PDF Oxu

Araşdırma

  • 4 781

Xəyalpərəst dağıdıcılar

Müxalifət 2012-ci ili hansı «yenilikləri» ilə xatırlayacaq?

Xəyalpərəst dağıdıcılar

2012-ci ili arxada qoyub, 2013-cü ili yaşayırıq. Ötən hər günün hesabat olduğunu nəzərə alsaq, bir ilin təhlilinin nə qədər önəmli olduğu təsdiqlənər. İllər bir-birini əvəzlədikcə, əldə olunan müsbət nəticələrin, yeni təcrübələrin əsasında irəliyə daha böyük inamla baxır, yeni-yeni hədəflər müəyyənləşdirilərək, onları həyata keçirmək üçün ciddi səylər göstərilir. Azərbaycan beynəlxalq səviyyədə təsdiqlənən və yüksək dəyərləndirilən inkişaf konsepsiyası əsasında biri-birindən əhəmiyyətli uğurlara imza atmaqla bu gerçəkliyi təsdiqləyir ki, düzgün siyasət hər zaman ölkəni inkişafa, tərəqqiyə aparır. İnkişafın Azərbaycan modelinin mövcudluğu ölkəmizin ən böyük uğurudur.

Müstəqil dövlətimizin uğurlarına keçid almadan öncə demokratik cəmiyyətdə yaşadığımızı nəzərə alaraq, ölkə müxalifətinin ötən ildə hansı "yenilikləri" ilə diqqət çəkdiyini təhlil etməyə ehtiyac duyduq. Daim qeyd etdiyimiz bir gerçəkliyi yenə də təkrarən vurğulamaq istərdik ki, dövr dəyişirsə, həyata keçirilən islahatlar zamanın tələbinə uyğunlaşdırılırsa, informasiya-kommunikasiya texnologiyaları əsrində yaşayırıqsa, modernləşmə, müasirləşmə dövlət siyasətinin əsasını təşkil edirsə, təbii ki, bütün bunlar öz növbəsində insanların düşüncə tərzinə, hadisələrə yanaşmasına öz müsbət təsirini göstərməli, doğrunu yalandan, gerçəkliyi utopiyadan ayırmağı bacarmalı, ən əsası vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Ölkə müxalifəti, xüsusilə, düşərgədə apardıqları bölgüyə əsasən radikallığı, dağıdıcılığı, inkarçılığı özləri üçün fəaliyyət istiqaməti seçən ünsürlərdən bu mövqeni gözləmək mümkündürmü? Bu sual təbii ki, heç kimdə çaşqınlıq yarada, təəccüb doğura bilməz. Çünki bütün fəaliyyətləri boyu şəxsi maraqlarının quluna çevrilən dağıdıcılar Azərbaycanın uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır, riyakarlıqlarına görə daim ictimai qınaqla üz-üzə qalırlar. Müsavat başqanı İsa Qəmbər xalqda onlara qarşı inamsızlığın olduğunu etiraf etməklə bir daha çirkin niyyətlərindən irəli ələn əməllərinə işıq salmış olur. Lakin şəxsi maraq milli mənafeni o qədər üstələyir ki, bu ünsürlər köhnə vərdişlərindən əl çəkməkdə aciz olduqlarını nümayiş etdirirlər. Reallıqla barışmaqda çətinlik çəkən dağıdıcılar bu gerçəkliyi də qəbul etmək istəmirlər ki, tutulan yol uğursuzdusa, dəyişiklik etmək, geriyə baxıb bundan nəticə çıxarmaq, ziyanın yarısından qaytmağın da xeyir olduğunu düşünmək zərurətdir. Bu zərurət isə dağıdıcılara yaddır. Milli mənafeni arxa plana keçirib, xarici antiAzərbaycan qüvvələrin diktəsi əsasında oturub duranların bir adı var-xəyanətkarlar, antimilli qüvvələr. