Bakı-Tbilisi-Qars dəmiryolunun alternativi yoxdur
Son günlər Rusiya və işğalçı Ermənistanın mediasında Gürcüstanda yenicə iqtidara gələn "Gürcü arzusu" koalisiyasının Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsini dəstəkləmədiyi barədə müəyyən məlumatlar yayılır. Eyni zamanda, müvafiq nəqliyyat xəttinin səmərəli olmadığı, Gürcüstanın iqtisadi infrastrukturu üçün risklər doğurduğu iddia edilir. Bəlli olduğu kimi, layihənin icrasına böyük miqdarda vəsait yatırılıb və bu nəqliyyat xəttinin işə düşməsi, ilk növbədə, Gürcüstan ərazisindən tranzit daşımalarının həcmini dəfələrlə artıracaq. Bu da Gürcüstanın dövlət büdcəsinə ildə azı yüz milyonlarla dollar həcmində əlavə vəsaitin daxil olması deməkdir.
"Abxaziya yolu" uğur vəd etmir
Bir müddət öncə rəsmi Tbilisinin BTQ-ni dəstəkləmədiyi, əvəzində isə, Abxaziya dəmiryolunun inşasına üstünlük verdiyi barədə müxtəlif məlumatlar yayılırdı. Belə məlumatların erməni mediası tərəfindən dövriyyəyə buraxılması isə heç də təsadüfi deyil. Çünki Abxaziya dəmiryolunun işə düşməsi Ermənistanın hazırki blokada şəraitindən çıxması üçün əlverişli alternativ sayılır. Lakin bu alternativ ərazi bütövlüyü pozulan Gürcüstan üçün nə iqtisadi, nə də siyasi cəhətdən əlverişli deyil. Rusiya bunun müqabilində Gürcüstana iqtisadi əlaqələrin və diplomatik münasibətlərin bərpasından başqa heç nə vəd etmir. Başqa sözlə, "müstəqillyin tanınması" adı altında Rusiyaya ilhaq edilmiş ərazilərin geri qaytarılmasından söhbət belə getmir. Bu şəraitdə iqtisadi əlaqələri, kommunikasiya infrastrukturunu bərpa etmək isə Gürcüstanın vəziyyətlə barışması, Abxaziya ilə Cənubi Osetiyanın itirilməsini qəbul etməsi anlamına gəlir.
Doğrudur, rəsmi Tbilisinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyi başadüşülən, arzuediləndir. İndiki halda hər iki tərəf münasibətləri mülayimləşdirməklə həm siyasi, həm də iqtisadi dividendlər əldə etməyə çalışır. Bununla yanaşı, Rusiyanın uzun illər ərzində Gürcüstanla iqtisadi və hərbi-siyasi təzyiq dilində danışdığını nəzərə alsaq, Gürcüstanın rəsmi Moskva ilə münasibətlərinin normallaşmasına, eləcə də, bərabərhüquqlu-faydalı əməkdaşlığa ümid etməsi, əslində, siyasi illüziyadır. Rusiya Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytarmağa hazırlaşmır. Öz gələcək təhlükəsizliyindən və Gürcüstanda millətçi dairələrin qisasçılıq əhval-ruhiyyəsindən narahat olan Suxumi və Sxinvali təmsilçiləri də şərti müstəqilliyi formal muxtariyyatından üstün tuturlar.
Gürcüstanın ən yaxın tərəfdaşları Azərbaycanla Türkiyədir
Bu şərtlər daxilində Gürcüstanın belə bir addımı atması - Abxaziya dəmiryolunun açılması rəsmi Tbilisi üçün siyasi intihar deməkdir. Müvafiq addım rəsmi Moskva ilə bərbad olan münasibətlərin düzəlməsinə hesablansa belə, aydındır ki, Rusiya rəhbərliyi bundan çox məharətlə istifadə edərək, Gürcüstanla danışıqlarda Abxaziyanın tərəf kimi qəbul olunmasına çalışacaq. Oxşar yanaşmanın Gürcüstanın Cənubi Osetiya vilayətinə münasibətdə tətbiqi də istisna edilmir. Bu, təbii ki, Rusiya üçün daha sərfəlidir. Rusiya prezidenti Vladimir Putin əlaqələrin bərpasının daha çox Gürcüstana lazım olduğunu söyləsə də, Qafqazın cənub-qərbində yerləşən bu respublikada baş verənləri həssaslıqla izlədiklərini gizlətmir.
