sistem yaradılıb. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır. Bəzi maliyyə qurumları ölkəmizə ayırdıqları kreditlərin həcmini azaldarkən, yaxud birdəfəlik dayandırarkən bu amili önə çəkirlər ki, Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları problemlərini təkbaşına həll etməyə imkan verir.Dövlət Neft Fondunun şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilməsi də deyilənlərin təsdiqidir. Fond mütəmadi olaraq aktivləri, bu vəsaitlərin istiqamətləndirildiyi sahələr üzrə ayrılmalar barədə ətralı məlumat verir. Bu gün Azərbaycanın ən böyük maliyyə vəsaiti tələb edən layihələri gerçəkləşdirmək imkanında olması da bu vəsaitlərə əsaslanır. 2010-cu ildə istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəməri də Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdi. Oğuz-Qəbələ-Bakı su kəməri öz strateji əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə bərabər tutulacaq layihədir. Yaxın zamanlarda istifadəsi nəzərdə tutulan BTQ dəmir yolu layihəsi də Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşir.İnkişaf etmiş ölkələrdə sosial ödəmələrin azaldığını, iş yerlərinin bağlandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, bunun əksi olaraq ölkəmizdə yeni iş yerləri yaradılır, əmək haqları və pensiyalar artırılır, sosial proqramlar uğurla icra edilir. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində 2003-cü ildən bu günə qədər yeni iş yerlərinin sayı bir milyondan artıqdır.Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet məsələ kimi önə çəkərək bildirmişdir ki, əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırımalıdır. İqtisadi göstəricilər rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünü büruzə verməlidir. Bu əminliyin yaranmasına səbəb isə ölkəmizin iqtisadi və maliyyə imkanlarının günbəgün genişlənməsidir.Qeyd etdiyimiz kimi, əhalinin sosial rifah halının yaxşılaşdırılması daim diqqətdə olan məsələdir. Dövlət başçısı İlham Əliyevin ötən ilin dekabrında imzaladığı sərəncamla əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə minimum aylıq əməkhaqqının məbləği 10 faiz artırılaraq 93,5 manat müəyyən edilmişdir. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin tez-tez paytaxtın ayrı-ayrı rayonlarında, qəsəbələrində, eyni zamanda bölgələrimizdə olarkən ictimaiyyət nümayəndələri ilə görüşməsi, onların problemləri ilə yaxından tanış olaraq, həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıqlarını verməsi də bu qayğının təzahürüdür. Bölgələrin siması dəyişir, quruculuq və abadlıq işləri geniş vüsət alır. Bu gün nəinki paytaxt, bölgələrimiz də inkişaf baxımından dünyanın diqqətindədir.Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın iqtisadi uğurları fonunda artan siyasi mövqeyindən geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirmişdir: "Bakıda, demək olar ki, hər həftə keçirilən bütün beynəlxalq tədbirlər, beynəlxalq forumlar, humanitar Forum, İnternet İdarəçilik Forumu, digər mədəni tədbirlər ölkəmizi və paytaxtımızı nəinki regional mərkəzə çeviribdir,- bu, artıq keçmişdə qalıbdır, - ölkəmizi qlobal dünya xəritəsində ciddi mərkəzə çeviribdir. Çünki hər şey müqayisədə ölçülür. Biz görürük ki, inkişaf etmiş ölkələrin bəziləri hansı ağır vəziyyətdədir. O ölkələrdə gedən prosesləri, kütləvi iğtişaşları gündə televiziya vasitəsilə izləyirik. On minlərlə nümayişçi küçələrə axışır. On minlərlə insan öz etirazını bildirir... Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir. Bu, demokratik normalara zidd olan hərəkətlərdir. Özünu demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da biz təəccüb edirik. Azərbaycan bu baxımdan nümunəvi ola bilər. Hər bir başqa sahədə olduğu kimi, bu sahədə də nümunə ola bilər."Bu günlərdə ölkəmizdə keçirilən "Azərbaycan 2020: gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans da Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynadı. Ötən 20 ilin uğurlarına diqqət yönəldən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirmişdir ki, Azərbaycan öz təbii sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir. Beləliklə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaratmışdır. Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətədavamlılıq hesabatında" Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şəxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur.Azərbaycanın uğurları dünyanın nüfuzlu mətbu orqanlarında da geniş şərh olunur. Almaniyanın populyar "C-Tour" nəşrində dərc olunan materialda bildirilir: "Bakıda heyrətamiz firavanlıq yaranıb. Azərbaycanın digər ərazilərində də istehlak səviyyəsi durmadan artır, xalqın həyat şəraiti yaxşılaşır. Hökumət uğurlu iqtisadi strategiya seçib və Azərbaycan xalqı iqtidarı dəstəkləyir. Azərbaycanda orta əmək haqqı artıq 400 dolları ötüb. Bu, keçmiş SSRİ respublikaları arasında ən yüksək göstəricilərdən biridir. Bakının infrastrukturu Qərb standartlarından heç də geri qalmır, indi isə kənd rayonları da bu səviyyəyə yaxınlaşırlar."Birləşmiş Ərəb Əmirliklərinin "Gulf News" qəzeti yazır: "Azərbaycan təkcə enerji resurslarının zənginliyi ilə deyil, həm də yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər idman yarışları və digər beynəlxalq tədbirlərlə dünyanın diqqətini cəlb edir."Qeyd edək ki, bu günlərdə Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı da Azərbaycanın artan nüfuzunun təsdiqidir. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına təbrikində bildirmişdir ki, Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır.ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici məsələlər komitəsində Cənubi Qafqaza həsr olunmuş dinləmələrdə regionun təhlükəsizlik mühitində Azərbaycanın müsbət rolu, onun sabitlik faktoru olduğu xüsusi qeyd edilmiş, ölkəmizin beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilmişdir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən siyasətə xalqın münasibətini öyrənmək üçün sorğular keçirən ABŞ-ın nüfuzlu "Gallup İnternational" təşkilatının "Qlobal Ümid və Ümidsizlik Barometri" adlı soğusuna əsasən də Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə üzrə 8-ci yeri tutmuşdur. Azərbaycanın bu uğuru o deməkdir ki, ölkə əhalisi gələcəyə böyük ümid bəsləyir, cari ilin də uğurla başa çatacağına əmindir.Bütün bunlar bir daha onu deməyə əsas verir ki, zəngin təbii resurslara malik olan ölkəmiz təşəbbüsləri gerçəkliyə çevirməklə iqtisadi və maliyyə imkanlarını artırır ki, bu da yeni-yeni layihələrin, proqramların icrasına, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, müxətlif mövzuları əhatə edən tədbirlərə ev sahibliyi etməsinə stimul verir.
"İki sahil"in Analitik Qrupu