PDF Oxu

Araşdırma

  • 4 975

Elşad Abdullayevin cinayət sirləri açılır

Qardaşları Mahir Abdullayevin ölümündə, Eldəniz Abdullayevin isə zəhərlənməsində əli olduğu iddia edilən keçmiş rektorun daha hansı qaranlıq əməlləri üzə çıxdı?

Elşad Abdullayevin cinayət sirləri açılır

Dünənki sayımızda (№12 (4260) 23 yanvar, 2013-cü il) fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin əli olduğu bir sıra ağır cinayətləri barədə məlumat vermişdik. Qeyd edək ki, həmin cinayətlərin törədilməsində şok yaradacaq məqamlardan biri də E.Abdullayevin doğma qardaşlarına qarşı törətdiyi cinayət hadisələrdir. Belə ki, onun Mahir Abdullayevin ölümündə, Eldəniz Abdullayevin isə zəhərlənməsində əli olması tanınmış vəkil Ramiz Zeynalov tərəfindən də iddia edilməkdədir.

Vəkil Ramiz Zeynalov: "Bir daha deyirəm və bunu sübut edəcək əsaslarım var ki, M.Abdullayev E.Abdullayevə məxsus olan pulu götürüb aradan çıxıbdır və Kürdəmirin müxtəlif yerlərində, qohumlarının evində gizlənibdir"

Onu da bildirək ki, R.Zeynalov E.Abdullayevin dövlət və hakimiyyət nümayəndələrinə qarşı şantaj və qərəz xarakterli ittihamlarından sonra mətbuata çıxaraq, keçmiş rektorun bədnam əməllərini ictimaiyyətə açıqlamışdır. R.Zeynalov E.Abdullayevin 21.01.2003 tarixində musavat.com saytına verdiyi açıqlamasını, əslində, çoxdan gözlədiyini, həmin açıqlamasında keçmiş rektorun özünü ifşa etməsini bir çox dəlillərlə sübuta yetirmişdir: "Əvvəla, onu deyim ki, E.Abdullayev məni ən azı tələbəlik illərindən çox yaxşı tanıyır... Əslində, mən onun musavat.com saytına verdiyi məlum açıqlamasını çoxdan gözləyirdim. Bir daha deyirəm və bunu sübut edəcək əsaslarım var ki, M.Abdullayev E.Abdullayevə məxsus olan pulu götürüb aradan çıxıbdır və bir müddət Kürdəmirin müxtəlif yerlərində, qohumlarının evində gizlənibdir".

"...Deməli, sən həm əsil həqiqəti, həm də qardaşının öldürülməsi faktını bilə-bilə gizlətmək istəmisən!"

R.Zeynalov hazırda M.Abdullayevin yoxa çıxması üzrə aparılan istintaqın nəticələrindən sonra ictimaiyyətin şok hadisə və faktların şahidi olacağını deyib. Vəkilin bildirdiyinə görə, o, 15 dekabr 2012-ci il vəsatətidə də göstərib ki, E.Abdullayev özünün 15 may 2009-cu il tarixli istintaqa zərərçəkmiş kimi verdiyi ifadəsində qardaşının özü tərəfindən öldürülməsi faktını qəsdən gizlətmiş, həqiqətləri müvafiq instansiyaya çatdırmaqdan vaz keçmişdir: "Siz bu yaxınlarda şok hadisə və faktların canlı şahidi olacaqsınız... O, 15 dekabr 2009-cu il tarixli yazılı ifadəsində də (hansı ki, yalan məlumat verdiyi halda, cinayət məsuliyyəti daşıması xəbərdarlığını almışdı, üstəlik, Baş Prokurorluğun ACDİ İdarəsinin müstəntiqi tərəfindən dindirilibdir) göstərir ki, ona telefonla zəng edərək, qardaşının 50 min dollar pul müqabilində ona təhvil verilməsi üçün onu Zaqatalaya dəvət ediblər. İfadəsində yazır ki, bundan sonra, o, qardaşları ilə birgə özünə məxsus "BMW-X5" markalı maşını ilə yola düşürlər. Lakin sonradan ona zəng gəlir və onlar Kürdəmir istiqamətinə gedirlər... Qalib adlı şəxs ona deyir ki, bilirsən, sənin qardaşını kim oğurlayıb? Və ona E.Abdullayevin qardaşı oğlu Mübarizi təqdim edirlər... E.Abdullayev məlum ifadəsində yazır ki, Mübariz başını aşağı saldı, heç nə danışmadı... İfadəsində təkrarən yazır ki, mən sonralar Mübarizi heç bir yerdə tapa bilmədim, bu günə kimi də yoxdur... Soruşuram: Elşad, əgər sən qardaşın Mahirin öldürülməsində və ya yoxa çıxarılmasında iştirak etməmisənsə, sənə deyiblər ki, Mahiri qardaşın oğlu Mübariz oğurlayıb, həmçinin, ifadəndə yazırsan ki, qardaşımın oğurlanmasından 6 il keçsə də, Mübarizdən bir xəbər yoxdur, niyə qardaşın oğlunun axtarılmasını təmin etmirdin bu müddətdə? Və niyə istintaq qarşısında məsələ qaldırmırsan??? Hansı ki, onu sənə Mahiri öldürən kimi təqdim ediblər. Sənə gələn zəngdən sonra guya əvvəlcə Zaqatalaya və sonra Kürdəmirə getməyinlə bütün izi azdırmış olmusan, qəsdən istintaqın diqqətini hədəfdən və əsil həqiqətdən kənarlaşdırmısan... Deməli, sən həm əsil həqiqəti, həm də qardaşının öldürülməsi faktını bilə-bilə gizlətmək istəmisən!"

