PDF Oxu

Araşdırma

  • 1 358

Cənab Fülenin məqsədi nədir?

Humanizm pərdəsi altında ədalətsizlik

Cənab Fülenin məqsədi nədir?

Avropa İttifaqının Cənubi Qafqaz siyasətində müəyyənlik yoxdur. Bu qurumun rəsmi nümayəndələri ziddiyyətli bəyanatlar verirlər. Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin Brüsseldə Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşdə söylədikləri bunun əyani sübutudur.Ş.Füle region üçün əhəmiyyəti olan üç məsələ ilə bağlı sağlam düşüncənin çətin qəbul etdiyi fikir bildirib. Birinci, Avropa İttifaqı Ermənistanla münasibətlərini ən yüksək səviyyədə qurmaq üçün heç bir şərt qoymur. İkinci, bu təşkilat Ermənistanın Rusiya ilə də yaxın əlaqələrdə qalmasını doğru sayır. Üçüncü, Ş.Füle erməni separatçılarının Dağlıq Qarabağda inşa etdiyi hava limanı ilə bağlı diplomatik müzakirələrə üstünlük verilməsinə çağırır.İlk baxışda bu mövqedə bir humanizm mövcuddur. Lakin ona regionun geosiyasi reallıqları müstəvisində baxdıqda ədalətsiz və ziddiyyətli yanaşmanın şahidi oluruq. Aİ-nin bu münasibəti təsadüfi deyil. O, əvvəlcədən Cənubi Qafqaz ölkələrinə yeritdikləri xarici siyasətə görə deyil, ümumi meyara əsasən qiymət verib. Həmin ölkələr arasında heç bir fərq qoymadan onlarla əlaqə qurmağa çalışıb. Ancaq bu, mövcud reallığa uyğun deyil.Hər şeydən əvvəl vurğulayaq ki, Ermənistanla Rusiya arasında çox yaxın əlaqələr mövcuddur. Erməni dövlətinin sərhədlərini Rusiya qoruyur. 102-ci hərbi baza Ermənistanın ərazisində yerləşir. Ölkə iqtisadiyyatı Rusiyanın nəzarətindədir. Metsamor Atom Elektrik Stansiyasını, Ermənistan Dəmir Yolları Konsernini, Razdan İstilik Elektrik Stansiyasını, İrəvanda yerləşən (fəaliyyətdə olmayan) Mars elektronika və robot zavodunu, ölkənin qazpaylayıcı şəbəkəsi olan ArmRosQazprom şirkətini və digər sənaye müəssisələrini Moskva alıb.İrəvan təhlükəsizliyinin təmini məsələsini tamamilə Rusiyanın ixtiyarına verib. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Hazırda gündəlikdə Gömrük İttifaqı və Avrasiya İttifaqına daxil olmaq məsələsi durur. Cənab Ş.Füle Ermənistanın Rusiya ilə daha hansı yaxınlaşmasını arzulayır? Bəlkə o, Ermənistanın Rusiyanın bir əyalətinə çevrilməsini nəzərdə tutur?Başqa bir əhəmiyyətli məqam ondan ibarətdir ki, Avropa İttifaqı eyni regionda yerləşən təcavüzkarla onun qurbanı arasında mütləq fərq qoymalıdır. Bu, ədalətli yanaşma olardı. Bir dövlət qonşusunun ərazisinin müəyyən hissəsini işğal edirsə, buna beynəlxalq ictimaiyyətdən etirazlar olmalıdır. Təcavüzkar işğal etdiyi özgə ərazilərini tərk etməyənə qədər onunla hər hansı əməkdaşlığa yol vermək olmaz. Çünki belə olmayanda işğalçı haqlı olduğunu hesab edir və daha aqressiv davranır. Bununla bir tərəfdən insan haqları tapdanır, digər tərəfdən isə beynəlxalq hüquq qaydaları kobudcasına pozulur.Paradoksal olsa da, Aİ kimi təşkilatın Cənubi Qafqaz ölkələri istiqamətində yeritdiyi siyasət məhz belə bir şəraitin yaranmasına gətirib çıxarır. Cənab Ş.Fülenin verdiyi bəyanatları xronoloji ardıcıllıqla izləsək, həmin məqamı aydın görərik. 2012-ci ilin aprelində Azərbaycan tərəfi ilə görüşdən sonra Avropa rəsmisi demişdi: "Avropa İttifaqı Azərbaycanda müsbət irəliləyişləri alqışlayır".Ş.Füle Azərbaycan ilə Aİ arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu və onu genişləndirmək istədiklərini vurğulayıb. Hətta bu əlaqələrin yüksək səviyyəyə çatdığını qeyd edib. Ş.Füle əldə edilən tərəqqidən razı qaldıqlarını söyləyib.2013-cü il yanvarın 9-da isə Avropa Demokratiyaya Dəstək Şurasının ikinci toplantısında Ş.Füle başqa fikir ortaya atıb. O deyib ki, "Azərbaycanda vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırılması davam edir".Bu fikirlər bir-biri ilə ziddiyyət təşkil edir. Cəmi bir neçə ay əvvəl Azərbaycanla əməkdaşlığın yüksək səviyyəsindən danışan Ş.Füle, indi onu ciddi ittiham edir. Cənab Ş.Füle iki haldan birində qeyri-səmimidir. Belə çıxır ki, o, ədalətli danışmır, nə zaman hansı fikri demək siyasi cəhətdən Aİ-yə sərf edirsə, onu deyir.

