Millət vəkilləri ilin yekunları ilə bağlı öz fikirlərini bölüşüblər
Yola salmaqda olduğumuz 2012-ci il də, ötən illərdə oluğu kimi, Azərbaycan üçün bütün sahələrdə uğurlarla zəngin olub. Məhz bu uğurlar çərçivəsində ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Və bu uğurların heç də təsadüf oldmadığını da vurğulamaq mümkündür. Belə ki, özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə, tükənməz resurslarına əsaslanan ölkə iqtisadiyyatımız 20 ilə yaxındır ki, müstəqil siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilir. Nəticədə, belə qənaətə gəlmək mümkündür ki, əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan Respublikası özünün müstəqil iqtisadi siyasəti sayəsində artıq dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilmişdir. Bu əhəmiyyətli məqamları millət vəkillərimiz də bizimlə bölüşdülər.
Millət vəkili Malik Həsənov: "Bu gün dünyada hökm sürən və ən böyük dövlətləri belə inkişafdan saxlayan qlobal maliyyə böhranına baxmayaraq, ölkəmiz özünün əvvəlki sürətli inkişafını davam etdirməkdədir"
- Bu gün belə bir gerçəkliyi etiraf etməyə borcluyuq ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun varisliyinin təmin olunması xalqın bu kursa dərin inamından, gerçək arzularından keçib gəlir. Bu, çox mühüm şərt olmaqla yanaşı, həm də daim ictimaiyyətin diqqət mərkəzində qalan məsələdir.
Bəlkə də elə buna görədir ki, hələ 9 il öncə, 2003-cü il oktyabrın 15-də vətəndaşların mütləq əksəriyyəti qəti mövqeyini ortaya qoyarkən, Prezident İlham Əliyev amilini, ilk növbədə, dayanıqlı və təhlükəsiz sabah axtarışlarının cavabı olaraq önə çəkirdilər. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan uğurlu inkişaf yolundadır. Bu gün dünyada hökm sürən və ən böyük dövlətləri belə inkişafdan saxlayan qlobal maliyyə böhranına baxmayaraq, ölkəmiz özünün əvvəlki sürətli inkişafını davam etdirməkdədir. Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məhz dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətdə olduğu 9 il ərzində yürütdüyü daxili və xarici siyasət Azərbaycan xalqının istək və arzularının təzahürüdür. Bu mənada, xalqımızın Prezident İlham Əliyevə bəslədiyi sevgi və məhəbbəti əsassız deyildir.
Heç şübhəsiz ki, qarşıdan gələn 2013-cü il də Azərbaycan üçün uğurlu illərdən olacaq. Eyni zamanda, unutmaq lazım deyil ki, ölkəmiz bu il Dağlıq Qarabağ probleminin həlli istiqamətində çox intensiv danışıqlar aparıb. Bu baxımdan, hesab edirəm ki, bütün bunların nəticəsi olaraq, gələn il münaqişənin həlli ilə bağlı nəsə müsbət bir iş gözləmək olar. Ümumiyyətlə, Prezident İlham Əliyev uğurlu siyasət həyata keçirir ki, bütün bunların nəticəsində gələn il də Azərbaycan üçün uğurlu illərdən olacaq.
Millət vəkili İsa Həbibbəyli: "Azərbaycan İlham Əliyevlə xalqın birliyi nəticəsində inkişaf etdirilən Azərbaycandır"
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin missiyası Azərbaycanın müstəqil dövlətini qurmaqdan ibarət idi. Bu missiya çox böyük uğurla həyata keçirildi. Bunu ötən illərdə əldə edilən uğurlardan da görmək mümkündür. Azərbaycanın qarşıdan gələn 2013-cü ildə də davamlı uğurlara imza atacağı şübhəsizdir. Çünki ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və uğurla davam etdirilən monolit, qətiyyətli və xalqın dəstəklədiyi siyasət yürüdülür. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, bu gün regionda heç bir dövlət Azərbaycanla hesablaşmadan heç bir böyük layihə həyata keçirə bilməz. Region ölkələri içərisində Azərbaycan müqayisə olunmayacaq dərəcədə yüksək mövqe qazanıb. Bu da Prezident İlham Əliyevin həm Ümummilli Lider Heydər Əliyev siyasətinə sədaqəti ilə, həm də bu siyasəti inkişaf etdirməsi ilə müəyyənləşən məsələdir. Bu mənada, İlham Əliyev iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına, eləcə də, neft və qeyri-neft sektorlarının inkişafına xüsusi şərait yaratdı. Bunun üçün çox böyük perspektivli layihələr gerçəkləşdirildi.
