PDF Oxu

Araşdırma

  • 1 644

Erməni hüquq müdafiəçiləri kütləvi əsgər ölümləri ilə bağlı bəyanat verdilər

"Ermənistan hərbi prokuroru Qverq Kostanyan göstərilən statistik məlumatları təkzib edir"

Erməni hüquq müdafiəçiləri kütləvi əsgər ölümləri ilə bağlı bəyanat verdilər

Ermənistan ordusunda əsgər ölümlərinin sayı kütləvi xarakter almağa başlayıb. Belə ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Ermənistanda fəaliyyət göstərən Vanadzor ofisi həyacan təbili çalıb. Qeyd edək ki, son günlərdə həm Ermənistan daxilində, həm də separatçı "DQR"-də əsgəri xidmətə göndərilən çağırışçıların əksəriyyəti ya "dedovşina"nın, ya da intiharın qurbanlarına çevrilməkdədirlər. İşğalçı ölkənin "Əsgər anaları" ictimai birliyinin üzvləri irəli sürülən iddialarla bağlı ölkə rəhbərliyindən, eləcə də, güc strukturlarından hesabat tələb etsələr də, açıqlanan statistikanın yalan olduğu bir daha öz təsdiqini tapıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə, əsgər ölümlərinin sayı hər il artmaqda davam edir. Belə ki, son iki ildə aparılan müqayisələrdə də bu amil öz təsdiqini tapıb: "2011-ci illə müqayisədə 2012-ci ildə Ermənistan ordusunda ölən əsgərlərin sayı artıb. Belə ki, ötən il 48 əsgər ölüb. 2011-ci ildə bu rəqəm 39-a bərabər olub".

"Ermənistan rəhbərliyi hərbi cinayətləri ört-basdır edir"

Ofisin yaydığı bəyanatda əsgər ölümləri ilə bağlı daha dəqiq statistikalar göstərilməkdədir. Eyni zamanda, Vanadzor ofisi Ermənistanın hərbi prokuroru Qverq Kostanyan tərəfindən təqdim olunan sənədlərdə göstərilən statistik məlumatları sözügedən bəyanatı da təkzib edir: "Konstanyan iddia edir ki, 2012-ci ildə orduda 36 əsgər ölümü qeydə alınıb. Ölənlərdən 29-u cinayət nəticəsində həyatını itirib, 9-u isə Azərbaycan ordusu tərəfindən qətlə yetirilib. Ermənistan rəhbərliyi növbəti dəfə, orduda əsgər ölümünün sayının artığını ört-basdır etməyə və 2012-ci ildə hərbi cinayətlərin azaldığına inandırmağa çalışır".

Məhz Ermənistanın hərbi prokurorluğunun yalanını ifşa etmək məqsədi ilə yayılan statistikada açıqlanan rəqəmlərdən də görünməkdədir ki, düşmən ölkənin ordusu heç də yaxşı vəziyyətdə deyil: "Əslində, 2011-ci illə müqayisədə 2012-ci ildə ölüm halları azalmayıb, əksinə artıb. Cinayət nəticəsində ölən əsgərlərin sayı 2012-ci ildə 39, 2011-ci ildə isə 36 olub."

Atəşkəs rejiminin pozulması nəticəsində 9 yox, 12 əsgər ölüb

Vanadzor ofisi atəşkəs rejiminin pozulmasında da Ermənistan hakimiyyətini sərt şəkildə qınayıb. Dolayısı ilə bildirilib ki, atəşkəsin pozulmasında maraq məhz Sarkisyan iqtidarının tərəfindədir. Nəticədə, cəbhə bölgələrinə göndərilən əsgərlərin çoxu Ermənistanın işğalçılıq siyasətinin qurbanlarına çevrilirlər: "Atəşkəs rejiminin pozulması nəticəsində 9 yox, 12 əsgər ölüb".

Buradan da aydın görünür ki, Ermənistan rəsmilərinin bu məsələyə yanaşması qeyri-obyektivdir və prokurorluğun açıqlaması ağ yalandır. Hüquq müdafiəçiləri Ermənistan prezidenti Serj Sarkisyanı, müdafiə nazirini və hüquq-müdafiə orqanlarını insan haqlarının pozulması məsələsinə ciddi yanaşmağa, beynəlxalq təşkilatların, KİV-lərin çağırışlarına əməl etməyə və sözügedən hallarda əsaslı islahatlar həyata keçirməyə səsləyir. Bəyanatda o da vurğulanıb ki, əgər bunlar baş verməsə, tələblər nəzərə alınmasa, seçkilər öncəsi hakimiyyətə qarşı daha sərt addımlar atılacaq.

AFƏT TAHİRQIZI

Digər xəbərlər