Siyavuş Novruzov: "İctimai Palata"nı heç vaxt ciddi qurum hesab etməmişəm"
Yenicə qədəm qoyduğumuz 2013-cü il həm də seçki ili kimi ölkə siyasətində önəmli yerlərdən birini tutmaqdadır. Ancaq müxalifət düşərgəsinin təmsilçiləri kimi tanınan bir çox siyasi partiya "liderləri" ölkənin müqəddəratı istiqamətində xüsusi rol oynayan prezident seçkilərinə tamamilə fərqli mövqedə baxmaqdadırlar. Daha dəqiq desək, siyasi dividendlərimi tamamilə başqa məcrada "inkişaf" etdirən "liderlər" burada xalqın, dövlətçiliyin maraqlarını ifadə etmək yerinə, öz ambisiya savaşları ilə xalq və dövlətçilik maraqlarından get-gedə daha da uzaqlaşırlar. Sözügedən amil müxalifət "liderlərinin" hər zaman tərəfdarlardan və xalqdan təcridolunma təsirini bağışlayır ki, nəticədə ötən seçkilərdə olduğu kimi, bu dəfə də onların məğlubiyyətləri seçkilərə bir neçə ay qalmışdan görünməyə başlayıb. Söz yox ki, bu kimi hallardan nəticə çıxarmaq əvəzinə, xalqın dəstəklədiyi iqtidarı günahlandırmağa səy göstərən "liderlər" öz yanlışlıqlarını daha da üzə çıxarmış olurlar. Bu isə bir daha sübut edir ki, onların boğazdan yuxarı səsləndirdikləri pafoslu ifadələr, sadəcə cəfəngiyyatdır. Həmçinin, onların tərəfdarlarının get-gedə daha da azalaması, ətraflarının daralması sözügedən həqiqəti kifayət qədər sübuta yetirib.
"İctimai Palata" seçkilərə qədər dağılacaq
Bu baxımdan, istər "İctimai Palata"da, istərsə də rəhbərlik etdikləri partiyaları daxilində normal idarəçilik prinsipindən, vahid mövqedən uzaq düşən "liderlər" son anda öz ambisiyaları uğrunda daha kəskin didişmələrə yol verirlər. Bunu "İctimai Palata"nın ortaq məxrəcə gələ bilməməsində, AXCP və Müsavat partiyalarının ayrı-ayrılıqda seçkilərə qatılmaları barədə verdikləri qəraralrda da görmək mümkündür. Yuxarıda qeyd olunduğu kimi, bu hal artıq 20 ildir ki, onlarda davam edir və nəticəsi də ictimaiyyətə dəfələrlə məlum olub. Buna misal kimi, dağılmış "Azadlıq" blokunu, "Müxalifətin Koordinasiya Mərkəzi"ni və başqa qurumları xatırlamaq kifayətdir. Bu qurumların hər biri "liderlərin" ambisiyaları ucbatından tamamilə parçalanmış və məhv olmuşdur.
Dağıdıcı müxalifətin itirilmiş şanslarını Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov maraqlı faktlarla təhlil edib.
Bu qurumun perspektivi toxdur
Belə ki, YAP İcra katibinini müavini, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, 2013-cü il prezident seçkilərinə kimi "İctimai Palata" da ötən blok və birliklərdə olduğu kimi dağılacaq. Çünki bu qurum da digərləri kimi ciddi birlik təsiri bağışlamır. Daha dəqiq desək, orada idarə olunan monopoliya sistemi və avtoritar idarəçilik artıq indidən "İctimai Palata"nın müqəddəratının həll edilməsini nümayiş etdirir: "İctimai Palata"nı heç vaxt ciddi qurum hesab etməmişəm. Bu qurum müəyyən partiyaların monopoliyası altında fəaliyyət göstərir. Digər partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələrinin bu quruma daxil olmasına imkan vermirlər".
Siyavuş Novruzov bildirib ki, "İctimai Palata"da əsas rol oynayan iki partiya rəhbəri özünün beynəlxalq təşkilatlara göstərmək üçün belə qərarlar qəbul edirlər: "Bu qurumun perspektivinə inanmıram. Prezident seçkilərinə kimi "İctimai Palata" dağılacaq".
Göründüyü kimi, dağıdıcı müxalifətin son şansları da tükənmək üzrədir və "liderlərin" ayrı-ayrılıqda, yəni AXCP sədri Əli Kərimlinin bir, Müsavat başqanı İsa Qəmbərin isə ayrı olaraq müxalifətin namizədi kimi çıxış etmələri həm də onu deməyə əsas verir ki, dağıdıcı müxalifət öz siyasi iddialarını ötən 2012-ci ildə qoydu və 2013-cü il onlar üçün heç də düşündükləri kimi uğurlu nəticələr vəd etmir. Bu faktor ehtimal deyil, bir aksiomadır.
Rəfiqə Hüseynova