Və ya Qərbdəki xarici qərəzli dairələrin səyləri nəticəsində Azərbaycanın daxilində "beşinci kolon"un fəaliyyətinin genişlənməsinə gizli, bəzi hallarda isə açıq şəkildə dəstək artmağa başlayıb
Son zamanlar ərzində milli dövlətlər daxilində ictimai-siyasi, eyni zamanda, sosial-iqtisadi sabitliyin pozulması istiqamətində destruktiv hərəkətlərin genişlənməsinə təkan verən tendensiyaların sürətlənməsi yenidən bəzi qaranlıq məqamların işıqlandırılması üçün zəmin formalaşdırır. Aparılan araşdırmalar prosesində bəlli olur ki, qloballaşma prosesinin zərərli elementlərindən məharətlə yayınan və milli inkişaf xüsusiyyətlərini qoruyub saxlamağı bacaran, Qərbin "üçüncü dünya" ölkələri adlandırdığı dövlətlər hazırda daha çox diqqət və təhdid qarşısındadır. Səbəb isə ondan ibarətdir ki, Qərbin ümumi inkişafı, dünyada geosiyasi və geoiqtisadi maraqlarının təmin edilməsi üçün vacib olan təbii və strateji resurslara məhz, həmin milliliyini qoruyub saxlayan ölkələr sahibdir, onların nəzarətindədir. Əlbəttə ki, bu cür dövlətlərdən biri də Azərbaycan Respublikasıdır.
Hər kəsə bəllidir ki, geostrateji əhəmiyyətli siyasi-coğrafi məkan kimi Azərbaycanın son 9 il ərzində dinamik şəkildə sosial-iqtisadi yüksəlişə, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmlənməsinə və siyasi sistemin təkmilləşməsinə, siyasi institutların fəaliyyətinin tərəqqisinə, həmçinin, vətəndaş-dövlət münasibətlər sisteminin mükəmməlləşməsinə, eyni zamanda, konsolidasiyalı demokratiya yolunda inamlı addımların atılmasına nail olması xarici qərəzli dairələrin Cənubi Qafqaz və Xəzər hövzəsi strategiyası ilə bağlı məkrli planlarının alt-üst olmasına səbəb olub. Buna görə də, Qərbdəki xarici qərəzli dairələrin səyləri nəticəsində Azərbaycanın daxilində "beşinci kolon"un fəaliyyətinin genişlənməsinə gizli, bəzi hallarda isə açıq şəkildə dəstək artmağa başlayıb. Həmin "beşinci kolon"da isə anti-milli planların yerli icraçısı olan radikal müxalifət - "İctimai Palata"dakı Müsavat, AXCP və digərləri yer alıb...
"Beşinci kolon" (Quinta columna) nədir?
Məlumat üçün bildirək ki, faşist kəşfiyyat orqanlarında müxtəlif ölkələrdə diversiya və kəşfiyyat fəaliyyəti həyata keçirən, eyni zamanda, cəmiyyət daxilində "həyəcan" yaradan və sabotajla məşğul olan qruplar mövcud idi ki, onlar Almaniya qoşunlarının ölkələri işğal etməsində vacib rol oynayırdılar. Onları isə, adətən, "beşinci kolon" adlandırırdılar. Lakin "beşinci kolon" termini ilk dəfə 1936-cı ildə İspaniyada baş vermiş vətəndaş müharibəsi zamanı işlədilib. O zaman frankist general Emil Mola radio ilə çıxış edərkən, deyib ki, üsyançılar Madrid üzərinə 4 kolonla gəlir, beşinci isə artıq Madriddə yerləşib ki, həlledici zərbəni vurmaq üçün əmr gözləyir. General "beşinci kolon" dedikdə, məhz ölkə daxilində ictimai hərəkatı hakimiyyət əleyhinə yönəldən agentura şəbəkəsini nəzərdə tutub.