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, müxalifət düşərgəsinin ən böyük problemlərindən biri "liderlərin" avantürüst ideyaları və durduğu nöqtədə qalmalarıdır. ASDP sədri Araz Əlizadə isə qeyd edir ki, müxalifət son 20 ildə bir dənə də real təklif irəli sürməyib. Onların bütün təklifləri xəyaldır. Bunlar, müxalifət düşərgənin təmsilçilərinin etiraflarıdır. "Eurovision-2012" mahnı yarışması ərəfəsində xalq bu qüvvələrin bir daha kimliklərinin şahidi oldu. Dağıdıcıların təmsil olunduğu "İctimai palata"nın xarici dairələrin diktəsi əsasında keçirdikləri öncə razılaşdırılmış, sonra icrazəsiz aksiyalar bir çox məqamlara aydınlıq gətirdi. Bu fakt bir daha təsdiqləndi ki, ölkə müxalifəti Azərbaycanın müstəqilliyini, ölkənin sürətli inkişafını istəməyən, dünya birliyndə möhkəmlənən mövqeyinə qısqanclıqla yanaşan xarici havadarlarından aldıqları qrantlardan məhrum olmamaq üçün aksiyalara üstünlük verməklə eyni zamanda guya ictimaiyyətə təsir imkanlarının böyük olduğu görüntüsünü də yaratmağa çalışdılar. Milli mənafe və təəssübdən kənar olan dağıdıcılar hətta ağalarının etimadını doğrultmaq üçün mitinqlər üçün seçilən şüarlarını da havadarlarının mənsub olduqları dildə yazdırmağı özlərinə borc, sədaqət rəmzi hesab etdilər. "Azərbaycan xalqına "Eurovision" mahnı yarışması yox, Dağlıq Qarabağ gərəkdir" fikirləri ilə ictimaiyyəti çaşdırmağa çalışan bu ünsürlər əsil simalarını ortaya qoydular. Ölkədə demokratik şəraitdən, insan hüquq və azadlıqlarının qorunmasından "narazılıqlarını" bildirən əli kərimlilər, isa qəmbərlər nə zaman istər xarici ölkələrin Azərbaycandakı səfirləri ilə görüşlərində, istərsə də bu və ya digər beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlərdə bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarından, onların bərpasında söz açıblar? Bu ünsürlərin neçə vətənpərvər olduqları keçirdikləri aksiyalar zamanı gənclərə çağırışlarından da aydın göründü. Ölkədə keçirilən hər bir seçki prosesindən öncə qələbələrini təmin etmək üçün xarici dairələrin qarşısında diz çöküb onlardan dəstək istəyən dağıdıcıların verdikləri vədlər hər kəsə məlumdur- Dağlıq Qarabağ problemi qarşı tərəfə güzəşt əsasında, məhz ermənilərin maraqlarına uyğun şəkildə həll ediləcək. Təki hakimiyyətə gəlmələri təmin edilsin. Bu düşüncə ilə yaşayan ünsürlərdən təbii ki, ölkənin uğurlarına qara eynəkdən baxmaq gözləniləndir ki, ötən il dağıdıcıların fəaliyyətində bu baxımdan da diqqətçəkən oldu. Azərbaycanın "Eurovision" mahnı yarışmasının keçirilməsinə hazır olmadığını bildirən əli kərimlilər, isa qəmbərlər beynəlxalq ictimaiyyət tərəfindən də tənqid atəşinə tutuldular. Bu yarışmanın Azərbaycanın imkanlarının təqdimatında böyük rol oynadığını qeyd edəən beynəlxalq birlik dağıdıcılara qərəzli mövqedən əl çəkmək mesajını verdi. Ötən il ABŞ dövlət katibi Hillari Klintonun, onun ardınca Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfəri zamanı müxalifət qüvvələri ilə görüşdən imtinaları da bu ünsürlərin beynəlxalq birlik tərəfindən ciddi siyasi qüvvə kimi qəbul olunmadıqlarını ortaya qoydu. Müxalifət qüvvələri ilə görüşün səfərlərinin proqramında olmadığını qeyd edən qonaqlar bununla dağıdıcılara sərt mesajlarını ünvaladılar.

