Ermənistanın işğalçılıq siyasəti güclü Azərbaycan tərəfindən lazımı cavabını alacaqdır
İqtisadi potensial və onun müharibədə vacib rolu
Hər hansı bir müharibəni apara bilmək üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. 1 milyondan artıq ac vətəndaşı olan Ermənistanın isə, nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur. İşğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Hərbi ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, hazırkı şəraitdə hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadi çökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər. Qeyd edək ki, işğalçı ölkənin dövlət büdcəsinin gələn il üçün xərcləri 1 trilyon 152 milyard dram (3 milyard dollar) həcmində müəyyənləşib. Xatırladaq ki, Azərbaycnın 2013-cü il üçün təsdiq olunmuş büdcəsində təkcə müdafiə xərcləri üçün 1 milyard 528 milyon 582 min 600 manat ayrılması nəzərdə tutulub. Bu isə Ermənistanın dövlət büdcəsinə barəbərdir. Azərbaycanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 milyard 159 milyon manat, xərcləri isə 19 milyard 850 milyon manat nəzərdə tutulub.
Göründüyü kimi, hər iki sahədə Azərbaycanın xeyirinə beş qat fərq var. Bundan başqa, Azərbaycanın strateji valyuta ehtiyatları 30 milyard dollara çatıb. Ölkədə hərəsində bir neçə milyard dollar vəsait olan digər iri fondlar da var ki, bu fövqəladə hallarda ümumi fonda daxil edilə bilər. Strateji planda isə Azərbaycanın enerji və digər qlobal layihələrdən əldə edəcəyi gəlirlər yüz milyardlarla ölçülür.
Ermənistanda isə, onsuz da çox zəif olan maliyyə imkanları getdikcə daha da azalır. Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Belə ki, ÜDM-in həcminin 2012-ci ilin yekununda rekord səviyyədə- 15 faiz düşəcəyi gözlənilir. Dünya maliyyə qurumları ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 8 faizədək artacağını, cari hesab kəsirinin isə 13 faizi üstələyəcəyini proqnozlaşdırır. Belə imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət olacaq. Müharibə cəmi 1 ay davam etsə, Ermənistan iqtisiadiyyatı bunun öhdəsindən gələ bilməz və ermənilər sadəcə acından ölərlər. Hərçənd Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 ay qədər uzun müddətə uzanmamasına kifayət edir.
Canlı qüvvə faktorunun müharibədə rolu
Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Hazırda Ermənistan ordusu 60 min əsgərə və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. İldə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10 min nəfərə düşüb. Çağrışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilir. Cəbhəyanı bölgələrin sakinlərinə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar. Faktdır ki, Yerevan Qarabağa canlı qüvvə göndirməkdə çətinlik çəkir. "Ermənistan Əsgər Anaları Cəmiyyəti"nin açıqladığı hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə isə "dedovşina", xəstəliklər, narkomanlıq, homoseksualizm baş alıb gedir. Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. Hərbi mənbələrin məlumatına görə, Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 20 min nəfərdir. Bu qüvvələr 3 ordu korpusunda cəmləşdirilib. Bu qüvvənin 75 faizi Azərbaycanın işğal olunmuş ərazilərinin ordumuzla təmas xətti üzrə cəmləşib. Ermənistanla müqayisədə Azərbaycan Silahlı Qüvvələri isə daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə də Ermənistandakından azı 3 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyondan çoxdur. Çağırış planı, demək olar ki, 100 faiz yerinə yetirilir. Ordudan yayınma və fərarilik halları yoxdur. Peşəkar hərbçi kadr baxımından isə, ordumuzun imkanları xeyli yüksəkdir.
Ordularda mənəvi-psixoloji durum
Erməni mediasında yayımlanan materiallarda Ermənistan ordusunda əsgər və zabitlərin psixoloji durumunun getdikcə pisləşdiyi vurğulanır və həyəcan siqnalı verilir. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşklatları, o cümlədən, "Əsgər Anaları" cəmiyyəti maraqlı faktlar açıqlayıblar. Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Bu ilin 11 ayında Ermənistan silahlı qüvvələrində 100-dək hərbi qulluqçu həlak olub ki, bunların da təxminən yarısı qeyri-döyüş vəziyyətində ölüb. Ən biabırçı məlumatlar isə ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir. Aparılan yoxlamalar zamanı hərbçilərin kütləvi şəkildə homoseksualizm bəlasına duçar olduğu aşkarlanıb. Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrı-seçkilik və "dedovşina" hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir.
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Ümumiyyətlə, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə, Ermənistan ordusu dağılacaq. Beləliklə, kiçik müqayisəli analizdən ortaya çıxan nəticə budur- Azərbaycan və Ermənistan müqayisə ediləcək ölkələr deyil. Həm hərbi, həm iqtisadi, həm də digər sahələrdə bu müqayisə yersizdir. Çünki bu iki ölkə artıq bütün sahələr üzrə antipod hesab olunur.
O ki qaldı sülh danışıqlarının nəticə verməyəcəyi halda, Azərbaycan Ordusunun öz ərazilərində antiterror əməliyyatları aparmaq imkanına, qəti olaraq demək mümkündür ki, möhkəm dövlətçiliyə, güclü iqtisadiyyata, qüdrətli orduya, əhalisinin yüksək mənəvi-psixoloji duruma malik olduğu Azərbaycan işğal edilmiş ərazilərini çox qısa zamanda azad etməyə qadirdir.
A.Səmədova