1939-1945-ci illərdə İkinci dünya Müharibəsində "beşinci kolon" termini faşistlərə müxtəlif ölkələri asan şəkildə işğal etməsinə zəmin yaradan kəşfiyyat qrupunu ifadə etmək üçün işlədilib. Amma 30-cu illərdə keçmiş SSRİ-də güllələnmiş və məhkum edilmişləri göstərmək üçün "beşinci kolon" anlayışından istifadə olunub. Həmin dövrdən başlayaraq, geosiyasi və geoiqtisadi maraqları naminə bir sıra böyük dövlətlərin mənafe coğrafiyalarında məqsədlərini reallaşdırmaq üçün "beşinci kalon"ların fəaliyyətindən geniş istifadə etməyə başlayıblar.
Müasir dövrdə isə bu qruplardan istifadə halları daha da artıb. Suveren, müstəqil və milli dövlətlərdəki legitim, lakin supergüclərə sərf etməyən iqtidarları hakimiyyətdən kənarlaşdırmaq üçün kəşfiyyat orqanları ilə sıx işləyən "beşinci kolon"ların xidmətlərindən istifadə edilir. Hətta "beşinci kolon"ların xidmətləri sayəsində Yuqoslaviyada, Ukraynada, Gürcüstanda, Qırğızıstanda, Tunisdə, Liviyada, Misirdə, Bəhreyndə və digər ərazilərdə hakimiyyət dəyişiklikləri olub. 2003-cü ildə isə "beşinci kolon" vasitəsilə Azərbaycanda qarşıdurma yaradıldı. Lakin Azərbaycan xalqının siyasi mədəniyyət və siyasi şüur səviyyəsi "rəngli inqilabın" baş tutmasına imkan vermədi.
Bir sözlə, "beşinci kolon" dedikdə, tərkibində diversantları, sabotajçıları, şpionları, təxribatçıları, terrorçuları, təsir agentlərini birləşdirən düşmənlərin gizli kəşfiyyat qrupları və ya həmin agenturalara xidmət edən ayrı-ayrı şəxslər nəzərdə tutulur.
"Beşinci kolon"dakı şüurlu iştirakçıların əsas vəzifəsi...
Xarici dövlətlərin maraqlarının təminatı üçün hərəkət edən "beşinci kolon" haqqında danışarkən, bəzi məqamlara xüsusi diqqət yetimək lazımdır. Yəni, "beşinci kalon" heç bir halda öz-özünə yaranmır. O, hər zaman, hansısa dairələrin maraqlarının təmin edilməsi üçün fəaliyyət göstərir. Ona görə də, "beşinci kolon" haqqında söhbət açarkən ilk olaraq, sual verilməlidir ki, "o, hansı agentura şəbəkəsinə məxsusdur?" və "kimin maraqlarına işləyir?"
Digər tərəfdən isə, "beşinci kolon"un tərkibinə daxil olanlar şüurlu şəkildə təmsilçiliyi üzərilərinə götürürlər və fəaliyyət göstərirlər. Xarici dövlətlərin maraqlarına işləyən fərdlər və ya qruplar həyata keçirdikləri fəaliyyətlə bağlı özlərinə hesabat verirlər və hansı addımları atdıqlarını hesablayırlar. Yəni, "beşinci kolon"da işləmək həmin fərdlərin və ya qrupların şüurlu seçimidir. Həmin qruplar direktivlər əsasında işlədikləri üçün onların maraqları da təhkimçi olur və yalnız hakimiyyətdən, mülkdən, məşhurluqdan, ideoloji doqmatizmdən və s. ibarət ola bilər. Heç bir halda "beşinci kolon"un üzvlərinin maraqları onlara göstəriş verən xarici kəşfiyyat şəbəkəsinin məxsus olduğu dövlətin mənafeyindən üstün və ilkin ola bilməz.
"Beşinci kolon"un qarşısında duran əsas vəzifə isə ondan ibarətdir ki, o, məxsus olduğu xarici dövlətin maraqlarına xidmət etməyən iqtidarın hakimiyyətdən salınması üçün zəmin yaratmaq, şərait düşən kimi hakimiyyəti devirmək və xarici kəşfiyyatın idarə etdiyi fiquru dövlət başına gətirməkdir.