Dağıdıcıların "birlik" sevdası-superpartiya

"Eurovision" mahnı yarışması ərəfəsində xarici dairələr tərəfindən gündəmə gətirilən AXCP və Müsavatın superpartiyada birləşməsi ideyası elə ilk andan da tarixin arxivinə atıldı. Xatırladaq ki, bu ideya ötən parlament seçkiləri ərəfəsində də gündəmə gətirilmişdir. Seçkidən öncə Müsavat başqanı ideyaya dəstək olduğunu bəyan etsə də, marafon başa çatdıqdan sonra qərarından geri döndü. Elə əsil mərəkə də onda başladı. Müsavat başqanını mövqesizlikdə günahlandıran partiya funksionerləri qurumu tərk etməklə İsa Qəmbərə öz etirazlarını bildiridilər. Müsavat partiyası yarpaq tökümünu yaşadı. Bu ideya mahnı yarışması ərəfəsində yenidən məqsədlər naminə ortaya atılsa da onun reallığa çevrilməsinin utopiya olduğu hər iki partiyanın "liderinə" aydın idi. Daim bir-birlərinə rəqib mövqedə dayanan, yalnız maraqlar naminə üzdə "müttəfiqlik" görüntüsü yaradan İsa Qəmbər və Əli Kərimlinin superpartiyada birləşdikdən sonra bir-birlərinin liderliyini qəbul etməsi mümkünsüzdür. Sonra ictimai diqqəti bu olaydan yayındırmaq üçün vahid namizəd məsələsi gündəmə gətirildi. Əli kərimlilər, isa qəmbərlər nəinki ictimaiyyət, təmsil olunduqları düşərgə təmsiçiləri tərəfindən də qəbul olunmurlar. Vahid namizəd məsələsinin bu günə qədər düşərgənin əsas problemi kimi qalması, yaradılan birliklərin çox keçmədən tarixin arxivinə atılması da deyilənlərin təsdiqidir. İP-də qarşıdurmaların dərinləşməsi qurum təmsiçilərinə "gizli" olsa da, ictimaiyyətə bəllidir. Növbəti prezident seçkilərinə gedən yol yaxınlaşdıqca, seçkilərə vahid namizədlə qatılmaq ideyası arxa plana keçdi. Hər bir partiya seçkilərdə öz namizədi ilə iştirak edəcəyini bildirdi. Bu, İP-in dağılmasına açıq-aşkar işarə idi. Həmin ərəfədə Klassik Xalq Cəbhəsi Partiyasında gərginliyin yaranmasında da AXCP sədrinin cızdığı ssenarilər xüsusi rol oynadı. Ə.Kərimlinin sifarişi əsasında KXCP sədrinin müavini Qaya Əliyevin AXCP-KXCP birliyinin zəruriliyi məsələsini gündəmə gətirməsi partiyada qarşıdurmalara səbəb oldu. M.Mirəlioğulunun AXCP ilə nəinki birliyin, əməkdaşlığın belə mümkünsüzlüyünü bəyan etməsi onlar arasında münasibətlərə işıq saldı. "İctimai palata"nın birlik yox, "ictimai palatka" olduğu hadisələrin gedişində təsdiqləndi. Bir qurum ki, xarici dairələrin diktəsi əsasında yaradıla, "bir araya gələnlər" isə neçə illərin rəqibləri, ən əsası fəaliyyətləri dövlətimizin maraqlarına zidd addımların atılmasından ibarət ola, onun uzunömürlülüyündən danışmaq xülyadır.

Çox təəssüflər olsun ki, dağıdıcıların çirkin niyyətlərinə dəstək verənlər arasında ziyalı adına ləkə gətirən R.İbrahimbəyov, E.Namazov kimi "ziyalılarımız" da var. Hər zaman qeyd etdiyimiz kimi, ziyalılıq elmi dərəcə ilə ölçülmür. Xalqın, millətin önündə gedib, ölkənin problemlərinin həllinə öz töhfəsini vermək əvəzinə, uğurları inkar emək, Azərbaycanın imicinə zərbə vurmaq yolunu tutmaq ziyalı adına nə dərəcədə uyğun ola bilər? Ziyalı xalın nur çırağı kimi dəyərləndirilirsə, bu inamı, etimadı qorumağı bacarmaq gərəkdir. "Ziyalılar forumu" adlandırılan, əslində isə reneqat Eldar Namazovun dəstəsi kimi tanınan qurumun üzvləri Azərbaycandakı ziyalıları təmsil etmir. Təşkilatçıların keçmişi və bu günü göstərir ki, onlardan kimsə deputat seçilməyib, kiminsə biznesi baş tutmayıb, kiminsə başqa marağı olub və təmin edilməyib, kimsə işdən qovulub. Azərbaycanda ziyalıların sayı yüz minlərlədir və bu 10-15 nəfər həmin ziyalıların maraqlarını heç vaxt ifadə və təmin edə bilməz. "Ziyalılar forumu"nun təmsiçilərinin qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikirləri də xəstə təxəyyülərinin məhsuludur.

