PDF Oxu

Araşdırma

  • 5 229

BP: maraqların anatomiyası

BP: maraqların anatomiyası

Böyük dövlətlər tarixən enerji mənbələri uğrunda kəskin mübarizə aparıblar. XX əsrdən başlayaraq rəqabətin forması və miqyası dəyişib. Bu prosesdə müxtəlif şirkətlər aktiv iştirak etməyə başlayıb. Onların sırasında BP-nin öz yeri var. Onun 100 ildən çox müddətdəki fəaliyyətinin düşündürücü məqamları mövcuddur.

Neft və siyasətin ingilissayağı əlaqəsi

Umberto Ekonun "Qızılgülün adı" romanının qəhrəmanı eyni zamanda filosof, keşiş və fırıldaqçıdır. Klassik dövrdən fərqli olaraq, müasir insanların bir neçə sifəti özündə birləşdirməsini bəzən "qəhrəmanlıq" kimi təqdim edirlər. Fərdlərlə bağlı bu mövqe ilə mübahisə etmək olar. Ancaq elə transmilli şirkətlər var ki, onların həqiqi siması doğrudan da gizlədilir – zahirən iqtisadi fəaliyyətlə məşğul olur, əslində isə, pərdəarxasında siyasi, ideoloji və hətta kəşfiyyat məqsədləri güdürlər. "British Petroleum" və ya "Beyond petroleum" (BP) da yalnız biznes fəaliyyəti ilə məşğul deyilmiş...Bu şirkətin əsasını 1901-ci ildə ingilis Uilyam Noks d’Arsi qoyub. O, İranda neft axtarışları aparmaq üçün həmin ölkənin hökumətindən icazə alır. Lakin tezliklə maliyyə sıxıntıları ilə üzləşir. Uilyam d’Arsi məcburən "Burmah Oil" şirkəti ilə birgə işləmək razılığına gəlir. Bu, 1905-ci ildə olur. Üç illik axtarışlardan sonra "Burmah Oil" İranda zəngin neft yatağı tapır. 1909-cu ildə yeni neft kəşfiyyatları aparmaq üçün U.d’Arsi və "Burmah Oil" "Anglo-Persian Oil Company"ni qururlar. Həmin şirkəti BP-nin xələfi adlandırırlar.Ancaq "Anglo-Persian Oil Company" o dövrdə daha güclü olan "Royal Dutch Shell"in təsiri altına düşməmək üçün Böyük Britaniya hökumətinin himayəsi altına keçməyə çalışır. Nəhayət, 1914-cü ildə Birinci dünya müharibəsi ərəfəsi şirkət arzuladığı sazişi Britaniya hökuməti ilə imzalayır. Bununla onun tarixində yeni dönəm başlayır. Bu, həm biznes fəaliyyətində, həm də dünya miqyasında cərəyan edən siyasi hadisələrə təsirdə öz ifadəsini tapır.Artıq 1927-ci ildə şirkət neft məhsulları bazarında lider idi. 1935-ci ildə şahın "Persian" sözünü "İran"la əvəz etmək tələbi qəbul edilir və "Anglo-İranian Oil Company" yaranır. Lakin 1949-cu ildə İranda Məhəmməd Müsəddiq hakimiyyətə gəlir. O, ölkənin neft sərvətini milliləşdirmək kursunu götürür. 1951-ci ildə neftin milliləşdirilməsi ilə bağlı İran parlamenti qanun qəbul edir. Böyük Britaniya və ABŞ dəfələrlə danışıqlar yolu ilə M.Müsəddiqi fikrindən daşındırmağa çalışırlar. Ancaq baş nazir dövlətinə bağlı adam olduğundan danışıqlar heç bir nəticə vermir. İran üçün bu andan ağır günlər başlayır.ABŞ və Böyük Britaniya İran cəmiyyətində Müsəddiqin mənfi imicini formalaşdırır və dövlət çevrilişi həyata keçirirlər. 1953-cü ildə "Ayaks" adlı planla İranda iğtişaşlar törədirlər. Müsəddiqi devirib hakimiyyətə gələnlər 1965-ci ildə "Britiş Petrolium"la (1954-cü ildə "Anglo-İranian Oil Company" "British Petroleum"a çevrilmişdi) 25 illik əməkdaşlıq müqaviləsi imzalayır. Həmin dövrdən ABŞ BP-nin qazancına ortaq olur – bir neçə Amerika şirkəti neftdən pay alır. O zamandan hər bir böyük sazişdə ABŞ-BP işbirliyi normaya çevrilir.Əslində, hər şey gizli olaraq XX əsrin əvvəllərində başlamışdı. Britaniya generalı Con Fişer o zaman demişdi ki, "neftə sahib olan, dünyanı idarə edir". 1918-ci ildə admiral Edmond Sleyd xüsusi memorandumda Böyük Britaniyanın Yaxın Şərq siyasətinin əsas məqsədinin İranın və regionun bütün ölkələrinin neft ehtiyatı üzərində nəzarəti ələ keçirmək olduğunu göstərir.Bu siyasəti London ciddi-cəhdlə həyata keçirir. Məhz ingilis gizli xidməti dəfələrlə ərəblərlə Osmanlı arasında intriqalar yaradaraq, regionda öz mövqeyini möhkəmləndirməyə çalışmışdır.Bunlar onu ifadə edir ki, BP yarandığı vaxtdan Böyük Britaniyanın neft siyasəti və geosiyasi maraqlarının təmin edilməsi ilə sıx bağlı fəaliyyət göstərib. Ona görə də, o, əməkdaşlıq etdiyi heç bir ölkənin sona qədər inkişafında maraqlı olmayıb. Zamanı gələndə öz mənafeyi naminə hətta neftindən milyonlar qazandığı ölkəni qarışdırıb, yerli dövləti zəiflətməyə çalışıb. Dəfələrlə üsyanlar təşkil edib, cəmiyyətlərdə iğtişaşlar törədib (İranla yanaşı Qvatemala, Panama və Boliviyanı yada sala bilərik), dövlət çevrilişləri həyata keçirib. XX əsrin 90-cı illərində isə BP-nin fəaliyyət üsulunda yeni çalarlar özünü göstərməyə başlayıb.