Aydındır ki, Abxaziya yolunun açılması ilə Moskva Ermənistanla uzun müddətdir uzaq düşən məsafəni qısalda və bu ölkəyə göstərdiyi dəstəyi yaxşılaşdıra bilərdi. Həmçinin, Gürcüstanla münasibətlərin düzəlməsi Kremlin Cənubi Qafqazda imicinin müəyyən qədər yaxşılaşması və bir addım önə çıxmaq deməkdir.
Bununla yanaşı, müstəqilliyinin bərpası dönəmində Gürcüstan real iqtisadi-siyasi dəstəyi məhz Azərbaycandan və Türkiyədən görüb. Bu ölkədə həyata keçirilən əksər iqtisadi layihələrin başlıca tərəfdaşı da bu iki qonşu ölkədir. Xüsusən, Gürcüstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu və mövqeyi əvəzsizdir. Rusiyadan fərqli olaraq, Azərbaycan Gürcüstanı ən əlverişli şərtlərlə, sabit qiymətlərlə yanar qazla, digər enerji resursları ilə təmin edir. Qiymətlər yerli əhalinin maddi vəziyyəti nəzərə alınaraq, maksimum güzəştlər müqabilində müəyyənləşdirilir. Bunu Bakıya səfəri ərəfəsində Gürcüstanın baş naziri Bdzina İvanişvili də etiraf edib. B.İvanişvili Gürcüstana olduqca yaxşı qiymətə qaz tədarük etdiyinə görə Azərbaycana minnətdar olduqlarını dilə gətirib. O bildirib ki, hazırda Gürcüstanda qaza görə tarifin azaldılması mümkün deyil və bununla belə, qazın qiymətinin "rəmzi" azaldılması barədə danışıqlar aparılacaq: "Ölkə daxilində qaz tarifinin azaldılması problemini həll edə bilməsək, bu, Azərbaycana aid deyil. Bu, bizim problemdir. Azərbaycana səfərim zamanı qazın alınması məsələsini də müzakirə edəcəyik".
Gürcüstanın inkişafında Azərbaycanın rolu əvəzsizdir
Digər tərəfdən, rəsmi Bakı Moskvadan fərqli olaraq, Gürcüstana münasibətdə enerji resurslarından təhdid və təzyiq vasitəsi kimi istifadə etməyib, əksinə, son 20 ildə Gürcüstan iqtisadiyyatını dirçəltmək üçün milyardlarla dollar həcmində investisiya yatırıb. Təkcə BTQ layihəsinin gerçəkləşməsi üçün Gürcüstana mərhələli şəkildə 800 milyon dollara yaxın güzəştli kredit ayrılıb. Bütün bunların müqabilində Gürcüstanın Rusiyaya və Ermənistana yönələn jestləri, əslində, Gürcüstanın milli maraqlarına xidmət etmir, bu ölkəyə yeni təhdidlər, təzyiqlər üçün müəyyən stimul yaradır. Belə məlumatların yayılması zamanı rəsmi Bakı proseslərə operativ müdaxiləsi öz müsbət rolunu oynadı. Faktiki olaraq, indiki halda Gürcüstanın təhlükəsizliyi və inkişafı Avropa, Türkiyə və Azərbaycanla bağlıdır. Eyni zamanda, Rusiya ilə münasibətlərin yaxşılaşması da rəsmi Tbilisinin istəyindən, səylərindən çox da asılı deyil. Odur ki, Rusiya Ermənistanla həddən artıq yaxınlaşmaq cəhdləri Azərbaycanı, Türkiyəni bu ölkədən incik, narazı sala, uzaqlaşdıra bilər. Belə vəziyyətdə Gürcüstan heç nə qazanmayacaq, itkiləri isə həddən artıq böyük olacaq.
