PDF Oxu

Araşdırma

  • 2 201

“Ərəb baharı” kontekstində İranın regional və qlobal siyasətinə dair

“Ərəb baharı” kontekstində İranın regional və qlobal siyasətinə dair

Məlum olduğu kimi, hal-hazırda İran regional və qlobal arenada radikal etirazları və siyasi tərzi ilə fərqli ölkələr statusunda yer alır. Bu, onun həm daxildəki İslami ideologiyaya istinad edərək hakimiyyəti saxlaması, həm də xarici siyasətdə ABŞ və İsrailə qarşı ciddi siyasi etirazlar səsləndirməsi ilə səciyyələnir.Ümumiyyətlə isə, İranın tarixinə nəzər salsaq qədim dövrdən etibarən bu ölkə özünün dövlətçilik tarixində ciddi siyasi etirazlar və təlatümlərlə qarşı-qarşıya olmuşdur.

Digər tərəfdən, qəbul olunan bir reallıq var ki, İran regionda geniş mənada ``yumşaq güc`` (soft power), yəni tarixi zaman içərisində fars dili, ədəbiyyatı və düşüncə tərzi ilə təsir gücünə malik mədəniyyətə də malikdir.Müasir dövrdə isə İran həm regional, həm də qlobal arenada hal-hazırdakı rejimə müvafiq olaraq siyasi gedişlər edir. Bu mənada ``Ərəb baharı`` adlanan hərbi-siyasi təlatümlər ilə İran öz siyasi maraqlarını daha qabarıq şəkildə ifadə etməyə başlamışdır. Məhz Rusiya ilə birlikdə İranın Türkiyədə yerləşdiriləcək olan "Patriot" raketlərinə qarşı çıxmasının səbəbi, Türkiyənin daha əvvəllər Suriya ilə sərhəddə uçuşu qadağan edən bufer zonanın (no fly zone) yaradılma tələbindən meydana gəlməsi ilə əlaqədardır. Bu mənada İran, müttəfiqi Suriyanın məğlub olmasından sonrakı prosesləri düşünərək Suriyaya hər cürə köməklik göstərir.Belə ki, İran Milli Məclisinin sədri Əli Laricanidən sonra dini lider Ayətullah Xamneyinin hərbi müşaviri Yadullah Cavani də, Türkiyədə "Patriot" raketlərinin yerləşdirilməsini strateji bir xəta olaraq qiymətləndirərək: "əgər patriotlar Suriyaya başlanacaq bir hücum üçün hazırlıq isə, Ankara əvvəlkindən daha çox ziyanla qarşı-qarşıya qalacaqdır" fikrini səsləndirmişdir.Təsadüfi deyildir ki, Türkiyənin Malatya şəhərində NATO tərəfindən radar kompleksinin yerləşdirilməsindən sonra Türkiyədə PKK daha da fəallaşaraq ciddi terror aktları həyata keçirmişdir. Nəticədə, siyasi və hərbi ekspertlər bunun arxasında İranın durduğunu ifadə edərək Türkiyəyə ``yerini göstərmək`` və ya ``mesaj vermək`` kimi başa düşülməsini vurğulamışlar. Bu baxımdan İran, NATO tərəfindən Malatya şəhərində ``Patriot`` raketindən daha əvvəl qurulan müdafiə məqsədli radar mərkəzinin hədəfində eyni zamanda İranın olduğunu iddia edir.Ümumiyyətlə, İran həm daxili, həm də xarici siyasətində Orta və Yaxın Şərqdə sabitsizliyi, zülmü və dünyanın bir çox yerində işğalları ABŞ imperializminin məhsulu olaraq qiymətləndirir. Bu kontekstdə qeyd etməliyəm ki, ``Ərəb baharı` adlanan siyasi üsyan və təlatümlər İranın nüfuz dairəsini həm genişləndirdi, həm də daraltdı. Belə ki, Misir və Tunisdə meydana gələn üsyanlar və seçimlər nəticəsində Sünni İslami idelogiyaya əsaslanan partiyaların hakimiyyətə gəlməsi və Fələstin probleminin həllində Misirin aktiv rol alması İranın problemə dair ənənəvi gücünü zəiflətdi.Digər tərəfdən, Ərəb ölkələrində Suriya ilə əlaqədar siyasəti nəticəsində İrana qarşı ciddi etirazlar