PDF Oxu

Araşdırma

  • 1 619

"Qrant kukla teatrında" bu dəfə "cizgi filmi" göstərdilər

"Qrant kukla teatrında" bu dəfə "cizgi filmi" göstərdilər

Tarixinin üçüncü intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının inkişafı dağıdıcı müxalifətin ürəyində böyük bir dərdə çevrilib. Dayaz düşüncə tərzlərilə iddia edirlər ki, muxtar respublikanın sürətli tərəqqisi, əhalinin rahatlığı, sosial rifah halının yüksəldilməsi demokratik dəyərlərə ziddir. Gündə bir iclas keçirirlər, 5-6 nəfər papaqlı adamı oturdub bir zalda şəklini çəkib "demokratik" media orqanlarında yerləşdirirlər. Bu yaxınlarda bir jurnalist dostum mənə dedi ki, bu İP-di, kəndirdi nədi, onun keçirdiyi "tədbirin" şəklinə baxmısan? Dedim ki, baxmışam, bir nüans da diqqətimi cəlb edib: Qabaqda oturan 4-5 papaqlı adam əməlli-başlı yatıb. Dedi ki, o papaqlı adamlardan birini mən tanıyıram. Soruşdum ki, ağsaqqal, ora niyə getmişdin? Mənə nə desə yaxşıdır: "Nə bilim, ay oğul. Evə gedirdim, bir gədə qarşımı kəsib dedi ki, bəs burada cizgi filmi göstərəcəyik, axırda da sizə demokratiya verəcəyik. İstədim gedəm nəvələrimi gətirəm, dedi ki, tədbir başlayır. Fikirləşdim ki, cizgi filmi göstərilən yerdə verilən demokratiya nədirsə, yəqin, uşaq üçündür. Alıb apararam nəvələrimə. Gedib oturdum, gördüm ki, cizgi filmi-zad göstərmirlər. Ancaq danışanlar multfilm personajlarına oxşayırdılar. Dedim, yəqin canlı cizgi filmi belə olur. Sonra məni yuxu tutdu. Axırda oyananda, gördüm bir nəfər deyir ki, tədbir başa çatdı. Vallah, bizə demokratiya-zad vermədilər. Deyinə-deyinə gedirdim, qonşumuz Qafar müəllim qarşıma çıxdı. Soruşdu ki, niyə belə əsəbləşmisən? Binanı göstərib dedim ki, iki saat vaxtımı aldılar, söz verdilər ki, demokratiya verəcəyik, ancaq vermədilər. Qafar müəllim acıqlı-acıqlı dilləndi: "Onların verdiyi demokratiya xarabdı, ağsaqqal. Nəvələrin zəhərlənər. Nə tez yadından çıxıb! Doxsanıncı illərin əvvəllərində bunların demokratiyası başımıza nə müsibətlər gətirdi". Dedim ki, Qafar müəllim bu "demokratiya" paylayanlar o vaxtkı "azadlıq" paylayanlardır. Dedi özüdü ki, var. Onların qarasınca söyə-söyə özümü danladım. Heyf iki saatıma. Jurnalist dostum deyir ki, ora yığışanların hamısı belə adamlardır.

Ancaq məni narahat edən başqa məsələdir. Bunlar Naxçıvan ziyalılarının adından danışırlar. O hansı ziyalıdır ki, biz tanımırıq. Onların ziyalı dediyi bütün əxlaq normalarını pozan Elman Abbasov, qrant üçün Vətənini satan, xarici xüsusi xidmət orqanlarına işləyən Məlahət Nəsibova, İlqar Nəsibovlardır. Ziyalı dedikləri bir də bunların züy tutanı Yafəzdi-nədi, odur. Bu "ziyalıların" adını bir ziyalıya dedim kişinin təzyiqi qalxdı. İndi bunlar yığışıb ADP-nin qərargahına Naxçıvandakı vəziyyətlə bağlı forum keçiriblər. Guya Naxçıvanda demokratik dəyərlər pozulub, jurnalistlər, hüquq müdafiəçiləri, iş adamları təhdid olunur və sair və ilaxır. Başlayaq demokratik dəyərlərdən. Əvvəla, bunların demosun "d"-dan, kratosun "k"-dan xəbərləri belə yoxdur. Ona görə də onların nəzərində pozulan nədirsə, onu mən bilmirəm. Əgər Naxçıvanda demokratiya, söz azadlığı yoxdursa, bunu niyə Məlahətdən, İlqardan, Elmandan başqa heç kim demir? Keçək jurnalistlərin, hüquq müdafiəçilərinin, iş adamlarının məsələsinə: "hüquq müdafiəçisi" orta təhsilini yarımçıq bitirib, "jurnalist"in j hərfindən belə xəbəri yoxdur, "iş adamı" isə bazarda kartof satan alverçidir. Azərbaycan ictimaiyyətinə "hüquq müdafiəçisi", "jurnalist", "iş adamı" kimi təqdim etdikləri bunlardır. Kim inanmırsa, mən onu Naxçıvana dəvət edirəm, gəlsin, qonağımız olsun, faktlarla sübut edək. "Forum"da müzakirə olunan digər məsələlərə də aydınlıq gətirək. Açığını deyim ki, mən orda səsləndirilən bəzi fikirlərlə razıyam. Məsələn, İbrahim İbrahimli deyir ki, Naxçıvandan laboratoriya kimi yararlanırlar. Düz deyir, Naxçıvan Azərbaycanın dövlətçilik laboratoriyasıdır. Bu laboratoriya olmasaydı, Azərbaycandakı viruslar üzə çıxmayacaq, ölkəmiz məhv olacaqdı. Mən bu Mehman Əliyevin fikirləri ilə də razılaşıram: "Azərbaycanda mütləq xalq hərəkatı başlanmalıdır". Bəli, Azərbaycanda xalq ayağa qalxıb sizin kimi satqınları, xalq düşmənlərini ölkədən qovmalıdır. Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin fikirləri də maraqlıdır: "Dəyişikliklər növbəsi bizə çatıb". Doğrudur, dəyişikliklər növbəsi sizə çatıb. Xalq sizi dəyişməlidir. Azərbaycanda sağlam müxalifət formalaşmalıdır.