"British Petroleum"dan "Beyond petroleum"a transformasiyanın sirri

BP XX əsrin ikinci yarısından neft və qazla yanaşı başqa sahələrə də baş vurur. Qida məhsulları istehsalı və biznesin müxtəlif sferalarında özünü sınayır. Lakin 1990-cı illərdən yalnız enerji sahəsi ilə məşğul olmağa qərar verir. Səbəb nədir? BP neft və qazla bərabər qeyri-ənənəvi enerji növləri istehsalına önəm verdiyini bəyan edir. Həmin istiqamətdə müəyyən addımlar da atır ("beyond" sözü "xaric, kənar" mənasını verir).Lakin bununla yanaşı, nədənsə bu şirkət Böyük Britaniyanın dövlət siyasətinin tam mərkəzində görünür. Rəsmi London öz geosiyasi maraqlarını təmin etmək üçün həmin şirkətdən geniş istifadə edir. Yəni XX əsrin əvvəllərindən qaynaqlanan ənənə yeni şərtlər daxilində davam edir. Axı, ingilislər ənənəyə tarixən sadiqdirlər!Ona görə də, İraq və Liviya hadisələrində Böyük Britaniyanın "neft müharibələri"nin izlərinin olması təəccüblü deyil. Səddam Hüseyn və Müəmmər Qəddafinin "ən böyük günahları" öz ölkələrinin neftindən istifadədə BP-nin istəklərini nəzərə almamaq olub. İndi bunu Qərbdə də etiraf edirlər. Həmin hadisələrdə ingilislər adətləri üzrə özləri arxa palnda qalmaqla, amerikanlar və fransızları qabağa veriblər.Ekspertlərin qənaətinə görə, BP-ni İraqda müharibə yaratmağa Səddam Hüseynin Fransanın "TotalFinaElf" şirkəti ilə saziş imzalamağa hazırlaşması təhrik edib. Bununla fransız şirkəti dünyada lider ola bilərdi. Nəticədə, BP həm bu planı pozdu, həm də fransızlara İraq neftindən özünə sərf edən payı verdi.Buna oxşar hadisələr Liviyada cərəyan edib. M.Qəddafi ABŞ tələbələri ilə videokonfransda nefti tamamilə milliləşdirmək istədiyini bəyan edib. Buna Vaşinqton və London dərhal reaksiya verərək, prosesi öz xeyirlərinə yönəltməyə başlayıblar.Liviya dünyada neftlə zəngin olan ölkələrdəndir. Üstəlik, onun ərazisində geniş sahədə enerji daşıyıcılarının kəşfiyyatı aparılmayıb. Bu səbəbdən, Liviyanı bombalamağa "dəyərdi". Həmin proseslərlə bağlı bir maraqlı məlumat da var. O dövrdə M.Qəddafinin Qərb ölkələri banklarında 200-250 milyard dollar sərvəti varmış. ABŞ və Avropa ölkələri üsyançılara yalnız 15 milyard dollar qaytarıb. Həmin pullar ölkənin neft sənayesini bərpa etməyə güclə yetib. Geridə qalan təqribən 200 milyard dollardan xəbər yoxdur.Bütün bunlar BP-nin 100 ildən çox dövrü əhatə edən fəaliyyətinin yalnız bəzi fraqmentləridir. Lakin onlar da bu şirkətin əsl simasını dərk etməyə kifayət edir. Zahirən özünü dünyanın müxtəlif regionlarında ölkələrin inkişafına yardımçı kimi göstərən BP əslində, çox təhlükəli və məkrli siyasət yeridir. Tam aydındır ki, o, tam şəffaf və dürüst biznes fəaliyyəti göstərmir.Təsadüfi deyil ki, ABŞ hökuməti məhz "düzgün və şəffaf sahibkarlıqla məşğul olmadığına görə" BP ilə yeni saziş imzalamaqdan imtina edib. Vaşinqton bu qərara həmin şirkətin Meksika körfəzindəki qəzaya laqeyd yanaşdığına görə gəlib. Qəribədir ki, BP günahı üzündən insanlara dəyən 100 milyardlarla ziyanı ödəmək əvəzinə Rusiya ilə Arktikada daha çox qazanc gətirən müqavilə imzalayıb. Onu deyək ki, Moskva da bu şirkətlə əməkdaşlıqdan yayınmağa başlayıb.