İP-çilərin seçki illüziyaları

Xarici dairələrin diktəsi əsasında yaradılan "İctimai palata"nın ötən il prezident seçkiləri ilə bağlı müzakirələrə start verməsi, ilk dinləmədə Fransa və İsveç səfirliyinin nümayəndələrinin iştirakı bir çox məqamlara aydınlıq gətirdi. Siyasət praktik işlərdir. Sözsüz ki, bu gün özlərini müxalifət düşərgəsinin "aparıcı" partiyaları kimi təqdim edən AXCP və Müsavat dövlət, xalq üçün hansısa işi görmüş olsaydılar, bu qədər narahatlıq keçirməz, sosial dayaq problemini yaşamazdılar. Xarici dairələrin diktəsi ilə oturub-duran bu qüvvələr sözsüz ki, onların maraqlarından çıxış edəcək, dövlətin, xalqın mənafeyini arxa plana keçirəcəklər. Belə olan təqdirdə onların seçkilərdə xalqdan dəstək gözləməyə haqqı varmı?

Xarici himayədarları qarşısında götürdükləri öhdəliyin təqdimatı kimi dəyərləndirilən çıxışında AXCP sədri Əli Kərimlinin ölkəmizdə guya seçki islahatlarının həyata keçirilmədiyini bildirərək, bəzi beynəlxalq təşkilatları buna göz yummaqda ittiham etməsi diqqətdən kənarda qalmadı. ATƏT və Avropa Şurası ilə danışıqların intensivləşdirilməsindən bəhs edən Ə.Kərimli söylədiyi fikirlərlə özünü gülüş hədəfinə çevirdi. Bu baxımdan ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq qurumlarla Azərbaycan dövlətinin əməkdaşlığı daim təqdir olunmuş, demokratyanın inrkişafı istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilmişdir. Bu qüvvələr tarixi vərəqləməyi bacarsalar görərlər ki, Avropa Şurasının və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə dəfələrlə iqtidar-müxalifət dialoqu təşkil olunmuş, lakin seçilən mövzu bu qüvvələri qane etmədiklərindən müzakirələrə qatılmamışdılar. Bu mövzular əsasən seçki sistemi və siyasi partiyaların maliyyələşdirilməsi məsələsi olub. Əgər doğrudandan da ölkəmizə seçki sistemi sahəsində hansısa ciddi problem olsaydı, təşkil olunan görüşdə iştirak edər, fikirlərini açıqlayardılar. Azərbaycan dövləti daim seçki sisteminin təkmilləşdirilməsinə, yeniliyə maraq göstərir. Seçki proseslərində yeni təcrübələrin tətbiqinə verilən önəm də dövlətimizin prosesin demokratik keçirilməsində nə qədər maraqlı olduğunu təsdiqləyir. Seçki məntəqələrində quraşdırılan veb-kameralar prosesin müxtəlif ölkələrdə izlənməsinə şərait yaradır. "İctimai palata"nın təmsilçilərinin canına indidən vic-vicənin düşməsi ölkədə demokratik seçki mühitinin olmamasından deyil, sosial bazalarının və nüfuzlarının yoxluğundan irəli gəlir. Bu qüvvələrin ölkədə keçirilən seçki proseslərində hansı yolu tutduqları da məlumdur. Ya boykot taktikasına üstünlük verir, ya da prosesə qatılaraq, məğlubiyyətlərinin qacılmaz olduğunu bildiklərindən öncədən əks təbliğat kampaniyasına start verirlər. Xarici antiAzərbaycan qüvvələr onlara bu işdə dəstək olaraq, "siyasi qulları" daha da fəallaşdırmaq üçün qələbələrini təmin edəcəklərinə söz verirlər. Amma bir məqamı unudurlar ki, seçkilərdə səslər alınmır, qazanılır. Xalq hər bir siyasi qüvvənin nəyə qadir olduğunu, hansı məqsəd uğrunda mübarizə apardığını çox yaxşı bilir. "İctimai palata"nın münnəcimlik edərək, indidən prezident seçkiləri barədə qeyri-demokratik görüntü yaratmaq, eyni zamanda ölkədə həyata keçirilən demokratik islahatlara kölgə salmaq cəhdi əbəsdir.

"Siyasi partiyalar haqqında" yeni qanun fəaliyyətdə və maliyyələşmədə şəffaflığı təmin edəcək