"Forum"da Ə.Kərimli Turac Zeynalovdan danışdı. Danışmalı idi də. Çünki onların məsləki eynidir: xəyanət. Yoxsa elə bilirsiniz bəlkə Əli Kərimlinin Turac Zeynalova ürəyi yanır. "Bəylər" Naxçıvan haqqında o ki var danışdılar. Guya Naxçıvanı çox istəyirlər, naxçıvanlıları "xilas etmək" fikrindədirlər. Bunlar deyildimi Naxçıvanı "kor bağırsaq" kimi kəsib atmaq fikrində olanlar.

Bir də iddia edirlər ki, Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi onların dostları olan "jurnalistləri", "hüquq müdafiəçilərini" izləyir. O nazirliyin işi milli təhlükəsizliyi təmin etməkdir. Hərəniz qrant hesabına bir xarici xüsusi xidmət orqanına işləyirsiniz. Bəs nə etsinlər, ölkəmizin milli təhlükəsizliyini qorumasınlar? Yoxsa o böyüklükdə nazirliyin işi-gücü qurtarıb ki, sizin kimi axmaqları izləsin. Onlar sizi yox, sizin kimi satqınların əli ilə ölkədə provokasiya yaratmaq istəyənləri neytrallaşdırmağa çalışırlar.

Bu yazını hazırlayanda, bir dostumuz mənə zəng etdi. Dedi ki, çıx bir çay içək. Ona bu mövzuda yazı hazırladığımı deyəndə, cavabı belə oldu: "Sənin də işin-gücün qurtarıb. Əşi, atalar demişkən: "İt hürər, karvan keçər". Onlara reaksiya verəndə, elə bilirlər ki, tapılmaz tikədilər. Dostuma dediyim sözləri olduğu kimi oxuculara çatdırıram: "Əzizim Əli, İbrahim, Məlahət, Elman, İlqar kimdir ki, mən onlara cavab verim? Mən onların informasiya ötürdüyü, tapşırıqlarını yerinə yetirdikləri ölkələrə cavab verirəm. Elə bilməsinlər ki, biz ölkəmizi, dövlətimizi qorumağı bacarmırıq. Bu 5-6 nəfəri qışqırtmaqla Azərbaycanda nəsə edə bilərlər".

Bu gün Azərbaycanın vətənpərvər gəncliyi var. Və bu gənclik Ulu Öndər Heydər Əliyevin yolu ilə gedir. Bu gün xalqımız Dahi Öndərimiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezidentimizin ətrafında sıx birləşib. Azərbaycan xalqı heç vaxt imkan verməyəcək ki, xarici qüvvələr müstəqil Azərbaycanı forposta çevirdikləri ölkələrin sırasına əlavə etsinlər. Ə. Kərimlilərin, İ. Qəmbərlərin arzusu ürəyində qalacaq. Xalqımız bir dəfə səhvə yol verib - o da bu yaramazlar hakimiyyətə gələndə. Azərbaycan xalqı 1993-cü ildə öz seçimini edib və xalqın iradəsini heç kim qıra bilməyəcək. Xalqın bu seçimlə hansı səviyyəyə gəlib çatdığı göz qabağındadır. İndi hər bir azərbaycanlı azərbaycanlı olmağı ilə yanaşı, müstəqil, qüdrətli, dünyada söz sahibinə çevrilən dövləti ilə də qürur duyur.

Yenə qayıdıram Naxçıvanla bağlı səsləndirilən firkilərə. Gör o "forum"da "Naxçıvan ziyalıları" dediklərini kim təmsil edir: peşkom Həsən. Etik qaydalardan kənara çıxsam da deməliyəm. Bəri başdan oxuculardan üzr istəyirəm. O Həsən Şıxəliyevi naxçıvanlılar küçə uşağı kimi tanıyır. Bu küçə uşaqlarının Naxçıvan barədə danışmağa haqqı yoxdur. Bu cəbhəçilərin, müsavatçıların "kor bağırsaq" kimi kəsib atmaq isə dikləri Naxçıvanı bu hakimiyyət qoruyub saxlayaraq, inkişaf etdirdi. Naxçıvanın bugünkü inkişafına, tərəqqisinə kölgə salmağa çalışmaq, bunları görməmək ən azından vicdansızlıqdır. Mən də nə qoyub, nə axtarıram. Sizin vicdanınızı qrantverənlər çoxdan satın alıblar. O qrant verənləri görsəydim, deyərdim ki, pulunuzu boş yerə xərcləməyin. Bunlardan sizə haray yoxdur. Onsuz da bunların dediklərinə o qrant alanlardan başqa heç kim əhəmiyyət vermir.

Səbuhi HÜSEYNOV

Digər xəbərlər