Heç də sirr deyil ki, indiki halda Abxaziya yolunun açılmasında əsas maraqlı tərəf Ermənistandır. Bu səbəbdən erməni mətbuatı artıq BTQ-nin yarasız layihə olduğu, Abxaziya layihəsinin isə əhəmiyyətini şişirdən informasiyalar yaymaqdadır. B.İvanişvilinin bu barədə açıqlaması ilə Ermənistanın "Lragir" qəzetinin dərc etdiyi məqalənin üst-üstə düşməsi də təsasdüfi sayıla bilməz. Bu, onu deməyə əsas verir ki, rəsmi Yerevan bununla ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır.
"Abxaz yolu" BTQ-yə alternativ deyil
"Lragir" iddia edir ki, Cənubi Qafqaz regionu dəmiryolu nəqliyyatı cəhətdən yazıq vəziyyətdədir və regionun nəqliyyat potensialına qeyri-adekvatdır. Həmçinin, qeyd edir ki, regionda nəqliyyatın təkcə Azərbaycan və Türkiyədən keçməsi Qərbi qane etmir. Qərb buna mane olmasa da, razılığını da tam vermir. Lakin qəzetin iddiasına görə burda alternativ yol abxaz dəmiryolu ola bilər. Hansı ki, Rusiyanı Gürcüstan, İran, Qara dəniz, Bəsrə körfəzi, hətta Hind okeanı ilə bağlaya bilər. Qeyd olunur ki, abxaz dəmiryolunun üstünlüyü onun sıfırdan deyil, köhnə yolu müasirləşdirməklə başlamaqdan ibarətdir. "Lragir" hesab edir ki, bu layihənin reallaşması Qafqazın əsas arteriyasının Ermənistandan keçməsi ilə nəticələnə bilər.
Diqqəti çəkən odur ki, Gürcüstan hökumətinin başçısı B.İvanişvili sonradan söylədiklərinin təhrif olunduğunu bildirib və BTQ-nin perspektivi ilə bağlı ona istinadən səsləndirilən fikirləri, mülahizələri təkzib edib: "Sadəcə, Gürcüstanın daxilində hansısa köhnə dəmiryolu xəttində iqtisadi problemlər olduğunu demişəm. Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə heç bir təhlükə yoxdur. Əksinə, bu layihənin tez həyata keçməsinə kömək etmək lazımdır. Bu layihəni dayandırmaq olmaz. Mən layihəni sual altında qoymuram. Azərbaycana səfərim zamanı bu layihə haqqında fikir mübadiləsi aparacaq, eyni zamanda, Gürcüstan iqtisadiyyatının inkişafı məsələsini də gündəmə gətirəcəyik". Onun sözlərinə görə, bu layihə ətrafında çoxlu sayda suallar var və ona görə də o, dekabrın 26-da Bakıya səfəri zamanı bu məsələni müzakirə etmək niyyətindədir.
Əməkdaşlıq daha da dərinləşdiriləcək
Gürcüstanın baş naziri səfər ərəfəsində onu da etiraf edib ki, hazırkı şəraitdə Azərbaycanla münasibətlər bu ölkə üçün xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycanla münasibətlər Gürcüstan üçün strateji xarakter daşıyır və heç kəs bu əlaqələri qurban verməyə çalışmır. Biz Azərbaycanla əməkdaşlığımızın dərinləşməsinin tərəfdarıyıq".
Burada B.İvanaşvilinin müvafiq açıqlamasında müəyyən ziddiyyətli məqamların olduğu aşkar sezilir. Çünki BTQ Gürcüstanın və digər iştirakçı dövlətlərin strateji maraqlarına xidmət edən transmilli layihədir. Bu səbəbdən, layihənin Gürcüstanın köhnə dəmiryolu strukturu üçün problemlər yarada biləcəyini söyləmək, əslində, absurddur. Əksinə, layihənin gerçəkləşməsi Gürcüstana əldə edilən gəlirlər hesabına daxili nəqliyyat xətlərini yaxşılaşdırmaq, modernləşdirmək imkanı verəcək ki, bundan da, ilk növbədə, Gürcüstan qazanacaq.
BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tbilisidə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 milyon dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 kilometr uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin, köhnə yol rekonstruksiya olunacaq. Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 kilometrlik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 milyon dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Beləliklə, layihənin strateji xarakteri və burada Azərbaycanın önəmli rolu aydın görünür.
Naib NİFTƏLİYEV