Vikipediya "Forbs" jurnalına əsasən planetin ən imkanlı insanları arasında 153-cü yeri tutan "Çorvilalı zahid" barədə kifayət qədər qarışıq məlumat verir (Çorvila Bidzina İvanişvilinin doğma kəndidir). Məlumdur ki, 2004-cü ildə, qızılgül inqilabından sonra, İvanişvili Rusiyada sahib olduğu aktivlərinin bir hissəsini müxtəlif investorlara sataraq öz kəndinə yaşamağa köçmüşdür. İddia edilir ki, o Prezident Saakaşvilinin yeni hakimiyyətini pulu ilə dəstəkləyirdi, lakin İvanişvili ictimai şəxs deyildi.2011-ci ilin sonunda gözlənilməz dəyişikliklər baş verir – İvanişvili həyatında ilk dəfə siyasətə qatılır, həm də mövcud hakimiyyətə qarşı kəskin çıxış edir. Onu və həyat yoldaşını gürcü vətəndaşlığından məhrum edirlər, düzdür sonra həyat yoldaşına pasportu geri qaytarırlar (Tbilisi məhkəməsi prezidentin fərmanını ləğv edir). İvanişvilinin hərəkatı yoldaşının adına qeydiyyatdan keçir, sonrakı hadisələr məlumdur.Beləliklə, kimdir o, nə etmək niyyətindədir, vətəndaşlığı olmadan seçkilərdə qalib gəlməyi bacaran və baş nazir vəzifəsinə yiyələnən bu sirli gürcü? Hələlik bir şey aydındır – milyarder olmasına rəğmən kənddə yaşayan və Pikassonun rəsmini 106 milyon dollara alan şəxs qeyri-adi şəxsdir.
Versiya 1: xalq
Belə bir fikir var ki, "Gürcü arzusu"nun qələbəsi əslində ölkə daxili hadisədir. Lakin idealistik əhval-ruhiyyəyə qapılmayan insan üçün bu fikirlə razılaşmaq demək olar ki mümkün deyil. Birincisi, seçkiqabağı Gürcüstan geniş xalq narazılığı olan ölkə təəssüratını bağışlamırdı. Misal üçün, Bakıda bir çox müstəqil şərhçilər Gürcüstanda yaşayan azərbaycanlılara istinadən orada az qala ideal cəmiyyətin qurulduğundan və vətəndaşların hakimiyyətdən razı olduqlarından bəhs edirdilər.Əlbəttə, gürcü cəmiyyətinin xeyli hissəsi narazı ola bilərdi, ancaq bu mövcud hakimiyyətin təslim olmasına əsaslı səbəb deyil. Eyni zamanda unudulmamalıdır ki, cari seçkilər dövlət başçısı seçkisi deyildi, üstəgəl iqtidar partiyası müxalifətdən cəmi 20 deputat mandatı geridə qalmışdır. Dünya siyasətində nadir hadisə baş verdi – prezidentin parlamenti buraxmaq hüququ vardır, yeni parlamentdə 40%-dən çox yer də prezident partiyasının nəzarətindədir və buna baxmayaraq iqtidar bütün hökuməti (güc nazirlikləri və prokurorluqla birgə) tez-tələsik müxalifətə təhvil verir.İkincisi, İvanişvilinin siyasətə gözlənilməz gəlişi də suallar doğurur. Bəllidir ki, o heç vaxt siyasi fiqur olmayıb və geniş ictimaiyyət onun barəsində faktiki olaraq 2012-ci ildə eşidib. Bu günə kimi, regionda milyarderlərin aktiv siyasi fəaliyyəti və hansısa xüsusi bir vətənpərvərlikləri müşahidə edilməmişdir.
Versiya 2: rus
İlk baxışda, tutarlı dəlillər rus versiyasının lehinədir: bu həm İvanişvilinin rus kökləri, həm Rusiya rəhbərliyinin prezident Saakaşviliyə çox neqativ münasibəti, həm də Rusiya ilə əlaqələri yaxşılaşdırmaq niyyətləri barədə yeni hökumətin son bəyanatlarıdır.Ancaq bu versiyanın əleyhinə ciddi arqumentlər də mövcuddur. Yuxarıda qeyd edildiyi kimi, iqtidar partiyası müqavimətsiz, öz əlilə hakimiyyəti müxalifətə təslim etdi. Moskvaya bağlı adamlara hakimiyyəti təslim edən Saakaşvilini təsəvvür etmək çətindir, bu nonsensdir. Sonra, Qərb və ABŞ yeni hökuməti təbrik etdi və dəstəklədi. Son illər Qərb tərəfindən hər-hansı ölkədə Rusiya-meylli partiyanın dəstəklənməsi halları çətin yada düşür. Gürcüstandan Avropa üçün vacib, Moskva üçün isə arzuolunmaz enerji marşrutunun keçdiyini nəzərə aldıqda Qərbin bu dəhlizin Rusiyanın nəzarətinə keçməsinə razılaşması ağlabatan deyildir.Həmçinin, Rusiya rəhbərliyi Tbilisidəki dəyişikliklərə böyük ehtiyatla reaksiya verdi. İlkin mərhələdə bunu imitasiya siyasəti ilə izah etmək olardı, amma artıq seçkilərdən kifayət qədər vaxt keçib. Bundan əlavə, yeni hökumət Gürcüstanın Avroatlantik inteqrasiya prioritetinə sadiq qalacağını bəyan etmiş, İvanişvili isə baş nazir ranqında ilk səfərini Moskvaya yox, Brüsselə etmişdir."Bu kimə sərfəlidir?" latın sualının qüsuru elə ondadır ki, müasir geosiyasət çox qəliz və qeyri-şəffafdır, əsl maraq və mənfəətləri ayırd etmək çətindir. Həm də, bu sual mövcud imkanlarla bağlı şəkildə qoyulmalıdır. Şübhəsiz, Saakaşvilinin kənarlaşdırılması Rusiyanın marağında idi. Sual ondadır ki, müasir Rusiya əsl maraq və məqsədlərini aydın təsəvvür edərək bu maraqların digər ölkələrdə müstəqil şəkildə həyata keçirilməsi üçün tələb olunan potensial və enerjiyə malikdirmi.
Versiya 3: amerikan
Məşhur Şerlok Xolms demişkən, əgər bütün mümkün olmayan mülahizələr istisna edilirsə, nə qədər inanılmaz görsənsə də, yerdə qalan həqiqətdir. Bununla belə, məhz amerikan şirkəti "Edison research"-un keçirdiyi ekzit-polların nəticələrində ilk dəfə müxalifətin liderliyinin səsləndirildiyi, dövlət departamentinin nümayəndəsi tərəfindən elə həmin gün seçkilərin müsbət qiymətləndirildiyi nəzərə alınsa bu versiya o qədər də inanılmaz görünmür. Amerikanların hakimiyyət dəyişikliyi ilə bağlı öz maraqları ola bilərdi. Onları şərti olaraq 2 istiqamət üzrə qruplaşdırmaq mümkündür: geosiyasi və ideoloji.Geosiyasi motivin əsasında vacib beynəlxalq məsələyə Moskvanın razılığının əldə olunması istəyi dura bilərdi. Moskvanın belə bir məsələdə güzəştinə müqabil ABŞ Rusiyaya qarşı radikal mövqe tutan Saakaşvilinin daha mülayim qüvvə ilə əvəzlənməsinə razılaşa bilərdi.Bu belədirsə, aşağıdakı ssenari kifayət qədər inandırıcıdır: Gürcüstanla Rusiya arasında ticarət-iqtisadi əlaqələr yaxşılaşacaq, Ermənistana çıxışla Abxaziya ərazisindən keçən dəmir yolunun bərpası kimi iri layihələr də istisna deyil. Lakin, Gürcüstanın Avroatlantik inkişafa doğru ümumi vektoru saxlanılacaq, siyasət, sadəcə, Moskvanın maraqları nəzərə