İndi də Azərbaycanda...

Böyük Britaniya şirkəti SSRİ dağılandan sonra Azərbaycanla sazişlər imzaladı. "Əsrin müqaviləsi" iştirakçı şirkətlərə və Azərbaycana böyük gəlirlər gətirməlidir. Sazişdə tərəflərin üzərinə götürdükləri öhdəliklər dəqiq göstərilib. Azərbaycan Prezidenti BP-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün irad bildirdi və vəziyyəti düzəltməsini tələb etdi.Məhz bundan sonra bəzi Qərb ölkələrinin mediasında anti-Azərbaycan kampaniyası başladı. Almaniya KİV-i bu işdə xüsusi fəallıq göstərdi. Böyük Britaniya mediası da Azərbaycana qarşı böhtan prosesinə qoşuldu. Hətta bəzən azərbaycanlı qadınları "nataşalar" kimi təqdim etdilər.Bu prosesə ABŞ-ın qlobal enerji və maliyyə çevrələrinə bağlı "Forbes" kimi jurnalı da qatıldı. Həmin nəşrdə Azərbaycanla bağlı dərc edilən məqalələrin ümumi ruhu, məzmunu və məqsədi "Independent", "Guardian" və "Financial Times" qəzetlərində çap edilənlərdən fərqlənmir. "Forbes" jurnalında Azərbaycan hakimiyyətinin ünvanına şantaj xarakterli fikirlər səsləndirildi.Əslində, bütün bunlar Azərbaycan oxucusuna tanış məlumatlardır. Düşündürücüsü odur ki, həmin işlərdə BP-nin əli olduğu haqqında informasiyalar mövcuddur. BP-nin tarixinə qısaca nəzər saldıqda, onun nə qədər təhlükəli işlər törətdiyinə əmin oluruq. Azərbaycan neftindən özünə sərf edən həddə qədər maksimum yararlanır, sonra isə ziyan vurmağa çalışır. Eyni zamanda, dünyanın müxtəlif regionlarında KİV vasitəsi ilə Bakıya təzyiq etməyə cəhd edir.Görünür, Britaniya şirkətini rəsmi Bakının müstəqil siyasət yeritməsi, milli maraqlara üstünlük verməsi təmin etmir. Bəlkə də Azərbaycanın müstəqil dövlət kimi bu cür sürətlə inkişafını gözləmirdilər. Onlara elə gəlirdi ki, azərbaycanlılar həmişə Qərbdən asılı olacaq. Burada dini faktorun mövcudluğunu inkar etmək olmaz. Qlobal miqyasda BP-nin tutduğu mövqe çoxlu sayda amillərlə bağlıdır. Belə görünür ki, bu şirkət müstəqilliyini əldə etmiş ölkələrin inkişafına ədalətlə yardım etməkdə yox, onların Qərbdən asılı qalması üçün sərfəli şərait yaratmaqda maraqlıdır.Görünür, hələ XX əsrin 80-ci illərində ABŞ-ın dövlət katiblərindən birinin "biz transmilli şirkətlərin dünya siyasətinə hansı təsirləri göstərə biləcəyini indidən deyə bilmərik", – söyləməsinin ciddi əsasları varmış.

Newtimes.az

Digər xəbərlər