"E.Abdullayev bütün indi yaydığı gizli çəkilmiş videoları da əvvəldən düşünülmüş şəkildə, əsil həqiqəti diqqətdən yayındırmaq, özünü qardaş axtaran kimi göstərmək üçün təşkil edib..."

Digər əsaslı iddiaya görə, E.Abdullayev yaydığı gizli çəkilmiş videoları da əvvəldən düşünülmüş şəkildə, əsil həqiqəti diqqətdən yayındırmaq, özünü qardaş axtaran kimi göstərmək üçün təşkil edib. R.Zeynalov bunu belə izah edir: "Təsəvvür edin, bir tərəfdə istintaq gedir, o biri tərəfdən isə, o, 9 il imiş ki, ayrı-ayrı adamlardan ona Mahirin axtarılmasında kömək etməsini acizanə xahiş etməklə qəsdən sövdələşmə şousu yaradıb gizli çəkiliş aparırmış... Hansı normal adam belə mənasız və məntiqsiz işlərlə məşğul olardı? Təkrar edirəm, bilə-bilə ki, qardaşının başına nələr gəlib... Ona görə də onun gizli çəkdiyi, qanunsuz üsullarla əldə etdiyi bu videoların istintaq üçün birmənalı olaraq heç bir hüquqi əsası yoxdur, maddi sübut növü sayıla bilməz... Bütün bunların hamısı E.Abdullayev tərəfindən qardaşının öldürülməsi faktını ört-basdır etməkdən ötrü ortaya atılmış başqatan bir şoudur... O, ötən 9 il müddətində əməlli-başlı operatorluq və rejissorluq edib, özünün gizli yaratdığı studiya vasitəsilə köməyinə guya çağırdığı tanınmış insanları şantaj etmək üçün gizli çəkilişlər aparmışdır.Açıq deyirəm, Elşad hüquq elmindən xəbəri olmayan bir adamdır. Bilirsiniz ki, onun elmlər doktoru elmi dərəcəsi də plagiat, yəni oğurluq olduğu üçün Rusiya Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə ləğv edilib. İndi də özünü "hüquq akademiki" adlandırır. Onun video müsahibələrini, açıqlamalarını və bir müddət əvvəl istintaqa verdiyi ifadəsini tutuşdurun. Bir-birini təkzib edən, bir-birinə əks olan fikirlər, məntiqsiz söhbətlərdir".

"Artıq "xoruzun quyruğu" görünməyə başlayıb deyə, indi də başlamısan məsələni siyasiləşdirməyə, siyasi hakimiyyətin qanadını ittiham etməyə, ictimaiyyəti də bu yolla çaşdırmağa"

E.Abdullayevin heç bir hüquq adamı olmadığını deyən vəkil onu rüşvət və korrupsiya əməllərində də ittiham edib və bildirib ki, onun həyat amalı məhz bu kimi çirkin işlərlə bağlıdır: "Deyir ki, mən uzun illər hüquq sahəsində çalışmışam... Sən hansı hüquq sistemində işləmisən, yerini de görək də... Sən həmişə onun-bunun buyruğunda olan adam olmusan. Başladın ABU kimi korrupsiya yuvası yaradıb, on minlərlə insanı zəlil etməyə... Rüşvət, korrupsiya... Bunlar sənin həyat amalın olub, axı biz bunu bilirik. Bu gün sənin davan nədir? Davan qardaşın Mahirin oğurlanması yox, öldürülməsi faktı üzrə qaldırılmış cinayət işinin istintaqını başqa səmtə yönəltməkdir və artıq "xoruzun quyruğu" görünməyə başlayıb deyə, indi də başlamısan məsələni siyasiləşdirməyə, siyasi hakimiyyətin qanadını ittiham etməyə, ictimaiyyəti də bu yolla çaşdırmağa... İstintaq 2003-cü ildə oğurluq cinayəti üzrə istintaq hərəkətlərinə başlayıb, lakin sonradan bəzi məsələlər məlum olanda, sən ki, bunu yaxşı bilirsən və Mahirin ailəsindən hələ də gizlədirsən, araşdırmalardan sonra bu iş tovsif olunub. Azərbaycan CM-in qəsdən adamöldürmə maddəsinə və həm də istintaq təyinatı dəyişib, Bakı şəhər BPİ-dən alınaraq cinayət işinin materialları Bakı şəhər Prokurorluğuna verilib...Araşdırmalar bir daha təsdiqləyib ki, burada söhbət adam oğurluğundan yox, qəsdən adamöldürmədən gedir. Niyə əsəbləşirsən bu həqiqətlərin tərəfimdən deyilməsinə? Sən heç bir ifadəndə indiyədək "mütəşəkkil cinayətkar dəstə" ifadəsini işlətməmisən. Elə ki, gizli videolarınla bir neçə adamı çayxana söhbətlərinə çəkib-şantaj edib videolar əldə etmisən, başlamısan "mütəşəkkil cinayətkar dəstə" ifadəsini işlətməyə".

