Cari ilin başa çatmasına az vaxt qalır. "2013-cü ilə hansı uğurlarla qədəm qoyuruq" sualını cavablandırmaq üçün ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni, demokratik islahatlar və xarici siyasət sahəsində qazandığı uğurları bir daha təhlil etmək zərurəti duyulur. Bircə məqamı qeyd etmək kifayətdir ki, ötən ilin sonunda- 29 noyabr 2011-ci il tarixdə dövlət başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam cari ildə atılacaq addımların konturlarını cızmaqla yanaşı, məsuliyyəti də artırdı. Sərəncamda da qeyd edilirdi ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
"Ölkə iqtisadiyyatının şaxələndirilməsi, sadəcə olaraq, bir xoş niyyət deyil, bu, artıq reallıqdır"
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının şaxələndirilməsi artıq reallqdır. İl ərzində keçirilən müşavirələr, bayram tədbirləri uğurların təhlilində, yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ayrı-ayrı sahələrin inkişafını təsdiqləyən rəqəmlərin açıqlanması bu qənaəti yaratmışdır ki, 2012-ci il də ölkəmiz üçün uğurlu olacaq və mühüm sosial-iqtisadi göstəricilərlə yadda qalacaq. İqtisadi artım doqquz ayda 1,1 faiz təşkil etsə də, qeyri-neft sektorunda artım 10,3 faiz olub. Bu o deməkdir ki, iqtisadiyyatın neft-qaz amilindən asılılığı minimuma endirilir. Dövlət başçısı İlham Əliyev bu günlərdə "Rossiya-24" telekanalına müsahibəsində də cari ilin ölkəmiz üçün uğurlu olduğunu rəqəmlərin dili ilə açıqladı. Cari ilin 9 ayında 94 min yeni iş yeri açılıb ki, bunun da 73 mini daimidir. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində işsizlik səviyyəsi 5,3 faizə, yoxsulluq səviyyəsi 6 faizə enib. Azərbaycan valyuta ehtiyatlarının adambaşına düşən həcminə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Belə ki, cari ilin əvvəlindən valyuta ehtiyatları təxminən 5 milyard dollar atmış, 45 milyard dollar səviyyəsindədir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə valyuta ehtiyatları 1,6 milyard dollar olmuşdur. Azərbaycan investisiya cəlbediciliyini də yüksək səviyyədə qoruyub. Cari ilin ötən dövründə ölkə iqtisadiyyatına 22 milyard dollar sərmayə qoyulub. Sərmayələrin əsas hissəsi, təxminən 70 faizi daxili investisiyalardır. Bu göstəricilər dövlətin investisiya siyasətinin çox uğurlu olduğunu təsdiqləyir. Ölkədə yaradılan sabitlik, normal biznes mühiti, eyni zamanda qoyulan vəsaitlərin təhlükəsizliyinə təminat həm yerli, həm də xarici investorlarda böyük inam yaradır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu inam olmasaydı, ölkə iqtisadiyyatına belə həcmdə investisiya qoyulmazdı. Ümumilikdə, 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına yatırılan vəsaitlərin həcmi 120 milyard dollardan artıqdır ki, bunun 80 faizi, yəni 90 milyard dollara yaxını 2003-cü ildən sonrakı dövrə aiddir. Ölkəmizdə yaradılan əlverişli biznes mühiti beynəlxalq maliyyə qurumlarının hesabatlarında, dünyanın nüfuzlu mətbuat orqanlarında da geniş təhlil və təqdir edilir. Dünya Bankı hesabatlarında Azərbaycanı ən islahatçı ölkə kimi təqdim edir. Davos İqtisadi Forumunun hesabatlarına əsasən ölkəmiz makroiqtisadi sabitliyə görə dünya miqyasında 18-ci yerdədir. Dövlət başçısı bu uğurların fonunda bildirir: "Biz gələn ilin sosial-iqtisadi konturlarını indidən özümüz üçün müəyyən etməliyik... Elə etməliyik ki, gələn il də makroiqtisadi vəziyyət sabit olaraq qalsın." Dünya İqtisadi Forumunun 2012-2013-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşıb. 2011-2012 hesabatında isə ölkəmiz 142 ölkə arasında 55-ci yer tutmuşdu. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi dəyərləndirilir.
Bu günlərdə ölkəmizdə keçirilən "Azərbaycan 2020: gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev söylədiyi fikirlər də Azərbaycanın uğurlarının ümumiləşdirilmiş ifadəsidir: "Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaratmışdır... Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir... Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur."
Neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin edilməsinin uğurlarımızda rolu inkaredilməzdir. Şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun investisiya və yerləşdirmə portfeli də genişlənir. Fondun aktivlərinin həcmi 32 milyard dollardan artıqdır. Bu vəsaitlərin yönəldiyi istiqamətlər və həcm barədə mütəmadi ictimaiyyətə məlumatlar verilir. Bu gün Azərbaycanın ən böyük maliyyə vəsaiti tələb olunan layihələri icra etmək imkanında olması ölkəmizin maliyyə imkanlarının təqdimatı olmaqla yanaşı, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunmasının təsdiqidir. Yaxın zamanlarda istifadəsi nəzərdə tutulan, Avropaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi istiqamətində atılan addımlar da Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. Dünya əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərinin reallaşmasında Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin önəmini xüsusi vurğulayan Prezident İlham Əliyev bildirir: "Biz bütün layihələrin fəal iştirakçıları, onların təşəbbüskarıyıq və belə olan halda, əlbəttə ki, dünyada bizim çəkimiz artacaqdır."
Reallaşan layihələr növbəti addımlar üçün stimuldur. İqtisadi qüdrətini günbəgün artıran, maliyyə imkanlarını genişləndirən Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla 2008-ci ildən başlanan və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından uğurla çıxdı. Qeyri-neft sektorunun inkişafını uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bildirir ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir. Bu baxımdan iqtisadiyyatın, təhsilin və elmin vəhdətinin yaradılması prioritet məsələ kimi öndə saxlanılır.
Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim etdi
Sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən iyun ayından sovet dövründən qalmış əmanətlərin qaytarılmasına başlanılması da bu diqqət və qayğının təzahürüdür. Son altı ayda bir milyon 256 min 817 əmanət hesabı üzrə fərdi birdəfəlik ödəniş həyata keçirilib. Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət nüfuzlu mətbuat orqanlarında da dəstəklənir. Almaniyanın populyar "C-Tour" nəşri yazır: "Bakıda heyrətamiz firavanlıq yaranıb. Azərbaycanın digər ərazilərində də istehlak səviyyəsi durmadan artır, xalqın həyat şəraiti yaxşılaşır. Hökumət uğurlu iqtisadi strategiya seçib və Azərbaycan xalqı iqtidarı dəstəkləyir. Azərbaycanda orta aylıq əmək haqqı artıq 400 dolları ötüb. Bu, keçmiş SSRİ respublikaları arasında ən yüksək göstəricilərdən biridir. Bakının infrastrukturu Qərb standartlarından heç də geri qalmır, indi isə kənd rayonları da bu səviyyəyə yaxınlaşır."
Onu da qeyd edək ki, Azərbaycan insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülüb və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçib. BMT yanında İnkişaf və Artım Komissiyası son məruzəsində qeyd etmişdir ki, 1950-ci ildən sonra belə sürətli inkişafa 13 ölkə nail olub. Azərbaycanın adı bu ölkələr sırasında ön yerlərdədir.
Hər bir uğurumuz Ermənistanın məyusluğudur
Dövlət başçısı İlham Əliyev çıxışlarında bu fikri xüsusi qeyd edir ki, dünya dəyişir, dünyada cərəyan edən proseslər müxtəlif istiqamətdə inkişaf edir. Ancaq təbiətin ümumi qanunları dəyişmir. Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır: "Bizim bu illər ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır."
Ölkəmizin müstəqil siyasəti hər sahədə özünü qabarıq şəkildə büruzə verir. Dünya dövlətlərinin, təşkilatlarının rəsmiləri də bildirirlər ki, o ölkə müstəqil siyasət həyata keçirə bilər ki, iqtisadi siyasətində müstəqil olsun. Azərbaycan bu sahədə nümunə göstərilir. Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır.
Dövlətin xarici siyasətinin proritet məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də dəyişməz mövqe müstəqil siyasətin, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmanın təsdiqidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 193 üzvündən 155-nin dəstəyini qazanaraq quruma qeyri-daimi üzv seçilməklə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli imkanlarını da artırır. Münaqişənin həllində ATƏT-in vasitəçilik missiyasını yerinə yetirməsinə baxmayaraq rəsmi Bakı bütün beynəlxalq təşkilatların potensialından səmərli istifadə etmək niyyətini hər zaman ortaya qoyur. İşğalçı Ermənistan və ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan dövlətinin digər beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəyə çıxarılmasını Minsk qrupunun vasitəçilik missiyasından imtina kimi dəyərləndirsələr də rəsmi Bakı bunun qeyd olunan məsələyə aidiyyəti olmadığını bildirir. Mövqe tarixi ədalətə, həqiqətlərə əsaslananda təbii ki, diplomatik mübarizədə də üstünlük qazanmaq asandır. Bu gün dünya haqqın, ədalətin kimin tərəfində olduğunu görür və mövqeyini açıqlayır. Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, münaqişənin həllində dövlətin mövqeyi, xalqın iradəsi ilə yanaşı beynəlxalq dəstəyin rolu inkaredilməzdir. Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə üsünlük verən, bütün münaqişəli məsələlərin bu çərçivədə həllinə səy göstərən dövlətimiz daim işğalçı Ermənistandan beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə hörmətlə yanaşmağı, ədalətli mövqe nümayiş etdirməyi tələb edir. Münaqişənin həlli üçün hərtərəfli hüquqi baza mövcuddur. BMT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar Dağlıq Qarabağ problemi ilə bağlı qərar və qətnamələr qəbul edib. Lakin onların icrası ilə bağlı Ermənistan heç bir addımı atmaq istəmir.