Eyni zamanda, "beşinci kolon"un əsas vəzifəsi tabe olduğu dairənin və ya dövlətin fəaliyyətilə sinxron hərəkət etməkdir. Yəni, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün həm daxildən, həm də xaricdən dövlətə, hakimiyyətə qarşı hücumlar başladılmalıdır.
"Beşinci kolon" konkret siyasi məqsəd daşıyan təşkilatlanmadır
Bir çox hallarda sosiumda kortəbii şəkildə formalaşmış dəstələrlə "beşinci kolon"u qarışdırırlar. Lakin hər iki anlayışın mahiyyəti onu deməyə əsas verir ki, dəstələrdən fərqli olaraq, "beşinci kolon" həm cəmiyyət, həm də dövlət üçün çox təhlükəlidir. Çünki dəstələr konkret sosial və ya iqtisadi problemlərlə bağlı etiraz edə və öz tələblərini irəli sürə bilərlər. Burada isə həmkarlar ittifaqları və dövlət orqanları onların təkliflərini diləyir və lazımi addımları atır. Bununla da, dəstə sakitləşir.
Lakin "beşinci kolon"un məqsədi sosial-iqtisadi, milli və ya dini faktorlardan vasitə kimi istifadə edib hakimiyyəti ələ keçirməkdir. Bu mənada, demək olar ki, "beşinci kolon" konkret siyasi məqsəd daşıyan təşkilatlanmadır. Ona görə də, gəlinən qənat belədir ki, birincisi, "beşinci kolon" süni şəkildə yaradılır. O, öz-özünə formalaşmır, leqal, yarımleqal və qeyri-leqal yollarla ərsəyə gətirilir. İkincisi, "beşinci kolon" hər bir sistemdə olduğu kimi, narazılar, şəxsi ambisiyalarını reallaşdırmaq üçün maliyyə və dəstək axtaran fərdlərdən və ya qruplardan ibarətdir. Məhz burada narazılıq ilkin amildir və onu kütləviləşdirmək üçün "beşinci kalon" yaradılır. Üçüncüsü, qərəzli dairələrin maraqlarına cavab verməyən hakimiyyətin devrilməsi üçün cəmiyyətdə mövcud olan narazılıq nöqtələri tapılır və onları şəbəkəyə daxil etməklə, "beşinci kolon"un vəzifəsinin reallaşdırılmasına start verilir. Bu prosesdə də yenidən "beşinci kolon"u maliyyələşdirən və idarə edən dövlət və ya qruplar əsas rol oynayır. Dördüncüsü, aydın olur ki, burada narazılıq problemin bazisini, "beşinci kolon" isə üstqurumunu təşkil edir. Məhz "beşinci kolon"un əsas vəzifəsi də göstərilən bazis əsasında qarşıya qoyulmuş hədəflərə çatmaqdır. Bu səbəbdən də, "beşinci kolon" heç bir halda təbii narazılar kütləsi ola bilməz və cəmiyyətin böyük əksəriyyətini əhatə edə bilməz.
"Beşinci kolon"un maliyyələşməsi...
"Beşinci kolon"un fəaliyyətinə nəzarət etmək üçün isə əsasən maliyyədən rıçaq kimi istifadə edilir. Maliyyələşmənin əsasını isə, ilk növbədə, müxtəlif qeyri-hökumət təşkilatları və fondlar təşkil edir. Burada dövlət və qeyri-dövlət xəttilə "beşinci kolon"un üzvlərinə maliyyə dəstəyi verilir. Ayrılmış maliyyəni bir çox hallarda xarici dövlətin vətəndaşları bölüşdürür və ona nəzarət edir. Lakin bəzi hallarda "beşinci kolon"un etibar qazanmış üzvləri də maliyyəni qəbul edir və lazımi fərdlər və ya qruplar arasında paylaşdırır. Hətta maliyyə mənbəyinin istəyindən asılı olaraq, pulun bölüşdürülməsini və fəaliyyətə nəzarəti kəşfiyyat orqanlarının əməkdaşları da həyata keçirirlər.