Ötən il demokratik inkişafa xidmət edən addımlardan biri də "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması oldu. Əsas müzakirə mövzularından biri siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi oldu. Maliyyələşmələrində qaranlıq məqamların olduğu bəll olan AXCP və Müsavat kimi partiyaların "liderləri" ajiotaj yaratmağa çalışdılar ki, bu addım siyasi partiyaların fəaliyyətinin dövlət nəzarətinə keçməsinə xidmət edir. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu prosesində böyük rola malik olduğunu nəzərə alsaq Azərbaycan dövlətinin bu addımı nəinki ölkə ictimaiyyəti, beynəlxalq birlik tərəfindən də təqdir olundu. Lakin hər bir hadisəyə, uğurlara öz çirkin niyyətləri baxımından münasibət bildirməyə adətkar olan dağıdıcılar ictimai fikri çaşdırmaq üçün dəridən- qabıqdan çıxdılar. Lakin bu cəhdlərinin əbəs olduğu proseslərin ardıcıl gedişindən təsdiqləndi. Beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq nəticəsində qanuna edilən əlavə və dəyişikliklər müzakirə olundu, qanun layihəsi parlamentin müzakirəsinə verildi, sənəd dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında qüvvəyə mindi. Artıq cari ildən siyasi partiyalar dövlət büdcəsindən maliyyələşəcək. Bu məqsədlə dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb. Yeni qanun partiyaların fəaliyyətində qaranlıq məqamlara işıq salacaq, demokratik prinsiplərə əməl etmələrini təmin edəcək.

Dağıdıcıların istinad nöqtəsi: Qərəzli hesabatlar

Dağıdıcıların "Fredoom Hause"a ümid yeri kimi baxdıqları məlum olaylardandır. Azərbaycanı "qeyri-azad ölkələr" sırasına daxil edən bir təşkilatı dəstəkləyən ünsürlər bununla öz çirkin niyyətlərini ortaya qoyurlar. Demokratiya və azadlığın təbliği adı altında fəaliyyət göstərən, həqiqətdə isə bu anlayışın mahiyyətini dərk etməyən "Freedom House"un hesabatları, bəyanatları heç vaxt birmənalı qarşılanmayıb. Təşkilat daim əsassız, faktlara söykənməyən və qərəzli hesabatları ilə özünü ifşa edir. "Freedom House" o təşkilatdır ki, "Azərbaycan xəritəsi"ndə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi təqdim etməklə ermənipərəst mövqeyini nümayiş etdirir. Azərbaycanı "qeyri-azad" ölkələr sırasında göstərən "Fredoom Hause" Ermənistanı və Dağlıq Qarabağı "qismən azad" ölkələr kimi təqdim edir. Heç bir beynəlxalq qurum, dövlət, hətta Ermənistanın özü tərəfindən tanınmayan, əhalisi yalnız hərbçilərdən idarət və separatçı rejimin idarə etdiyi bir ərazini demokratiya şkalası əsasında qiymətləndirmək olarmı? Bu demokratik prinsiplərə hörmətsizlik deyilmi? İşğalçı Ermənistan daim demokratiyanın inkişaf səviyyəsinin aşağı olmasına görə Avropa Şurasının tənqid atəşinə tuş gəlir. 2008-ci il prezident seçkiləri və 2012-ci ilin mayında parlament seçkiləri zamanı Ermənistanda cərəyan edən prosesləri xatırlamaq kifayətdir. ABŞ dövlət katibi Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Ermənistanda olarkən də bu ölkədə demokratiya ilə bağlı tənqidi fikirlərini səsləndirmişdir. Daim ermənilərə dəstək olan Ə.Kərimli, İ.Qəmbər və onlarla həmrəylik nümayiş etdirən "hüquq müdafiəçisi" L.Yunus həmin fikirlərin Ermənistana deyil, Azərbaycanın ünvanına səsləndirildiyini iddia edərək, erməni sevgilərini bir daha nümayiş etdirdilər.

Dağıdıcıların ümidlərini "Fredoom Hause"la yanaşı, "Amnesty International" və "Human Rights Watch"a bağladıqları diqqətdən kənarda qalmır. Bir sözlə, Azərbaycana qarşı qərəzli mövqedə dayanan qurumlar, dairələr dağıdıcıların dostuna çevrilir, uğurları düzgün dəyərləndirib, ölkəmizin inkişaf, tərəqqi yolunda inamla irəlilədiyini bildirən təşkilatlar isə tənqidə tuş gəlib, hakimiyyətə xidmət etməkdə suçlandırılırlar.

Reallıq budur ki, Azərbaycan yeni inkişaf mərhələsindədir. Hər dövrün çağırışlarına yüksək səviyyədə əməl edən ölkəmizin qarşıdakı on il üçün də planları aydındır. Qazanılan uğurlar insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Dövlət insan hüquq və azadlıqlarının ən etibarlı təminatçısıdır. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurların miqyası böyükdür. Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" müasir, qüdrətli Azərbaycanın gələcəyi üçün möhkəm bazadır.

"İki sahil"in Analitik Qrupu

Digər xəbərlər