"Sən dələduzluq əməllərinə görə cavab verəcəksən... Bu gün həmin pulların sayəsində Fransada kef içində yaşayıb, Azərbaycan dövlətini və xalqını gözdən salmaqla məşğul olmağının cavabını verəcəksən... Sən yaxşı bilirsən ki, qardaşının öldürülməyində sənin əlin nə dərəcədədir... Bəli, bəli, məhz sənin!"

R.Zeynalov E.Abdullayevə haqlı olaraq bildirir ki, o, heç bir dəlil və sübut olmadan hakimiyyətdə təmsil olunan nüfuzlu şəxsləri qəsdən ləkələməyə cəhd edir və məsələnin 9 ildən sonra qaldırılması arxasında məhz keçmiş rektorun istintaqdan yayınması məsələsi dayanıb: "Bəs bu 9 ildə niyə bu barədə susurdun? Nə mane olurdu??? Gözləyirdin ki, kimsə dünyasını dəyişsin, sonra??? Axı, sənə yalan məlumat verməyə görə cinayət məsuliyyəti daşımağın barədə istintaqda rəsmi qaydada xəbərdarlıq edilmişdi. Niyə indi dediyin bu ittihamları o vaxt istintaqa deməmisən? Sən bu dələduzluq əməlinə görə cavab verəcəksən. Sən on minlərlə tələbəni aldadıb pulunu mənimsəməyinə görə Azərbaycana gəlib məhkəmə qarşısında xalqa cavab verəcəksən. Bu gün həmin pulların sayəsində Fransada kef içində yaşayıb, Azərbaycan dövlətini və xalqını gözdən salmaqla məşğul olmağının cavabını verəcəksən. Məqsədin qardaşını axtarmaq deyil. Sən yaxşı bilirsən ki, qardaşının öldürülməsində sənin əlin nə dərəcədədir... Bəli, bəli, məhz sənin! Bir az səbrli ol, istintaqın yekunlaşmasına az qalıb... O biri qardaşını da özün zəhərləmisən, çünki bəzi şeyləri də o bilirdi..."

"Elşad, sən bu gün bəzi KİV-lər vasitəsilə Azərbaycan xalqı ilə hakimiyyət, dövlət qurumları arasında etimadsızlıq və qarşıdurma mühiti yaratmaq istəyirsən... Sən elə bilirsən ki, kimlərsə sənin yalanlarına inanır?"

İddialarda daha bir məqama toxunularaq, bildirilib ki, E.Abdullayevin guya "mütəşəkkil dəstə" tərəfindən 8 nəfərin öldürülməsi arxasında deyilən sözləri cəfəngiyyat və yalandır. Çünki həmin cəfəngiyyatların arxasında onun özünün əli var və E.Abdullayev həmin vasitə ilə dövlət daxilində qarşıdurma məqsədi daşıyır: "Guya 8 nəfərin, o cümlədən, Z.Dünyamalıyevin, Sevinc Babayevanın "mütəşəkkil dəstə tərəfindən öldürülməsini" yalandan ortaya atıb, baş qatırsan. Mən vəsatət qaldırmışam ki, həmin şəxslərin zəhərləndiyi iddia edilən obyektlər, müalicə aldıqları xəstəxanalardan xəstəlik vərəqələri götürülsün, bu iş üzrə şahidlər istintaq tərəfindən dindirilsin. Vəsatətlərimin hamısı da təmin olunub. Elşad, sən bu gün bəzi KİV-lər vasitəsilə Azərbaycan xalqı ilə hakimiyyət, dövlət qurumları arasında etimadsızlıq və qarşıdurma mühiti yaratmaq istəyirsən... Sən elə bilirsən ki, kimlərsə sənin yalanlarına inanır?.. Gec-tez, sən qardaşın barədə bütün müəmmalarına aydınlıq gətirməyə məcbur olacaq, hər şeyi səmimi etiraf edəcəksən. Yaxşı, gəl əyri oturaq, düz danışaq, bu hakimiyyət sənə neyləmişdi ki, qaçıb gedib oturmusan Fransada və başlamısan ittihamlar yağdırmağa? Dövlət orqanları qardaşının axtarılmasında sənə kömək etmirdi ki?! Bəs nə olmuşdu, niyə bu qalmaqalları yaradıb, baş qatmaqdasan? Mən Fransa XİN-ə, Fransanın Azərbaycandakı səfirliyinə müraciət etmişəm və göstərmişəm ki, Fransa çirkli pulların yuyulmasına qarşı mübarizədə öndə gedən bir ölkədir. Sənin kimi rüşvətxor və korrupsioner, dələduz bir adam belə bir ölkədə necə mühafizə oluna bilər? İnanıram ki, istintaq orqanı tezliklə sənin Azərbaycana gətirilməyini təmin edəcək..."

