PDF Oxu

Araşdırma

  • 1 392

Əfv Fərmanına daxil olan şəxslər beynəlxalq təşkilatın siyahısına görə müəyyən olunmur

Mübariz Qurbanlı: "Bəzilərinin iddia etdiyi kimi, hansısa beynəlxalq təşkilatların hazırladığı siyahıya görə nə bu fərmanlar imzalanır, nə də ki, əfv olunacaq şəxslər müəyyən olunur"

Əfv Fərmanına daxil olan şəxslər beynəlxalq təşkilatın siyahısına görə müəyyən olunmur

Dövlət başçısı tərəfindən imzalanmış növbəti Əfv Fərmanı bir daha onu təsdiq etdi ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən yürüdülən uğurlu siyasətin tərkib hissələrindən biri də davamlı humanizm prinsiplərinin qorunması və reallaşdırılmasıdır. Belə ki, bu günə qədər imzalanmış çoxsaylı fərmanlar qeyd olunan fikirləri kifayət qədər təsdiqləyir. Ötən müddət ərzində on minlərlə insan verilən fərmanlar nəticəsində azadlığa çıxaraq, öz doğmalarına, ailələrinə qovuşaraq, yeni həyata qədəm qoyublar. Əlbəttə ki, həbsxana divarlarından azad olunaraq yeni həyata başlayan keçmiş məhbuslar dövlət rəhbərliyinin göstərdiyi humanizmi minnətdarlıqla, sevinclə qarşılayırlar və buna şübhə də yoxdur.

Ancaq hər zaman olduğu kimi, bu dəfə də sözügedən əhəmiyyətli hadisəyə müxtəlif tipli donlar geyindirənlər tapılır ki, onların məqsədlərindən biri də yaranmış situasiyadan sui-istifadə edərək, siyasi manipulyasiyalar bahasına dividend artırmaqdan ibarətdir. Daha dəqiq desək, bu kimi xoşməramlı olaylar arxasında dövlətin yürütdüyü uğurlu siyasi addımlara kölgə salmaq bəzi siyasiləşmiş fərdlərin köhnə peşələridir.

Müxalifət mətbuatı və onları idarə edən "liderlər" əslində iqtidarın uğurlu siyasətini həzm edə bilmədikləri üçün mənəviyyata zərər vura biləcək qədər çirkin oyunlara əl atırlar

Xüsusilə, burada siyasiləşmiş QHT-lərin, qondarma "hüquq müdafiəçilərinin", dağıdıcı müxalifət "liderləri"nin və onlara təhkim olunmuş müxalifət mətbuatının gerçəkliyə qarşı boğazdan yuxarı verilmiş "bəyanatlarını", "təhlilli nəticələrini" göstərnmək olar. Eyni zamanda, onlar tərəfindən irəli sürülən iddialar bir neçə istiqamətə bölünür ki, həmin iddialar araşdırılarkən əslində heç bir dolğun fakt, yaxud sübut nəzərə çarpmır.

Məsələn, müxalifət "liderləri" və onlarla iş birliyində olan bəzi "hüquq müdafiəçiləri" iddia edirlər ki, sonuncu Əfv Fərmanından sonra azadlığa buraxılmış məhbusların adları beynəlxalq təşkilatlar tərəfindən "siyasi məhbus" kimi hallandırılmış və Qərb təşkilatları tərəfindən iqtidara edilən təzyiqlər (?!-A.T.) vasitəsilə həmin "siyasi məhbuslar" azadlığa buraxılmışdır. Və guya hələ də "siyasi məhbus" kimi həbsxana həyatı yaşayan fərdlər islah - cəza müəssisələrində saxlanılmaqdadırlar.