Reallaşdırılaq maliyyələşmənin isə bəzi hissəsi şəffaf, digəri isə qeyri-şəffaf olur. Şəffaf maliyyələşmə demokratiyaya və ya vətəndaş cəmiyyətinin inkişafına dəstək bəhanəsilə "beşinci kolon"a daxil olan QHT-lərin hesabına pulun köçürülməsilə, qeyri-şəffaf maliyyələşmə isə çirkli pullar vasitəsilə həyata keçirilir.
"Beşinci kolon"un tərkibi və fəaliyyət istiqamətləri...
Söylənilənlərlə yanaşı, "beşinci kolon"un tərkibi də maraqlıdır. Araşdırmalarımızın nəticəsinə əsasən deyə bilərik ki, "beşinci kolon"un tərkibi iki kateqoriyadan ibarət ola bilər:
- xarici dövlətlərin vətəndaşlarından,
- "beşinci kolon"un yerləşdiyi və fəaliyyət göstərdiyi ölkənin vətəndaşlarından.
Birinci kateroriyaya daxil olan qruplar təşkilati-nəzarət funksiyalarını həyata keçirirlər. Yəni, onlar ilkin mərhələdə idarəolunan etiraz şəbəkəsi formalaşdırır və özfunksiyalaşmayadək ona nəzarət edirlər. Həmçinin, yaradılmış şəbəkənin fəaliyyətinə dəstək məqsədilə maliyyələşmə, tərəfdarlar cəlb etmə, liderləri irəli çəkmə, mətbuatın dəstəyini vermə, hüquqi leqallaşma funksiyalarını həyata keçirirlər. Bununla yanaşı, ilk kateqoriyanın üzvləri həyata keçirilən əməliyyatlara ümumi rəhbərlik edirlər. Bu fəaliyyətlər isə 3 səviyyədə özünü göstərir: leqal, yarımleqal və qeyri-leqal.
İkinci kateroriyaya daxil olan qruplar isə yalnız direktivlər əsasında hərəkət edirlər və göstərişlərə uyğun olaraq, plan reallaşdırırlar. Bu qrupların əsas vəzifəsi xalq hərəkatı görüntüsünü yaratmaq məqsədilə etiraz aksiyalarını təşkil etmək və "beşinci kolon"un ideoloji əsasını yaratmaq üçün mətbuatdan və internet vasitələrdən istifadə etməkdir. Onların da fəaliyyəti leqal, yarımleqal və qeyri-leqal xarakteri daşıyır.
Xüsusilə, qeyd etmək lazımdır ki, "beşinci kolon"un aksiya və ya fəaliyyətinin yalnız bir hissəsi onların nəzarətində olan mətbuat orqanlarında dərc olunur. Mənzərənin də ən dəhşətli hissəsi budur ki, bu mərhələdə "beşinci kolon" cəmiyyətin əksəriyyəti üçün qəbuledilməz olan fəaliyyətindəki destruktivliyi gizlətməyə çalışır və təbliğat vasitəsilə özünün ideyasını insanlara sırımaq isəyir.
Burada mühüm rol oynayan personalardan biri də məhz "beşinci kolon"un mediatorudur. O demokratik şəraitdə özü üçün qanunun aliliyindən immunitet yaradır və hakimiyyət əleyhinə bütün əməliyyatlarda iştirak edir.
