PDF Oxu

Araşdırma

  • 1 289

43-cü Davos Forumu-2013

43-cü Davos Forumu-2013

Dünyanın tanınmış siyasətçiləri, iş adamları və iqtisadiyyatçılar, dünya iqtisadiyyatını krizis atmosferindən çıxartmaq üçün tədbirlər planını müzakirə etmək məqsədilə İsveçrənin Davos qəsəbəsində təşkil olunacaq 23-27 yanvar tarixləri arasında 43-cü Dünya İqtisadiyyatı Forumunda iştirak edəcəklər. Bu il davam edəcək zirvə toplantıları keçən ilə nisbətən daha güclü iqtisadi atmosferdə keçəcəkdir. Bu ilki Dünya İqtisadiyyati Forumunun mövzusu "Dayanıqlı Dinamizm"dir. "Dayanıqlı dinamizm"in əlaqəli şəkildə yaşadığımız dünyada gələcəkdə bəzi təlatümlərin olacağı və bu baxımdan daha yaxşı bir gələcək üçün bəzi risklərin alına biləcəyi mövzularını əhatə edir. Bu ilin tam olaraq mövzusu budur. Məhz bu başlıq altında çətin şəraitdə iqtisadiyyatın yenidən təşkili və cəmiyyətin yenidən tənzimlənməsi mövzusu ciddi şəkildə ələ alınacaqdır.

Forumun mövzusu haqqında Davos Dünya İqtisadiyyatı Forumu direktoru Lii Hovel(Lee Howel) fikirlərini belə açıqlayıb: "Qarşılaşdığımız risklər qarşısında müqavimət göstərməliyik. Ümid etdiyimiz inkişaf yoluna dönmək üçün gücümüzü artırmalıyıq. Liderlərin rəhbərliyi ilə gələcəyi şəkilləndirmək üçün hərəkət etməliyik". Forumun qurucusu Klaus Şvab(Claus Schwab) da 2013-cü il toplantısına dair fikirlərini belə ifadə etmişdir: " İlkin olaraq qlobal məsələlərin nikbin istiqamətdə həll edilməsini arzulayırıq. İkinci olaraq bir çox qlobal siyasətin yenidən hazırlanmasını gözləyirik. Üçüncü olaraq isə, bu forumda insanların daha yaxşı vətandaş ruhu qazanaraq, ictimai inkişaf üçün daha güclü məsuliyyət hissinə malik olmalarını istəyirik. Daha çox inkişaf etmək üçün dinamizm, yəni cəsarətli dünyagörüşü və cəsur həmlələr lazımdır. 2013-cü ildəki liderlik həm sabitlik, həm də dinamizmi vacib görür".

Ümumiyyətlə, builki Davos Forumunun mövzusunun"Dayanıqlı Dinamizm" olaraq seçilməsi bir çox cəhətdən əhəmiyyət kəsb edir. İlkin olaraq onu ifadə etməyiləm ki, həqiqətən iqtisadiyyata olduğu kimi, bütün sahələrdə də sabitliyə əsaslanan dinamizm hər zaman inkişafa səbəb olmaqdadır. Xaotik bir dinamizm özü ilə bərabər təhlükələri də gətirir. Məhz dinamizmin özündə xaotik bir mahiyyət vardır. Nəticədə, sabit prinsiplər və qaydalar çərçivəsində dinamizmin verəcəyi çox şey vardır.

Forumda təqribən 50 hökümət liderinin iştirak edəcəyi gözlənilir. Bu kontekstdə qeyd etməliyəm ki, təhlükəsizlik məsələsi ciddi şəkildə həyata keçirilir. Forum keçirilən yerlərdə hərbi helikopterlər havadan mühafizə edəcəkdir. Binaların damlarına sərrast snayper-nişancılar yerləştirilərək silahli təhlükəsizlik qüvvələri küçlərdə növbələr ilə gəzəcəkdir.

Bu ilki zirvə toplantısı yaxınlaşarkən Dünya İqtisadiyyat Forumu qlobal risklərə dair bir hesabat hazırladı. Hesabata görə qlobal maliyyədəki sabitliyə qarşı yönəldilmiş ən böyük təhlükə iqlim dəyişikliyidir. Davosda bu mövzunun ciddi çəkildə müzakirə edilməsi gözlənilir. Digər tərəfədən builki Davos Forumunda müzakirə ediləcək risk faktorlarının biri də 2012-ci ildən qalma avrozona ölkələrinin borc yükü və avropalı liderlerin məsələnin həllindəki funksional rolları müzakirə ediləcəkdir.

Davosda müzakirə ediləcək mövzular aşağıdakılardır:

Qlobal gündəm

- Qlobal iqtisadiyyat, davamlı inkişaf və xidmət mərkəzlərinin artırılması istiqamətinə necə daxil oluna bilər,

- Beynəlxalq maliyyə sistemi daxilindəki nöqsanlara qarşı necə tədbirlər həyata keçirmək mümkündür,

- Böyük sistemli və xaotik risklərə qarşı qlobal, milli və industrial müqavimət necə artırıla bilər.

Regional gündəm

- G20 üzvləri arasındakı liderlik sisteminə necə uyğunlaşmalı və bunun geosiyasi, geoiqtisadi təsirlərini anlamaq,

- Avropa, Orta Şərq və Şimali Afrikada siyasi və iqtisadi prosesləri düzgün şəkildə idarə etmək,

İndustrial gündəm

- Qlobal rəqabətin keyfiyyətli mütəxəssis və innovasiya ilə hazırlandığı bir şəraitdə müvəffəqiyyətə çatmaq,

- Ciddi əhəmiyyət daşıyan təbii qaynaqların istifadəsinin sabit, davamlı və daha tutarlı bir maliyyə ilə əldə etmək,

- Yeni inkişaf fürsətləri axtararkən dəyişməkdə olan sistemlərə uyğunlaşmaq

İş dünyası gündəmi

- İş modellərini şəkilləndirən struktur dəyişmə dövründə necə yeni dəyərlər yaradıla bilər,

- Sosial-texnoloji təkamülün gələcəyinə necə uyğunlaşılır,

- Elm, texnologiya və tibbdə yeni və sürətli inikaşafa necə uyğunlaşılır.

Yekun olaraq, ifadə edə bilərm ki, builki Davos Forumu bir çox cəhətdən həm qlobal, həm də regional müstəvidə ciddi müzakirələr ilə yadda qalacaqdır. Əminik ki, Cənab Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında ifadə etdiyi -"Azərbaycandakı iqtisadiyyatın çox şaxəli olduğu" fikri, keçən ilki Davos Forumunda olduğu kimi, bu il də forumda aktuallıq kəsb edəcəkdir.

Rəşad İlyasov,

Fəlsəfə doktoru

Digər xəbərlər