Yaxud azadlığa buraxılmş "siyasi məhbuslar" dərhal müxalifət mətbuatı tərəfindən müsahibələrə cəlb edilir, onların məhbəs həyatlarının "məşəqqətini" əks etdirən qızışdırıcı suallar verilir. Azadlığa çıxan "siyasi məhbuslar" isə, öz növbələrində, bundan sonra da "mübarizə aparacaqlarını" bəyan edərək, cəmiyyət qarşısında guya nə qədər "mətin" olduqlarını sərgiləyirlər. Lakin bu kimi hallarda da kifayət qədər məntiqsizlik nəzərə çarpmaqdadır. Çünki azadlığa buraxılan hər bir məhbus onlara bəxş edilən azadlığa görə dövlət rəhbərliyinə minnətdarlı edirlər, onların ailələri Əfv Fərmanına görə bilavasitə ölkə rəhbərinə təşəkkürlərini çatdırırlar. Digər tərəfdən, vaxtından əvvəl azadlığa çıxmaq istəyində olan hər bir məhbus müvafiq dövlət oraqnlarına müraciət edirlər və həmin müraciətlərə əsasən də Əfv Fərmanları verilir. Buradan da görünür ki, müxalifət mətbuatı və onları idarə edən "liderlər" əslində, iqtidarın uğurlu siyasətini həzm edə bilmədikləri üçün mənəviyyata zərər vura biləcək qədər çirkin oyunlara əl atırlar.

"Bu fərmanla azadlığa çıxan şəxslər müraciətlər edirlər və onlar ailələrinin vəziyyətləri, onların həbsdəki fəaliyyəti nəzərə alınaraq, əfv olunurlar"

Yuxarıda qeyd olunan fikirləri, müxalifət "liderləri"nin iddiaları arxasında dayanan siyasi dividend axtarışlarını Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının mətbuata verdiyi açıqlamasından da görmək mümkündür. YAP rəsmisi vurğulayıb ki, bu fərmana daxil olan şəxslər bəzilərinin iddia etdiyi kimi hansısa beynəlxalq təşkilatların siyahısına görə müəyyən olunmayıb: "Prezident İlham Əliyevin imzaladığı Əfv Fərmanı humanist xarakterli fərmandır. Bundan əvvəlki illərdə də, Ulu Öndər Heydər Əliyevin zamanında da, bayramlar ərəfəsində məhbəsdə olan insanların azadlığa çıxması üçün fərmanlar verilib. Bu fərmanların verilməsinin əsas qayəsi humanizmdir. Eyni zamanda, bu fərmanla azadlığa çıxan şəxslər müraciətlər edirlər və onlar ailələrinin vəziyyətləri, onların həbsdəki fəaliyyəti nəzərə alınaraq, əfv olunurlar".

"Dövlətimizi sevməyən şəxslər tərəfindən bu məsələ gündəmə gətirilir, uydurma siyahılar tərtib olunur"

Göründüyü kimi, məhbusların əfv olunması proseduru Azərbaycanda ənənə şəkilni almış və bundan sonra da davamlı olaraq həyata keçiriləcəkdir. Lakin buna baxmayaraq, Azərbaycanda marağı olan bəzi Qərb siyasi dairələri öz məqsədlərini reallaşdırmaqdan ötrü ölkədə siyasi müxalifət kimi fəaliyyət göstərən dağıdıcı müxalifət "liderləri" və onlarla iş birliyində olan qondarma "hüquq müdafiəçiləri" ilə təmaslarnını saxlayaraq, sözügedən məqsədlərini gerçəkləşdirməyə cəhd göstərirlər. Məhz bu təmaslar nəticəsində qondarma "siyasi məhbus" məsələsi dağıdıcı müxalifət tərəfundən gündəmə çıxarılır.

Mübariz Qurbanlı bu məsələyə də qiymət verərkən deyib ki, ölkəmizdə "siyasi məhbus" olmadığı halda, Azərbaycanın uğurlarını qəbul etmək gücündə olmayanlar, bu dövləti sevməyənlər tərəfindən belə uydurma siyahılar tərtib olunur: "Bəzilərinin iddia etdiyi kimi, hansısa beynəlxalq təşkilatların hazırladığı siyahıya görə nə bu fərmanlar imzalanır, nə də ki, əfv olunacaq şəxslər müəyyən olunur. Bildiyiniz kimi, Azərbaycanda siyasi məhbus yoxdur. Dövlətimizi sevməyən şəxslər tərəfindən bu məsələ gündəmə gətirilir, uydurma siyahılar tərtib olunur".

AFƏT TAHİRQIZI

Digər xəbərlər