Əlbəttə ki, həm dövlət, həm də cəmiyyət üçün təhlükəli xarakter daşıyan hər iki kateqoriyaya aid qrupların yarımleqal və qeyri-leqal fəaliyyətidir. Bu fəaliyyət isə özünü bir sıra istiqamətlərdə göstərir. Birincisi, "beşinci kolon"u təşkil edənlərin əsas məqsədini reallaşdırmaq üçün milli, sosial və dini faktorlar vasitəsilə birbaşa olmayan etiraz dalğası yaratmaq təşkil edir. Burada süni şəkildə formalaşdırılmış etiraz aksiyalarında milli, dini və ya sosial amillər "beşinci kolon" üçün yalnız məqsədə çatmaq üçün taktika hesab olunur. İkincisi, süni olaraq, yaradılmış narazılığa ictimaiyyət tərəfindən tanınan fiqurların və ya "beşinci kolon"un proqram layihəsindəki şəxslərin cəlb edilməsi həyata keçirilir. Bu məqamda isə əvvəlki ritorika çərçivəsində hədəflərə nail olmaq üçün yeni fərdlərin işə cəlb edilməsi məqsədi güdülür. Mahiyyət etibarilə bu yeni fərdlərin işə cəlb edilməsi isə kəşfiyyat orqanları vasitəsilə reallaşdırılır. Üçüncüsü, dövlət sistemində və ya güc strukturlarında yer almış fiqurların əməliyyata cəlb edilməsi nəzərdə tutulur. Bu cəlb edilmə isə həm könüllü, həm də məcburi ola bilər. Yəni, maliyyə asılılığı yaradılmaqla, həmin fərdlərə çevrilişi dəstəkləmək və ya ona mane olmamaq tapşırılır.
Qərəzli beynəlxalq hesabatların hazırlanmasında da "beşinci kolon"un əli var
Söylənilənlərlə yanaşı, "beşinci kolon"u maliyyələşdirən və təşkil edən dairələr "demokratiya və azadlıq" adı altında kolonun ideyasına xidmət edən fondlar, QHT-lər, həmçinin, araşdırma mərkəzləri yaradır və bununla da milli dövlətlərin daxili işlərinə qarışırlar. Burada işin sxemi bu cür qurulur: "Beşinci kolon"un tərkibinə daxil olan fərdlər və ya QHT-lər, araşdıma mərkəzləri qərəzli şəkildə, real mənzərəni əks etdirməyən hesabatlar hazırlayırlar. Bu hesabatlar isə "beşinci kolon"a ayrılmış maliyyə vasitəsilə hazırlanır. Qərəzli şəkildə, yəni, "beşinci kolon"un tabe olduğu mərkəzlərin maraqlarına uyğun olaraq, hazırlanmış hesabatlar siyasiləşdirilir və dünya miqyasında "qəbul edilən" beynəlxalq təşkilatların hesabları kimi yayılır. Azərbaycanla bağlı yayılmış bir çox hesabatlar da eyni mexanizm üzrə hazırlanır və obyektiv xarakter daşımır.
Azərbaycanın inkişafı bəzi qərəzli dairələrə sərf etmir
Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası həyata keçirilən uğurlu siyasi kurs nəticəsində sürətli inkişafa nail olub. Prezident İlham Əliyevin rəhbərliyilə reallaşdırılan sosial-iqtisadi layihələr, həmçinin, zamanı düzgün seçilməklə paralel şəkildə həyata keçirilən siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycan bir çox parametrlər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilib. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan verib. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılıb, böyük əksəriyyəti daimi olmaqla, ümumilikdə, bir milyona yaxın yeni iş yeri açılıb, son 9 ildə yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə enib. Son illərdə büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artıb, 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb edilib. Təkcə 2011-ci ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna yatırılıb, dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil edib. Ötən il ölkəmizdə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatıb ki, bu da Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizindən çoxdur. Hazırda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötüb, əvvəlki illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri 20 faizə qədər artaraq 36,6 milyard manata çatıb, adambaşına düşən məbləğ 3 min 400 manat olub. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən, beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir. Belə ki, BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında 1-ci, dünya miqyasında isə 51-ci yerdədir.
Bu mənzərə son hadisələrin fonunda bir daha sübut edir ki, Azərbaycan milli dövlət kimi inkişaf xüsusiyyətlərini və istiqamətlərini xalqın maraqlarına uyğun şəkildə qurub. Lakin bu cür vəziyyət dünyadakı bir sıra qərəzli dairələrin həm Azərbaycandakı, həm də Cənubi Qafqazdakı maraqlarının reallaşmasına imkan vermir. Bu səbəbdən də, həmin maraq qrupları Azərbaycanda "beşinci kalon" yaratmaqla hədəflərinə nail olmağa çalışırlar.