Təcavüzkara havadarlıq və siyasi obyektivlik

Həmin məqam Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının Ermənistan rəsmiləri ilə apardığı müzakirələrdə də özünü göstərir. O.Abramyanla görüşdən sonra onun söylədikləri bunu tam təsdiq edir. Ş.Füle Ermənistanın işğal etdiyi əraziləri tərk etməli olduğu haqqında bir kəlmə belə demir. Əvəzində, rəsmi İrəvanın Avropa siyasətinin üstünlüklərini sadalayır.Aİ ilə Ermənistan arasında viza rejiminin sadələşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, mehriban qonşuluq proqramı çərçivəsində əməkdaşlığın yeni səviyyəyə qalxması haqqında ağızdolusu təriflər yağdırır.Qonşu ölkənin ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanla Aİ assosiativ üzvlüyü müzakirə edir. Avropa İttifaqı təcavüzkarı sırasına qatmaqla özü işğalçı vəziyyətinə düşmürmü? İnanmaq çətindir ki, Avropa kimi inkişaf etmiş və zəngin diplomatik ənənəsi olan məkanda bunu dərk etməsinlər.Ş.Füle Ermənistanı təcavüzkarlıqdan çəkinməyə dəvət etmir. O, işğal edilmiş ərazilərdə separatçıların inşa etdiyi hava limanı ilə bağlı Azərbaycana qətiyyətli addım atmamağı tövsiyə edir. Bu məsələni diplomatik yolla həll etməyi lazım bilən Avropa rəsmisi, sətiraltı erməniləri dəstəkləyir. Hesab edir ki, hava limanı işləyə bilər və Azərbaycan da bununla razılaşmalıdır.Bu cür mövqenin mənası aydındır – hər bir vəchlə işğalçıya yardım etmək! Ədaləti deyil, Avropa İttifaqının maraqlarını əsas tutmaq! Ş.Füle Ermənistanın bu kimi əməllərinə haqq qazandırmaqla yanaşı, Azərbaycanı sakitləşdirməyə çalışır.Bütövlükdə, ölkəmizə qarşı qərəzli mövqe tutur. Ermənistan ordusunun Dağlıq Qarabağı tərk etməsini tələb etmək əvəzinə, Bakıda insan haqlarının pozulduğundan danışır. Sözün əsl mənasında sağlam düşüncənin qəbul edə bilmədiyi bir məsələdir. Lakin məhz belə absurd tələblər qoyulduğuna görə Cənubi Qafqazda geosiyasi vəziyyət normallaşmır. Şübhə yoxdur ki, Azərbaycan heç kimə bir qarış torpağını güzəştə getməyəcək. Ərazi bütövlüyü pozulmuş bir ölkənin işğal altında qalan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə etmək haqqı var.Məsələnin mahiyyəti də bizcə, elə bu məqamla bağlıdır. Azərbaycan sürətlə inkişaf edir. İqtisadi sahədə böyük uğurlar əldə edib. Sosial-mədəni inkişaf davamlı olaraq gedir. Ordu hər keçən gün daha da güclənir. Azərbaycan sivilizasiyalar və dinlərarası əməkdaşlıqda fəal iştirak edir. Bütün bunlara rəğmən Ermənistan heç bir müsbət addım atmır. Regional əməkdaşlıq üçün İrəvan təşəbbüs göstərmir.Təbii ki, bunları dünya ictimaiyyəti görür və anlayır ki, gec və ya tez Azərbaycan öz torpaqlarını azad edəcək. Görünür, bəzi siyasi dairələr hadisələrin bu istiqamətdə inkişaf etməsini arzulamır. Ona görə də, təcavüzkara yardım edib, onu daha da aqressivləşdirir. Bir neçə gün əvvəl S.Sarqsyan öz tərəfdarları qarşısında çıxış edərək, yenə müharibədən danışıb.Guya Azərbaycan öz torpaqlarını hərbi əməliyyatlar vasitəsi ilə azad etməyə başlasa, uduzacaq. Əliqanlı işğalçıların belə aqressiv fikirlər söyləməsində onların havadarlarının yardımı böyük rol oynayır. Ermənistan xaricdən dəstək almasa, tamam başqa cür danışar. Çünki İrəvan bilir ki, Azərbaycan ondan hər sahədə dəfələrlə güclüdür.Bunlar Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin qüsurlu və qərəzli olduğunu göstərir. Bu regionda real geosiyasi sabitliyə ikili standartla nail olmaq mümkün deyil. Nəticədə Aİ-nin Cənubi Qafqazda nüfuzu aşağı düşə bilər. Nəzərə almaq lazımdır ki, qlobal miqyasda geosiyasi vəziyyət sürətlə dəyişir. Bu gün səmərə verən mexanizm sabah yarasız ola bilər. Belə vəziyyətdə ən yaxşı yol ədalətli olmaqdır! Əbədi qalan yalnız ədalətin məbədidir!

Newtimes.az

Digər xəbərlər