Azərbaycanın diplomatik mübarizdə uğurları cari ildə də davamlı olmuşdur. Bu ilin mayında ABŞ-ın Çikaqo şəhərində dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən NATO-nun sammiti Azərbaycan üçün mühüm hadisə ilə yadda qaldı. Belə ki, sammitin sonunda qəbul olunan birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanındı. Qeyd edək ki, 2008-ci ildə keçirilən NATO-nun Buxarest sammitində, eyni zamanda 2010-cu ildə Lissabon samitində qəbul olunan yekun Bəyannamələrdə də Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bəyan edilir. Çikaqo sammitində çıxış edən Prezident İlham Əliyev NATO ilə əməkdaşlığın hazırkı səviyyəsindən, ölkəmizin Şimali Atlantika Alyansının "Sülh naminə tərəfdaşlıq" Proqramında və "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planın"da fəal iştirakından, eyni zamanda qurumun dünyada sülhyaratma əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələrinin yaxından iştirakından geniş bəhs edərək bir daha bəyan etmişdir ki, rəsmi Bakı Dağlıq Qarabağ probleminin nizamlanmasında bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək niyyətindədir. Münaqişəninin mahiyyətinin düzgün dəyərləndirilməsi, verilən bəyanatların kağız üzərində qalmayaraq həyata keçirilməsi münaqişənin həllinə yardımçı ola bilər. Hərbi-siyasi təşkilat kimi NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu hər zaman önə çəkilir. Dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən Şimali Atlantika Alyansının zirvə toplantısında qəbul olunan Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsi sözsüz ki, qurumun, eyni zamanda burda təmsil olunan dövlətlərin mövqeyini ortaya qoymuşdur. Qeyd edək ki, NATO həmişə Cənubi Qafqaz regionunda mövcud olan münaqişələrə- Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ probleminin həllinə seyrçi mövqedən yanaşsa da, son zirvə görüşlərinin yekun qətnamələri bir daha bu mövqedəki dəyişikliyi ortaya qoydu. Bu ondan irəli gəlir ki, dünya tarixi faktlara söykənir, həqiqəti olduğu kimi qəbul edir və mövqeyini qəbul olunan qərar və qətnamələrdə ortaya qoyur.
Cari ildə Azərbaycanın beynəlxalq uğurlarından biri də Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnaməni qəbul etməsidir. Dövlət başçısı bildirir: "Dünyada 200-dən bir qədər çox ölkə vardır. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür. Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini nəzərə alsaq, təbii ki, NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının üzvü ola bilməz, orada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə vurğulanmışdır. Yəni, dünya birliyinin dörddə üç hissəsi məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz."
Təbii ki, Azərbaycanın diplomatik mübarizədə qələbəsi Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıran başlıca amillərdəndir. Ölkəmiz bu gün dünyada yeni tərəfdaşlar qazanır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əməkdaşlıq üçün ənənəvi olmayan qitələrdən də Azərbaycana böyük maraq vardır. Ölkə Prezidenti Azərbaycanın öz xarici siyasətində önəm verdiyi bu prinsipi də bəyan edir ki, ölkəmiz ancaq bərabərhüquqlu münasibətləri qəbul edir: "Əgər kimsə fikirləşirsə ki, öz iradəsini bizə qəbul etdirə bilər, səhf edir. Biz ancaq bərabərhüquqlu, qarşılıqlı maraqlar, bir-birinin işinə qarışmamaq prinsiplərini qəbul edirik." Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu günbəgün artır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın hər bir uğuru Ermənistanın məyusluğudur.
Ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan oldu
Ölkəmiz bu il beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha artan nüfuzunu, malik olduğu imkanları dünyaya təqdim etdi. Dövlət başçısı bildirir: "Bakıda, demək olar ki, hər həftə keçirilən bütün beynəlxalq tədbirlər, beynəlxalq forumlar, Humanitar Forum, İnternet İdarəçilik Forumu, digər mədəni tədbirlər ölkəmizi və paytaxtımızı nəinki regional mərkəzə çeviribdir,- bu, artıq keçmişdə qalıbdır, -ölkəmizi qlobal dünya xəritəsində ciddi mərkəzə çeviribdir." İlin əvvəlində Azərbaycan Avronest Parlament Assambleyasının ikinci sessiyasına, daha sonra Krans Montana Forumuna ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etmişdir ki, bu kimi forumlar Azərbaycanla Avropa təsisatları arasında əməkdaşlıq ruhunu daha da gücləndirəcək: "Avropalı dostlarımız, adətən, Azərbaycan haqqında neft və qaz ölkəsi kimi danışırlar. Bu da təbiidir. Biz bunu dəyişməliyik. Ancaq necə? Əməkdaşlıq yolu ilə! Bunun üçün insanları dəvət etməliyik, təmaslar qurmalıyıq, qarşımızda duran mühüm məsələləri müzakirə etməliyik. Biz, həmçinin özümüz üçün müəyyən etməliyik ki, güclü tərəfdaşlarımızı hansı yolla daha da inkişaf etdirək." Azərbaycanın iqtisadi inkişaf modeli və demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərildi. Cari ilin oktyabrında dünyanın 100-ə yaxın ölkəsinin siyasi, mədəni və elmi ictimaiyyətinin görkəmli nümayəndələrinin, tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, aparıcı KİV təmsilçilərinin iştirakı ilə "XXI əsr: ümidlər və çağırışlar" devizi altında II Beynəlxalq Humanitar Forum keçirilərək, Azərbaycana dünyanın diqqət və marağını bir daha ortaya qoydu. II Bakı Beynəlxalq Humanitar Forumundan sonra Azərbaycan növbəti mötəbər tədbirə-İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısına ev sahibliyi etdi. Zirvə toplantısı Azərbaycanın iqtisadi imkanlarının dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan üçün iqtisadi transformasiyanın artıq reallıq olduğunu diqqətə çatdıran dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Cari ilin mühüm tədbirlərindən biri də may 42 ölkənin məşəlinin Bakıda alovlanması oldu. Bu uğur da Azərbaycanın iqtisadi inkişafına əsaslanan mədəniyyətinin intibahı kimi dəyərləndirildi. Bu reallıq inkaredilməzdir ki, xalqlar bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir ki, bunlardan ən yüksəyi mədəniyyətdir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, yaşayacaq və inkişaf edəcək. Azərbaycanın bugünkü reallıqları bir daha bu fikri təsdiqləyir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq aləmdə yeri və rolunu möhkəmlədirməklə yanaşı, öz milli mənəvi dəyərlərini, tarixini, mədəniyyətini və incəsənətini yüksək səviyyədə qoruyan və təbliğ edən ölkələr sırasındadır. Dünyanın nüfuzlu mətbuat orqanları "Euvrovision-2012" mahnı müsabiqəsinin fonunda Azərbaycan reallıqlarını dolğun şəkildə şərh edərək, bu fikri diqqətə çatdırdılar ki, musiqi ölkələr arasında körpüdür. Bu körpünu möhkəmləndirmək üçün hər bir ölkə üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışır. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın təcrübəsi nümunədir. ABŞ-ın "The Wachington Times", "The Wall Street Journal", Böyük Britaniyanın "The İnderendent", "The Telegraph" və digər nüfuzlu mətbu orqanlar məqalələri ilə Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırdılar.
Hər zaman qeyd edildiyi kimi Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqət və marağında olub. Zaman keçdikcə bu diqqətin daha da artdığı inkaredilməzdir. Bunu şərtləndirən əsas amil isə dövlətimizin düşünülmüş siyasəti nəticəsində əldə olunan uğurlardır. Ölkəmiz dünya mətbuatında, nüfuzlu təşkilatların hesabatlarında, siyasətçilərin, politoloqların rəylərində "çiçəklənən Azərbaycan", iqtisadi möcüzələr ölkəsi kimi təqdim olunur.
Yeni dövrün astanasında
"Bizim növbəti onilliklərlə də bağlı planlarımız olduqca aydındır" söyləyən Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı yeni hədəflərə çatmaq yollarını müəyyənləşdirir. Əsas hədəf Azərbaycanı yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər üç dəfə artan ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Dövlət başçısı bu əminliyi də ifadə edir ki, Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı müəyyənləşdirilən yeni məqsədlərə nail olmağa əsas verir. BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Antonius Bruk "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını davamlı inkişaf çağırışları üçün bir yol xəritəsi kimi dəyərləndirir. Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko isə bildirir ki, Azərbaycanda 2020-ci ilədək ÜDM-nin iki dəfə artırılması böyük çağırışdır. Bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və inanırıq ki, Azərbaycan bu yolda ciddi uğur qazanacaq. Göründüyü kimi, başa vurmaqda olduğumuz hər il daim əvvəlki ildən möhtəşəm uğurları ilə fərqlənir. Bu onu deməyə əsas verir ki, inkişaf, tərəqqi dövlət siyasətinin əsasıdır.
"İki sahil"in Analitik Qrupu