Azərbaycanda "beşinci kolon"...
Müxtəlif dövlətlərin kəşfiyyat orqanlarının, QHT-lərin, fondların maliyyəsi və dəstəyilə Azərbaycanda da "beşinci kolon" formalaşdırılıb. Son illər ərzində geosiyasi və geoiqtisadi reallığın Azərbaycanın xeyrinə işləməsi nəticəsində xarici qərəzli dairələrin sinirləri tarıma çəkilib və bu səbəbdən də, kolonun fəallığı daha da artıb. Bu kolonda isə şüurlu şəkildə və şəxsi ambisiyalarını reallaşdırmaq istəyən anti-milli fərdlər birləşiblər. Onların sırasında "İctimai Palata"nı təşkil edən AXCP-nin avtoritar sədri Əli Kərimli, Müsavat partiyasının diktator başqanı İsa Qəmbər, həmçinin, "ziyalılarla" qondarma forum yaradan Eldar Namazov, xaricdə anti-Azərbaycan qüvvələrilə iş birliyinə hazırlığını nümayiş etdirən Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, eyni zamanda, adları çəkilənlərə yaxınlığı ilə seçilən siyasi partiyalar, QHT-lər, hüquq müdafiəçiləri və ictimai təşkilatlar yer alıb. Kolonun əsas məqsədi Azərbaycanda kütləvi etiraz dalğası görüntüsü yaratmaqla, aldıqları dəstək mənbəyinin maraqlarının reallaşdırılmasıdır. Məhz AXCP-nin, Müsavatın və digər partiyaların ötən və bu il ərzində, xüsusilə də, insanların çox olduğu ərazilərdə piketlər keçirməsi, kütləvi mitinq mənzərəsi yaratmaq istəyi buna ilkin əyani sübutdur. Həmçinin, Eldar Namazovun və Rüstəm İbrahimbəyovun şəxsi ambisiyalarını ehtiva edən qondarma forum keçirməsi də eyni məqsədə xidmət edir. Bununla da, elə bir fon yaratmağa çalışılır ki, guya Azərbaycanda ziyalılar da hakimiyyətə etiraz edir.
Aydın olan mənzərə ondan ibarətdir ki, Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov, Rüstəm İbrahimbəyov və Rəsul Quliyev Azərbaycakı "beşinci kolon"a daxildirlər. Onların bu fəaliyyəti də məhz təmsil olunduqları "beşinci kolon"u maliyyələşdirən və formalaşdıran xarici qərəzli dairələrin anti-Azərbaycan maraqları ilə bağlıdır. "Beşinci kolon"un fəaliyyətini geniş şəkildə işıqlandıran "Azadlıq" və "Yeni Müsavat" qəzetləri də səhifələrində mitinq görüntüsü yaratmaqla "beşinci kolon"un süfrəsindən yediklərini sübuta yetirirlər.
Xaricdən daxil olan təzyiqlərlə "beşinci kolon"un fəaliyyət sinxronluğu
Burada diqqət yetiriləsi məqamlardan birini də məhz Azərbaycandakı "beşinci kolon"la onları dəstəkləyən xarici qərəzli dairələrin fəaliyyətindəki sinxronluqdur. Belə ki, Azərbaycana müxtəlif sahələrdə təzyiqlər edən bir sıra maraqlı dairələr, eyni zamanda, daxildəki "beşinci kolon"a daxil olan həm siyasi fiqurları, həm də mediatorları işə salırlar. Buradakı sinxronluq ondan ibarətdir ki, xarici qərəzli dairələrlə Azərbaycandakı "beşinci kolon"un istinad etdiyi mənbə, tələb etdiyi məsələlər eyni olur. Həmçinin, "Azadlıq", "Yeni Müsavat" qəzetlərində və "Soros" Fondunun maliyyələşdirdiyi "Turan" İnformasiya Agentliyində dərc olunan əsassız məqalələr tərcümə edilərək, erməni və dünya mətbuatında da çap olunur. Bütün bu faktlar da sübut edir ki, adları çəkilən fərdlər, siyasi təşkilatlar və media orqanları "beşinci kalon"un aparıcılarıdırlar. Onların üzərilərinə götürdükləri öhdəlikləri isə müəyyən etmək heç də çətin deyildir.