İndiyədək Mahirin axtarışı ilə bağlı verdiyi pulların faktiki təhvil-təslim anlarını çəkmədiyinə gəlincə, vəkil bu məsələni belə izah edib ki, əgər onun hər cür çəkən qurğusu olubsa, demək, həmin anlar da videolentə alınlalı idi. Ancaq: "Bunlar göstərir ki, deməli, Mahirlə bağlı pul verilməsi şantajdır... Sözdə kimsə çox şey deyə bilər. Ya ola bilsin, kimsə bundan başqasının adı ilə pul alıb... Axı, ABU-nun korrupsiya yuvası olması hamıya bəlli idi. Mən bir daha qəti olaraq deyirəm ki, Mahiri Elşad Abdullayev özü aradan götürdüb, digər qardaşı Eldənizi də özü zəhərlədib, çünki Eldəniz çox şeyi bilirmiş və açıqlamaq istəyirmiş..."

Elşad Abdullayevin daha hansı cinayətləri mövcuddur?

Ötən sayımızda E.Abdullayevin daha hansı cinayət əməllərinə rəvac verməsi haqqında anons verilmişdir. Eyni zamanda, apardığımız araşdırmalar haqqında da kiçik informasiya qeyd olunmuşdur. Həmin informasiyadan da bəlli olur ki, ABU-nun Dağıstan filialının açılması üçün oraya gedən və Dağıstanın nüfuzlu şəxslərindən biri - Səid Abakovla sözvdələşmələrə gedən E.Abdullayev sonradan onun qızı vasitəsilə işlərini davam etdirmişdir. Hətta S.Abakovun qızı Fatma Abakova Azərbaycanda fəaliyyət göstərən ABU-da pulsuz təhsil almışdır. Ancaq sonradan münasibətlərin pozulması halı baş vermişdir ki, burada E.Abdullayevin qardaşı Mahir Abdullayevin də xüsusi rolu mövcuddur. Belə ki, yaxın münasibətindən istifadə edən M.Abdullayev F.Abakovaya Bakının 8-ci mikrarayon massivində ev almış, sonradan həmin mənzildə adıçəkilən qızı zorlamışdır. E.Abdullayev dağıstanlı nüfuzlu şəxslərin təhdidlərindən qorxaraq, bir müddət M.Abdullayevin gizlənməsinə şərait yaratmışdır.

Eyni zmanda, E.Abdullayev ABU-nun zirzəmisində bütün rahatlığı və komfortu ilə seçilən özünəməxsus bunker tikdirmişdi. Apardığımız araşdırmalara görə, E.Abdullayev sözügedən bunkerdə ABU-da təhsil alan gənc qızların mənəviyyatlarına və ləyaqətlərinə ləkə vuraraq. Onların gələcək həyatlarını puç etmişdir. Zorlamalara məruz qalan tələbə qızlar E.Abdullayev tərəfindən təhdid edilmiş, əks-halda qızların universitetdən xaric ediləcəklərini demişdi.

E.Abdullayevin doktorluq müdafiəsi də saxtadır. Belə ki, əldə etdiyimiz digər məlumata görə, onun elmi işini Vaqif Cəfərov adlı şəxs hazırlamış, müqabilində E.Abdullayev V.Cəfərova 3000 ABŞ dolları rüşvət vermişdir. ABU-da saxta diplomların qiyməti 5 min dollardan, 8-10 min dollara qədər dəyişirdi.

Qeyd edək ki, E.Abdullayevin digər bu kimi cinayətkarlıq əməllərini növbəti saylarımızda da ictimaiyyətə təqdim edəcəyik.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər