Dünya mətbuatı bir neçə gündür ki, Malidəki hadisələr haqqında başlıqlarla doludur. Situasiya Liviya lideri Müəmmər Qəddafinin devrilməsindən, ardınca da tuareqlərin gedişindən sonra kəskinləşmişdi. Malinin şimalında onlar Azavad dövlətini elan etmişdilər. Malinin mərkəzində islamçılar tuareqləri şimala, ordunu isə cənuba doğru çəkilməyə məcbur etmişdilər.
Özü də Mali islamçıları özlərinə əziyyət verib Misirdə olduğu kimi, "demokratiya" sözünü demirlər. Lakin Malidə demokratiyadan danışmaq ümumiyyətlə düzgün deyil, çünki yarım əsr ərzində ölkə hakimiyyətində iki diktator olmuş, burada iki dövlət çevrilişi və bir hərbi çevriliş baş vermişdir.Bundan sonra ölkədə mərkəzi hakimiyyətin olmaması üzündən kütləvi qırğınlar başlamışdı. Münaqişə bir ilə qədər davam etmiş və birdən-birə ənənəvi, yerli təyinatlı Afrika müharibəsi statusunu itirmişdi.Bu, Avropa İttifaqının ikinci iqtisadiyyatı olan Fransanın Afrikanın ən kasıb dövlətlərindən birinə qoşun yeritməsi haqqında qərarından sonra baş vermişdi. İstər-istəməz belə bir sual yaranır: Maliyə birdən-birə belə maraq haradan qaynaqlanır? Bəlkə bu, dinc əhaliyə göstərilən qayğıdan irəli gəlir? Və niyə bu, şimal bölgələrə nəzarət edən yaraqlıların ölkənin cənubunu nəzarətdə saxlayan hökumət qoşunlarına hücum etməsi haqqında informasiya daxil olan kimi baş verdi?Məlum oldu ki, bu suallara cavab elə üzdədir. Yenə də, həmişə olduğu kimi, məsələ yalnız iqtisadi maraqlarla bağlıdır. İnternetdə balaca bir araşdırma apardıqda, belə bir nəticəyə gəlmək olar ki, olduqca kasıb olan bu Afrika ölkəsi özünün keçmiş metropoliyası olan Fransa üçün əsl xəzinədir.Malidə qızıl ehtiyatları təxminən 800 min tondur ki, bu da ölkəni Afrikada üçüncü yerə çıxarır. Bu ehtiyatlar cənubda cəmləşmişdir. Üsyançılar isə Malinin şimalına nəzarət edirdilər. Ən gözəl postmüstəmləkə ənənələrinə uyğun olaraq, Malidə qızılın emalı xarici şirkətlər tərəfindən aparılır. Onların payına 80% düşür. Yerli şirkətlər tərəfindən emal olunan 20% qızılın isə demək olar ki, 100%-i ixrac edilir. Ölkə daxilində cəmi 150 kq qızıl qalır. Hər şey gün kimi aydındır: nə qədər ki, ədavət Qərbin maraqlarına toxunmurdu, heç kim münaqişəyə müdaxilə etmək fikrində deyildi.Bir neçə ay ərzində Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) nümayəndələri ilə Maliyə hərbi müdaxilə üçün qoşun kontingentinin formalaşdırılması haqqında məsələ müzakirə olunurdu. Lakin Qərb ölkələrinin ən yaxşı ənənələrinə uyğun olaraq, bu danışıqlar uzanmışdır, çünki Maliyə kimin öz qoşununu göndərməli olduğu, əsgərlərin sayı, onların burada qalma müddəti və buna görə kimin pul ödəməli olduğu və s. kimi məsələləri həll etmək mümkün olmurdu.Terrorçuluq fəaliyyətində iştirakdan imtina etməyə hazır olanları öz tərəfinə çəkmək üçün ABŞ-n Dövlət Departamenti ölkənin zəif inkişaf etmiş bölgələrindəki problemlərin həlli üçün demokratiyanın bərpası və iqtisadi xarakterli tədbirlərin görülməsindən bəhs edirdi. Lakin bunlar söz olaraq qaldı. Üsyançılar cənub istiqamətində irəliləməyə başlayana qədər.Nəticədə, Fransa Malinin şimalındakı uran, molibden və polimetal mədənlərinə çıxışı itirdi. Eyni zamanda, nəzarət etdiyi cənubda da idarəetmə sistemi demək olar ki, tamamilə mövcud deyil.Situasiyanı öz xeyrinə dəyişmək üçün Fransa radikal islamçılarla mübarizə şüarı altında Təhlükəsizlik Şurasının barışdırıcılıq əməliyyatının keçirilməsinə yol verən qərarını aldı. Əməliyyat 2013-cü ilin payızına təyin edilmişdir. Lakin sürətlə inkişaf edən hadisələr Fransanı Malidə özünün bütün maraqlarını itirmək perspektivi ilə qarşı-qarşıya qoydu.Təbii ki, artıq dünya birliyinin sanksiyalarını gözləmədən Fransa Maliyə dərhal qoşun yeritmək haqqında qərar qəbul edir. Maraqlıdır ki, Fransanın hərəkətlərinin planlaşdırılmış sanksiyalara zidd olduğu Qərb ölkələrini narahat etmir. Bu kontekstdə yenə də dünya birliyində ikili standartların olması özünü göstərir. Paradoksal olsa da, Varşava müqaviləsinin süqutundan sonra demokratik sayılan ölkələr ya beynəlxalq sanksiyaları qabaqlamaqla, ya da sanksiyalar əldə edilən kimi, dərhal hərbi əməliyyatlara başlamaqla, özləri beynəlxalq hüququ pozurlar.Birmənalıdır ki, Fransa Malinin şimalında yaxın vaxtlarda aşkar edilmiş və təxminən 100 min ton təşkil edən nəhəng uran mədənlərini itirməyə razı olmaz. Bu kontekstdə Fransanın maraqları daha qabarıq özünü göstərir. Axı Aİ-nin ikinci iqtisadiyyatı bu xammal növündən real asılıdır. Ölkədə istehsal olunan elektrik enerjisinin böyük hissəsi atom elektrik stansiyalarının payına düşür. Bundan başqa, ixrac edilən elektrik enerjisindən gələn gəlir ildə təxminən 3 mlrd. avro təşkil edir.Düşünürük ki, Malidəki vəziyyətin timsalında dünya yeni müstəmləkə müharibəsinin şahidi olmuşdur. Qərb ölkələri isə ilk növbədə varlanmaq və asan gəlir əldə etmək məqsədini güdürlər.
Newtimes.az