Bu gün dünyanı bürüyən maliyyə böhranı şəraitində Azərbaycanda gedən yüksək iqtisadi, siyasi, mədəni və s. inkişaf dövlət başçısının yürütdüyü böyük siyasətin nəticəsidir. Bu siyasət, sadəcə, təbliğatdan ibarət deyil. İlham Əliyev öz siyasətinin konturlarını çox dəqiq müəyyənləşdirdi və qeyd etdi ki, "Bizim siyasətimiz bizim işimizdir". Həqiqətən, dövlət başçısı İlham Əliyevin apardığı siyasət əməli işdən və onun göz qarşısında olan nəticələrindən ibarətdir. Bu faktı bütün dünya qəbul edir. Bu mənada, artıq Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafının keçid dövrünün başa çatdığını deməsinin də əsası var. Hesab edirəm ki, ölkə başçısının bu fikirlərində, eyni zamanda, mənəvi-mədəni məsələlər də ön planda olub. Bu fikirlər universal inkişaf magistralına çıxmaq mənasında da, özünü doğrultdu ki, bu da artıq xeyli müddət idi ki, davam edən dağılmış təsərrüfatımızı, dövlətçiliyimizi, parçalanmış cəmiyyətimizi mütəşəkkilləşdirən bir prosesin əsasını qoydu.
Böyük müvəffəqiyyətlərdən biri də budur ki, ölkəmiz inkişafın keçid dövrünün heç bir ilini və ayını itirmədi. Təbii ki, Azərbaycan xalqının iradəsini toplamaq, onu müəyyən perspektivlərə yönəltmək, xalqımızı öz milli dövlətçiliyini qurmaq üçün səfərbər etmək üçün cənab İlham Əliyev liderlik keyfiyyəti nümayiş etdirdi. Bu gün də bu keyfiyyət dinamik xətlə davam etdirilir. Ona görə Azərbaycan artıq İlham Əliyevlə xalqın birliyi nəticəsində inkişaf etdirilən Azərbaycandır.İnanırıq ki, Onun sayəsində əldə etdiyimiz milli uğurlarımızın davamı olacaq və müstəqil dövlətimiz daha da qüvvətlənəcək və qüdrətlənəcəkdir.
Millət vəkili Sədaqət Vəliyeva: "Dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu 9 il ərzində yürütdüyü daxili və xarici siyasət Azərbaycan xalqının istək və arzularının təzahürüdür"
- Təbii ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər sırasında Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü uğurlu siyasət dayanıb. Bu baxımdan, təkcə Azərbaycan vətəndaşları deyil, ölkəmizə gələn qonaqlar da Azərbaycanın son illərdə inanılmaz və təsəvvürəgətirilməz dərəcədə gözəlləşdiyini və inkişaf etdiyini dilə gətirirlər. Bu gün paytaxt Bakı ilə yanaşı, ölkəmizin ən ucqar bölgələri də sürətli inkişaf edir. Sovet dövründən bu günə kimi yol çəkilməyən ərazilərə yeni yollar çəkilir, körpülər salınır, müxtəlif infrastrukturlar ən müasir metodlara cavab verə biləcək şəkildə tikilib-istifadəyə verilir. Bunlarla bərabər bölgələrdə yeni-yeni məktəb binaları, uşaq bağçaları, səhiyyə obyektləri tikilərək istifadəyə verilir, nəhəng qazlaşdırma işi aparılır. Bir sözlə, bu gün Azərbaycanın ən ucqar kəndləri belə şəhər mərkəzini xatırladır. Yəni, istər infrastrukturanın, istərsə də digər sahələrin, o cümlədən, daxili və xarici siyasətin bütün istiqamətlərində çox böyük irəliləyişlər əldə olunub. Hətta bu gün Bakını Avropanın Vyanası ilə müqayisə etmək olar. Ölkəmizdə gedən bu qədər inkişaf əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasətin, xalqın rifahına, əmin-amanlığına, tərəqqisinə, dövlətimizin qüdrətlənməsinə yönələn siyasətin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin nəticəsidir.