alınaraq yumşaldılacaq. Ölkə daxilində islahatlar daha mülayim xarakter alacaq, konservasiya və hətta keçmiş (qızılgüllər inqilabından əvvəlki) idarəetmə formalarına doğru müəyyən geriləmə də mümkündür. Saakaşvili komandasının üzvləri, xüsusilə Rusiyaya qarşı hərəkətlərdə fərqlənənlər, cinayət təqibi problemləri ilə üzləşəcəklər. Rusiya ilə münasibətlərin yaxşılaşması qonşu ölkələrlə əlaqələrdə soyuma ilə müşahidə edilə bilər.Geosiyasidən fərqli olaraq, ideoloji motiv gürcü modelinin inkişafı xüsusiyyətləri ilə bağlıdır. Sirr deyil ki, ABŞ gürcü demokratiyasının baş ideoloqu və donorudur. Saakaşvili partiyasının dəyişdirilməsi bu modelin gələcək taleyinə dair ABŞ-ın planları ilə diktə edilə bilərdi. Bu planları psixologiya terminləri ilə təsvir etsək,intravert, yəni sistemin daxilinə, və ekstravert, sistemin xaricinə, yönəlmiş planlara bölmək olar.Qərbdə hesab edə bilərdilər ki, həddindən artıq impulsiv və proqnozlaşdırılması çətin olan rəhbərlik, həm də elə bir rəhbərlik ki, hakimiyyətini russayağı metodlarla davam etdirmək niyyətindədir, demokratiya üçün pis reklamdır. Modelin inkişafını davam etdirmək və ona qarşı etimadı yüksəltmək məqsədilə ölkə daxili narazılıq dəstəklənə bilərdi. İntravert ssenari zamanı hadisələrin inkişafı birinci variantı xatırladacaqdır. Bəzi fərqliliklər də olacaqdır: Rusiya ilə daha zəif əməkdaşlıq, islahatlar daha enerjili davam etdiriləcək (amma Saakaşvili dövründəki kimi də yox), daha praqmatik rəhbərlik. Gürcü modelinin bu cür inkişafı onun təqlid üçün nümunə formasında ortamüddətli gələcəkdə irəli çəkilməsinə və marketinqinə əsas təşkil edə bilər.Söhbət ekstravert yanaşmanın hakim kəsilməsindən gedirsə, vəziyyət başqa məcraya yönələcəkdir. Ekstravert yanaşma dedikdə, model xaricində hər hansı məqsəd və vəzifələrin qoyulması başa düşülür. Bu vəzifələr çərçivəsində gürcü modelinin istifadə edilməsi üçün hakimiyyət dəyişikliyinə ehtiyac yarana bilərdi. Ehtimal edilir ki, Saakaşvili komandası bu vəzifələr prizmasından artıq "qeyri səmərəli" qiymətləndirilmişdir.Modelin xarici məqsədlər naminə istifadəsi həm nişanlanan subyektlər üçün, həm də istifadə olunan obyekt üçün təhlükəlidir, çünki proses zamanı tam tükənə bilər. Aydındır ki, hökumət ölkənin maraqları qayəsi ilə və ən xoş niyyətlərlə hərəkət etməyə çalışacaqdır. Təəssüf ki, bu heç nəyə zəmanət vermir. Hadisələrin dinamikası modelin istifadəsi vasitəsilə reallaşdırılan xarici məqsədlərin xarakteri və xüsusiyyətləri ilə şərtləndiriləcəkdir. Gürcüstanın özündə isə müəyyən mərhələdə idarəetmə sisteminin zəifləməsi, mərkəzdənqaçma meylləri, qəbul edilən qərarlarda dövlətçiliyə xas olmayan elementlərin, zahiri irrasionallığın və ziddiyyətlərin çoxalması müşahidə edilə bilər. Belə şəraitdə konkret addımları proqnozlaşdırmaq çətindir: müxtəlif cür qərarlar, deklarasiyalar qəbul edilə bilər, icrası heç də şərt deyil. Görünür vacib olanı bu qərarların mahiyyəti yox, belə "qəribə" siyasət nəticəsində yaranan qeyri-müəyyənlik və iki-mənalıq situasiyasıdır.
Newtimes.az