baş qaldırdı. İran isə öz növbəsində rəsmi ideologiya olaraq Ərəb ölkələrində baş verən hərbi-siyasi təlatümləri ``İslami Oyanma`` hərəkatı olaraq qiymətləndirir. Real siyasət baxımında isə İran, Suriya müxalifətini və Misirdəki ``Müsəlman Qardaşların`` rəhbərlik etdiyi hakimiyyəti Qərbli siyasi dairələrin fiqurları olaraq görür.Bu kontekstdə qeyd etməliyəm ki, Ərəb ölkələri ilə İran arasındakı gərginlik 2003-cü il İraqın ABŞ və müttəfiq güclər tərəfindən işğalına qədər daha çox siyasi mahiyyət daşıyarkən, İraqda Şiə iqtidarın hakimiyyətə gəlməsi ilə anlaşmazlıq məzhəbi çalarlara bürünmüşdür. Məhz bu dövrdə İranın nüfuz dairəsinin regionda artması, ``Şiə Zolağı`` fikrinin ortaya çıxmasına səbəb olmuş və Fars körfəzi ölkələri bunu təhlükəli vəziyyət olaraq qəbul edilmişlər. Təsadüfi deyildir ki, Səudiyyə Ərəbistanı, şimal-şərq sərhəddində son dərəcə zəngin olan neft yataqları olan yerlərdə məskunlaşan Şiələrin İran və İraq hökuməti tərəfindən dəstəklənərək ayağa qalxmasından və Şiələrin rəhbərlik etdiyi regional idarə sisteminin yaradılmasından çəkinir.Digər tərəfdən İraqda Baş Nazir Nuri əl-Malikinin sünnilərə qarşı mənfi münasibəti, Livanda xüsusilə 2006-cı ildə Hizbullahın hörmət qazanması və İsrail ilə olan mübarizələr, Yəmən və Bəhreyndəki şiələrin üsyan qaldırması, Suriyadakı Ərəb Ələvi elita və bütün bunlar İran üçün hal-hazırda da regionda nüfuz dairəsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.Qlobal müstəvidə İranın beynəlxalq arenada qarşılaşdığı ən böyük problem, onun nüvə silahına malik olub olmamasından daha çox beynəlxalq müstəvidə təsirli güc olma istiqamətindəki arzusu məsələsi ilə əlaqədardır. Məhz İran ilə ABŞ arasında bu cəhətdən mübarizə davam edərkən İran, Orta Şərqdə anti-Amerkancılıq və məzhəbçilik vasitəsi ilə öz təsir dairəsini genişləndirir. İran Prezidenti Mahmud Əhmədinejadın ``Avropalıların həyata keçirdiyi Yəhudi qətliamının cəzasını Fələstinlilər ödəməməlidir`` etiraz xarakterli ifadəsi də bu kontekstdə anlaşılmalıdır.Son təhlillər göstərir ki, Orta və Yaxın Şərqdə həyata keçirilən siyasət, nüfuzlu dövlətlərin regiona dair siyasi arzu və istəklərini də əks etdirir. Belə ki, ABŞ və müttəfiqləri Fars körfəzində daha çox təsir gücünə malik olmaq üçün ciddi siyasi və hərbi həmlələr edir. Bu regionda eyni zamanda İran da öz siyasi və tarixi-mədəni nüfuzundan istifadə edərək genişlənmə layihələrini həyata keçirməyə çalışır. Çünki bu regiona hakim olan güc, eyni zamanda regional və qlobal miqyaslı siyasi problemlərin həllində də söz sahibi olacaqdır.Ümumiyyətlə İranın Suriyaya dəstəyi, Ümumdünya Atom Enerji Agentliyi ilə problemli münasibətləri, İran-İsrail qarşıdurması, bəzi ölkələr tərəfindən İrana tətbiq olunan embarqolar və s. hal-hazırda İranın həm daxili, həm də xarici siyasətinə mənfi təsir göstərməkdədir. Hazırkı Suriya rejiminin ehtimal olunan süqutu isə yaxın gələcəkdə İrana qarşı təzyiqlərin güclənməsinə səbəb olacaqdır. Digər tərəfdən İsrail hökumətinin hər zaman İrana qarşı hərbi müdaxilə planlarını dilə gətirməsi isə region üçün ciddi təhlükələrdən xəbər verir.

Newtimes.az

Digər xəbərlər