Nailiyyətlərin ən böyüyü isə Azərbaycanın haqlı mövqeyinin son 9 ildə dünyaya tanıtdırılması və regionda lider dövlətə çevrilməsidir. Bütün sahələrdə çox böyük nailiyyətlər var və hesab edirəm ki, ən böyük nailiyyət dövlət başçısı İlham Əliyevə xalqın sonsuz etimadı və inamıdır. Xalqımızın öz qeyrətli oğluna dayaq durması Ona bəslədiyi böyük sevgi və məhəbbətin əvəzsiz göstəricisidir. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. O, hər dəfə böyük səmimiyyətlə bəyan edir ki, mənim əldə etdiyim bütün nailiyyətlərin və uğurların səbəbi xalqımın mənə olan inamı, etimadı və mənim də xalqıma arxayın olmağımdır.
Prezident İlham Əliyevin hər bir çıxışı xalqın inamına və dövlətimizin güclənməsinə yönələn bir tezisdir. Onun çıxışlarının hansı cümləsinə diqqət yetirsək, görərik ki, Onun hər bir fikri Azərbaycan xalqının əmin-amanlığının və firavanlığının artmasına hesablanan fikirlərdir. İnanırıq ki, dövlət başçısının apardığı güclü diplomatiya sayəsində xalqımızın hər bir üzvünün ürəyinin ağrısı olan Dağlıq Qarabağ münaqişəsi də çox böyük qalibiyyətlə həll olunacaq və torpaqlarımız işğaldan azad ediləcəkdir. Beləliklə, bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvasına qayıdacaqdır.
Millət vəkili Rauf Əliyev: "Bu, Ulu Öndər Heydər Əliyev yolunun ən layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsidir"
- Başa çatmaqda olan 2012-ci il ölkəmiz üçün bütün sahələrdə uğurlarla zəngin olub. Bu uğurların içində idman sahəsində qazanılan nailiyyətlər ön sıralarda dayanır. Ancaq eyni zamanda, vurğulamaq istərdim ki, bu uğur arxasında mütərəqqi gənclər siyasəti də dayanıb. Artıq 2012-ci il Azərbaycanın dünyada idman ölkəsi kimi nüfuzunu xeyli artması ilə əlamətdar olub. Bu, həm il ərzində London Yay Olimpiya Oyunları kimi nüfuzlu yarışın keçirilməsi, həm də 2012-ci ilin dövlət başçısı tərəfindən "İdman ili" elan edilməsi ilə bağlıdır. Yəni, başa çatmaqda olan il ölkəmizin idman həyatı baxımından o qədər zəngin oldu ki, doğrudan da, "İdman ili" sözün həqiqi mənasında, ölkəmizin tarixinə idman ili kimi düşdü. Yeri gəlmişkən, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində cari ilin idman yekunları ilə bağlı keçirilən görüşdə idman sahəsindəki uğurları dövlət tərəfindən idmana olan diqqətin təzahürü kimi dəyərləndirib: "Təsadüfi deyildir ki, biz 2012-ci ili "İdman ili" elan etmişdik. Bu, idmana dövlət tərəfindən olan diqqətin təzahürüdür. Eyni zamanda, biz doğrudan da, ilin əvvəlində bu qərarı verərkən idmançılardan qələbələr, uğurlar gözləyirdik. İdmançılar ümidlərimizi doğrultdular. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil etmişlər".
Ancaq məsələ təkcə bu uğurlarla sona çatmır. Çünki bəlli olduğu kimi, Azərbaycanda ilk dəfə olaraq, Avropa oyunları keçiriləcək. Belə bir əhəmiyyətli tədbirin dünyada ilk dəfə olaraq Azərbaycanda keçirilməsi faktoru ölkəmizin beynəlxalq aləmdə nə qədər inkişaf etdiyinin əyani təzahürüdür. Yəni bu yarış Azərbaycanda keçirilməyə də bilərdi. Məsələn, Avropa oyunlarının, tutaq ki, Fransada, yaxud, İsveçrədə keçirilməsi məsələsi də qaldırıla bilərdi. Ancaq bütün bunlara rəğmən, Avropa məkanınn məhz Azərbaycan üzərində dayanması artıq hər şeyi kifayət qədər isbat edib. Bu, Azərbaycanın ildən-ilə güclənməsinin, qüdrətlənməsinin, eyni zamanda, dünyanın siyasi arenasında söz deyə bilmək imkanlarının nə qədər yüksək olmasının göstəricisidir. Bu, Ulu Öndər Heydər Əliyev yolunun ən layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsidir. Azərbaycan xalqı isə, əlbəttə ki, növbəti illərdə də öz Prezidentinin ətrafında daha da sıx birləşərək, uğurların sayını artıracaq.
RƏFİQƏ KAMALQIZI