Azərbaycandakı "beşinci kolon"un maliyyələşməsi haqqında...
Araşdırılan əsas məsələlərdən birini də Azərbaycandakı "beşinci kolon"un maliyyələşdirilməsi təşkil edir. Bu maliyyələşmə, qeyd etdiyimiz kimi, iki yolla baş tutur. Qeyri-şəffaf maliyyələşmənin, təbii ki, nə zaman və harada baş tutduğunu bilmək çox çətindir. Bu cür maliyyələşmə müxtəlif görüşlər çərçivəsində baş tuta bilər. Amma maliyyələşmənin şəffaf tərəfini QHT-lərin və ictimai təşkilatların hesablarına köçürülən pullardan müəyyənləşdirmək olar.
Belə ki, "beşinci kolon"un maliyyələşdirilməsində birbaşa və ya dolayısı ilə Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX), ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu, ABŞ-ın Alman Marşal Fondu (GMF), Almaniyadakı Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll və Fridrix Ebert fondları və digərləri iştirak edirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2011-ci ildə qeydiyyata alınmış qrant müqavilələri (qərarları) haqqında məlumata görə deyə bilərik ki, ötən il ərzində sözügedən maliyyələşmə - QHT-lərə müxtəlif layihələrin icrası ilə üçün ayrılan qrantların məbləği aşağıdakı kimi olub:
Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu - 465 935 manat və 2 301 140 ABŞ dolları, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) - 87 547 ABŞ dolları, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu - 211 694 ABŞ dolları, ABŞ-ın Alman Marşal Fondu (GMF) - 132 397 ABŞ dolları.
Ümumilikdə isə, yalnız bu 4 təşkilatın ayırdığı maliyyə 465 935 manat və 2 732 778 ABŞ dolları təşkil edib.
Bu arada məlumat üçün bildirək ki, Azərbaycanda əsasən sosial sahəyə milyonlarla qrant ayıran Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun rəhbəri Corc Sorosdur. O, "Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyniadlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmayan, maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir. Hal-hazırda, o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir.
Bir sözlə, maliyyələşmə ilə bağlı ortaya çıxan faktlar bir daha real mənzərə barədə şərhsiz aydın fikirlər yaradır.
Sistemli etiraz dalğası yaratmaq mümkün olmayacaq
Qeyd edək ki, xarici kəşfiyyat orqanları vasitəsilə yaradılmış "beşinci kolon" qarşıya qoyulmuş məqsədə nail olmaq üçün sosiumda lazımi səviyyədə ictimai və sosial narazılıq yaratmalıdır. Lakin digər məkanlardan fərqli olaraq, Azərbaycandakı narazılıq yalnız molekulyar səviyyədədir. Bu, klassik narazılıqdır və "mətbəxt" şəraitindən kənara çıxmır. Amma Azərbaycandakı "beşinci kolon" qondarma aksiyaları ilə sistemli narazılıq fonu yaratmağa çalışır. Lakin əminik ki, hər zaman olduğu kimi, bundan sonra da Azərbaycan xalqı "beşinci kolon"un da, onun sahiblərinin də məkirli planlarının baş tutmasına imkan verməyəcək.
Azərbaycan xalqı 2013- cü ildə də heç bir təxribata getməyəcək
Bütün bunlar təsdiq edir ki, Qərbin müxtəlif dairələri Azərbaycana qarşı artan xətt üzrə təzyiqlərini davam etdirmək niyyətindən əl çəkmək istəmirlər. Ancaq onlar əmin ola bilərlər ki, bütün dövrlərdə olduğu kimi, Azərbaycan xalqı 2013- cü ildə də heç bir təxribata getməyəcək və onların bütün bu cəhdləri iflasa uğrayacaq.
"Səs" Analitik Qrupu