Tanınmış kino xadimi Rasim Balayevin bəyanatı da bunu deməyə əsas verir
Özünü cəmiyyətdə "ziyalı" kimi sırımağa cəhd edən, ancaq bunun timsalında daha çox kəskin reneqatlığı ilə seçilən Rüstəm İbrahimbəyovdan daha bir ziyalı, tanınmış kino və mədəniyyət xadimi imtina etdi. Belə ki, Azərbaycanın xalq artisti Rasim Balayevin məlum bəyanatı bir daha onu deməyə əsas verir ki, E.İbrahimbəyovun "siyasi fəallığı" onu cəmiyyətdən daha da uzaqlaşdırmaqdadır. Daha dəqiq desək, qaşınmayan yerdən qan çıxartmağa səy göstərən bu fərdin səmərəzisliyi vaxtilə onun yanında olan insanlar tərəfindən də rədd edilməkdədir.
Rasim Balayev: "Rüstəm İbrahimbəyovun son zamanlar daha çox siyasətə qoşulmasını böyük təəssüf hissi ilə qarşılayıram"
Əbəs deyil ki, xalq artistinin sözügedən bəyanatında da bu kimi amillər əks olunub: "Biz uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqında birgə çalışmışıq və İttifaqın yaranmasında məqsəd Azərbaycan kino sənətinə dəstək və töhfə vermək olub... Lakin bu gün dünyada Azərbaycanın uğurlarını gözü götürməyən, hər addımda Azərbaycanı özündən asılı görmək istəyən qüvvələrin kifayət qədər çox olduğu bir dövrdə, hesab edirəm ki, hər bir Azərbaycan ziyalısının borcu möhtərəm cənab Prezidentin səsinə səs vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun yanında olmaqdır. Bu vəzifə üçün isə hər kəs öz sahəsində bilik və bacarığını ölkəmizin inkişafına yönəltməlidir...Rüstəm İbrahimbəyovun son zamanlar daha çox siyasətə qoşulmasını böyük təəssüf hissi ilə qarşılayır və hesab edirəm ki, çoxminli tamaşaçı sevgisini qazanan bir sənətkar, ziyalı olaraq bu təşkilatı tərk etməli, bütün bacarığımı Azərbaycan mədəniyyətinin, kino sənətinin inkişafına və təbliğinə yönəltməliyəm".
Onu da qeyd edək ki, R.Balayevə qədər bir çox tanınmış kino xadimləri, rejissorlar və sənət adamları R.İbrahimbəyovun öncələr əldə etdiyi nüfuzundan sui-istifadə edərək, onu siyasi maraqlarla əvəzlənməsinə qarşı çıxıblar. Ona görə də R.Balayevin də bu addımı atması, əslində, gözlənilən idi.
Əli Əhmədov: "Rüstəm İbrahimbəyovun davranışının hərəkətverici qüvvəsi qəzəb, kin və qisas almaq hərisliyidir"
Amma daha bir maraqlı məqama Yeni Azərbaycan Partiyasının İcra katibi, millət vəkili Əli Əhmədov toxunub. Əli Əhmədov mətbuata verdiyi açıqlamasında nəzərəçarpacaq nüansa toxunaraq, bildirib ki, R.İbrahimbəyov bir vaxtlar siyasətlə məşğul olmadığını desə də, artıq bunun cücərtiləri görünməkdədir. Yəni onun məlum addımları həm də etirafla təsdiqini tapıb: "Onu deyə bilərəm ki, fikir verirsinizsə, Rüstəm İbrahimbəyov ritorikasında ciddi dəyişiklik edib. Əvvəllər siyasətlə məşğul olmadığını bildirirdi, indi isə açıq şəkildə siyasətlə məşğul olduğunu etiraf edir. Əslində, əvvəllər də onun bütün bəyanatları siyasi xarakterli idi, yalnız siyasətlə məşğul olduğunu etiraf etmək istəmirdi".
Qarşıdan gələn prezident seçkilərinin də burada rol oynadığını deyən Əli Əhmədov bunu həm də belə izah edib ki, R.İbrahimbəyovun məlum davranışları yalnız seçki məsələsi ilə məhdudlaşmır: "Yəqin ki, prezident seçkilərinin yaxınlaşması müəyyən mənada səbəb rolunda çıxış edir. Bilirsiniz, seçki öncəsi sanki bir yaz yağışıdır, torpaq nəm olur, altındakılar üzə çıxır. Sonrası da məlumdur - qurd-quşa yem olur. Lakin mən seçki amilini həlledici və yeganə səbəb saymıram. Mənim müşahidələrim onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyovun davranışının hərəkətverici qüvvəsi qəzəb, kin və qisas almaq hərisliyidir. Təəssüf ki, o özünün hansısa problemini və ya kiminləsə şəxsi ədavətini siyasi üsullarla həll etmək istəyir. Və ən təəccüblüsü də budur ki, vasitə qismində prezident seçkilərini seçib. Belə bir seçimin sırf praktik rasionallığını kənara qoyub, mənəvi məsuliyyətini qeyd etmək istəyirəm. Atalar yaxşı deyib: "Qəzəbli başda ağıl olmaz". Siyasət insanın şüurlu seçimi olmalıdır. Qəzəblənib "haqq-hesab çürütmək" məqsədilə siyasətə qoşulmaq, xüsusilə də, prezident seçkiləri kampaniyasında bu motivə istinad etmək həm təhlükəli, həm də siyasi əxlaq baxımından qüsürludur".
Göründüyü kimi, dağıdıcı müxalifət "liderləri" kimi, özünün də düşdüyü bataqlıqdan çıxa bilməyəcəyini yəqin edən R.İbrahimbəyov son şansını məhz bu kimi üsullarla yoxlamağa çalışsa da, nəticə onun istədiyi kimi sonuclanmır. Artıq mədəniyyətdən və həqiqi ziyalılar çevrəsindən məhrum olan R.İbrahimbəyov sığınacağını aqressiyada, qaranlıq təkəbbürlərində axtarır. Amma belə "ziyalılığın" heç də yaxşı nəticə verməyəcəyini indidən bəlli etmək mümkündür. Hətta belə getsə, dağıdıcı müxalifət "liderləri" də onu dar ayaqda qoya bilərlər. Bu baxımdan, R.İbrahimbəyiov günahı başqalarında deyil, özündə axtarmağa məhkumdur.
Rəfiqə Hüseynova