Serj Sarkisyanın rəqiblərini təhqir etməsi yaranmış gərginliyi daha da kəskinləşdirib
18 fevral 2013-cü il tarixi yaxınlaşdıqca iddialı rəqiblər arasında siyasi rəqabət müstəvisində yaşanan gərginliyin daha da kəskinləşməsi müşahidə edilir. Gərginliyi, narazılığı artıran məqamlardan biri də hazırkı prezident Serj Sarkisyanın rəqiblərinə münasibətdə işlətdiyi sərt, təhqiramiz fikirlərdir. Belə ki, son vaxtlar isterik bəyanatları ilə seçilən işğalçı dövlətin başçısı bu dəfə müxalif rəqiblərini hədəfə götürüb, yerli prezident seçkiləri ilə bağlı keçirilən dinləmələrdə onların ünvanına təhqir dolu, xoşagəlməz ifadələr işlədib. Bu səbəbdən, S.Sarkisyan rəqiblərini döydürsə, öldürtsə, güllələtsə belə, qətiyyən təəccüblənmək lazım deyil. Bu insan, əslində, öz gerçək xislətini, yırtıcı simasını göstəməyə başlayıb. Onun belə aqressivləşməsi isə Ermənistana yönələn açıq və gizli təzyiqlərlə bağlıdır. Müvafiq təzyiqlər həm Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlıdır, həm də Ermənistanda yaşanan ağır böhran, kəskin iqtisadi tənəzzüldən irəli gəlir. Ən yaxın müttəfiqi sayılan Rusiya belə Ermənistana güzəştə getmək fikrində deyil və bu ölkəyə satdığı qazın qiymətini hər il artırır. Faktiki olaraq, ianələr hesabına formalaşan Ermənistan büdcəsi isə belə ağır yükün, böhranın qarşısında tab gətirməyə qadir deyil. Bütün bunların səbəbkarı, günahkarı, ilk növbədə, S.Sarkisyandır. Son 5 ildə bu ölkədə yaranan hərc-mərcliyə, yoxsulluğun, işsizliyin ifrat həddə çatmasına görə, məsuliyyət bilavasitə onun üzərinə düşür. O, bu illər ərzində ölkəsinin inkişafı, tərəqqisi üçün heç nə edə bilməyib. Əksinə, yanlış addımları ilə total korrupsiyanı, miqrasıyanı daha da gücləndirib, əhalinin narazılığının daha da qüvvətlənməsinə rəvac verib. Aydındır ki, növbəti seçkilərdə ondan bunun hesabını çox ciddi şəkildə soracaqlar. S.Sarkisyanın isə kəskin, arqumentli ittihamlar müqabilində veriləcək normal cavabı yoxdur. Məhz bu səbəbdən, o, "oğru elə bağırdı..." prinsipi ilə hərəkət edir, rəqiblərini təhdid və təhqirlə susdurmağa çalışır.
"Ermənistan seçiciləri ədalətli seçki həsrətindədir"
Yerevanda yerləşən Regional Araşdırmalar Mərkəzinin amerikalı sədri Riçard Kirakosyanın Ermənistanda 2013-cü ildə keçiriləcək prezident seçkilərinin ədalətli olmayacağına tam əmin olduğunu bildirib: "2013-cü ildə prezident seçkiləri 3 səbəbə görə fərqlənir. Birincisi, ictimaiyyətin seçkilərin azad və ədalətli olması haqda gözləntiləri yoxdur, siyasi prosesə inamı azdır. Daha dəqiq desək, seçicilər ədalətli seçki həsrətindədir. İkincisi, hökumətin özündə seçkiləri təkmilləşdirmək barədə gözləntilər sıfıra bərabərdir. Üçüncüsü, beynəlxalq ictimaiyyət tələb edir ki, Ermənistanda daha yaxşı seçkilər keçirilsin. Əminliklə demək olar ki, hakim Respublikaçılar Partiyası qanunsuz yolla legitimliyini genişləndirəcək. Bu, Ermənistanın Türkiyə və Dağlıq Qarabağ məsələləri kimi xarici siyasətinə də ciddi təsir göstərəcək. Ölkədən kənara yönələn miqrasiya həm də iqtisadi imkansızlıqla əlaqədardır".
Sərsəm prezidentin sərsəm bəyanatları
Ermənistan prezidenti Serj Sarkisyan "Azadlıq" radiosuna müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışarkən Dağlıq Qarabağın yekun statusunun yaxın vaxtlarda həll oluna biləcəyinə ümidlə yanaşdığını bildirib və rəsmi Bakını bu məsələdə reallıq hissini itirməkdə günahlandırıb. S.Sarkisyan qeyd edib ki, iqtisadi çarpışmaya baxmayaraq, Yerevan Azərbaycandan olan hərbi təhlükə şəraitində silahlı qüvvələrini möhkəmləndirəcək: "Biz hər zaman vətənimizi qorumağa hazır olmalıyıq, amma Ermənistan həmişə danışıqları davam etdirməyə hazırdır, çünki alternativi müharibədir".
Ermənistan prezidenti ölkənin hər il iqtisadi miqrasiyaya görə 10 minlərlə adam itirdiyini vurğulayıb: "2009-cu ildə 55 min erməni Rusiya vətəndaşlığı, 20 min erməni isə son onillikdə ABŞ vətəndaşlığı alıb. Amma biz onları itirmirik. Ola bilsin ki, onların kiçik bir qismi itirilib, amma əksəriyyəti erməni olaraq qalır, təəssüf ki, başqa ölkə, başqa iqtisadi sistemin inkişafı üçün çalışırlar".
Lakin hakimiyyətin reallaşdırmaq niyyətində olduğu seçki saxtakarlığı təkcə qeyd edilənlərlə məhdudlaşmır. Səfalət içində boğulan erməni xalqı budəfəki parlament seçkilərində səsini pula satmağa hazırdır və bunu hakimiyyət təmsilçiləri yaxşı bilir. Ermənistan mətbuatının verdiyi xəbərə görə, xalq gələcək 5 ili də kriminal-avtoritetlərin dözülməz idarəçiliyi altında keçirəcəyini bilə-bilə onlarla sövdələşməyə gedir. Belə ki, bir parça çörək üçün onlar oliqarxlara səslərini cəmi 10-15 dollara satırlar. Bu isə, bir daha təsdiq edir ki, Ermənistanın kriminal oliqarxları məqsədlərinə çatmaq üçün hər bir mənfur əmələ əl atırlar. Bundan başqa, o da xüsusi olaraq vurğulanır ki, hakimiyyət mümkün etirazları yerindəcə boğmaq üçün repressiya siyasətindən yenə geniş şəkildə faydalanmaq niyyətindədir.
R.HÜSEYNOVA