ABŞ və Qərb dövlətləri yürütdükləri siyasətlərində mövcud olan kifayət qədər problemlərin fərqinə varmırlar
Son illər Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisi, onların maddiyyat təsiri altında olan qeyri-səmimi, riyakar siyasətçilər, eləcə də, Azərbaycanın davamlı, real uğurlarını həzm etmək iqtidarında olmayan xarici anti-Azərbaycan qüvvələr və islamofob dairələr qaranlıq məqsədlərini gerçəkləşdirməkdən ötrü ölkəmizə qarşı total informasiya müharibəsi aparmaqda davam edirlər. Belə ki, bu günlərdə "Reuters" agentliyi tərəfindən ABŞ Dövlət Departamentinə istinadən yayılan informasiya da bu sıradandır. Məsələ ondadır ki, adıçəkilən agentlik ABŞ Dövlət Departamentinin hesabatına əsaslanaraq Azərbaycanın guya Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi iddiası ilə çıxış edib. Söz yox ki, bu kimi təəssüfedici və kəskin qınaqlara layiq halın mövcudluğu belə qənaətə gələməy əsas yaradır ki, həmin qüvvələr Azərbaycanda çirkin maraqlarını təmin edə bilmədikdə ölkəmizə qarşı dezinformasiya, onun reallıqlarını təhrif etmək, uğurlarını gözdən salmaq kimi cəhdlərə əl atırlar. Çünki Azərbaycanda əldə edilən hər bir uğur bu kimi dairələrin iflası və kənarlaşdırılması deməkdir. Bu faktoru elə də uzaqda olmayan tarix də göstərməkdədir. Məsələn, sözügedən qüvvələr "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində ölkəmiz haqqında çoxsaylı yalan, böhtan xarakterli məlumatlar yayaraq beynəlxalq ictimai rəyi ölkəmizə qarşı yönəltməyə çalışmışlar. Xarici dairələrin təhriki ilə müsabiqə ərəfəsində ölkəmizə qarşı demokratiya və insan hüquqları ilə bağlı aparılmış qərəzli kampaniya, Azərbaycanı regionda yeni qarşıdurmalara cəlb etmək planları, guya İsrail-Azərbaycan əlaqələrinin üçüncü dövlətə qarşı istiqamətləndirildiyi barədə cəfəng iddialar məhz bu məqsədlərə xidmət etmişdir.
Eyni zamanda, müxtəlif beynəlxalq forumlar və toplantılar ərəfəsində Azərbaycan haqqında qeyri-ciddi dırnaqarası mülahizələr irəli sürən daxili və xarici anti-Azərbaycan qüvvələr kirli kampaniyalarını davam etdirməyə səy göstəriblər. Bu mənada, onu da xatırlatmaq yerinə düşərdi ki, erməni lobbisi ilə iş birliyində olan və xarici dairələrin sifarişlərini həyata keçirənlər arasında dağıdıcı müxalifət təmsilçiləri, onların "liderləri" də rol oynamaqdadırlar. Və belə çıxır ki, Azərbaycan beynəlxalq aləmdə daha nəhəng nailiyyətlərə imza atdıqca, qarşı tərəf daha da azğınlaşaraq, növbəti cəfəngiyyat dolu dezinformasiyalar yaymağa başlayacaqlar. Artıq bu faktoru sübut edən amillər nəzərə çarpmaqdadır. Belə ki, növbəti təxribatçı informasiyaların Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ilə bağlılığı şübhəsizdir.
ABŞ-ın xarici siyasəti koordinasiya olunurmu?
Məhz bu kimi amilləri nəzərə alaraq istər-istəməz suallar yaranır ki, dünyada söz demək qüdrətinə malik, önəmli qərarlara səs vermək hüququnu əldə edən, BMT-nin Təhlükəsizlik Şurasına üzvü olan Azərbaycanı təhlükəli ölkələr sırasına daxil edən siyasi dairələr hansı kriterilər üzrə qiymətləndirməyə əsasən bu nəticəyə gəlmişlər? Əgər onların iddiaları həqiqətə əsaslanırsa, nəyə görə Azərbaycan beynəlxalq aləmdə həyata keçirilən bütün geosiyasi əhəmiyyətli layihələrdə öncül yerlərdən birini tutmaqdadır? Yaranan bu kimi suallara cavab olaraq nəticəyə gəlmək mümkündür ki, sözügedən informasiyalar cəmiyyətdə belə təəssürat yaradır ki, ABŞ-ın xarici siyasəti koordinasiya olunmur, müxtəlif daxili qüvvələr, lobbi qrupları öz maraqlarına uyğun istədiklərini edirlər.
Lakin digər tərəfdən də demək mümkündür ki, ABŞ həmişə ən yüksək səviyyədə özünü Azərbaycanın dostu kimi təqdim etmişdir. Məsələn, Prezident Barak Obama başda olmaqla əksər ABŞ rəsmiləri, konqresmenlər, senatorlar beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın böyük rol oynadığını xüsusi qeyd etmişlər. Ölkəmiz beynəlxalq antiterror hərəkatında önəmli yerlərdən birini tutmaqdadır. Əsgərlərimiz dünyanın bir çox qaynar nöqtələrində digər Qərb dövlətləri ilə çiyin-çiyinə terrora qarşı qəti mübarizəsini aparmaqdadır. Hansı ki, Dağlıq Qarabağ münaqişəsi kontekstində ölkəmizin 20 faiz əraziləri təcavüzkar Ermənistanın terrorçuluq siyasəti nəticəsində işğala məruz qalamaqda davam edir. Və maraqlıdır ki, Azərbaycan əleyhinə çıxan məlum qüvvələr bu cür faktları kənara qoyaraq, tamamilə zidd mövqedən çıxış etməklə, erməni lobbisinin sifarişlərini həyata keçirməyi üstün tuturlar.
Onu da qeyd edək ki, işğal altında qalan nəzarətsiz ərazilərimiz istisna olmaqla, Azərbaycanda uzun illərdir ki, terror hadisəsi törədilməmişdir, ölkə daxilində əcnəbilərin sərbəst hərəkəti üçün hər hansı bir təhlükə yoxdur. Azərbaycan hüquq-mühafizə orqanları baş verə biləcək cinayət hadisələrinin qarşısını alırlar və ölkədə, ümumiyyətlə, təhlükəli mühit mövcud deyil.
ABŞ və Qərb ölkələrində yaşayan insanlar əslində heç bir təhlükədən sığortalanmayıblar
Başqa tərəfdən, daha bir amili nəzərə alaraq, qeyd etmək mümkündür ki, hazırda Azərbaycanda təhlükə "görən" Qərb dairələri təmsil olunduqları ölkələrdə, həqiqətən də, nə qədər təhlükəli şəraitdə yaşadıqlarının fərqinə varmırlar. Yəni demək olar ki, ABŞ və Qərb ölkələrində yaşayan insanlar həyatlarına yarana biləcək heç bir təhlükədən sığortalanmayıblar. Və əgər ABŞ Dövlət Departamentinin qərəzli iddialarına inansaq, bu günə kimi Avropada və Amerikada olan terror hadisələrini, insanların qətlə yetirilməsini necə izah etmək olar? Çünki bu ərəfələrdə ABŞ-da gənc bir oğlan məktəbə silahla daxil olaraq 20 kiçik yaşlı şagirdi və 6 müəllimi amansızlıqla qətlə yetirdi.
62 yaşlı kişi həbsxanadan müvəqqəti icazə alaraq öz evini yandırdı, bacısını alovlar içində qoydu, yardıma gələn yanğınsöndürənlərdən ikisinə isə atəş açaraq, onları həyatlarından məhrum etdi. Eyni zamanda, ABŞ Dövlət Departamenti və Qərb siyasi dairələri Norveçdə Breyvik adlı şəxsin 77 günahsız insanı qətlə yetirməsini nə tez unutdular?
Bu gün Avropanın müxtəlif ölkələrində, xüsusilə də, Fransada baş alıb gedən islamofobiya insanların təhlükəsizliyinə kifayət qədər risklər yaradır. Belə ki, bu ölkədə müsəlmanlara qarşı aşırı radikalizm meyilləri artmaqda davam edir. Məscidlərə, xristian olmayan başqa dini konfensiyalara qarşı hücumlar təşkil olunur.
Almaniyada türklərin qəddarcasına qətlə yetirilməsi, onların başının kəsilməsi faktları da bu ölkədə insanların nə qədər "təhlükəsiz" yaşamalarını təsdiq edir. Amma nəticədə belə halların üzərindən sükutla keçilməklə, Azərbaycan birdən-birə Əfqanıstan, Sudan, Liviya kimi ölkələrlə təhlükəli dövlətlər sırasında yer alır (?!) Sual yaranır ki, görəsən, yuxarıda qeyd olunan hadisələrin baş verdiyi ölkələr niyə "təhlükəli ölkələr" siyahısına daxil edilmirlər? Niyə beynəlxalq terrora qarşı fəal mübarizə aparan Azərbaycanla bağlı ədalətli mövqe ortaya qoymaq əvəzinə, Qərb mediası ölkəmizə qarşı hiddət dolu məlumatlar yayır, olmayan məqamları süni surətdə qabardırlar? Azərbaycan beynəlxalq terrora qarşı mübarizədə fəal iştirakının əvəzində Qərbin belə "töhfələri"nə layiqdirmi? Bu cür ədalətsiz yanaşma dünyada ədalət anlayışının özünə təhlükə deyilmi?
Qərəz və dezinformasiyalar xarici şirkətlərin Azərbaycana sərmayə yatırmalarına qarşı yönəldilir
Baş verən qərəz və dezinformasiyalardan həm də belə bir nəticəyə gəlmək mümkündür ki, sözügedən xarici siyasi dairələr burada Azərbaycanın güclü iqtisadi potensialına qarşı mövqe sərgiləməyə səy göstərirlər. Məsələ ondadır ki, bu cür dezinformasiyalar xarici şirkətlərin Azərbaycana gəlməsi, sərmayə yatırması, turistlərin Azərbaycana axınına maneə yaratmağa yönəlmişdir. Lakin həmin dairələr daha bir mühüm faktoru unudurlar. Onlar unudurlar ki, nə az. mnə çox, artıq 20 ilə yaxındır ki, dünyanın bütün böyük şirkətləri, nəhəng korporasiyaları Azərbaycanda uğurla fəaliyyət göstərməkdədirlər və bu vaxta qədər onların fəaliyyətinə qarşı, ümumiyyətlə, heç bir təhlükəli hadisə baş verməmişdir.
Çünki Azərbaycan son illər çoxsaylı dünya və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmiş, lakin irəli sürülən iddialara rəğmən, heç bir fors-major halla qarşılaşmamışdır. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi statusunu qazanmışdır. Belə halların qiymətləndirmə kriteriləri konkret faktlara əsaslanmalıdır. Hansı ölkə riskdən sığortalanıb? Əgər riskli bölgə anlayışı baş verə biləcək hadisələrə görə tərtib olunursa, onda gərək dünyanın aparıcı ölkələri ilk növbədə bu siyahıya salınsınlar. Bir çox Qərb dövlətlərindən fərqli olaraq, Azərbaycan ən böyük tədbirləri belə yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Siyasi əməkdaşlığa, enerji təhlükəsizliyinə, iqtisadi inteqrasiyaya, dinlərarası dialoqa, idmana həsr edilmiş bu tədbirlər Cənubi Qafqazda yalnız Azərbaycanda uğurla təşkil edilmişdir.
Nəticədə, bir daha qeyd etmək mümkündür ki, belə təhdid və dezinformasiyalar heç zaman Azərbaycanı haqq yolundan döndərə bilməz. Primitiv təxribatlarla ölkəmizi gözdən salmaq istəyən qüvvələrə Azərbaycan real işləri, o cümlədən, dünya və beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı, təhlükəsizliyi, firavanlığı, dinamik inkişafı ilə cavab verir.
RÖVŞƏN NURƏDDİNOĞLU